Bahar Səxavəti
Bütöv sənətkar
haqqında yarımçıq yazı
Seyran Səxavət - 75
"Sən
bir soyuq ulduz, mən gözləri nəm,
Eybi
yox, mənimçün həmişə varsan.
Sıxma
ürəyimi, ürək cəhənnəm,
Axı sən
ordasan, sən sıxılarsan!".
1
Qüdrətli sənətkarlar
doğum haqqında şəhadətnamələrini özləri
yazırlar. Ədəbiyyatın və əbədiyyətin
pozulmaz qanunu belədir...
Seyran Səxavət...
iyirminci yüzilin 60-cı illərinin əvvəlindən qələmə,
bədii sözə vurulub, ona pənah gətirən
istedadlı şair, nasir, publisist, tərcüməçi təyinləri
ilə tanınan və sevilən bu şəxs, baharın
üçüncü günü, mənim doğulduğum Bəhmənli
elindən 45 kilometr yuxarıda, Qafqaz dağlarının əl-ətəyinə
dirsəklənən Yağlıvənd kəndində
dünyaya göz açıb. İlk gənclik
çağlarında, daha doğrusu, 18 yaşındaykən
onun döş qəfəsini qabardan və təsirli, ruhlu
misralarda əbədiləşən bənzərsiz nəğmələrindən
(bəli, nəğmələrindən) biri "Səxavətli
baharım" adlanır. Kifayət qədər lakonik olan bu əsərdəki
predmet və obraz sıxlığına, çoxluq və
gurluğun təsvirinə, hətta ifrat
çağlayış şövqünə, başqa
sözlə, poetik simfonizmə baxmayaraq, nədənsə, bu
şeirdə mən dərin bir fərdiyyət görürəm,
o zamankı yeniyetmə Seyran Səxavətin öz surətini
görürəm. Bu şeir, məncə, bahar haqqında
deyil, baharın özüdür, bu şeir heç Seyran Səxavət
haqqında deyil, Seyran Səxavətin özüdür!
Hələ biz bu baharın işləklərinə,
ehtişamına baxaq; o bahar ki, gəlişini nənə,
baba, el, oba gözləyir. O bahar elə miqyasda cilvəli, heyrətlidir,
hətta onun gəlişini görən Günəşin
gözü "bərələ qalır". Quzular
otdan xımır-xımır yeyib, sonra da top kimi tullanıb
bahara "sağ ol", deyirlər. Çəmənlikdə
quzular çiçəklərin sayındadı. Dağlar, dərələr baharın gətirdiyi min
bir naxışlı, min bir ilməli xalçaların
altında qalıb. Yeni doğulanlara bahar diş hədiyi
bişirib gətirib. Bahar Üzeyir bəyin
ölməz nəğmələrinin notlarıdı; ona qulaq
asıb sübhə yaxın şehli çiçəklər
ağlayır. Bahar - insaflıdı deyin, dağların
təpəsində qışdan yadigar qalan topa qar
qalağına toxunmur. Bahar hər ağacın
payını ayrıca gətirir, kol dibindəki küskün
bənövşənin boynunu düzəldir. Qarışqa sırası baharın itmiş təsbehidi.
Dağlar ona görə xəyala dalıb ki,
bahar bu qədər səxavətlidi. Hələ
üstəlik... bahar çobanın nəğməli tütəyinin
içində dincini alır. Hələ
üstəlik... bahar nişanlıdır və o, bütün
ağacların barmaqlarına ətirli, çiçək
qaşlı milyonlarla üzük taxıb. Dərələrdən
sel kimi, təpələrdən yel kimi əsib, bir uşaq
sıçrayışı ilə Gəncə
çinarlarına dırmaşıb bahar... Bax, həmən
bu bahar...
Bahar gələr,
kainat
Gurum-gurum guruldar.
Bu gurultu
heç kəsin
Ürəyini qoparmaz.
Bahar səxavətlidi
-
Bahar gələr,
gətirər,
Bahar gedər,
aparmaz!
Zərif misraları bura yazıram və mənə elə
gəlir kağıza köçən sözlərin səsini
də eşidirəm.
Yeri gəlmişkən, öz ifasında Seyran Səxavətin
şeirlərini dinləmək həqiqətən təsirlidir,
yazdıqlarının çoxunu əzbərdən bilir. Azərbaycan
poeziyasındakı bahariyyələrin ən yaxşı
örnəklərindən olan bu şeiri isə Seyran Səxavətin
bizim açıq, qapalı yığıncaqlarımızda
söylədiyini xatırlamıram. Ola bilər... Amma
görəsən, o, nə zamansa düşünübmü
ki, məhz bu nəğmə, məhz "Səxavətli
baharım" şeiri onun 60-cı illərdən bugünəcən
yazdığı poetik əsərlərin, hekayələrin,
povestlərin, romanların, pyeslərin, hətta publisistik,
satirik-yumoristik yazıların leytmotivini, məğzini, mənasını
təcəssüm etdirir. Bu, sadəcə,
şeir deyil, ədəbi koddur. Bu, şeir
deyil, böyük ədibin heç özü də bilmədən
gələcək yazılarının yolu üzərində
oxuduğu duadır. Bu, bir qədər...
ifadə caizdirsə - özü özündən
doğulmağa, həm də doğulanın özü
özünü tutmağına bənzəyir. Bu şeir qüdrətli bir sənətkarın bədii
idrak qalasının bağlı, sirli qapısına
düşən bəlkə də yeganə açardır.
Şeirin
müqəddəs dərgahına belə diləklə gələn
bir şairin yolunu Allah heç zaman kəsməz, necə ki, kəsmədi!
Hələ daha nəyisə söyləmək
lazımdır - "Səxavətli baharım" Seyran Səxavət
yaradıcılığının ümumiləşdirilərək,
yığcam çərçivəyə salınaraq bizim
milli ədəbiyyat sarayımızın divarına
asılmış miniatür şəklidir.
2
Seyran Səxavətin şeirlərini 50 ildir ki, belə
deyək, sevə-sevə oxuyur və doymuram. Qəribədir,
hər dəfə "Səxavətli baharım"a
çatanda onu ən azı iki dəfə oxuyuram, üç
dəfə oxuyuram və yenə də doymuram. Qəribədir,
şeirə qarşı bu sayaq təşnəlik, oynağan
bir uşağın ritmik, sümüyə düşən rəqs
musiqisindən doymamağı kimi bir hissdir; uşaq qan-tərə
batsa da, canı ağzından çıxsa da... elə hey
oynayır...
