Uşaq ədəbiyyatında
Azərbaycançılıq məfkurəsi
Uşaq və gənclərin mənəvi tərbiyəsinin
formalaşmasında, dünyagörüşünün
genişlənməsində azərbaycançılıq
ideologiyasının böyük rolu vardır. Bu baxımdan,
uşaq ədəbiyyatının ən yeni metodologiyaya
uyğun azərbaycançılıq məfkurəsi istiqamətində
öyrənilməsi günümüzün vacib tələblərindəndir.
Uşaq ədəbiyyatı yaranması, təşəkkülü
və inkişafı istiqamətində dövrləşdirmə
baxımından üç əsas mərhələyə
ayrılır.
Özünəməxsus siyasi-ideoloji prinsiplərə
malik bu mərhələlərin hər birinin nəzəri-estetik,
mənəvi-fəlsəfi qatları, sistem yaradıcı
xüsusiyyətləri, həmçinin irəli çəkdiyi
imzaları, adekvat yetirdiyi yazıçı fiqurları və
onların fərdi-praktiki fəaliyyətində təcəssümünü
tapan və qorunan uşaq ədəbiyyatı statusu vardır.
XIX əsrin sonlarından XX əsrin 20-ci illərinə qədər
tarixi dövrü ehtiva edən birinci mərhələ
maarifçi səciyyəsi ilə seçilir, bu dövrdə
azərbaycançılıq ruhunun qabarıq ifadəsi vətənpərvərliyin
təzahürü kimi meydana çıxan bütün işlərdə
əksini tapır: yeni tipli məktəblərin
formalaşması, təlim-tərbiyə məsələlərinin
önə çəkilməsi, uşaqlarda təhsilə,
mütaliyəyə maraq oyatmaq, uşaq ədəbiyyatı
nümunələrinin toplanması və nəşri, uşaq
mətbuatının formalaşması, dərsliklərin
hazırlanması, risalə, təmsil, uşaq şeirlərinin
yayılmasına təkan vermək və s. bu kimi proseslərin
reallaşmasında A.Bakıxanov, M.Vazeh, H.Zərdabi,
S.Ə.Şirvani, R.Əfəndiyev, H.X.Qaradaği, M.Mahmudbəyov,
Əli bəy Hüseynzadə, F.Köçərli,
M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Səhhət,
S.S.Axundov, A.Şaiq və başqa ədiblərin böyük
rolu olmuşdur.
XX əsrin
20-ci illərindən müstəqillik dövrünə qədərki
(sovet dövrü) mərhələ uşaq ədəbiyyatının
ikinci mərhələsini təşkil edir ki, bu mərhələdə
məktəb islahatı, yeni nəslin sovet ideologiyası
ruhunda tərbiyə olunması, uşaq əsərlərinin
yayılması, uşaq mətbuatının inkişafına
diqqətin artırılması kimi məsələlərin həlli
istiqamətində dövrün bir çox tanınmış
şəxsiyyətləri birlikdə əmək sərf
etmişlər. M.C.Paşayev, M.M.Seyidzadə, Ə.Vəliyev,
S.Vurğun, M.Dilbazi, Ə.Cəmil, M.Rzaquluzadə, R.Rza,
Ə.Abbasov, Z.Cabbarzadə, X.Əlibəyli, T.Elçin,
T.Mütəllibov, İ.Tapdıq, H.Ziya, M.Günər,
F.Sadıq, M.Aslan, T.Mahmud, Z.Xəlil, X.Hasilova, Ə.Babayeva,
N.Süleymanov, Ə.Əhmədova, Y.Əzimzadə, Ə.Səmədli
və başqa sənətkarlar sovet dövründə
uşaq ədəbiyyatının layiqli nümunələrini
meydana qoymaqla bu sahənin nüfuzunun qorunmasına nail
olmuşdular.
Üçüncü mərhələ sovet hakimiyyətinin
süqutu və tariximizə milli müstəqillik kimi daxil olan
yeni epoxanın başlanğıcı ilə eyni zamanı
ehtiva edir. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə müstəqil dövlətin qurulması
və inkişafı yönümündə xalqın
maraqlarına xidmət edən siyasət əsas prioritetə
çevrildi. Ölkənin bütün
sferalarında, o cümlədən humanitar düşüncə
sistemində gedən yeni təfəkkür prosesləri, azərbaycançılıq
ideologiyasının qabardılması, milli məfkurə xəttinin
önə çəkilməsi, uşaqlara qayğı və
diqqətin artırılması, gənc, savadlı nəslin
formalaşmasının əsas qayə təşkil etməsi
müstəqillik təntənəsinin nəticəsi idi.
Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü
və formalaşması tarixi son iki əsri əhatə etsə
də, ona göstərilən bu diqqət və maraq həmişə
öndə olmuş, ədəbiyatımızın
bütün dövrlərinin kontekstində, şifahi və
yazılı ədəbiyyat nümunələrinin
timsalında şərhinə varılmışdır.
1990-cı illərdə isə, milli müstəqilliyimizin
bərpası ilə bu sahəyə diqqət artmış, hər
cür ideoloji diktələrdən arınmış uşaq ədəbiyyatının
problemlərinin öyrənilməsi prosesləri
başlanılmışdır. Azərbaycanın öz
siyasi-dövlət müstəqilliyinin bərpası ilə
ölkədə uşaqların və yeniyetmələrin həqiqi
vətəndaş kimi yetişdirilməsinə, onların
yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi dəyərlər
ruhunda tərbiyələnib böyüməsinə diqqət
və qayğı artmış, bu işdə əsas vasitələrdən
olan bədii ədəbiyyatın roluna ayrıca önəm
verilmiş - uşaq ədəbiyyatının təkcə
çağdaş durumunu deyil, onun təşəkkül və
inkişaf tarixini, bu sahədə fəaliyyət göstərmiş
yazıçı və şairlərin bədii irsini, xidmətlərini
ətraflı öyrənib, obyektiv elmi meyarlarla qiymətləndirmək
təməl prinsip kimi irəli sürülmüşdür.
Bu istiqamətdə vacib məsələlərdən
biri uşaq ədəbiyyatında azərbaycançılıq,
milli özünüdərk və vətənpərvərlik
ideyalarının təşəkkülü və
inkişafı mərhələlərinin öyrənilməsidir. Belə bir zərurət bizə
XIX əsrin sonu, əsasən XX əsrin əvvəllərində
mövcud olmuş uşaq ədəbiyyatının vəziyyəti
ilə geniş tanış olmağa imkan
verir. Akademik İsa Həbibbəyli XX əsrin əvvəllərindən
etibarən milli ədəbi-ictimai fikirdə Azərbaycançılıq
təliminin əsas yer tutduğunu bildirərək yazır:
"Azərbaycançılıq - milli düşüncənin
və Vətən anlayışının bir yerdə
qavranılması təlimi kimi xalqın və ölkənin
milli maraqlarının - maarifçilikdən milli azadlıq
ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə,
dövlət müstəqilliyi şüuruna qədərki
bütün ideallarının ədəbiyyatın canında
və qanında olmasını qaçılmaz həyati təlabat
səviyyəsinə qaldıran ümummilli məfkurədir".
Məhz məfkurəvi qayəyə söykənməsi,
milli özünüdərk və vətənpərvərlik
ideyalarının parlaq təcəssümünü verməyi
əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin
poeziyasını həlledici mərhələ kimi təsnif
etməyə imkan verir.
Həmin dövrün uşaq ədəbiyyatının
öyrənilməsi prosesi XX əsrin ortalarından
başlanır. Bu sahədə Səməd Vurğun, Məmməd Cəfər
Cəfərov, Məmməd Arif, Əziz Mirəhmədov, Cəfər
Xəndan Hacıyev, İmamverdi Əbilov, Yaşar Qarayev, Məsud
Vəliyev, İsa Həbibbəyli, Nadir Vəlixanov, Firudin
Hüseynov, Əflatun Saraclı, eləcə də Qara Namazov,
Xeyrulla Məmmədov, Asif Hacıyev, Zaman Əsgərli, Alxan
Bayramoğlu, Zahid Xəlil, Füzuli Əsgərov, Məti
Osmanoğlu, Rafiq Yusifoğlu, Vüqar Əhməd və b. ədəbiyyatşünas,
metodist-alimlərin yazdıqları dərslik, monoqrafiya və
məqalələrdə XX əsrin əvvəllərinin
uşaq ədəbiyyatı barədə qiymətli elmi fikirlər
söylənmişdir.
