Çağdaş
Ukrayna nəsri
Boris Finkelşteyn
Boris Finkelşteyn (1946) - Odessada,
Ukraynada, riyaziyyatçı ailəsində anadan olub.
İqtisad elmlər doktoru, professordur. Ukrayna Texnoloji
Akademiyasının, İsrail İnkişaf
Akademiyasının, Ukrayna Milli Yazıçılar Birliyinin və
Beynəlxaq Yazıçılar Təşkilatının
(London) üzvüdür. Ukraynanın Şalom-Aleyxem adına Ukrayna Dövlət
Mükafatının, Krım Muxtar Vilayətinin Dövlət
Mükafatının, başqa milli və xarici ədəbiyyat,
sənət ödüllərinin sahibidir. Ukrayna dili ilə
yanaşı, rus, ingilis, fransız, tatar, ispan və ivrit dillərində
ümumilikdə 23 hekayə kitabı nəşr edilib.
Yazıçının əsərləri
öz ölkəsində də, xaricdə də maraqla oxunur,
nəsrində dərin yumor və elmilik, eyni zamanda poetik
parçaların istifadəsi xüsusi yer tutur.
No limits
Hekayə
"Buenos
dias, - habla el profesor y entra en la aula, - ?i como estas" "Muy
buenos", - los estudiantes responden" ("Sabahınız
xeyir, - deyə müəllim auditoriyaya daxil olur, içləriniz
necədir?". "Əladır"
tələbələr cavab verir; ispanca).
Mən də onlara qoşuluram.
Doğrudan da, hədd yoxdur. Neçənci dəfədir,
bundan əmin oluram. Çoxdan bu hekayənin
davamını yazmaq istəyirdim, amma indi "əlim
çatdı". Mən "sonu yoxdur" qanununu kəşf
etdiyim həmin o gündən düz 52 il
keçir, son 6 ildə isə bu barədə
oxucularımı da məlumatlandırmışam.
Lakin, demək olar, elə bir gün olmayıb ki, mən
onun universallığı, insan kimi fani, (bəzən də qəfil
sonluqlu) bir obyektə tətbiq olunmanın sərhədləri
barədə fikirlərə dalmayım.
Hələ
ki qanun məni yanıltmayıb, amma kim
bilir, sonra nə olacaq? Son iki il mənə
bu istiqamətdə geniş material toplamağa imkan verdi. Həyatımın
bundan əvvəlki 20 ili tamamən konkret,
öncədən müəyyənləşdirilmiş istiqamətdə
inkişaf edirdi. Daim dəyişən dünyada
öz həyat fəaliyyətimi dərinləşdirə və
genişləndirə bilərdim, lakin bütövlükdə,
həmin bu dünyanın özü tamamən
proqnozlaşdırılandır. Bu qanunla
istənilən istiqamətdə özbaşına
çapmaq; imkanları tətbiq etmək mümkün idi.
Üstünlüklərə görə daxilən
qürurlanırdım; bu, ağır rəqabət mübarizələrində
səma altındakı yalnız mənə məxsus yerimdə
bərk durmaq üçün xeyli üstünlüklər
verirdi. Elə bilirdim həmişə belə
olacaq. Qanundan sui-istifadə etməməyə,
üstəlik, ətrafdakılara zərər vurmadan,
yalnız təyinatı üzrə yararlanmağa
çalışırdım. Amma boş
yerə demirlər ki, Allahı güldürmək istəyirsənsə
ona planlarından danış. İki il
əvvəl, qəfil, daim qalibi olmağa öyrəşdiyim
oyunun qaydaları, yaşadığım dünyanın
özü dəyişdi.
Ayrı-ayrı vaxtlarda seçim problemı barədə
çox yazmalı olmuşam. Onun iki tərəfi var: seçim
azadlığı və seçimin özü. Çox vaxt başqaları adamın yerinə
seçim edir. Ən yaxşı halda, əmin
etmək istəyirlər ki, ən doğru seçim elə
budur. Əlbəttə, şəraitə
uyğun, komfort zonasından çıxmadan seçim etmək
də bir seçimdir, lakin, müəyyən mənada, necəsə
xeyli məhdudlaşdırılmış seçimdir.
Bu məsələdə hərtərəfli məsləhət
vermək çətindir, çox güman
qeyri-mümkündür, lakin, mənə elə gəlir,
ümumi yanaşmalar ola bilər: əgər
sən başqalarının oyun apardığı şahmat
taxtasında fiqur olduğunu hiss edirsənsə, o zaman bircə
ləyaqətli qərar var - oyun taxtasını tərk etmək.
Mən də belə etdim; elə o vaxtdan
özüm öz həyatımın ağasıyam, əlbəttə,
bu çətin, müasir, qarşılıqlı, dünyada
nə qədər mümkünsə.