Bəndlərə bölünməyən gəraylı
vəznində, vərəqlər boyu yaz çiçəkləri
kimi səpələnən bu ruhani kəlmələrin qələmlə
yazıldığını düşünmək ən
azı insafsızlıqdır.
Başda
bu şeir olmaqla şair Seyran Səxavətin 60 ildən bəri
dillərdə əzbərə çevrilən "Sevirəm",
"Bizim arx", "Gizlənpaç", "Utancaq məhəbbət",
"İlk məhəbbət - son məhəbbət",
"Ürək", "Həzin-həzin",
"Adalar", "Yollar-ayaqlar", "Azərbaycan
dağları", "Töhmət", "Subay
planetim"... əsərləri Tanrının, ona nazil
olunmuş payıdır, qismətidir ki, onlar qələmlə
yazılmayıb, eləcə, lilli-duru bahar suları kimi
axıb və bizim üstümüzə gəlib!
3
Artıq ipucu var. "Səxavətli baharım"
(1964) tutarlı bir dəlildir ki, peşə
oriyentasiyasından asılı olmayaraq bu dünyada gün
işığına açılan hər qəlbin ümdə
borcu candakı mübhəmi aşkara çıxarmaq, onu bura
gətirmək və gedəndə buradan bir çöp
belı aparmamaqdır. Əslində, belə düzən -
hökm insanlığın və təbiətin davamiyyət
düsturudur. Tutalım, ədəbiyyat
padşahları - oxucunu çətinliyə salmamaq
üçün özümüzünküləri, şərqliləri
deyirəm - Firdovsi, Xəyyam, Nizami, Nəsimi, Füzuli...
özlərinə xas təfəkkür enerjisini özləri
ilə aparsaydılar, varislərə nə qalardı?
Uzaqbaşı heç nə bitirməyən səhra qumu...
Ədəbiyyat tariximizin möhtəşəm
sütunlarını öpüb əsas sözü yenə
Seyran Səxavətin yaradıcılığı üzərinə
yönəldərək deyə bilərik ki, o bizim anadilli ədəbiyyatımıza
yaz havası halında gəlib. Yaz onun şəxsində
yalnız fəsil deyil, həm də yazıdır. Yazı isə Seyran Səxavət üçün nəinki
yaz havası, həm də vicdan məsələsidir.
Seyran Səxavətin yaradıcılığına və
şəxsiyyətinə alababat bələdəm. Niyə
alababat deyirəm, o səbəbdən ki, əziz dostumun bir
şəxsiyyət olaraq ictimai mühitimizdəki
davranışları, ələlxüsus, Yer kürəsinin
onun tərəfindən görünən bir
parçasının ədəbi-bədii üsulla ifadə
hünərini dəyərləndirmək məxsusi
araşdırma olmadan mümkün deyil. Mən isə
dost və sadə bir oxucuyam. Amma bununla belə
qismət fenomendir. İş elə gətirib;
dostluğumuz, yaradıcılıq əməkdaşlığımız
sürəsində iki dəfə nəsib olub ki, onun ədəbi
sirrinin ipək hörmələrinə toxuna bilim. Bir-iki kəlmə bu barədə.
4
Seyran Səxavət
- ədəbi tərcümeyi-halı geniş oxucu kütlələrinə
açıq olan yazıçıdır. Çünki
saysız-hesabsız ədəbi müsahibələrində
heç nədən ehtiyatlanmadan, içindəki senzorun (əgər
o varsa, ədəbi məsuliyyət baxımından heç
şübhəsiz, o var) anasını ağlada-ağlada məhz
özü sandığın qapaqlarını gen
açıb pambığı tökür. Bu səbəbdən dostları kimi, ömürbillah
onun üzünü görməyən geniş oxucu kütləsi
də Seyran Səxavətin 1974-76-cı illərdə İran
dövlətində SSRİ-nin təmsilçisi olaraq tərcüməçi
qismində çalışdığını bilir. Həmin illərdə onun haqqında demək olar ki,
hər gün düşünürdüm. Gənc şair İrandakı missiyasını
başa vurub Bakıya qayıtdı. Məlum
oldu ki, "Gənclik" nəşriyyatı onun şeirlərindən
ibarət kitabı plana salıb və bir ay müddətində
əlyazma nəşriyyata təqdim olunmalıdır.
O məni
tapdı, bu qaydada, qardaş, ölmüşəm yerdən
götür... Əlimdə olan bu qovluqdu, yerdə
qalan yazılarımın harda it-bat olduğunu heç
özüm də bilmirəm. Epizod mənə
görə xoşbəxtliyə bərabər idi.
İşığını tutub gəldiyim adam
üstümə gəlib buyursa, Bakıdan Bəhmənliyə
piyada gedərəm.
Necə
deyərlər, qolumu çırmaladım, bir ay Axundov
kitabxanasının mətbuat zalında "bitib" Seyran
müəllimin respublika qəzet və jurnallarında çap
olunmuş bütün şeirlərini "üzə
çıxardım", muncuq xətlə mil-mil dəftərlərə
köçürdüm. Makinada yazdırıb
şeirləri məzmununa görə sıraladım. İndi də kitabxanamda qalan "Mənim
planetim" adlı kitabı hamı ürək
çırpıntısıyla xatırlayır. Mən isə o 38 səhifəlik kitabı həm də
öz kitabım kimi əziz tuturam.
Aradan otuz
səkkiz il keçəndən sonra nəşriyyat,
kitab tərtibatı işini az-çox bilməyim daha bir
"əziyyətə" qatlaşmağıma səbəb
oldu.
Seyran Səxavət
zəng elədi, dedi, qardaş, bu Azərbaycanda şeiri səndən
yaxşı düzən yoxdu, 15 cildlik "Seçilməmiş
əsərlər"imi çapa hazırlamışam.
Birinci cild şeirlərdi, gör neynirsən...
Seyran Səxavətin
hələ ki yeganə dərin tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının
(Əfəndiyeva) topladığı materialların poeziya
bölümünə əsasən "Seçilməmiş
əsərlər"in birinci cildinin şeir və
poemalarını düzdüm. Tərtibat ustadın da, tədqiqatçı
Xəyalə xanımın da xoşuna gəldi...
Halal xoşu olsun, Seyran Səxavətə dünya-aləm
qurban. Bəs yaxşı, niyə bunları deyirəm?