Bu müəlliflərin əsərlərində tədqiqat
obyekti XX əsrin əvvəllərində Azərbaycan
uşaq ədəbiyyatının təşəkkülünü
şərtləndirən ədəbi-ictimai amillər və
bu sahədə təşəbbüs göstərmiş
maarifpərvər ziyalıların əməli fəaliyyəti
olmuşdur. Azərbaycan uşaq poeziyası və nəsrinin təşəkkül
və inkişaf tarixi, həmçinin milli uşaq ədəbiyyatının
inkişafında, azərbaycançılıq
ideologiyasının qorunmasında rolu olan ədiblərin
şeir, hekayə və povestlərinin ideya-məzmun və bədii
sənətkarlıq xüsusiyyətləri bu ədəbiyyatşünasların
məqalə və kitablarında tədqiqatın predmetinə
çevrilmişdir.
XIX əsrin sonu, XX əsrin
əvvəllərində uşaq ədəbiyyatında azərbaycançılıq
ideyalarının təşəkkülünü şərtləndirən
ədəbi-ictimai amillər.
Texnoloji sivilizasiya, informasiya partlayışı kimi məsələlər
üzərində düşünərkən istər-istəməz
bir neçə əsr öncələrə qayıtmaq
lazım olur.
Didaktikadan, öyüd-nəsihətdən maarifçiliyə
yol alan uşaq ədəbiyyatının
indi çağdaş dünyanın tələblərinə
adaptasiya olunmaq cəhdləri bizi XIX əsrin sonlarının
maarifçi dalğasına aparır, hələ millət
kimi formalaşmayan toplumun şüur oyaqlığı məsələsini
qaldıran milli münəvvərlərimizin bu yöndə əvəzsiz
xidmətlərini yada salır. Bütün
böyük əməllərin əsasında azad,
böyük fikirlər dayanır. O fikirləri
reallaşdırmaq əzmi, həyata keçirmək yolunda hekayə
yaradacaq müqavimət hissi dayanır. Uşaq ədəbiyyatı
da belə bir müqavimətin bəhrəsidir. XIX əsrin
sonu, XX əsrin əvvəllərində maarifçilik
dalğasının formalaşmasında xidməti (hekayəti!)
olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov,
H.Qaradağski, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə,
M.T.Sidqi, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Ə.Sabir və
digərlərinin qüdrəti sayəsində
uşaqlarımıza "Vətən dili"ndə xitab
olundu. Dilçi alimimiz Tofiq Hacıyev yazır
ki, "bizim bu gün işlətdiyimiz ədəbi dil norması
"Vətən dili"nin və onun yolunu gedən XX əsrin
əvvəllərindəki dərsliklərin dil
normasının üstündə durur". Qürurverici faktdır. Bu şərəfli
tarix bizim uşaq ədəbiyyatımızın layiqli
simalarının zamanında sərgiləmiş olduğu
milli ruh və idrak təəssübkeşliyinə bağlıdır.
Həmin illərdə milli aydınlar maarifi, oxumağın
faydasını, elmlə ucalmağın zərurətini
israrla ifadə edən mətnlərlə
çıxış etmiş, bunu konseptual olaraq
yaradıcılıqlarının amalına çevirmişlər:
"Elmin izzəti payidar olur,/Cəhlin nikbəti
canşikar olur,/Hər kəs elm oxur, bəxtiyar olur,/Millət
elmlə, bərqərar olur" (M.Ə.Sabir).
O zaman Səid
Ünsizadə, Seyid Əzim Şirvani, Firudin bəy
Köçərli uşaqların yaş və bilik səviyyəsinə,
maraq dünyalarına uyğun əsərlər
yaratmağı mühüm vəzifə kimi irəli sürməklə
bahəm bir məsələnin də vacibliyini
vurğulayırdılar: Uşaqlar üçün yazılan
bədii əsərlər ana dillərində qələmə
alınmalı, azyaşlı və yeniyetmə oxucuların
yaş səviyyələri, milli xüsusiyyətləri və
anlama qabiliyyətləri nəzərdə tutulmalıdır. Uşaqlar üçün yazılmış əsərlərin
süjeti sadə, dili aydın və xəlqi olmalıdır
ki, bağça və məktəb yaşlı
uşaqların nitqlərinin, bədii zövqlərinin və
dünyagörüşlərinin inkişafına kömək
etsin.
Həmin
illərdə meydanda olan klassik əsərlərimizin -
Ə.Xaqani, N.Gəncəvi, S.Şirazi kimi sənətkarların
əsərləri, yaxud "Gülüstan",
"Bustan", "Leyli və Məcnun" və s.
kitabların heç biri Azərbaycan dilində deyildi. Bu əsərlərdə uşaq dünyası,
onların yaş psixologiyası nəzərə
alınmamışdı. Bu mənada,
ziyalıların narahatlığı səbəbsiz deyildi.
