Seyran Səxavətin hekayələrində
yaddaş
Seyran Səxavət – 75
Ədəbiyyatda yaddaşın təqdimatı xalqın, ümumilikdə isə bəşəriyyətin təhtəlşüurundan gələn elementlərin ədəbi mətn vasitəsilə ifadəsinin maraqlı üsullarından biridir. Professor Denis Sobolev "Ədəbi mətn və tarixi yaddaş problemi" məqaləsində yazır: "Başqa sözlə, bədii mətn dərin tarixi bilgilərin daşıyıcısıdır, lakin əksər hallarda bu bilgilərin olması faktı heç bir yerdə nə qeyd edilməyib, nə də əks olunmayıb".
Yaddaş ədəbi mətndə müxtəlif aspektlərdən işıqlandırıla bilər. Azərbaycan ədəbiyyatına nəzər saldıqda yaddaşın ədəbi mətnlərimizdə əsasən aşağıdakı kimi əks olunduğunu deyə bilərik:
l individual yaddaş elementləri - xatirələr, yazarın həyatında qarşılaşdığı olaylar;
l təhtəlşüurdan gələn elementlər - arxetipik obrazlar, arxetipik süjetlər;
l mədəni yaddaşdan gələn elementlər - Şərq dünyagörüşü və Şərq mədəniyyətindən qaynaqlanan məqamlar.
İndividual yaddaş elementləri ədəbi mətndə birbaşa ifadə olunur. Təhtəlşüurdan gələn elementlər və mədəni yaddaş elementləri isə dolayı yolla - yuxu, arxetipik simvol, obraz, mətnaltı məna kimi özünü göstərir. Bu baxımdan Seyran Səxavətin hekayələrində yaddaşın ifadəsi maraq doğurur.
Seyran Səxavətin 1979-cu ildə "Hamı elə bilirdi" adlı ilk hekayələr kitabının nəşr olunması ilə yazarın yaradıcılığında yeni etap başlayır. Bu kitaba qədər oxucular Seyran Səxavəti "Adalar" və "Mənim planetim" adlı şeirlər toplularının müəllifi, şair kimi tanıyırdı. Sonrakı dövrlərdən də göründüyü kimi Seyran Səxavətin qələmini nəsrdə sınaması Azərbaycan ədəbiyyatına bir sıra dəyərli əsərlər qazandırdı. Vaqif Yusifli "Mən zamanın içindəyəm..." - Seyran Səxavət-70. Yaxud "Yoldaşlar, bu uşağın böyük gələcəyi var!" adlı məqaləsində yazır: "Seyran Səxavət adı gələndə istedadlı bir nasir yada düşür və müasir Azərbaycan nəsrini onun yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Ona görə mümkün deyil ki, Seyran nəsr yaradıcılığında heç kimə bənzəmir və onun istər yazı tərzi, istər fərdi üslubu, istərsə də yaratdığı obrazlar qayət özünəməxsusdu. Onun çağdaş Azərbaycan ədəbiyyatında öz yeri, öz məkanı var -həmin bu "ərazi" yalnız Seyrana məxsusdur".
Seyran Səxavətin "Hamı elə bilirdi" kitabındakı hekayələrinin qəhrəmanları ilk baxışdan sadə, öz gündəlik həyatının, cari problemlərinin içində yaşayan insanlardır. Lakin "Hamı elə bilirdi..." hekayəsindəki Gödək Bəhmən, Bəylər kişi, "Çayçı Rəşid" hekayəsindəki Rəşid, "Alça çiçəyi" hekayəsindəki Dadaş, "Ət taxtası" hekayəsindəki Tofiq və digərləri dövrünün "sovet insanı" konsepsiyasına uyğun gəlsə də şüar tipli, statik qəhrəmanlar deyil. Bu hekayələrdə 60-cı illər nəsrinin ab-havası, əks-sədası duyulur. "Hamı elə bilirdi..." hekayəsindəki Bəylər kişinin Şirinə söylədiyi sözlər əslində, "sosializm quran", keçmişə, yaddaşa "ölüm hökmü" kəsən rejimə ünvanlanır və yaddaşın önəmini Şirinin timsalında gənc nəslə xatırladır: "Keçmiş balıq kimi əlindən sürüşüb çıxıb, indi də gələcəyə gedirsən? Səhvin var, ay yazıq. Gələcəyə getmək istəyirsənsə, gərək dədə-babanı heç vaxt yadından çıxarmayasan".
"Çayçı Rəşid" hekayəsində əsgərliyə yola saldığı oğlu İbrahimdən xəbər gözləyən və onun xidmət yerinin Sibir ola biləcəyindən qorxan atanın nigaranlığı öz əksini tapıb. Görəsən, Çayçı Rəşid Sibirdən ancaq soyuq iqliminə görə qorxur? Bəlkə bu qorxunun başqa, daha dərin səbəbləri var? Rəşidin qonşu Əli kişi ilə söhbəti zamanı müəyyən nüanslar diqqəti cəlb edir:
"Əli kişi bir addım da çayçı Rəşidə yaxınlaşdı.