Mətbuatda Seyran Səxavətin imzasının
hər zuhuru öz yerində, anında oxuyurduq, amma bu, yetərli
deyildi, biz, yəni mənim də aid olduğum ədəbi
dairə məhz 1970 - 90-cı illərdə, elə sonralar da
digər qüdrətli sənətkarlarla bir sırada onun da əsərlərinin
təşnəsi olmuşuq.
5
Bəllidir ki, Seyran Səxavət isti-isti oxunan, oxucu
yaddaşında isə həmişə isti təəssüratlarla
qalan yazıçıdır. Sadəcə, ustadın iki
kitabının tərtibində az-çox iştirakım
imkan verdi ki, onun poeziyasının bədii
məntiqini bir sistem halında anlaya bilim. Düz deyirlər, hər
təsadüfdə, az da olsa, nəsə
bir zərurət var. Məhz iki təsadüf arasında Seyranın
şeirinin nə üçün unudulmaz olduğunu
anladım. Anladım ki, onun poetik düşüncəni ifadə
etmək bacarığının əsasında hansı
enerji, hansı harmoniya dayanır... Anladım ki,
Seyran Səxavətə məxsus poetik dalğalanmanın,
qabarma və çəkilmələrin izləri həqiqətən
də sirlidir və sirli olduğu qədər də
hüdudsuzdur.
Mükalimələrimizə əsasən deyirəm,
Seyran Səxavətə görə şeiri dinləyərkən
adamın tükü qabarmırsa, o şeiri apar qaytar. Seyrana görə
yaxşı şeir gərək insanın canında
"nakolka" (tuş döymə) kimi qala, pozulmaya...
Seyran Səxavət
həqiqətən də cəmi-cümlətanı 10-12 il çəkən şairliyi dövründə
tükü qabardan, bədəndə "nakolka" kimi
qalıb pozulmayan poeziya nümunələri yaradıb. Hansı ki, o şeirlər özündən əvvəlki
möhtəşəm poeziya sərvətlərimizə sədaqəti
ifadə etməklə yanaşı, özündən sonra gələn
poeziya axınının yoluna işıq salıb.
Seyranın sevmədiyi Lenin deyirdi ki, "fakt yaman
şeydir".
Bir var meyvə ağacın bətnindən gəlir, biri də
var yeni il yolkasının süni
yarpaqlarına bərkidilən meyvəcat şəkilli plastmas
fiqurlar... Sözümüz ikinciyə bənzəməsin deyə,
əlahəzrət fakta üz tutmağın məqamı
yetişdiyinin fərqindəyik - Seyran Lenini sevməsə belə...
Seyran Səxavət eşqlə dolu bir şairdir. O, eşqlə elə
miqyasda doludur ki, bəzən eşq onun üzünə
çıxır, sifətinə baxan kimi bilirsən ki, bu
insan eşq dəlisidir. Fakt isə
faktlığında qalır. Hələ bir siz buna
baxın, 16 yaşlı ustad (!!) 1962-ci ildə qələmə
aldığı ilk mətbu şeirində deyir ki:
Sual verdi sevgilim
bir
gün üz tutub mənə:
Nədir
arzun həyatda
cavan
oğlan, desənə?
Dedim həyatda
yalnız
iki arzum
var, ay qız.
Biri sənət
dağının
zirvəsinə ucalmaq,
biri də
ki, səninlə
ömür sürüb qocalmaq...
İlk mətbu şeirində şairin öz üzərinə
götürdüyü, həm də iki missiyadan biri ultra fərdidir,
orada nailiyyət varmı, yoxmu, yalnız 16 yaşlı o
sarışın uşağın özünə bəllidir. Onun babalını boynuna
götürdüyü ikinci (bəlkə də birinci)
missiyanın bəhrələri isə artıq bizim ədəbiyyatımızın
sərvətidir!
Çünki onlar eşqin özü kimi ötəri
deyil, eşqin heykəli eşqin doyulmaz xatirəsi kimi əbədidir. İntimləri dilə gətirmək,
hardasa, ayıbdır, amma bir iş var ki, intimlərdəki əbədiyyəti
ifadə etmək də fəlsəfənin predmetinə
daxildir. Bu açıdan Seyran Səxavətin 17 yaşında
yazdığı "Sevirəm" şeiri məhəbbətin
poetik anatomiyasıdır (yəqin, şairin özünün
də min il yatsa yuxusuna girməz ki, bu necə
baş verib). Əsərin qəhrəmanına
- gənc aşiqə görə onun ürəyinin ən incə
tellərini tərpədən sevgilisinin arealı mütləq
qaydada, hökmən sevilməyə layiqdir. 17 yaşlı bir gəncin belə düşüncəsi
nəinki füzuliyanə, həm də dahiyanədir.
Şair sevdiyi qızın evinin tuşunda yanan ulduzları, xəzan
vaxtı onun bağçasında yerə tökülən
yarpaqları, onun qədəmi dəyən torpaqları, o
qızın sirdaşını, atasını, anasını,
qardaşını, daşlı-kəsəkli küçələrini,
onların həyətini dövrələyən
barını, qonşudakı dişi tökülmüş
qarını, şairi sevdiyinin dilitək sancan arını,
qızın bu binəvanı duymayan gözünü, onun
ürəyə od vuran sözünü... və nəhayət,
onun özünü sevir!
On yeddi
yaşlı bir gəncin qələmindən çıxan bu
şeir o vaxtlar da, elə indi də, mənə elə gəlir
ki, məhəbbət deyilən insan hissinin ən mükəmməl
portretidir, bu, Madonnanın (bəlkə də Rəfaelin), bu,
Leylinin (bəlkə də Məcnunun), bu, Əslinin (bəlkə
də Kərəmin), bu, Hamletin (bəlkə də
Ofeliyanın) portretidir!
Seyran Səxavətin
poeziyası, o cümlədən bütün
yaradıcılığı bizim ədəbiyyatımızın
yaz dəyişimidir, bu, ədəbiyyatın min illik arxına
suyun yenidən gəlməyi timsalındadır...
O
qızın bağçasından
şırıldayan büllur arx
bizim
bağçadan keçir.
O arx ilə
həmişə
bu
bağdan o bağçaya
ürək keçir, can keçir!