Məktəbin, maarifin faydasını anlatmaq,
uşaqları oxumağa vərdiş etdirmək, mövhumat zəncirini
elmin açarı ilə qırmaq əzminə inam hissi
önə keçmişdir. XIX əsrin
ortaları idi. Hələ meydanda milli
şüurdan, milli tərəqqidən, milli düşüncədən
söhbət belə getmirdi, amma əvəzində buna aparan
ağır yolun yolçuluğu başlanmışdı.
Elə bir dövr gəlmişdi ki, ziyalılar
Azərbaycanda maarif və məktəb şəbəkəsinin
genişləndirilməsinin, xalqın savadlanmasının
vacibliyini aydın dərk edirdilər və hər kəs əlində
qələm bu yolda milli mücadiləyə
atılmışdı. XX əsrin əvvəlində
uşaq ədəbiyyatı ilə məşğul olan
aydınlar iki işi bir arada görürdülər. Onlar həm rus, avropa uşaq ədəbiyyatının
ən yaxşı örnəklərini dilimizə
çevirir, eyni zamanda həm rus, həm də türk
şeirindəki "fransız modu"nun təsiri ilə mətnlər
meydana qoyurdular. Məfkurə və amal
hüdudsuzluğu sənətin də üfüqlərini
genişləndirirdi. 1898-ci ildə
hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin
"Vətən" şeirinə qədər çevrələnən
bu estetik ərazidə milli uşaq ədəbiyyatının
öz hərəkət trayektoriyası cızılırdı.
XX əsrin əvvəllərində maarifpərvər
ziyalıları - müəllim və
yazıçıları uşaq mətnləri yazmağa təhrik
edən səbəblərdən biri də məktəblərdə
şagirdlərin mütaliəsi üçün qiraət
kitablarının yoxluğu idi. Ona görə maarifpərvər
yazıçılar ana dilində yalnız dərsliklər
deyil, sinifdənxaric oxu üçün kitabların
yazılması qayğısına da qalırdılar. Bu ziyalıları uşaq ədəbiyyatının
bütün əhatə və çalarlığında
inkişafı düşündürürdü. Yəni necə yazmaqla yanaşı, həm də nə
yazmaq, hansı janrda mətn meydana qoymaq barədə
narahatlıqlarını izhar edirdilər. Yalnız
uşaq şeirləri, təmsillər, nağıllar deyil, həm
də güclü hekayələrin yazılması onları
düşündürən səbəblər idi. S.M.Qənizadə
M.T.Sidqiyə yazırdı: "Hekayəsiz, nəsrsiz yeni ədəbiyyatı
irəli aparmaq mümkün deyildir. Təəssüf
ki, bəzi cavan şairlərimiz bu mətləbi
düşünmür, hekayənəvisliyi şəni-şairliyə
layiq görməyib baş qaçırdırlar".
XX əsrin əvvəllərində bu sahədə azərbaycançılıq
ruhunu gücləndirən amillərdən biri də uşaq mətbuatının
yaranması olmuşdur. Bu yöndə atılan bütün
addımlar nəticəsiz qalsa da, nəhayət, "Dəbistan"
(1906-1908), "Rəhbər" (1906-1907) kimi jurnalların nəşrə
başlaması prosesi baş tutdu. Qısa zamanda qapanan bu
jurnallardan sonra isə 1911-ci ildə təşkil olunan
"pedaqoji kurs"un
iştirakçıları uşaqlar üçün "Məktəb"
adlı jurnal təsis etməyə qərar verib, bu işi həyata
keçirmək üçün icazə aldılar. "Hər
üç jurnal Azərbaycan uşaq ədəbiyyatının
yaranmasında mühüm rol oynamışdır... Əsl uşaq əsərləri 1905-ci ilə qədər
yox dərəcəsində idi. Yeni-yeni məktəblər
açan, qiymətli dərsliklər hazırlayan M.Ə.Sabir,
A.Şaiq, A.Səhhət, S.S.Axundov, S.M. Qənizadə və
başqa yazıçı, şair və maarif xadimləri
uşaq ədəbiyyatının gözəl və rəngarəng
nümunələrini Azərbaycan uşaq jurnallarının nəşrindən
sonra yaratmışlar" (Ə.Məmmədov).
