Sözü
boyda Adam
Seyran Səxavət - 75
Söz halallıqdır. Söz dəyərdir... Söz hikmətdir...
Bu gün ilahidən gələn hikmətin -
Sözünün halallığını ən uca dəyər
kimi qoruya bilən və öz şəxsində dəyər
anlayışını bütövləşdirən Seyran Səxavət
müdriklik nərdivanının 75-ci məqamından
yaşadıqlarına nəzər salır. Zirvədən
yaşananlara boylananda geridə işıqlı bir
cığır açmağı, şərəfli bir yol
salmağı adamın bərqərar olduğu məqamı
bir az da ucaldır. Düşünürsən
ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə
rəğmən alın açıqlığı ilə bu
uzunluqda yolu qət eləyə bilmişəmsə, demək
ki, yaşamağa dəyər... Və bu gün o yolun
enişini, yoxuşunu, çalasını, çökəyini,
cəfasını, səfasını xatırlayanda
vicdanın başının altındakı qu tükündən
balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə,
demək ki, yaşananlara da dəyər.
Bu dünyaya gələn hər bir insan qismətinə
düşən ömür payını yaşayır,
yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək,
müdrikləşmək hər kəsə nəsib olmur... Kamillik, müdriklik özü bir Tanrı vergisidir
ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan
edər, öz ilahi nurundan ona pay verər. Seyran
Səxavət məhz belə insanlardandır.
Üzünün nuru sözlərinə tökülən,
bütün yaxşılıqlara körpü salan,
xalqının - millətinin, məmləkətinin Haqq səsi
olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin
maariflənməsinə həsr edən vətəndaş
ziyalı...
Qələminin
yazdığı hər bir əsər də elə bu
böyük İnsanın özü kimi mənəvi
işığa körpü olmaq üçün
hesablanıb, sanki...
On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin
yaradıcılığı mövzusunda araşdırma
aparacağımı qarşıma məqsəd qoyub uzun bir
yola çıxmışdım. Seyran müəllimin
yaşadığı ünvanı, işlədiyi yeri bilsəm
də, böyük yazıçı ilə
qarşılaşmağa özümdə heç cür cəsarət
tapa bilmirdim, hər dəfə öz-özümə
düşünürdüm ki, daha çox oxumalı və
daha mütaliəli olmalıyam. Özümü bu
görüş üçün bilik və düşüncə
anlamında hazır hiss edə bilmirdim.
Söz vaxtına çəkər... 2012-ci ilin
bugünkü günü - çərşənbə
axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad - Elşad
Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu
axşam bizə gələcəklər. Sevincimin
hüdudu yox idi. Bu günəcən əsərlərini
oxuduğum sevimli yazıçımla ilk dəfə əyani
görüşəcəkdik. Həmin axşam Seyran
müəllim bizə pay gətirdiyi bayram sovqatının
içində bir təndir çörəyi və duz
vardı. İlk dəfə idi ki, kimsə qonaq
gələndə bizə duz-çörək alıb gətirdiyini
görürdüm. Biz həmin axşam bir süfrə
başında duz-çörək kəsdik... Uzun və
müqəddəs bir yola çıxdıq...
Bu illər
ərzində hər addımımda mənəvi atam kimi
sığalını başımda hiss elədim, Seyran müəllimin,
sadəcə, böyük yazıçı deyil, Sözü
boyda adam olduğunu gördüm, bu on ildə
mənim dünyamda min ilin doğmasına çevrildi Seyran Səxavət...
Gecəmi
gündüzümə qatıb oxudum, araşdırdım,
yazdım, çap olundum və müdafiə etdim... Bu yazdığım mənim üçün adicə
dissertasiya, Seyran Səxavət mənim üçün
mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat
obyekti deyildi. Çünki sadəcə,
kitabxanalarda kar-kağızla əlləşib bu işi ortaya
qoymadım. Düz beş il ruhumda, bətnimdə,
mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri.
İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət
mənim ilk övladımdı... Yuxusuz gecələrimin zəhməti,
alnımın təri, gözlərimin nuru, barmaqlarımın
qabarı - halalca əməyimlə böyütdüyüm
ilk balamdı Seyran Səxavət...
Yenə həmin
gecəyə - ilk görüşdüyümüz çərşənbə
axşamına qayıdıram... "Yüz ilin
kişisi", "Bir stəkan hava", "Ocaq
daşı", "Gözü işığa düşən
adam", "Qapıların o üzündə qalan
dünya", "Hamı elə bilirdi",
"Çayçı Rəşid", "Alça
çiçəyi", "Toy havası",
"Qızıl teşt", "Sanatoriya",
"Ağrı", "Boynu əyri kişi",
"İt intervüsü", "Cəhənnəm",
"Gün ağladılar", "Qatil", "Haram
pul", "Daş evlər", "Dar köynək",
"Palıd toxumu", "Nekroloq", "Yəhudi əlifbası",
"Bəhanə", "Qaçaqaç" kimi əsərləri
oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində
deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi
bacarıb... Həmin gecə bizim evimizdəki bayram süfrəsinin
başında səhər sübhəcən elədiyimiz
söhbətlərdən anladım ki, Seyran Səxavətin
sözlə ruhundan qopara bilmədiyi ağrıları da var -
varlığını didib-parçalan ruhani
ağrıları... "Mirzə Hüseyn" segahı
oxuya-oxuya o ruhani ağrılarını gözlərindən
axıtdı Seyran Səxavət...
Kövrəldim...
Açığı, həm də heyrət etdim, Süleyman
kimi quş dilini bilən, əsərlərində ("Yəhudi
əlifbası", "Boynu əyri kişi")
quşları danışdırmağı bacaran Adam həm də
necə məlahətli səslə cəh-cəh vururmuş,
ilahi...
Mən Seyran Səxavətdən öncə Ramiz
Rövşənin yaradıcılığı ilə
bağlı magistr dissertasiyası yazırdım və
maraqlı söhbətlərimiz olurdu. Bir dəfə Ramiz
Rövşən dedi: "Mən tam səmimiyyətlə
deyirəm ki, Seyran mənim, Sabir Rüstəmxanlının və
bir çox yaradıcı dostlarımızın,
yaşıdlarımızın gözünü qorxudan bir
şair idi. Amma xoşbəxtlikdən o, sonra
şeirdən nəsrə keçdi. Bu barədə
mən bir dəfə demişəm ki, şairlərin xoşbəxtliyindən,
nasirlərin bədbəxtliyindən Seyran Səxavət
şeirdən nəsrə keçdi". Bu
səmimi etirafı sonralar Ramiz müəllimin müsahibələrinin
birində də oxumuşdum.
Elə
Seyran müəllimin yanıqlı səsi, Qarabağlı nəfəsiylə
oxuduğu "Mirzə Hüseyn"i dinləyə-dinləyə
özüm üçün bunu da yəqin etdim ki, "Seyran
müəllim incəsənət aləmində, heç
şübhəsiz, çoxlarının xoşbəxtliyindən
böyük sənətin ədəbiyyat yoluna üz tutub...
İndi
illərin bu tayından həmin günə boylananda o səsi,
o görüşü, o segahı xatırladıqca Qulu
Ağsəsin bu bahar ruhundan qələmə
köçürdüyü, elə qar altından baş
qaldıran bahar çiçəkləri kimi təzə-tər
misraları gəldi ağlıma...
- Nə
gördün Qarabağda,
(soruşdum Rza Diqqətinin fotolarından)
orda vəziyyət
nə cürdü?
Salamatçılıqdı,
dedi:
məscid
- minbərdən,
kəhriz
- çinardan,
qəbir
- başdaşından,
mina -
kadrdan
hündürdü!