Əlbəttə, bu şeirin mövzusunun adi həyat həqiqəti
olması baxımından ədəbi varisliklə elə də
ciddi bir əlaqəsi yoxdur. Çünki
"Sevirəm" şeirində olduğu kimi, "Bizim
arx"ın da o başında bəlkə də dəlicəsinə
sevildiyindən xəbərsiz bir qız uşağı
dayanıb, olsa-olsa. Amma "arxın bu
başında" yenə də ədəbiyyat nəhrəmizə
can atan bir şair qəlbinin çağlayışı
açıq-aşkardır. Seyran Səxavət demişkən,
kim ki, həqiqətə göz yumur, deməli,
o, müstərdir.
Uşaqlıqda hamımız gizlənpaç
oynamışıq. Kim tapıb, kim tapmayıb, bunu
"axtaran şəxs" və bir olan Allah bilir. Seyran Səxavətin "qocaman yeniyetməlik
oyunundan" uduşu isə şübhəsizdir. Bu,
şairin "Gizlənpaç" şeiridir ki, ədəbiyyatımıza
Seyran Səxavətdən sonra gələnlərin
böyük bir qismi, (içi mən qarışıq)
sözdə, şeir meydançasında gizlənpaç
oynadı, amma yenə də ələ keçən Seyran Səxavətin
"Gizlənpaç" şeiri oldu. Orda şair eşqin
körpə həqiqətini belə axtarırdı:
...Gizlənpaç
oynardıq axşama kimi,
Ötən günlərimiz yadındadımı?
Bəzən
təndir olub gizləndiyin yer,
Bəzən baban geyən tüklü yapıncı.
Başqa
uşaqları tapırdım bir-bir,
Lap əldən düşürdüm səni tapınca.
...Biri-birimizə
qarışmaq üçün
Bilirsən, nə qədər oynamışıq biz?
Mənə
elə gəlir, əzizim, bu gün
Yenə də gizlənpaç oynamışıq biz.
Yerini
bilirəm, deməsən, desən,
Açıqca heç dinmə, tapınca sən də.
Yerini
bilirəm, ya təndirdəsən,
Ya da ki,
babanın yapıncısında!
Dostum bu
şeiri yazanda iyirmi yaşı varmış, yəqin ki, o
gizlənpaç meydanında yıxılıb dizini əzəndə
6-7 yaşı varmış... Baxın, "Gizlənpaç"
şeirinin şəhadətinə görə fəsad iyirmi
yaşda üzə çıxır. Axı yara isti-isti
olanda ağrı hiss edilmir!
Sevgidə utancaqlıq anlaşılmayan və təəssüf
ki, bir çox hallarda fürsəti fövtə verən
hissdir. Amma sevgidə utancaqlıq həm də ilahi
vurğunluq önündə heyrət, lallıq, sükut məqamı,
Tanrı ətəyinə qədər çatıb, həm də
o ətəyə toxunmağa cürət etməmək
anıdır. Seyran Səxavət "Utancaq məhəbbətim"
şeirində eşqin bu müəmma pərdəsini
dağıtmaq üçün bir neçə istiqamətdən
zərbələr endirir və sonda vüsalı yuxuya
köçürür:
Ay
yanağı qırmızı
utancaq məhəbbətim!
Bilsəydim
ki, güllərin
qoxusunda
gəzirsən,
əlimdə Günəş boyda
gül
dəstəsi tutardım,
Bilsəydim
insanların
yuxusunda
gəzirsən
bütün bəşəriyyətin
əvəzinə yatardım!
Utancaqlığın
öhdəsindən gələ bilən yeganə qüvvə
cəsarətdir, lap qoy yuxuda olsun!
Seyran Səxavət "İlk məhəbbət - son məhəbbət"
adlı, milyonlarla azərbaycanlının əzbər bildiyi
şeiri 22 yaşında yazıb. Bu əsərdəki
insaniyyət, möhtəşəm sarsıntı, belə
düşünürəm ki, yalnız bir olan o varlıqla,
Allahla əlaqədardır. Sanki gözəl rayihəli,
üzərliyə kibrit çəkirsən və müqəddəs
üzərlik - yaşı-qurusu qarışıq
çırtaçırt yanır:
Sən nə
istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim
başıma nələr gətirdin,
Ay ilk məhəbbətim,
son məhəbbətim!
Bu sətirləri yazıram, hiss edirəm ki, gözlərimin
dibi yaşarır. Seyran Səxavətin "İlk məhəbbət
- son məhəbbət" şeirinin biri-birindən
duyğusal bəndləri, mənə elə gəlir ki,
poeziyada riyazi kəşfdir. Budur, Tanrıdan şairə
nazil olan və şairin bizə çatdırdığı
məntiq: insan yalnız bir dəfə sevə bilər, təəssüf
ki, (nə yaxşı ki!) məhəbbət heç zaman təkrar
olunmur, ilk məhəbbət həm də son məhəbbətdir!
İlk məhəbbətin, son məhəbbətin
sözü-söhbəti heç zaman bitən deyil; şair bəlkə
də bu səbəbdən davam edib deyir ki:
...İnsanlar
bir dəfə doğulduğundan
Elə
bir dəfə də sevə bilirmiş...
Deyir ki:
Kirpiklər
özgəyə baxmayım deyə
Çəkir keşiyini baxışlarımın.
Deyir ki:
Gedib
yetmiş iki dil öyrənmişəm
Hələ
tapmamışam dilini sənin!
Lap sonda
deyir ki:
Sıxma
ürəyimi, ürək cəhənnəm,
Axı sən
ordasan, sən sıxılarsan!
Seyran Səxavətin yaradıcılığında
sevgi anlayışı birxətli olmayıb, mükəmməl
bədii-estetik düşüncə tərzidir. Elə
çıxmasın ki, onun qəlbinin məhəbbət
torpağında yalnız qapısına arx axan, gizlənpaç
oynayan, qollardan sallaşan, qovuşan, ayrılan, ilk və son məhəbbət
timsalına çevrilən qızlar, oğlanlar
"bitir".
Seyran Səxavət sevginin acı bəhrələrini həm
irrial, həm də real olmaqla dadan bir şairdir. Mən onun Vətən
torpağına, müqəddəs Qarabağa, nəcabətə,
dostlara, böyük ədəbiyyata dəlicəsinə
vurğunluğuna şahid tək-tük insandan biriyəm.
Ona görə haqlıyam deyim ki, Seyran Səxavət
öz sevgisində bir şair olaraq tamdır, unikaldır.