Yeni tipli məktəblərin meydana çıxması,
ana dilində dərslik və dərs vəsaitlərinin
yaranması, maarifçilik dalğasının geniş
intişarı, mətbuat şəbəkəsinin genişlənməsi,
xüsusilə uşaqlar üçün jurnalların nəşrə
başlaması - bütün bunlar uşaq ədəbiyyatının
inkişafına təkan verən amillər idi. Bütöv
bir ziyalı zümrəsinin milli təəssübkeşliyi
sayəsində yaradılan uşaq ədəbiyyatı məhz,
sağlam və təməlli başlanğıcdan nəşət
tapdığı üçün bu gün də yaşama və
var olma gücündədir.
***
İlk dərslik və uşaq jurnalları milli-mənəvi
özünüdərkin mənbələrindən biri kimi.
XIX əsrin
sonu XX əsrin əvvəlində ana dili dərslikləri
yazmaq və onların hazırlanması üçün
meydana M.F.Axundzadə, Səid Ünsizadə və
S.Ə.Şirvani ilə bərabər dövrün digər
milli münəvvərləri - M.Ş.Vazeh, M.N.Didə,
M.Ə.Elxanov, A. O.Çernyayevski, S.Vəlibəyov, R.Əfəndiyev
də atıldılar. Bu şəxsiyyətlər Azərbaycan
dilinin tədrisində istifadə etmək üçün dərslik
və oxu kitabları yazmaq, bu kitabların çapı məqsədi
ilə mətbəə yaratmaq və s. naminə hər bir əziyyətə
fədakarlıqla qatlaşırdılar. Məsələn,
1840-cı illərdə M.F.Axundzadə M.Ş.Vazehlə birlikdə
Tiflisdə mətbəə açmağa
çalışmış, lakin öz məqsədlərinə
çata bilməmişdilər. Bu işi təxminən
40 ildən sonra Səid Ünsizadə Tiflisdə nəşrinə
nail olduğu "Ziya" qəzetinin mətbəəsi ilə
reallaşdıra bilmişdir.
Dərslik və oxu kitablarının yaradılması
işinə XIX əsrin 40-cı illərindən başlansa
da, əsrin 50-70-ci illərində həmin sahədə
canlanma əmələ gəlmişdir. Ancaq bu sahədə birinci
iş N.Dementyevin tərtib etdiyi "Əlifba" və ilk
oxu kitabı hesab olunur.
Məktəblərin şəbəkəsi genişləndikcə
ana dili dərsliklərinin və oxu materiallarının
hazırlanması istiqamətində fəaliyyət və
yaradıcılıq axtarışları yeni vüsət
alırdı.
Əsrin 70-80-cı illərində bir tərəfdən
ruhani məclislərinin nəzdində açılan "Məclis"
məktəbləri, digər tərəfdən də əsasən
müstəqil olub xalqın və ayrı-ayrı cəmiyyətlərin
və imkanlı şəxslərin vəsaitləri ilə fəaliyyət
göstərən üsuli-cədid məktəbləri meydana
çıxmağa və getdikcə artmağa başladı.
Azərbaycan dilinə aid dərsliklər bir
qayda olaraq, məşhur rus pedoqoqu K.D.Uşinskinin qabaqcıl təlim
üsulları və dərsliklərinin nümunəsi əsasında
hazırlanırdı. Təkcə ana dili
dərslikləri deyil, şəriətə və tərbiyə
məsələlərinə həsr edilmiş dərsliklər
də K.D.Uşinskinin təliminə əsaslanırdı.
Uşinski təlim və tərbiyə işində Ana
dilinin rolunu yüksək qiymətləndirmişdir. Onun irəli
sürdüyü bu prinsiplər dövrün digər müəllim
və pedaqoqları tərəfindən müdafiə edilərək
tətbiq olunurdu. Bu halı biz Səid
Ünsizadənin tərtib və nəşr etdirdiyi dərsliklərdə
də görürük. Onun söz üsulu ilə tərtib
edib özünün "Ziya" mətbəəsində
çap etdirdiyi kitabın biri "Təlimül-ətfal, təhzübül-əxlaq"
(Tiflis, 1882), digəri isə "Məktəb
uşaqlarımız oxumaqdan ötrü sadə türki dilində
tərtib olunmuş əqaid və nəsayeh risaleyi- mənzuməsidir"
(Tiflis , 1883) adlanır.
M.N.Didənin
1857-ci ildə tərtib edib hazırladığı, lakin nəşrinə
nail ola bilmədiyi "Kitabi-nəsayeh", Seyid Əzim
Şirvaninin tərtib etdiyi "Rəbiül-ətfal",
Mirzə Ələkbər Elxanovun 1880-cı ildə "Tatar
(Azərbaycan) dili" dərslikləri də qiymətli
işlər sırasındadır.