Ətrafa boylananda gördüm ki, açıq səma
altındakı bu dünya amansızdı, fəqət, elə
də bədniyyət deyil. Məşhur lətifədə
olduğu kimi: "Nə istəyirsən götür, onsuz da
kassa irəlidədi". Variantların müxtəlifliyi
seçim etməyi qəlizləşdirirdi, bax elə burda da
Qanunu xatırlamalı oldum.
Öz-özümə
"Hədd yoxdur" dedim və hər
şey qaydasına düşdü. Əlbəttə,
bu, dərhal baş vermədi, xeyli təbəddülatlar oldu,
amma bir müddət sonra tarazlıq nöqtəsi də
tapıldı.
Hərçənd, bunun üçün xeyli bilgi və
bacarıqlar əldə etmək, bilmədiyin yeni dünya,
yeni dil öyrənmək lazım oldu - bax beləcə, hekayə
də oradan başladı.
Hə, dil barədə - mənimlə bir qrupda, dünya
dilləri məktəbində Çindən, Tayvandan,
İtaliyadan, Fransa və İngiltərədən gənclər
də təhsil alırdı. Bəzilərinin
babası yaşındaydım, amma mənim elmi dərəcələrimə
və rütbəmə baxmayaraq təhsil yaşa baxmır.
Yalnız qanun köməyimə gəldi, onsuz
yarıtmazdım.
Avropa tipli sürücülük vəsiqəsi
aldım. Hər şey hazır olduğu bir vaxtda tibbi
komissiyadan keçməyə göndərdilər. Gəldim, bura isə xüsusi təyinatlı
döyüşçülərdən tutmuş,
sürücülərədək hər kəsin müxtəlif
normativlər verdiyi mərkəzdir. Videooyunlar
tipli xeyli elektron testlər və "bir topa" qurğular
var. Hər şey avtomatlaşdırılıb, heç
cür insan əli girmir. Əsas da orada 50
yaşlarında bir zənci qadın var, həkimdir. Deyəsən,
onun xoşuna gəlmişdim, amma kömək etmək
üçün əlindən bir iş gəlmirdi. Bu məqamda
Qanunu xatırlamaq, özünə qısılmaq və...
"sürət yığmaq"
lazım gəldi. Verdim imtahanı, amma bu mərkəzin
statistikasına görə, ilk cəhddə kəsilənlərin
sayı 40 faiz təşkil edirmiş. Axı
hamısı cavandı. Bəlkə hələ
Qanunu kəşf edə bilməyiblər. Bu
arada da kitablarım aktiv şəkildə başqa dillərə
tərcümə olunmağa başladı. Təkcə fransız dilinə 3 hekayələr
toplusunu tərcümə etdilər.
Hə, bir halda ki, "hədd yoxdur", üstəlik,
2015-ci ilin oktyabrında, birbaşa Parisin mərkəzində
bu kitabların təqdimatını da keçirdim. Fransada ədəbiyyatdan
danışmaq asan məsələ deyil - ora kitab oxuyan ölkədir,
xiridarlar yetərincədir. Amma bu işin də
öhdəsindən gəldim - Qanun köməyim oldu, Parisdəki
terror aktlarına 10 gün qalmış çatdırdım.
Bax, indi mən Qanundan danışıram, ona inanıram,
eyni zamanda xüsusi qeyd etmək istəyirəm ki,
ayrı-ayrı hallarda, o özündə bir çox əlavələr
və köməkçi variantlar da inikas etdirir. Məsələn,
arzula, can at, məşq elə, sınaqdan keçir.
Yaxud: boş yerə güc sərf etmə, optimal yollar axtar.
Həmçinin:
mümkün olmayana inan. Və sair və
ilaxır. Hər kəs Qanunda bir əlavə,
müəyyənləşdirmələr tapa bilər, lakin əsas
məsələ əlbəttə ki,
başlanğıcdır - hədd yoxdur.
Bir yaxın tanışım var, istefada olan polkovnikdir, hərbi
hava qüvvələrində xüsusi xidmətləri olan
keçmiş pilotdur. Onun həyatı yüklənmələrlə
(həm də təkcə fiziki mənada deyil) dolu olub. Və
bütün bunlar izsiz ötüşməyib, üstəlik,
çox ağır bir xəstəliyi də üzə
çıxıb, hamımızın bildiyi, öz xatirələri
əsasında yazılmış "Polad necə bərkidi"
romanının müəllifi Nikolay Ostrovski kimi. Bax, o da Qanuna inanır və bu səbəbdən də
hekayələr yazmağa başlayıb, üstəlik,
dağ xizəkçiliyi ilə məşğul olur. Məncə, xəstəliyə qalib gələcək,
axı hədd yoxdur.