Azərbaycanın hər hansı gözdən-könüldən
uzaq bir guşəsində belə, Vətən torpağı
ilə yabanı bir davranışı, o, fəhmi ilə hiss
edir və nəinki fitrətən, həm də fiziki olaraq
ağrıyır, dözümsüz olur, səsini
qaldırır. Mən bunu dəqiq bilirəm.
Bu, dostumun ana bətnindən gəlmə
"solluq uşaq xoşbəxtliyidir". Başqa bir
halda Seyran Səxavət "Girəvə axtarıram",
"Subay planetim", "Küçə telefonları",
"Töhmət" kimi şeirləri necə yaza bilərdi?
Seyran Səxavət
hələ 1965-ci ildə Səttar Bəhlulzadə qüdrətində
bir rəssam idi və "Azərbaycan dağları"
şeirində, sanki fırçayla yazırdı ki:
...Buludlar
boynuna dolaşan zaman
Sanki səmalardan açılıb dağlar.
...Dibində
insanlar çadır quranda
Başını şimşəklər döyəcləyibdir.
Görüb
əsrlərlə boran, çovğun, qar,
Bu dağlar qocalıb qarıyıbdılar.
Döşündən
saldığı yolla insanlar
Onun əl-qolunu sarıyıbdılar.
Hayandan,
hayandan baxmışamsa mən
Elə bil dağların üzü bəridir.
Əgər
xalçadırsa döşündə çəmən
Çiçəklər
ən gözəl ilmələridir...
Bu dağların hüsnündəki gözəlliyin
Seyran Səxavətin təsvir etdiyi o biri gözəllərin
hüsnündəki gözəllikdən nəyi kəmdir ki?
Bura qədər deyilənlər mənim sevdiyim şair
Seyran Səxavətin şəklinin ən kasad ştrixləridir. Belə
poeziyanın zühuru, onun ədəbi bir təcrübə
olaraq hələ indən sonra da gələcək nəsillər
üçün faydalılığının izahı ədəbiyyatşünasların
vəfa borcudur. Allah qismət eləsə, mən bu
temaya yenə qayıdaram...
6
Lenin demiş, "yaman şey olan fakt" isə bundan
ibarətdir ki, Seyran Səxavət 1976-cı ildə xasiyyətinə
uyğun olaraq yolunu sarpdı; o, şeirdən nəsrə
keçdi. Bu hadisə yaddaşımda müfəssəldir.
1976-cı ildə hələ də düşüncələrdə
şair səlahiyyəti ilə sakin olan Seyran Səxavət
İrandan Azərbaycana, "Ədəbiyyat və incəsənət"
qəzetinə, ora gedənə qədər özünün
də çalışdığı ünvana hekayə
yolladı: "Hamı elə bilirdi", beləydi
yazının adı.
Şairin
yeniyetməlik dostu, qələm qardaşı Ramiz Rövşənin
onun haqqında dediyini xatırlayıram:
Seyran Səxavət şairlərin xoşbəxtliyindən,
nasirlərin bədbəxtliyindən nəsrə keçdi.
Əlbəttə, Ramiz müəllim "xoşbəxtlik"
və "bədbəxtlik" sözlərini işlətməklə
ədəbiyyatımızdakı ciddi bir fiqurun hərəkət
trayektoriyasını nəzərə çarpdırmaq istəmişdi...
Seyran Səxavət isə vərəq üzərindəki sətirlərin
uzun, ya qısalığına baxmayaraq öz xətti-hərəkətini
heç dəyişmədi, o, "Səxavətli
baharım", "Bizim arx", "İlk məhəbbət
- son məhəbbət", "Girəvə
axtarıram", "Subay planetim" şeirlərində necə
nasir idisə, nəsrə keçəndən sonra
yazdığı hekayə, povest və romanlarda da
şairliyindən üz çevirmədi. Şeirlərində
nasir olduğu qədər də nəsrində şair oldu.
Belə unikal ikiləşmə elə səciyyədədir
ki, həssas oxucu nasir Seyran Səxavətin hekayə, povest və
romanlarında dərin məzmunlu, kontrastlar üzərində
qurulmuş cümlələri, abzasları toplamağa
başlasa, dəyərli bir poeziya kitabı alınar! Bir qədər də ustadımın nəsr
yönündəki axtarışları barədə
danışmaq istəyirəm. Çünki
sözün məhz bu məqama yetişdiyini hiss eləməmək
mümkün deyil...
Bəzən ustad insanlar, ədəbiyyat tənqidçiləri
insaf (səxavət) göstərib olduqca ciddi ədəbi-bədii
terminlərin izahını, müzakirə imkanını yeni
gələn, nisbətən təcrübəsiz şəxslərin
ixtiyarına verirlər. Müzakirə həmişə gərəklidir,
qoy olsun. Amma bununla belə, məhz təcrübə
əsasında yaxşı bildiyin bir məsələnin, bir
işin təcrübəsizlər tərəfindən
müzakirə olunmasını necə dəyərləndirə
bilərik? Laqeydlikmi, üzgörənlikmi
və ən əsası əlinin altında olan təcrübədən
imtinamı? İfadənin lüğəvi
ardıcıllığından da aşkardır ki,
postmodernizm modernizmdən sonra gələn sosial, kulturoloji,
estetik perioddur. Fəhmim məndən
soruşur; bu modernizm və postmodernizm deyilən var ha, o,
dünyanın hansısa bir məlum karxanasındanmı
çıxarılır, yoxsa, fərqli üslubi
yaradıcılıq mühitlərinin məhsulu, yekunu olan təcrübələrin
terminoloji təsnifatıdır? Sual çox ciddidir, ona
görə də onun cavabının tapılmasına daha
çox o yaradıcı simalar cəlb olunmalıdır ki,
heç olmasa "dimdiyinin sarısı" gedib...