Bu illərdə
yaşlı nəslin nümayəndələrindən olan H.Zərdabi,
F.Köçərli, S,Ə.Şirvani və başqaları
uşaqların oxusu üçün folklor nümunələri
toplayıb çapa hazırlayır, yaxud həm orijinal əsərlərdən,
həm də başqa dillərdən tərcümə və
iqtibas etdikləri əsərlərdən yararlanaraq, dərslik,
oxu kitabları hazırlayırdılarsa, R.Əfəndiyev kimi
gənclər öz sələflərinin işlərini davam
və inkişaf etdirir, bu istiqamətdə
uğurlu addımlar atırdılar.
R.Əfəndiyev
A.O.Çernyayevskinin "Vətən dili" dərsliyinin
hazırlanmasına cəlb edilmiş və burada dərslik
hazırlanması prosesinə yaxından bələd olmuş,
öz müəlliminin iş metodunu mənimsəmək
fürsəti qazanmışdır. Bu fürsət
sonrakı illərdə Rəşid bəyin görkəmli
bir müəllim-pedaqoq kimi yetişməsində və müəllimlik
fəaliyyətində çox kömək etmişdir.
O, özünün də etiraf etdiyi kimi, müəllim işlədiyi
zaman dərslik sarıdan qarşılaşdığı
çətinlikləri aradan qaldırmaq üçün əvvəllər
qazandığı təcrübədən yararlanaraq, həm
Puşkin, Jukovski, Krılov, Lermontov və Tolstoydan etdiyi tərcümələr,
həm də xalq ədəbiyyatından toplayıb işlədiyi
nümunələr əsasında bir dərslik tərtib etməyə
başlamışdı. Ancaq həmin kitabın
nəşri xeyli gec - 1898-ci ildə daş basması və
"Uşaq bağçası" adı ilə
İstanbulda baş tutmuşdu. Düz on il
əvvəl - 1888-ci ildə isə A.Çernyayevski və S. Vəlibəyovun
birgə tərtib etdikləri "Vətən dili" (II hissə)
dərsliyi çapdan çıxıb oxucuların istifadəsinə
verilmişdir (S.Bayramova). "Vətən
dili" kitabının II hissəsinə uşaqların
yaş və maraq dairəsinə, qavrayış səviyyələrinə
uyğun orijinal və tərcümə əsərləri
daxil edilmişdi. Həmin bədii nümunələrin
əksəriyyətini Çernyayevskinin xahişi ilə Həsənəli
xan Qaradaği qələmə almışdı.
Çağdaş ədəbiyyatımızın, milli
məfkurə xəttinin formalaşma mərhələsi kimi
XIX əsrin sonu XX əsrin əvvəllərinin mətnləri
ciddi qaynaq hesab edilir və uşaq ədəbiyyatının
da formalaşması sinxron olaraq eyni zaman kəsiminə təsadüf
edir. Milli mətbuatın, maarifçiliyin, milli məfkurə
dalğasının yaranışı və intişarı
baxımından. Və belə bir
düşüncə təlatümündə bu ədəbiyyatın
faydalandığı, nələrisə əxz etdiyi, təsirləndiyi
məxəzlər, müxtəlif ölkələrin mətnləri
var ki, onların öyrənilməsi, müqayisəli şəkildə
təhlil edilib üzə çıxarılması vacib məqamlardır.
Dünya təcrübəsinin milli kontekstə
daxil edilməsinin bütün cəhdləri öz şərhini,
qiymətləndirilməsini gözləyir.
Böyük
rus pedaqoqu Uşinskinin məşhur "Rodnoye slovo" dərsliyindəki
mətnlərin sonradan Azərbaycanda yeni bədii
düşüncənin formalaşmasında, xüsusilə də
poetik sistemin yerdəyişməsində oynadığı rol,
estetik sistemin transformasiyası, konkret desək, Azərbaycan
şeir (nəzm) düşüncəsinin Şərqdən Qərbə
yerdəyişməsi, mövzunun janrın təkamülü
kontekstində araşdırılması, Qərb bədii
düşüncə sisteminin Azərbaycana gəlişində
və Azərbaycan dili, bədii düşüncəsi ilə
qaynayıb-qarışmasında rolu, izi olan əsərlərin,
müəllif yanaşmalarının tədqiqi həllini
gözləyən məsələlərdəndir. "XIX əsrin
sonlarına doğru Azərbaycan ictimai məfkurəsində,
eləcə də bədii düşüncəsində və
ədəbi dilində gedən proseslərdə "Rodnoye
slovo" - "Ana dili" kitabının ayrıca rolunu
üzə çıxarmaq, XX əsrin əvvəllərində
iki təsir qüvvəsi - rus ədəbiyyatı və
türk ədəbiyyatı ilə birbaşa təmasda olan
yeni Azərbaycan ədəbiyyatının fransız ədəbiyyatı
ilə də kəsişdiyi" (Məti Osmanoğlu) məqamlara
diqqət etmək çağdaş ədəbiyyatşünaslığın,
uşaq ədəbiyyatı ilə bağlı tarixi mərhələlərin
yeni gözlə oxunuşunu labüdləşdirir.