- Əvvəla, Sibir sən gördüyün Sibir dəyil indi.
- Çayçı Rəşid bozardı: "Mən Sibiri görməmişəm, canına qismət olsun".
- İkincisinə, qalan yerdə qonşumun oğlu üç-dörd il Sibirdə əziyyət çəkdi, nəbit axtarırdı, axırda tapdı, hökumət bilirsən ona nə qədər mükafat verdi?
- Bilirəm.
Əli kişi Sibiri elə təriflədi, elə təriflədi ki, çayçı Rəşid istər-istəməz fikirləşdi: "Bəlkə Əli kişi də Sibiri görənlərdəndi...".
"Görəsən, "Sibiri görənlər" kimlər idi və Rəşid niyə belə çox qorxurdu Sibirdən?" - sualının cavabı mətnin alt qatındadır. Mətnin alt qatı deyir ki, Sibir sovet insanı üçün sadəcə soyuğu deyil, həm də cəzanı, ağrını, təcridi, yadlığı simvollaşdırırdı. Dövrün insanının təhtəlşüurunda Sibir obrazı daha dərin və qorxulu mətləblərin, 30-cu illər repressiyasının carçısıdır, susan həqiqətlərin, danışılması, düşünülməsi qadağan mətləblərin şahididir.
"Bioloqun yazı masası" hekayəsində isə yaddaş problemi başqa aspektdən işıqlandırılır. Bioloq alimin İçərişəhərdəki ata evindən gətirdiyi qədim yazı masası yaddaşın əşya şəklində proyeksiyasıdır: "Yazı masasının rəngini isə heç nəyə bənzətmək olmazdı; Bakının Dağüstü parkından İçərişəhərin rəngini hiss eləmisinizmi? ...İçərişəhər rəngdə idi bu". Alimin məhz Əlyazmalar Fondunda işləyərək onları göbələklərdən qoruması da onun keçmişə, öz kökünə bağlılığını simvollaşdırır. Bioloq ata evindən gətirdiyi qədim yazı masasını yeni, müasir mənzilinin bir hissəsinə çevirmək istəyir. Ağır, qədim yazı masasının yuxarı mərtəbəyə qaldırılması zamanı baş verənlər həyatın, masa isə keçmişin, yaddaşın ifadəsidir. Nəhayət, min bir əziyyətlə beşinci mərtəbəyə qaldırılan masanın yeni mənzilin qapısından keçmədiyi məlum olur. Bioloq masanı yenidən aid olduğu məkana - İçərişəhərə qaytarmalı olur. Keçmiş, kök, yaddaş da bu qədim masa kimi gözəldir, qədimdir, möhkəmdir, qeyri-adidir. Onu yeni həyata uyğunlaşdırmaq, müasirliyin bir hissəsinə çevirib carilikdə əritmək yox, onu olduğu kimi qəbul edib özümlülüyünü qorumaq, öz mühitindən, kontekstindən ayırmadan sevmək və yaşatmaq lazımdır. Fikrimizcə, yazıçının bu hekayə vasitəsilə oxucuya vermək istədiyi mesaj məhz budur.
Ümumiyyətlə, İçərişəhər obrazı ədəbiyyatımızda həm şəhər-qala arxetipi kimi, həm də qədimliyin simvolu kimi çıxış edir. Bu baxımdan hekayədə İçərişəhər yaddaşla bərabər tariximizi də simvolizə edir. Alimin qorumaq istədiyi, gələcəyə aparmaq istədiyi yalnız qədim yazı masası, qədim əlyazmalar deyil, tariximiz, milli mental dəyərlərdir. Lakin hekayədə maraqlı daha bir nüans var. Qədim yazı masası ünvana çatana qədər ətrafda qızğın həyat davam edir: insanlar masanın - yaddaşın, keçmişin fonunda yeni evə köçürlər, uşaqlar məktəbə gedir, qonaqlar gəlir, yeni körpə doğulur. Bütün bu qaynar həyati prosesləri pianoda çalınan "Sarı gəlin", "Tərəkəmə" melodiyaları müşayiət edir. Fikrimizcə, hekayədə bu milli genetik yaddaşla sıx bağlı musiqilərin səslənməsi və gənclərin bu ritmlərə qol qaldırıb oynaması, ətrafdakıların da bu rəqsi şövqlə seyr etməsi simvolik məna daşıyır. Əslində, keçmişin, yaddaşın birbaşa maddi elementlərdə yaşaması mütləq deyil. Əsas olan təhtəlşüurdakı mental dəyərlər və keçmişin izləridir. Həmin izlər varsa bir melodiya, bir söz belə xalqın dəyərlərini, özümlülüyünü qoruyub minilliklərdən keçirib gələcəyə aparmağa qadirdir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.11.