Mənə görə nə zamandan bəri Avropada
"tüğyan edən" modernizm və postmodernizm
istilahlarının mahiyyətinə uyğun gələn
çalışmalar bizim yeni dövr Azərbaycan ədəbiyyatına
(əlbəttə, öz zamanına görə vacib şərt
və mənbəllər olan Avropa və rus ədəbi təcrübələrindən
bəhrələnməklə) heç də yad deyil. Ədəbiyyatımız
Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları",
"Aldanmış kəvakib" traktat və povesti, üstəgəl,
ədibin altı komediyası, Cəlil Məmmədquluzadənin
"Ölülər" dramı, Əbdürrəhim bəy
Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları",
"Pəri cadu" pyesi, Yusif Vəzir Çəmənzəminlinin
"Qızlar bulağı" romanı, Hüseyn Cavidin
yaradıcılığının əsas qismi, Mikayıl
Müşfiqin "Yenə o bağ olaydı" , Səməd
Mənsurun "Həpsi rəngdir" şeirlərinin
timsalında ən yeni, modern yazı üslublarını
böyük bir ləyaqətlə qeydə alıb. Belə
olmasaydı, sonrakı mərhələlərdə Azərbaycan
ədəbiyyatında "Qılınc və qələm"
(M.S.Ordubadi), "Şamo", "Mahtəban" (S.Rəhimov),
"Budağın xatirələri" (Ə.Vəliyev),
"Pərvanə" (M.İbrahimov), "Rənglər"
(R.Rza), "Geriyə baxma, qoca" (İ.Əfəndiyev),
"Dəli Kür"(İ.Şıxlı),
"İdeal" (İ.Muğanna), "Yamacda nişanə"
(S.Əhmədov), Ə.Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu,
İ.Məlikzadə, M.Oruc, M.Süleymanlı... və Seyran Səxavətin
bütün yaradıcılığı... meydana
çıxa bilməzdi. Lap mübahisə
doğursa da deməliyəm ki, xüsusən bizim milli nəsrimiz
daim dünyanın qabaqcıl ədəbi prosesinin içində,
onun tərkib hissəsi olmuşdur. Bu, qədimlərdə
də belə idi, indi də belədir... Deməli, ədəbiyyatımız
tarixən mövcud ədəbi metod və cərəyanları
təcrübi olaraq həmişə hiss etmişdir, deməli,
ədəbiyyatımız istisnasız olaraq bütün ədəbi
məktəb-ədəbi cərəyan təcrübələrini
vaxtında və vədəsində dəyərləndirmişdir
və indi də məhz yaxşıdan yararlanan bir ədəbiyyatın
varisidir. Seyran Səxavət isə mənim nəzərimdə
bütün bu mərhələdən keçən
yazıçıların varisi olmaqla bərabər, nəinki
modern, postmodern yazıçıdır, bütün bunlarla bərabər,
o, izmlər çərçivəsinə sığmayan,
yaxud bütün izmləri öz cümlələrinin,
ideyalarının içində ehtiva edən həqiqi,
doğal bir yazıçıdır (U.Folkner, A.Kamyu,
Ç.Aytmatov, Q.Markes, Ə.Əylisli, Y.Səmədoğlu, Anar,
Elçin... kimi). Seyranı digər ədəbi cərəyanlarla
birləşdirən də, onu digər mənsubiyyətlərdən
ayıran da məhz budur: gerçək yazıçı
olmaq, həqiqətən yazıçı olmaq!
Fırçasız rəssam, səssiz xanəndə,
ayaqsız rəqqas, yəni ilhamsız sənətkar olmaz!
Seyran Səxavət,
o şəxs ki, şeirlərində məxmər kimi yaz
bürüncəklidi, o şəxs həm də Əli
qılıncından iti nəsr cümlələrinin
yaradıcısıdı. Seyran Səxavət öncə
özününkülərin - M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə,
Ə.Haqverdiyev... daha sonra Servantes, Hüqo, L.Tolstoy, Dostoyevski,
Şoloxov, Şukşin, Əziz Nesin, Nodar Dumbadze,
Ç.Aytmatov qüdrətini yaratmış qələmlərin
belindən gələn, elə onlara bərabər bir nasirdir. Seyran Səxavəti sələflərinə ideal
qovuşdurur, Seyran Səxavəti ustadlarından üslub
ayırır.
7
Ədəbi
ideal, ali, bəşəri dəyərlərə
əsaslanır. Seyran Səxavət bu fürsəti
elə ilk nəsr əsərində yaxalayıb. Belə
ki, "Hamı elə bilirdi"də, həcmcə hekayə,
məzmunca roman çəkisi daşıyan bu əsərdə
baş qəhrəman nə Qara Bəhrəm, nə
İsmayıl oğlu Bəylər, nə də hay aparıb
hay gətirən Şirindi - baş qəhrəman sosial
vicdandı, başqa sözlə, insanın cəmiyyət
qarşısında öz üzərinə
götürdüyü öhdəlikdi. Yazıçı
Seyran Səxavət elə ilk nəsr əsərində
quşu gözündən vurub. Ola bilər ki, müvafiq
ədəbi təhlil imkanı olmayan oxucular üçün
anlaşılmaz görünən yuxarıdakı mülahizəni
Seyran Səxavət adam dilində, əsl
yazıçı dilində elə mükəmməl şəkildə
ifadə edib ki, nəzəri mülahizə vizuallaşıb. "Hamı elə bilirdi" hekayəsi kimi onun
"Çayçı Rəşid" əsəri də
ustad bir rejissor tərəfindən çəkilən film kimi
cazibədardır. Yeri gəlmişkən,
həmin hekayə çap olunanda, mən tələbəydim
və hansısa bir tətilə görə kəndə
getmişdim. "Ədəbiyyat və incəsənət"
qəzeti gəldi. Xatırlayıram, ikimərtəbəli
kərpic evimiz - anam, bacılarım, mən, hava qaralan
vaxtı, "İliç lampıçkası"nın sarımtıl işığı. Hekayəni qəzetdən bir yerdə oxuyurduq. Ailəmiz həmin gecə həqiqətən də
xoşbəxt oldu. Seyranın hər
cümləsinə uğunub gedirdik. O vaxt Seyranın
"Çayçı Rəşid"indən özgə
bir əsər yox, yalnız anamız söyləyən
nağıllar bizi belə bəxtəvər edə bilərdi...
İstedadlı yazıçılarımızla bu
sırada Seyran Səxavət milli ədəbiyyatımızda
hekayə janrının bədii-estetik imkanlarının
genişlənməsində müstəsna rol
oynamışdır. O, ilk romanı ("Daş evlər"), ilk povestləri
("Dar köynək", "Gözü işığa
düşən adam",
"Qapıların o üzündə qalan dünya",
"Bir stəkan hava", "Qızıl teşt") ilə
paralel olaraq ötən əsrin 70-80-ci illərindən
bugünə qədər 30 hekayə yazıb. Janrın
ölçüləri baxımından irihəcmli hekayələr
adlandıra biləcəyimiz bu əsərlərin hər
birinin ilk dəfə çap olunanda doğurduğu rezonans,
yazıçının yaradıcılığını
izləyənlərə yaxşı məlumdur. Şeirlərində olduğu kimi, Seyranın hər
bir nəsr əsərinin meydana gəlməsi bədii yazı
prosesinin yekunu olmaqla, bərabər, həm də hadisədir,
sanki onlar yazıldığı vaxtda... baş verir.
