Yorğun ayaqqabıların hekayəsi
Əli Kərimin 90 illiyinə, Mərhum
akademik Tofiq Hacıyevin xatirəsinə
1
Ağrını
hiss edib ona reaksiya göstərmək... Bu, uzun sürə, bəlkə
bir əsr də çəkə bilər...
Ağır
döyüşlərdə, şübhəsiz ki, idman
yarışında, deyək ki, boksda zərbə alan idmançıya iki cür yanaşma ola bilər:
yaranın üstünə məlhəm, ağrıkəsici
sürtmək və o yeri, o əsəb nöqtəsini,
ordakı ağrını daha oyaq halda saxlamaq, bütün
gücünü işə salmaq, dərinlərdən çəkib
çıxarmaq üçün. Güc çox dərinlərdə,
güman edilməyən gizlinlərdə qala bilər, insan
olsun ki, bir ömür o gücdən xəbərsiz ola bilər. Ancaq bir həqiqət
şəksizdir; udsan da, uduzsan da, istədiyin şeyə, yəni
o dərinlikdəki enerjini ifadə etmək istəyinə
mübtəla olmalısan.
Əgər
bu məsələni bədii mətnlərə şamil etsək,
görəsən, onların həmin dərinliklərdəki
nəsnələri tutub ifadə etmək, daha doğrusu,
göstərmək gücü nə qədər ola bilər? Bir şeyə
mübtəla olmaq başqa nəsnə və arqumentləri də
onun içinə, onun tərkibinə qatmaq, amma yalnız
onunla nəfəs almaq anlamına gəlir. M.F.Axundzadənin (həyat və)
yaradıcılıq yolunu izləsək, yaradıcılıq
üçün son dərəcə vacib olan bu inadın
"əzələlərinin" belə hərəkətini
sezə bilərik. Ədəbiyyat tarixlərində,
yaxud başqa kitab və dərsliklərdə buna
"mübarizə" deyilə bilər, məqbul olan ifadə
bəlkə də budur, ancaq bizim
vurğuladığımız nəsnə mübarizədən
üstündür, onun fövqündədir. Ancaq
bu konsept heç də yeni deyildir, qədimlərdən gəlir,
Orta əsrlərdə mükəmməl formaya
düşür və yeni dövrə, Axundzadə əsrinə
əməli fakt kimi daxil olur. Ya rəb, bəlayi-eşq
ilə qıl aşina məni // Bir dəm bəlayi-eşqdən
etmə cüda məni // Az eyləmə
inayətini əhli-dərddən // Yəni ki, çox bəlalərə
qıl mübtəla məni! Məcnunun dilindən
deyilən bu qəzəldə iki nəsnə arasındakı
cazibə sahəsi sözlərin, onların dərinliklərindəki
mənaların yaranma, daha doğrusu, dünyada mövcud olan
bir şeyin bütün gücü və parlaqlığı
ilə ifadə olunmasına gətirib çıxarıb.
M.F.Axundzadə bu sahədə daha mürəkkəb
(kompleks) gedişləri kəşf etdi (..."...bu gün
millət üçün faydalı və oxucuların
zövqü üçün rəğbətli olan əsər
dram və romandır. Roman da dram fənninin
bir qismidir ki, izahı uzun şərhə
möhtacdır..."). Axundzadə janrlararası əlaqələrin
"faydalılıq əmsalını" nəzərə
alırdı, əsas vurğunu onun üzərinə
salırdı, milli bədii təfəkkürdə nəzərəçarpacaq
irəliləyişə, dinamik sıçrayışa nail
olmaq üçün poetik təxəyyülün
büsbütün, radikal şəkildə dəyişməsini
arzulayırdı və bunun üzərində təkid edirdi
(xəyalat...). Onun fikrincə, tərkibində, cövhərində
konflikt (başqa sözlə, dramaturgiya) olmayan şeir poeziya
deyil və bu gün Qasım bəy Zakirin milli bədii təfəkkürün
sıçrayışla inkişafındakı
"payını", zənnimizcə, həmin nöqtədən
oxuyub araşdırmaq mümkündür. Zakirin
mənzumələrindəki dramaturji enerji son dərəcə
böyükdür, oyadıcı və ayıldıcı
gücə malikdir, onsuz irəli getmək, millətin taleyini
düşünmək, zənnimizcə, mümkünsüz
olardı.