Hə,
dağ xizəkçiliyi demişkən: bax Qanunun məhdudiyyətsiz,
belə demək mümkünsə, "təmiz formada"
işlədiyi sahələrdən biridir. Artıq
44 ildir, xizəkçiliklə məşğulam, hər
üzünü görmüşəm. Yadımdadı,
ilk əvvəl alınmırdı. Alınırdı e,
belə də... Di gəl, cəmi bir neçə il sonra yenə Qanun özünü göstərməyə
başladı, indi ən qəliz qar yamaclarıyla süzmək
aramla nəfəs almaq kimi yüngül gəlir mənə. Qanun da elə ona görə Qanundur ki, bizim
iştirakımız olmadan yaşayır və işləyir.
Yəni biz onun fəaliyyət dairəsinin içində və
ya kənarında ola bilərik, lakin bunun
Qanuna dəxli olmayacaq - bizə isə mütləq
yansıyacaq.
Bir dəfə, necəsə, Kiyevdə cərrah, alim, ədəbiyyatçı,
öz xəstəliyinə və nəfsinə gerçəkdən
qalib gəlmiş Nikolay Mixayloviç Amasovun tərəfdarları
ilə söhbətləşməli oldum. Bütün
davranışları göstərirdi ki, o, Qanundan xəbərdar
olub və buna ciddi riayət edib.
Hekayə yazanda anlayırsan ki, süjet həm də sənin
iştirakın olmadan inkişaf etməyə başlayır, qəhrəmanlar
sənsiz də öz həyatlarını yaşayır, hadisələrin
məntiqi inkişafı, məlumat toplusu, düşüncələr
və gəldiyin nəticələr - bunlar hamısı qətiyyən
sənlik deyil.
Hərdən məndə elə təəssürat
yaranır ki, bütün bunları mən yox, bir
başqası yazır. Kim? Bax bunu bilmirəm.
Əgər təməl postulatı qəbul etsək,
kənar müşahidəçi üçün (belə
deyək - Proqramın Yaradıcısı) bizim bütün
keçmişimiz, bu günümüz və gələcəyimiz
eyni vaxtda mövcuddur, bu da o deməkdir ki, artıq hər sey
deyilib və yazılıb. Dinlə, oxu və
kağıza köçür.
Lakin Qanun heç də həmişə pozitivlərlə
dolu olmur. Yaxşılıqların həddi
olmadığı kimi, pisliklər də tükənməzdir.
Alçaqlığın, qorxaqlığın,
satqınlığın, kin-küdurətin də bir həddi
yoxdur. Bunu unutmayın.
Yadımdadır,
bir neçə il qabaq (məhz o dönəmlərdə
həyatımda hər şey qəfil dəyişməyə
başlamışdı) bizim də müştərimiz, iri
bir müəssisənin nəzarətində olan qəzetdə
məqalə oxuyurdum. Məqalə həm də
mənə həsr edilmişdi, çirkab dolu eyhamlarla, mənim
slavyan əsilli olmadığıma işarələr vurularaq
yazılmışdı. Naməlum jurnalist
yazının altına ləqəbi ilə imza atmışdı.
Bu məni təəssüfləndirməkdən
savayı, daha çox təəccübləndirdi - heç
vaxt adım bu cür hallanmamışdı. Bundan başqa, interpretasiya olunmuş məlumatların
çoxluğuna görə mənə elə gəldi ki,
müəllif haqqımda daha çox bilir, nəinki orta
statistik bir jurnalist.
Əvvəlcə qəzetin bilinən sahibinə zəng
etdim və mənə qarşı bu qədər qərəzli
aksiyanın səbəbini öyrənmək istədim. "Şəxsi heç
bir şey", - deyə o cavab verdi, -
"bu bizim ideoloji mövqeyimizdir, jurnalist, sadəcə, təlimata
uyğun hərəkət edib". Düşünürəm:
"Görəsən, bu jurnalist kimdir?".
Yox, ona görə demirəm ki, yerində
otuzdurum, ya da "ağzını yumum", Allah eləməsin.
Sadəcə, məqalənin ümumi tərzində
məhz bir şeyi hiss etdim - "şəxsiqərəzlik".
Nə isə, axırı
aydınlaşdırdım. Və... inana
bilmirdim. Eşitdiklərimə inanmaq həqiqətən
çətin idi. Bunu yazan adamla həmişə
xoş davranmışam, əlimdən gələn qədər
kömək etmişəm. Bundan savayı,
onun da familiyası, özü necə deyib -
"qeyri-slavyan" familiyasıdır. Qərara
aldım ki, onunla danışım, zəng etdim, soruşuram:
"Sən Allah, bu nə məsələdir?".