Seyran Səxavətin bütün nəsr əsərləri
problematika daşıyıcısıdır. Onların hər birində
bir məsələ qoyulur, həm də çox ciddi məsələ
və qoyulan o məsələ, lap riyaziyyatdakı kimi həll
olunur. Yazı xronologiyasına görə ədibin
üçüncü hekayəsini - "Alça
çiçəyi"ni (1976)
xatırlayaq. Dəli Dadaş kolxoz
bağındakı yeganə alça ağacının
qoruqçusu, Abış kişinin günahının məhsuludur.
Dadaş hələ Dəli Dadaş olmayanda, uşaq vaxtı
ağaca çıxıb alça dərdiyinə görə
məhz Abış kişi bu qonşu
tifilini elə döymüşdü ki, uşağın başına
hava gəlmişdi.
Dəlilər də böyüyür, yaşa dolur, elə
lal-karlar da. Aradan illər keçəndən sonra
Abışın qızı Solmaz ərgənlik yaşına
çatmışdı, camaat, el ağsaqqalları, sanki bilərəkdən,
sanki Abış kişinin qədim günahını
xatırlayaraq onun lal-kar qızı Solmazın elçiliyinə
gəlmişdilər. Qızı istəyirdilər,
kimə kimə, dəli Dadaşa. Bu dəfə
Abışın başına hava gəlir, amma xeyri yoxdur,
ağsaqqallar ağır şərt qoyublar, ya Abış kişi "hə" deyib qızı verməlidi,
ya da kənddən çıxmalıdı...
Şəhd-şirəli əsərin mənim tərəfimdən
bəsit şəkildə söylənilən süjetindən
də hər şey aydındır; dünyada ədalətsizlikdən,
zalımlıqdan, başqa insanın haqqını tapdalamaqdan
böyük günah yoxdur və hansı yolla olur-olsun,
günahın cəzası kəsilir.
Bu ruh
üstündə köklənən iyirmidən çox hekayəni
yazıçı təqribən 10 il ərzində
yazıb və sonra isə görünür, roman, povest və
dram yaradıcılığı ilə əlaqədar
ümumiyyətlə, hekayə janrından aralı qalıb. Şərti olaraq 1976-86-cı illərdə
yazılanları S.Səxavətin "kiçik janr"
üzərində işinin birinci mərhələsi adlandıraq.
Məhz həmin birinci mərhələ bizim ədəbiyyatımızı
"Parovozsürən", "Ət taxtası",
"Qatil", "Bioloqun yazı masası",
"Yüzilin kişisi", "Yaz oğrusu",
"Madonnanın əri Fərəməz" kimi əsərlərlə
zənginləşdirmişdir.
Mən çox ürəklə bu hekayələri və
bir çox povestləri S.Səxavətin "Daş evlər"
romanının balaları adlandırardım. Yazıçının
1990-cı illərin ikinci yarısından başlayaraq qələmə
aldığı povest, roman və hekayələr ədibin dəst-xəttini,
öz ideyalarına, ədəbi təfəkkürünə
sadiq qaldığını göstərməklə
yanaşı, oxucu daha dərinləşmiş, daha yeni bir
yazıçı ilə qarşılaşır. Bu dəyişməni
izləmək üçün Seyran Səxavətin dörd
hekayəsini - "Boynu əyri kişi", "İt
intervyusu", "Cəhənnəm", "Persona non
qrata" hekayələrini, "Nekroloq", "Yəhudi əlifbası"
romanlarını nəzərdən keçirmək olduqca
faydalıdır. Adıçəkilən əsərlər
yalnız Seyran Səxavətin deyil, son otuz ildə milli nəsrimizdə
aparılan fikir, istedadlı axtarışların ən
uğurlu örnəkləri hesab edilə bilər.
8
Seyran Səxavətin hansısa bir əsər üzərində
işləyərkən, fərqi yoxdur o əsər sənədlidir,
yaxud təxəyyülün məhsuludur, onun çoxlu sənəd
araşdırdığını, masa üzərinə
qalaq-qalaq kitablar yığıldığını,
sözün düzü, görməmişəm. Onu hiss etmişəm ki,
yazı ərəfəsində o, hədsiz bir ilhamla dolur, birnəfəsə
yazır, belə görünür, onda redaktə daxildə,
düşüncədə vərəqə köçənə
qədər beyində, nə bilim, bəlkə, ürəkdə
aparılır. Hər halda bu xırda məsələ
ədibin yazı vərdişi ilə bağlıdır.
Amma indiki halda sözümün mənası
bundan ibarətdir ki, Seyranın fitrətən böyük və
möhkəm yazıçı yaddaşı var, bəlkə
də, Seyranın içində yazıçı istedadı
deyilən nəsnə elə yazıçı
yaddaşıdır. Bu mənada Seyran Səxavət
çox şanslıdır. İndi mən faiz
çıxara bilmərəm, bizim Qarabağ mühitinə, o
yerlərin coğrafiyasına, insanlarına bələd olan və
yazıçının əsərlərini oxuyan hər kəs
dərhal təsdiqləyə bilər ki, onun qəhrəmanlarının
əksər hissəsinin prototipləri var. Və o prototiplərin
hamısının yanında dəyişməyən bir
prototip var, o da ustad yazıçı Seyran Səxavətin
özüdür.
S.Səxavətin
zahirən sənədli görünən və ədəbi came tərəfindən belə dəyərləndirilən
"Bəhanə" və "Palıd toxumu"
romanlarının da üzərindən sükutla keçilə
bilməz. Hər iki roman yazıçının qəlbində,
qələmində uzun illər bundan əvvəl göyərən
estetik fəhmin yekunudur, bir az açıq deyək, əgər
yadınızda varsa, əlbəttə var, Seyran Səxavət
iki qəribə, dialoq-hekayə "Ağdamda Qədir
Rüstəmovla atüstü söhbət" (1985) və son
illərdə "Rəmiş" əsərlərini qələmə
almışdır. Oxucular tərəfindən,
necə deyərlər, böyük hərarətlə
qarşılanan hər iki hekayət həm sənədli idi,
həm də yox, həm müsahibə idi, həm də hekayə.