Poetik təfəkkürdə,
onun gizlinlərində baş alıb gedən proses poetik mətnlərin
iki əsas qrupda inkişafını şərtləndirdi: 1)
duyğu və hisslərin, fikir və düşüncələrin
təsviri, poetik təfsirin modelləşdirilməsi və 2)
bədii mətnin özünün ilahi mənşəyi,
strukturu, qurulma, yazılma prinsipini "şərh edən"
şeirlər. Bu təsadüfdə Füzulinin
formulunu verdiyi mübtəlalıq bütün yönləri,
kolorit və rəngləri, rəng qammaları ilə təsvir
edilir (burda "təsvir" özü şərtidir, tam
yerinə düşmür). Məsələn, O zaman -
deyəsən, vaxt qovuşanda // Şeirlə musiqi bir
ucalırdı // Bütün könüllərin sifarişilə
// Damcılı bulaqda Habil çalırdı. İndi
Əli Kərimin "Habilə" şeirini məhz bu qənaət
müstəvisində nəzərdən keçirib
araşdırmaq olar. Həmin təmayül,
yəni şeirdə bədii mətnin özünün, onun
yaranma mexanizminin verilməsi daha çox bu şairdə
müşahidə edilir. Amma kimsə bunu
digər metodlarla müqayisədə üstünlük kimi
qavramasın. Poetik parçada hiss, duyğunu, özü
də insanın bəlkə min illər boyu qəlbində
saxladığı, ruhunda ən əziz və ən
mühüm nəsnə kimi qoruduğu hissi ötürmək
üsulu sonda elə onun qurulma mexanizminə çevrilir,
şeirdə də bu təəssürat aktual şəkildə
ifadəsini tapır, duyğuların ötürülməsi,
yayılması, sanki kosmosdan insan qəlbinə sirayət etməsi
elə bir dinamika içində baş verir ki, ifaçı
(sənətkar) uzaqlaşır, kaman özü-özünə
dillənir, özü-özünü dilləndirir: Elə
bil köksündən çəkib çıxarır // Titrək
kəmanəni bir xəncər kimi // Ondakı
ağrını // qanı kəlamı // Töküb // titrədirdi
hər gümüş simi // Sözlü ürəyinə əyib
başını // Hər bir adiliyə yumub gözünü
// Çalır // yırğalanır səs dəryasında
// O çalmır elə bill // Unutmuş bizi // Dərin bir
yuxuya yuvarlanıbdır // Hansı əsrdəsə ilişib
qalıb // Neçə əsrdir ki, xumarlanıbdır //
Əli-kəmanədir// kəmanə-əli // Çalır
kamançanı kəmanə özü // Gözümdə
ilk məna dəyişir// dönür // Dünya düşəcəkmi
sahmana özü // Elə bil unudub segahı Habil //
Qırılsa musiqi o neyləyəcək // Habil ilan dili
çıxarır, nədir // Arzu qızmarında ilantutantək
// Habilin gözünə qonun damlalar // Eşqilə simlərə
qonur damcılar // Qonur, Habil isə yumur gözünü //
Qorxur ki, damlalar // düşər // dağılar // Segah gah
uzanır bir ağrı kimi // Onu üfüqlərə
sancır kəmanə // Düşüb Yer kürəsi gah
bir guşəyə // Gah sakit fırlanır, gah yana-yana. Bu
tipli mətnlərdə hər şey yerli-yataqlı "təsvir
edilir", hər şey, hər bir detal ərazi nə qədər
böyük olur-olsun, bütün yönləri ilə göstərilir,
ancaq bu aydınlığın, belə bir perspektiv
görüntünün fonunda bir əsas şey mübhəm
qalır və şeirin (mənanın) şah damarı həmin
mübhəm məqamla bağlıdır, bunu hər bir oxucu
özü duymalı, özü oxumalıdır. Bəli, ...eşqilə simlərə qonan
damcılar... Habilin, həm də bədii mətn
yaradıcısının bilinməz, adi gözlə
görünməz dərinliklərdən çəkib
çıxardığı nəsnələrdir...