Hə,
bir də
mat
qaldım bir şeyə:
oranın
quşları
adam kimi
danışır,
adamları
quş
kimi oxuyur deyə...
Seyran Səxavət
istedadlı söz ustası olduğu qədər də,
sözün həqiqi mənasında, elə Qulunun (oxu - Rza
Diqqətinin) dediyi kimi, Qarabağın quş kimi oxuyan
adamlarındandı...
İnsanın
həyatındakı ilklər heç zaman unudulmur və bəzən
düşünürəm ki, bütün
yazdığımız, düşündüyümüz məhz
o ilklərin ab-havasına köklənir... İlk
görüşdüyümüz gün bir şey də dedi:
"Balam, gətirdiyim o bağlamalardakı mənim əlyazmalarımdı,
bütün arxivimi mənəvi övladım kimi - varisim kimi
sənə bağışlayıram. Axır ki, mənə də
sahib çıxan tapıldı"... Kövrəldim.
Çiynimə qoyulan yükün məsuliyyəti
böyüklükdə müqəddəsliyinə kövrəldim...
Başıaşağı bağlamaları
açıram, nəzər yetirirəm. Və Seyran müəllimin
səsi məni xəyaldan ayırır: "Nəyim varsa, sənə
əmanət eliyirəm...". Elə bu dəmdə
əlimə məktublar keçir, elə bilirəm, oxucu məktublarıdı,
yerinə qoymaq istəyirəm ki, rahat vaxtı oxuyaram, birdən
gözüm məktubun sonundakı imzaya sataşır: "Sənin
Zəzən"... Yaş boğazımda
düyünlənir. Tanıyıram bu xəttin
sahibini... İllərin həsrətlisi olduğum birini
görürmüş kimi kağızları qoxulamaq
keçir könlümdən, bu məktubu yazan Zəzə -
"Qaçaqaç" romanından
tanıdığım, boyu, buxunu, səsi, duruşu,
xanımlığı xətti kimi doğma olan, Seyran Səxavəti
dünyaya gətirən Qadındı, Anadı - Zərif
xanımdı... Ruhu şad olsun! Nur içində uyusun!
Seyran Səxavət
"nəyim varsa, sənə əmanət eliyirəm" deməklə
və o Ana yadigarını da bağışlamaqla elə
düşünürəm ki, təkcə öz
yaradıcılığını yox, bir Ana məktubu
ucalığında bütün Azərbaycan ədəbiyyatını
qorumağı mənə tapşırdı...
Sonra elə
Zərif xanımla tanış olduğum
"Qaçaqaç" romanının əlyazması
çıxır qarşıma... Seyran müəllimin
özünəməxsus şakəri aydın olur mənə:
texnikanın ən müasir mərhələsində də
olsaq, Seyran müəllim qələminə sığınan,
qələminə xəyanət etməyən adam
imiş... Qələmlə yazırmış... həm də
necə... "Qaçaqaç"
romanının əlyazma mətninə baxıram, səhifələyirəm
və gözlərimə inana bilmirəm. Adam nəinki
bir söz, hətta bir hərfi belə qaralama etmədən
yazıb, elə bilirsən ki, bir düzüm muncuqdu,
düzüb ağ vərəqin
üstünə...
O
vaxtı rəhmətlik Mir Cəlal müəllim deyirmiş:
"Səməd Vurğun heç zaman kağız
korlamayıb". Bütün əlyazmalarını birər-birər
oxuyandan sonra bu qənaətə gəldim ki, Mir Cəlal
müəllimin bu fikirlərini heç mübaliğəsiz
Seyran Səxavətə aid etmək olar, lap ana südü kimi
halal xoşu olar...