Göründüyü kimi, XX əsrin əvvəllərində
Azərbaycan uşaq ədəbiyyatının
inkişafında canlanma yaranır. Bu işdə 1906 və
1907-ci illərdə Bakıda keçirilən I və II
müəllimlər qurultayları, onların qəbul etdikləri
qərarlar və milli uşaq mətbuatımızın
yaranması da mühüm rol oynayır. Həmin
hadisələr uşaq ədəbiyyatı sahəsinə gənc
və yeni istedadlı nümayəndələrin gəlməsinə
səbəb olur.
XX əsrdə Azərbaycan uşaq ədəbiyyatının
inkişafında həm bədii
yaradıcılığı, həm də dərslik nəşri
sahəsindəki xidmətləri ilə böyük işlər
görmüş ədəbi şəxsiyyətlərdən
biri də Abdulla Şaiqdir. O, uşaq ədəbiyyatı sahəsində
müxtəlif janrlarda bir-birindən məzmunlu və
maraqlı bədii əsərlər yazmış,
"Gülzar", "Türk çələngi",
"Ədəbiyyat dərsləri" (H. Cavidlə birgə)
və s. dərsliklərini hazırlayıb çap
etdirmiş, "Şaiq nümunə məktəbi"ni
yaratmışdır.
Milli uşaq poeziyasının inkişafında xüsusi
xidmətləri olan şairlərindən digəri görkəmli
satirik Mirzə Ələkbər Sabirdir. O, məktəbdarlıqla
yanaşı, "Dəbistan" və "Rəhbər"
jurnallarında, "Birinci il", "İkinci il",
"Yeni məktəb" dərsliklərində, həmçinin
"Səda", "Həqiqət", "Günəş"
və s. qəzetlərində "Yaz günləri",
"Uşaq və buz", "Qarınca",
"Cütçü", "Molla Nəsrəddinin
yorğanı", "Əskik alıb, artıq satan
tacir", "Yalançı çoban",
"Uşaqlara", "Analar bəzəyi" və s.
şeir və mənzum nağıllarını
yazmışdır ki, həmin şeirlərdən əksəriyyəti
orta məktəb dərsliklərində yer alırlar.
XX əsrin əvvəllərində uşaq ədəbiyyatının
mənzərəsini təsvir edərkən görkəmli
şair Hüseyn Cavidin şeirlərindən yan keçə
bilmərik.
Hüseyn Cavidin yaradıcılığının ilk illərində
yazdığı, uşaq qəhrəmanlarının taleyini
mətnləşdirdiyi şeirləri, yaxud məşhur
"Qız məktəbi"ndə şeiri dövrünə,
hətta deyərdim, ölkə hüdudlarından kənarlara
təsir edən sənət nümunəsinə
çevrilmişdir. Ədəbiyyatşünas alim Azər
Turan "Küsmüş mələk", Gülbaharın,
Şərminin sevdikləri və sürreal qəfəs..."
məqaləsində yaradıcılığının ən
parlaq dönəmində, 47 yaşında artıq uşaqlar
üçün yazmağa başlamış, "Şərmin
balama", "Yetim", "Xəstə çocuq",
"Mələkin quzusu", "Gəlin bahar",
"Qırıq at", "İki yolçu",
"Quşlarla yarış" kimi şeirlərindəki
uşaq psixologiyası və taleyi məsələsinin
qoyuluşu ilə artıq həyatı müəyyən dərk
məqamına yetmiş böyük türk şairi Tofiq Fikrətin
"Şərmin" şeirinə münasibətdə vacib
bir məqama dəqiq vurğu salır: "Şermin"dəki
"Muhallebim və müəllimim" şeiri qismən
"Qız məktəbində" şeirini xatırlatsa da,
Tofiq Fikrətin "Şermin"i 1914-cü ildə
İstanbulda, Hüseyn Cavidin "Keçmiş günlər"i
isə ondan bir il əvvəl Bakıda nəşr
olunmuşdu".