2
Ancaq bu məsələ (müddəa...) təkcə
poeziya ilə əlaqədar deyildir, nəsrdə, zənnimizcə,
o, daha mükəmməl formada ifadə edilir. Vaxtilə
F.Kafkanın "Körpü" hekayəsindən bəhs
etmişdik. Biz bu məsələni gözəl
nasir Xəyyam Rəfilinin hekayəsi ("Görünməyən
kölgələr") əsasında araşdırmaq istərdik.
Nəsr tam ayrı, tam fərqli sahə olduğu
üçün burda yuxarıdakı "şərh və təfsir"
üsulu yerli-dibli iştirak etmir, əsas məsələ
hekayənin başlığından tutmuş, içindəki
ərazilərin kəsişmə nöqtələrinin
qabardılmasıdır, özü də anidən və həm
də "epizodik" şəkildə. Bu
formada verilən epizodlar (yəni duyumların eyni zamanda ifadəsi
və ondan qaçınma-!) vahid təhkiyə müstəvisində
bir-birinə calanan duyumların aşkarlanmamasına,
onların dərinliklərindəki səslərin rənginin
belə görünməməsinə şərait yaradır.
Bu deyilənlər görünmür, ancaq bilinir, elə bu an
hansısa rəngin, hansısa duyumun gözümüzün
önündən "qaçdığını" bilirsən,
onların bir-birinə calanıb yaratdıqları mətləb
ən əsas sayıla biləcək nəsnədir. Bu məqamda hekayədəki metafizik duyumla
sosiallıq, ürəklərdən keçən
duyumların sosial reallıqla, gerçəkliyin üzü və
astarı ilə bağlantısı bir çərçivənin
içindədir. Hekayədə anadan kor
doğulmuş Yusif adlı şəxsdən söhbət
gedir. Bir gün Əziz Misirli adlı
jurnalistlə intervü üçün vədələşir,
yataqxanada oturub onu gözləyir, ömrü boyu sevdiyi
adamların yox olduğunu müşahidə edən Yusif
üçün bu, bəlkə də, son bir işdir.
"Quran"dakı Yusif surəsində də
qardaşları tərəfindən quyuya atılan Yusifi alan şəxsin adı elə Əzizdir. Hekayənin
içindəki bu adlar sadəcə işarə səciyyəsi
daşımır, sadəcə təqdim edilən əhvalatın
onunla paraleldə oxunmasını, xatırlanmasını
şərtləndirir, əhvalatlar hansısa bir məqamda kəsişməsələr
də... Ancaq Yusif onu həyəcanla gözləyir,
bu həm konkret bir hissdir, bir tərəfdən
özünün ilk dəfə gərəkli olduğunu
düşünür, digər tərəfdən, qəribə,
haralardan gəlib qəlbinə sızan gərəksizlik
duyğusu. Həm də nəyisə əvvəlcədən
sezmə, buna görə bəlkə son dəfə
bütün qəlbiylə kədərlənməsi...
"... Əziz Misirlinin zəngi onun həyat
ritmini dəyişmişdi. Əziz Misirli
şəxsən özü onun haqqında məqalə
yazacaqdı. O, Əziz Misirlinin kim
olduğunu bilməsə də, adından ziyalılıq
yağdığına əmin idi. Özünü bu qədər
gərəkli hiss etməyi Yusifin oturub-durmağından
tutmuş, yerişinə, danışığına, hətta
fikirlərinə belə sirayət etmişdi. Yerindən
durandan o, darısqal otağın hər kvadratında azı
on dəfə dolanıb, əli ilə masaya neçə dəfə
sığal çəkmişdi. Çarpayı
dağılmasın deyə, səhərdən stulda oturub,
qonağın gəlməyini gözləyirdi". Bir də
güldan detalı, onu salıb-sındırmaq qorxusu:
masanın ortasında qocalan, heç vaxtı içinə
gül qoyulmamış güldan...
