Səlcuqlu hökmdarı Cəlaləddin
Məlikşahın
rəsmiləşdirdiyi bayram - Novruz
Məfkurəvi
və ideoloji, ədəbi və estetik aspektdə bir çox
tarixi ilklərə imza atan Əli bəy Hüseynzadə
1907-ci ildə Novruzun türk bayramı olması
ideyasını da irəli sürdü. Dövriyyəyə
ilk dəfə belə bir fikir buraxıldı ki, İranda nəinki
Cəmşid özü, hətta bütün Pişdadiyan
sülaləsi yerli-dibli mövcud olmayıb. Bu sülalənin
varlığı qədim hind əsatirlərinə istinadən
yaradılıb. İran tarixindən çox əvvəl
hindilərin dini kitabında "Çamaşida" (Günəş
hökmdarı) adlı bir məbud, "Sriton" adlı bir
mələk və "Azi Dəhakə" adında bir əjdaha
vardır və "İranda Cəmşid adlı bir
padşah olmamışdır ki, bir də Novruz icad etmiş
olsun".
Hüseynzadəyə
görə, astronomik bir dəqiqliklə təyin olunmuş
Novruzun təqvimləşdirilərək dövlət səviyyəsində
və rəsmən ilin başlanğıcı elan edilməsi
Səlcuqlu hökmdarı Cəlaləddin Məlikşaha
aiddir. "Məlikşah hər xüsusda çox nizampərvər
olduğu üçün zamanındakı təqvimlərin
qüsurlu və qarışıq olduğunu
görürdü. Anlayırdı ki, siyasi idarəetmədə,
ölkənin mülki və özəlliklə, maliyyə həyatı
üçün qəməri təqvimi münasib deyil, daha
kamil bir şəmsi təqvim
vücuda gətirməkdən başqa çarə yoxdur. Bu
niyyətlə başına əsrinin Ömər Xəyyam
kimi böyük astronomlarını toplayıb, bunların
yardımı ilə bu gün cahan təqvimlərinin ən
mükəmməli və dəqiqi olan şəmsi təqvimini
tərtib etmişdi. Bu təqvimə görə, gecə və
gündüzün bərabər olduğu və günəşin
ekvator xəttindən şimala keçdiyi və yazın gəlişinə
təsadüf edən gün ilin əvvəli, yəni novruz
olaraq qəbul edilib və bu təqvimə sultanın şərəfinə
"Sultani" deyilmişdir". Belə. Əli bəyə
görə, Novruz o gündən etibarən səlcuqlu ölkəsinin
yeni il bayramıdır. Bunun hind-fars mifolojisinə, yaxud əsatirlərinə,
o cümlədən mifik Cəmşidə dəxli yoxdur.
Dini deyil,
milli içərikli bu bayramın çox geniş bir arealda,
hətta müxtəlif millətlər tərəfindən
qeyd olunması yenə də Səlcuqlu amili ilə
bağlıdır. Tutaq ki, bizim məhz Azərbaycanın milli
bayramı olaraq qəbul etdiyimiz Novruzu min il bundan öncə
Kaşqarda uyğurların milli bayramı olaraq qeyd edirdilər.
Hətta bu bayram barədə səlcuqlu Məlikşahın
zamanında yazılmış Mahmud Kaşqarlı
"Divan"ında da məlumat var. Kaşqarlıya görə,
Novruz türklərdə yeni gündür. Türk ilinin
başlanğıcıdır. Uyğurlar da, özbəklər
də, azərbaycanlılar da, əfqanlar da, ərəblər
də, farslar da Səlcuqlu dövlətinin vətəndaşlarıydılar,
Səlcuqlu dövlətinin ərazisi Kaşqardan Anadoluya, Azərbaycana,
Herata, Bəlxə, Kərkükə, İrana, İraqa, Məkkəyə
qədər
yayılmışdı və bu geniş ərazinin
coğrafi vüsətini və konturlarını Hüseyn
Cavid Alparslanın, yaxud Məlikşahın diliylə dəqiq
səciyyələndirmişdi. Xurma şərabı ilə
üzüm şərabının, Ərəbistanla
Qafqazın, Səmərqəndlə Marağanın, Dəclə
və Ceyhun (Amudərya) çaylarının, Hind okeanı ilə
Xəzər dənizinin maddi və coğrafi əhatəsi və
arealı, hətta Alp Arslanın söylədiyi:
Ölkəmdə
axışmaqda bu gün Dəclə və Ceyhun,
Fərmanımı
dinlər qoca Ümman ilə Quzğun -
sözlərində
ifadə olunmaqdaydı. Qafqazlardan, Nişapurdan Bağdada, Məkkəyə,
Şama, Fələstinə, Qüdsə qədər
böyük bir mənəvi və coğrafi ərazi səlcuqluların
tarixi sərhədlərini işarələyirdi.