Yenə
ilk görüşdüyümüz günə
qayıdıram... həmin çərşənbə
axşamına... Tonqal yandırdığımız bir bahar
axşamı üşümüşdüm - ilikləriməcən
üşümüşdüm... Deyəndə, nə qədər
ki, Qarabağ torpağı erməni işğalı
altındadı, kim özünü
kişi hesab edir etsin, mən özümü kişi hesab eləmirəm,
kişilikdən istefa vermişəm.
Ruhun əzabını
heç bir romana köçürmək olmur, Ustad! - demişdim ürəyimdə. Amma
özünə heç nə deyə bilməmişdim.
Qıymamışdım...
Elə o
günü - ilk görüşümüzün sevinci
qarışıq Seyran müəllimin vətəndə Vətənsizlik
ağrısını, vətəndən vətəninə
getməyə yol tapa bilməmək əzabını illərdir
qəlpə kimi ürəyimdə daşıyırdım...
Heç
xatirimdən çıxmaz, Musa Yaqub mənə bir şey
danışmışdı: Rəhmətlik anam Rabiyə
xanım çox həssas qadın idi, olduqca böyük
ürəyi vardı. Heç vaxt
uşağı olmayan qadının yanında bizi
qucağına almazdı, oxşayıb, əzizləməzdi.
Bu elə müqəddəs bir hissdi ki, bunu izah
eləmək olmur. Deyirdi ki, mən sizi qucaqlayanda o gəlinlərin
uşaqdan yana ürəyi qübar eliyər.
İndi mən burda, Buynuzda öz
torpağımla qovuşanda yadıma qələm dostlarım
düşür, Seyran Səxavət, Rəşad Məcid gəlib
dayanır gözlərimin qabağında. Hər dəfə kəndimdən, bulağımdan,
torpağımdan yazanda içim göynəyir ki, mən
öz yurdumu qoxulaya bilirəm, amma onlar o torpağın ətrinə
həsrət qalıb. Bir dəfə rəhmətlik Məmməd
Aslana dedim ki, ay Məmməd, ürəyim gəlmir sənə
deyəm ki, Buynuzdayam, birdən sənin də ürəyin
atdanar, axı sənin Kəlbəcərin düşmən əlindədi...
Allah o günü bizə nəsib eləsin ki, Qarabağ
alınsın, mən Buynuza qovuşanda tam olduğum kimi Seyran
Səxavət də öz Yağlıvəndinə qovuşub
bütövləşsin.
İndi
yazımın elə bu yerində həmin söhbətimizi
xatırladıqca yurdumuza gerçəkdən
qovuşduğumuzu dərk eləməyə
çalışmaq duyğusu Musa müəllimin təzə
biçdiyi otun qoxusu kimi adamı bihuş eliyir...
Şükür
bu günə... Vətənin daşı-daş üstdə
qalmasa da, xarabalığına şükür... Qulu Ağsəs
demiş, Şükür külünə... Şükür
qayıdış gününə...
Dədəm,
Gözün aydın olsun! Bir gün nisgillə
deyirdin ki, Şuşanın ucalığından baxanda Təbriz,
Dəmirqapı Dərbənd, Borçalı çökəyi
və İrəvan görünürdü - bu gün isə,
Şuşanın özünü görə bilmirik.
Şükür
bu günə... Bu gün 75 mərtəbəli ömrün
ucalığından baxanda Şuşan,
Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Xankəndin,
Laçının, Qubadlın, Füzulin - Vətənin
görünür... Yurd yerin görünür... Xatirələrinə
bələndiyin uşaqlığın görünür...
Ata ocağın görünür, Ustad!
Və
üfüqdə Günəş görünür... Bir
gün yurdunda - doğma ocağında - ata evinin həyətində
o Günəşin istisinə qızınacağın
ümidi və 30 ildir ruhunu üşüdən buz
bağlamış həsrəti canından Sözlə
çıxaracağın diləyiylə... Sənə
cansağlığı arzulayıram! Doğum günün
mübarək, Ustad!
Xəyalə
ZƏRRABQIZI
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.7.