Deyildiyi kimi, Yusif kordur, təbii ki, son dərəcə həssasdır
və ən əsası nə qədər ümumi kontekstdə
görünsə də, onun əsas şeylərə
münasibəti, onları anlama tərzi çox fərqlidir. Diqqət edin: "Əziz
Misirli qapını döyəndə Yusif ayaq üstə
hazır idi, çünki onun ayaq səslərini hələ
dəhlizin başından eşitmişdi. Yataqxanada
yaşayanların hamısını ayaq səslərindən
tanıdığı üçün, yeni səsin onun
qonağına aid olduğunu, yəqin eləmişdi. Qonağı qapıda qarşıladı.
Salamlaşdılar...". Xəyyamın
yazı tərzində əsas olan məqam həssaslıqdır,
bəzi şeylər onun mətnində məhz daxili həssaslığa
köklənir və buna görə də müəyyən
epizodlardakı mətləblər asanca gözünüzdən
qaça bilir. Bu həssaslıq mətnin dərin
qatlarında, bəlkə heç işıq düşməyən
səviyyəsində hekayədəki mətləblə
bağlı belə deyək, "qatı
açılmamış sözlərin" cücərməsinə,
həmin gözdən qaçan epizodlara həmahəng mətləbləri
ifadə edən "daxili qafiyələrin" meydana
çıxmasına şərait yaradır. Söhbət əlbəttə
ki, üst qatdakı, süjetdən bilinən kədərli və
komik və yenə də faciəvi... qafiyələrdən
getmir (kor, nankor, Rail, Əzrail...). Gözü darı deşən
və hər şeyin ürəyindən çıxan
işıq selini anında tuta bilən jurnalist
üçün insan doğulur və ölür, Yusif
üçünsə belə deyil, ailəsini atan anası
üçün "yox oldu" deyir, eyni sözü onu
yataqxanaya gətirib unudan atası haqqında da deyir. Yusif
görməsəydi, belə deyə, bu tərzdə
danışa bilməzdi (dünyadakı bütün bədii
mətnlər də məhz nəsnələrin yaranıb yox
olma anını tuturlar, yəni korların həssaslığı,
dünyanı, insanların bir-birlərinə
ötürdükləri duyğularınn içindəki kədəri
ölçmək bacarığıyla...).
"Yox olmaq" motivi unudulmur, davam edir və anidən
başqa bir motivlə - "heçliyi hiss etməklə"
kəsişir və qovuşur. Vəziyyətinə görə
dünyada candərdi ömür sürən birisi bir gün
radiosu xarab olanda hiss edir ki, hamı çıxıb gedib, tək
o qalıb və özü də düzü-dünyanın,
bu ucsuz-bucaqsız səhranın tən ortasında. Bu motiv yazının başlanğıcındakı
mətləbi yada salır, onun açdığı
yaranı "qanadır". Ağrını sakitləşdirməmək,
dərinləşdirmək, o dərəcədə ki, hər
şeyin əsl mənası təşrif gətirsin...
"Özümü ucsuz-bucaqsız boşluqda hiss edirdim. Sanki ayaqlarım da yerdən
üzülmüşdü, havadan asılı
qalmışdım. Doktor B. necə deyirdi?
"Dünyada heç bir şey insan ruhuna
heçlik qədər təzyiq edə bilməz". Çox insan bu cür sarsıntıda ölmək
istəyər, mən isə ən çox o gün yaşamaq
istəmişdim. O heçliyin-boşluğun sonunu bilmək
üçün ən çox o gün görmək istəmişdim.
Ən sonunda anladım ki, gözlərim görsəydi,
mən o heçliyi duya bilməzdim. Həyatımda
ilk dəfə gözlərimin görmədiyinə xırda
da olsa bir təsəlli tapmışdım. O gün həyatımın
ən pis və ən yaxşı günü idi".
Bir də
qapının ağzında cütlənmiş yorğun
ayaqqabılar - xalis impressionist motiv...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.13.