Novruzun
belə geniş bir sahədə bayram edilməsi isə sultan
Məlikşahın qərarıydı. Ona görə də
Novruzu baharın rəngarəng, gözəl çiçəkləri
ilə süslənmiş bir gərdunədə hədsiz
mifoloji-estetik həzz, intibalar, assosiasiyalar doğuran, əyninə
göy rəngli və ulduzlarla bəzəli bir əba
geyinmiş, başı ətrafa işıq saçan günəş
kürəsi biçimində Cəmşidin Azərbaycana gəldiyi
günlə əlaqələndirməyə ehtiyac yoxdur.
Çünki mifoloji fars Cəmşid də tarixi türk Məlikşahın
himayəsindəydi. "Novruzun həqiqi banisi Əbülfəth
Cəlaləddin Məlikşah İran səlcuqlu sülaləsinin
üçüncü və ən böyük hökmdarı
idi. 1072-ci ildə səltənət taxtına
çıxmış bu adam ölkəsini Altay
dağlarından Ağ dənizə, Qafqaz dağlarından
Qırmızı dənizə, Hind okeanına qədər
genişləndirməklə Mavəraünnəhr, Xarəzm,
Şam, Misir və Anadolu kimi qitələri zəbt edib, islam
aləminin böyük bir qisminə hökmran idi. Məlikşah
İran padşahı olmayıb, zamanında islam aləminin ən
böyük hökmdarı idi. Hətta Bağdadda bulunan xəlifə
də onun idarəsi altında idi. Məlikşahın məmləkəti
bu qədər geniş olmaqla bərabər, onun və
Nizamülmülkün tədbirləri və idarəsilə
qeyri-adi şəkildə abad edilmişdi". (Ə.
Hüseynzadə).
Bəllidir
ki, Firdovsi "Şahnamə"də hər şeyi, o
cümlədən Novruzu da farslaşdırıb. Əli bəy
haqlıydı: "Bu bayramın təsisini qədim İrana
və Cəmşidə aid etmək doğru deyildir. Əvvəla,
baharın gəlişini bayram etmək İrana məxsus
olmayıb, çoxtanrılı bütün xalqlar, xüsusən,
atəşpərəstlər, əsasən də türk atəşpərəstləri
də bunu bayram edirdilər...". Amma eyni zamanda, Hüseynzadəyə
görə "axır çərşənbələrdə
atəş yandırıb üzərindən
atılmamız" Zərdüştə və atəşpərəstliyə
deyil, şamanizmə bağlı bir inanc idi.
Mifoloji
qaynaqlara, o cümlədən, hətta Xızır peyğəmbərə,
hətta Həmdullah Qəzvininin təbirincə, onun iqamət
etdiyi Şirvan qayasına (bəlkə də
Beşbarmaqdakı Xıdır-Zindəyə), lap Ərgənokona
endikcə Saxadan Kaşqara, yaxud Azərbaycana qədər
türkləşdikcə türkləşən Novruzun ilk dəfə
rəsmən təqvim ilinin başlanğıcı olaraq təsbit
edilməsinə Böyük Səlcuqlu Dövlətindən
öncə başqa heç bir dövlətdə təsadüf
edilmir. Əsas olan budur.
Bizim bu
gün qutladığımız Novruzun bütün komponentləri
Səlcuqlularla, yəni özümüzlə, Oğuzla
başlayan bir tarixi mərhələnin içində gəlişib.
17 mart 2021
Əli bəy Hüseynzadənin
anım günü
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 20
mart.- S.12.