Eyhamlar edirəm. "Məncə,
siz də slavyan deyilsiz, axı. - Sizə elə gəlir,
- deyə cavab verir, - yalnız ata tərəfdən, amma əsas
məsələ bu deyil, yeri gəlsə familiyamı da dəyişərəm.
Belə də ki, siz mənə neynəmisiz?
Yeri gələndə, əhəmiyyətsiz
şeylər. Necə olur ki, sizin hər şeyiniz var, mənim
heç nəyim?!".
"Həə,
- düşünürəm, - necə deyərlər, xoş
niyyətlərlə...". Ümumiyyətlə, həyatda belə
satqınlıq, küdurət və nadürüstlük
halları ilə çox rastlaşmışam, amma
neyçünsə bu hadisə məni ayrı cür təəccübləndirdi.
Bəlkə hələ aradan az vaxt
keçib?
Bax onda Qanunun mənfi təzahürləri barədə
də düşünməyə başladım. Axı hər
bir işin iki başı var, xeyir və şər necə isə
bir-birinə yaxındı, təxminən "in-yan" kimi,
görünür, hətta iç-içədirlər.
Yəni "xeyir və şəri sakitcə
qucacaqsan?"
(A.S.Puşkin, "Boris Qodunov"). Əlbəttə,
Qanuna görə, qabiliyyətlərimiz hüdudsuzdur,
bunları necə tətbiq etmək isə yalnız bizdən
asılıdır. İndi mən daha
yaxşı başa düşürəm ki, həyatın ən
qiymətli anlarını qəzəb və nifrətə sərf
etmək əbəsdir. Yaxşılığın
həddi olmadığı kimi, minnətdarlıq hissinin də
həddi yoxdur. Ona görə də
bütün düşmənlərimi
bağışlayıram. O jurnalisti də. Mən kiməm ki, onları ittiham edim? Qoy Allah bilsin, nə etmisənsə, ya bu dünyada,
ya da o dünyada qarşına çıxacaq.
Yəni budur, biz buna görə yaşayırıq? Hələ 1916-cı ildə
akademik Vladimir Mixayloviç Bexterev bu barədə demişdi:
"Ölüm yoxdur, İlahi!". Yoxdur
ölüm! Bunu sübut etmək də olar.
Və tamamilə məntiqi olaraq sübut etmək.
Şəxsiyyət ölmür!". Bəs bu nə deməkdir, Qanunun başqa
üzüdür? Qanunun tətbiqi
zamanı onun təsiri yaşda, necə deyərlər,
aşkarda göründüyü qədər deyil, ən
azı daxilən. 1886-cı ildə, ölümünə
bir il qalmış, 23 yaşında Semyon
Yakovleviç Nadson yazırdı:
Deməyin ki, "o ölüb". O yaşayır!
Qoy
şikar da ovlansın - od hələ də
püskürür,
Qoy
çiçək də dərilsin - ətri hələ
qoxuyur,
Qoy arfa da
dağılsın - səsi qulağı deşir!
Burada da Qanunun başqa bir halını istedadın ilkin ənginliklərində
görmüş oluruq. Və əlbəttə ki, bütün
zamanların dayanıqlı, azadlıqsevər insanları istər
şüuri, istərsə də qeyri-şüuri şəkildə,
lakin daima Qanunu rəhbər tutaraq anlayırdılar ki, hədd
yoxdur.
Yerin Cənub qütbünü kəşf edənlərdən
biri, öz məqsədinə çataraq geri dönərkən
yol yoldaşlarıyla birgə aclıqdan və şaxtadan həyatını
itirmiş Böyük Britaniya Kral Donanmasının
kapitanı Pobert Falkon Skotu xatırlayaq. Lord Alfred Tennison
"Uilis" şeirində məhz belə sınmaz adamlardan
söhbət açırdı:
Olsun, lap
güçümüz tükənib,
Əvvəlki
kimi, yerlə göy arasında oynamır,
Özümüzük;
taleyin və illərin yorğunu,
ürəklərimiz mərdanə,
və
inadımız çağırır bizi usanmadan,
savaşaraq axtarmaq, tapmaq, təslim olmamaq.
Sonradan bu şeirin axırıncı misrası xatirə
lövhəsi kimi iri bir taxta xaçın üzərinə həkk
olundu.
Əminəm, Qanun öz işini görməkdə davam
edir. O, təbiətin
bizə bəxş etdiyi fürsətləri hüdudsuz şəkildə
genişləndirir. Ondan ayrılmayın, həyatınıza
tətbiq edin və çox şeylərə nail olacaqsız.
Nəhayət, "No limits" barədə bu qədər.
Boris Finkelşteyn
Tərcümə etdi: Məqsəd
NUR
Ədəbiyyat qəzeti.- 2021.- 20
mart.- S.14-15.