Daxildəki yazı azadlığı, daxildəki nasir
demokratizmi S.Səxavətə ədəbiyyatımızda az işlənən dialoq-dedim-dedi
formasının ən mükəmməl nümunələrindən
ən azı ikisini yaratmağa yol açmışdır. Həmin yazı tərzi, üslub, orijinal bədii həll
yanaşması yazıçının "Bəhanə",
"Palıd toxumu" romanlarında daha geniş planla ifadə
olunmuşdur.
9
Seyran Səxavət yaradıcılığını dəyərləndirmək
baxımından daha bir məqamı qeyd etməsək olmaz,
yazıçı unikal təsvir ustasıdır. Onun ədib yozumunda
çöl və iç anlayışları var; o, hansı
məharətlə ətrafı, doğal çevrəni, məsələn,
meşəni, dərəni, gədiyi, küçəni,
ümumən təbiəti, ümumən sosial sferanı - kəndi,
şəhəri təsvir edib içinə gətirirsə, eyni
ustalıqla insanın, canlandırdığı surətin və
özünün içindəki ruhi ovqatı çölə
çıxarmağı bacarır. Nə bilək,
bəlkə belə məqamlarda nasir Seyran Səxavətə
şair Seyran Səxavət yardımçı olur? Təsviri ricətlərin ardınca gələn
dialoqlar isə bitib-tükənmək bilmir. Bax o zaman düşünürsən ki, o Seyran Səxavət
bizim nəsrimizdə mükəmməl dialoq quran,
insanların insanca danışığını ümumən
mətnə yükləməyə gücü çatan nadir
qələm sahiblərindən biridir. Qəhrəmanlarından
birinin dediyi kimi, o, nəinki insanı, yolu, suyu... danışdırır,
insanı irəli aparan bir ehtiyac varsa, hətta itdən də
intervü almağa qadirdir.
Seyran Səxavətin şeir, nəsr, dramaturgiya
yaradıcılığı, yəni onun ədəbi fəaliyyətinin
hər bir istiqaməti ayrıca tədqiqata layiqdir. Onun hələ
ki lap sonda ortaya qoyduğu "Qaçhaqaç"
romanını (iki kitab) isə bütöv bir ədəbiyyat
institutunun araşdırmağına dəyər. Seyran Səxavətin "Qaçhaqaç" əsəri
avtobioqrafik romanı bu janrın nə qədər
böyük imkanlara malik olduğunu dünya səviyyəsində
nümayiş etdirir. "Qaçhaqaç" milli muzeylərimizin
ən elitar guşəsində məxsusi ekspozisiya olmağa
layiq elə bir əsərdir ki, orada 60-70 illik bir dövrdə
Azərbaycan və onun insanı necə olub, o insan nə
düşünüb, necə yaşayıb, nəyi sevib, nədən
sarsılıb, onun təmas qurduğu ən parlaq şəxsiyyətləri
kimlər olub, bax bütün bunlar barədə mötəbər,
həqiqi dəlillər vardır. Bizim ədəbiyyatda
Əli Vəliyevin "Budağın xatirələri",
Anarın "Sizsiz", Əkrəm Əylislinin
"Əylisdən Əylisəcən" romanları və
s. ilə bir sırada Seyran Səxavətin
"Qaçhaqaç" roman-dilogiyası da, belə deyək,
doyumsuz bir ləzzətlə oxunur və tərcümeyi-halın
sənətkar qələmi ilə necə böyük ədəbiyyata
çevrildiyini sərgiləyir!
10
Əzizim Seyran Səxavətin 75 illik yaşına həsr
etdiyim bu yazıya nöqtə qoymaq... istəmirəm. Çünki
böyük yazıçının yaradıcılığında
münasibət bildiriləsi məqamlar o qədər
çoxdur ki, onların hər biri gəl-gəl deyib adamı
danışmağa, deməyə, düşünməyə
çağırır. Bununla belə nəzərə
alıram ki, Seyran Səxavət haqqında, demirəm
çox, heç az da yazılmayıb. O
yazılarda yazıçı dostumu anlatmaq üçün
irəli sürülən mülahizələr yetərincədir.
Nə xoş ki, onun yaradıcılığı barədə
söz açanların hamısı Seyran Səxavət
adından sonra həqiqi təyinini işlətmiş və o
uca kəlmənin ardınca şair, nasir, şəxsiyyət,
vətəndaş, dost ismini sıralamışdır!
Bu "sönük" yazının sonunda, həmişə
olduğu kimi, əziz dostuma parlaq şəkildə
"sataşmaq" istəyir, ondan ilhamlanıb
yazdığım bir zarafat şeirini əlavə edirəm.
Sev indi
Evinizin
başına
mənim
kimi dolanan
barını da sevirəm.
Keçən
il bağçanızda
məni
dilintək sancan
arını da sevirəm
Qonşunuzda
yaşayan
o sifəti
qırışmış
qarını da sevirəm!
Seyran Səxavət
Fərq
bilmədin qızların qarasında, ağında;
bütün sevdiklərinin yarısını sev indi.
Seyran,
"sevirəm" dedin gəncliyin ilk çağında
Buyur,
verdiyin sözün ağrısını sev indi!
Yazılanı
kimsənin həddi nə düzəltməyə;
Yara yoxsa, nə hacət həb, kinə düzəltməyə?
Gücün
çatırsa yenən qəddini düzəltməyə
Sevdiyinin
uçulan barısını sev indi!
Sən ki
icad etmədin sevgi adlı bu nərdi,
Xanalara
yol açan Allah deyil ki, zərdi!
Ayrılıq
zəhrimarın ağı cana zərərdi,
Həsrətə
sumax çilə, sarısını sev indi!
Ardınca düşüb müdam hanı mələdiklərin?
Qisməti budur bəlkə, tənhaların, təklərin?
Uçdular
- beş barmaqla bala bələdiklərin -
Eşqin
dilintək sancan arısını sev indi!
İnsan
sevgitək uca - ona min istək azdı -
Azsaydı
yal-yamacda... Seyran, Seyran olmazdı.
Solmayan
xalis eşqin adı, şəksiz, Almazdı,
Sevginin ən
vəfalı qarısını sev indi!
Vaqif
BƏHMƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.- 20
mart.- S.8-10.