Azər
Turana görə, Cavidin "Qız məktəbində"
şeirinin estetik qaynaqları XIX əsr fransız
poeziyasının böyük ismi Bodler ruhundan zəmin
alırdı: "Şəxsi örnəyində şairliklə
müəllimliyin ilk əfəndi tipini yaradan Hüseyn Cavidin
"Qız məktəbində" şeiri ilə Tofiq Fikrətin
"Şərmin" şeiri hər ikisi dialoq əsasında
qurulsa da, hər ikisi uşaq dünyasından bəhs etsə
də, hər iki şeir struktur baxımından eyni olsa da (və
nəzərə alsaq ki, dünya uşaq poeziyasında dialoq əsasında
qurulmuş bu biçimli poetik mətnlər - şeirlər əvvəllər
də olmuşdu, onda da var idi, sonralar da oldu, amma), "kimi daha
çox sevirsən?" sualına cavab əsasında
yazılmış Tofiq Fikrətin "Şərmin"i
şəkilcə, Cavidin Gülbaharı isə həm şəkilcə,
həm də estetik məhvərinə görə Bodlerin
"Yabançı"sı ilə həmahəngdir.
***
1918-ci ildə müstəqil Azərbaycan
Respublikasının bayrağı ucalacaqdı. Amma ona qədər
mürəkkəb və xaotik, ziddiyyətli və kataklik,
siyasi aşamalar və burulğanlarla zəngin dövr
yaşanır, gərgin proseslər gedir. Xalqın
milli məfkurə istiqaməti müəyyənləşdirilir.
Bu dalğaya Əli bəy Hüseynzadə
"türkləşmək, islamlaşmaq,
avropalaşmaq", Cəlil Məmmədquluzadə "vətən,
millət, dil" triadası ilə qoşulur. Davamlı olaraq, milli dil, birlik, istiqlal, azadlıq,
milli ideya və amal məsələlərini qoyur, onun
üçün savaşır, mücadilə edirlər.
XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə,
Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Abdulla
Şaiq, Sultan Məcid Qənizadə, Rəşid Əfəndizadə
və başqa aydınlarımızın sayəsində milli
məfkurə məsələləri daim ön planda
olmuş, xalqın, uşaqlarımızın maariflənməsi
məsələsi kəskin ifadəsini tapmışdır. Vətən, millət, dil, hürriyyət, maariflənmək.
Bu ədiblər bütün ömürlərini
bu məqamlara hədəfləyərək yaşadılar.
Yaradıcılığının bütün
aspektlərində azərbaycançılıq amilinə
istinad edərək vətənin, millətin və dilin
varlığının qorunması yönündə
aparıcı fəaliyyəti ilə seçildilər.
Məsələn, Əli bəy Hüseynzadə uşaqlar
üçün yazdığı "Bilgin qız və
arı" şeirində türklük üçün
birliyin, hürriyyətin əsas olması, bunun da yolunun
kamaldan, maariflənməkdən keçməsi
vurğulanırdı:
İstər
bir fərd olsun, istər bir məşər, (xalq)
Hürriyyəti fəda edəməz bəşər?
Əbədi
barışa yol bulmaq için
Təsanüdü
(birliyi) əsas tanımaq istər!
Məsud
olamayız, olsaq da arı
İnsanlığın
yolu, ülgüsü ayrı!
Kamalın
bulduğu yoldadır işıq
Bu
işıqdır türkün qutlu şüarı!..
Eyni
mövqeyi Əli bəy Hüseynzadənin qızı Feyzavərə
yazdığı "Bağçamın ağacları"
silsilə şeirlərində də görürük:
Xızırdan
nişandır yaşıl yarpağım,
Haqqın
sevgisilə yanar çırağım,
Umrana,
rifaha işarətəm bən:
Sülhə
əlamətdir dalım, budağım!..
(Zeytun)
Uşaq
şeirlərini sadə, anlaşıqlı bir dillə qələmə
alan Əli bəy Hüseynzadə burada da
milli ruhunu, məfkurə istiqamətini qoyurub saxlayır. İttihad, birləşmək, sülhə
çağırış, xalqın əsarətdən
qurtulması ideyası əsas məram olaraq irəli
sürülür.
Əli bəy
Hüseynzadə "Nümunə məktəbi" məqaləsində
uşaqlara ana dilinin öyrədilməsinin vacibliyi
məsələsini əsas məram kimi irəli
sürürdü: "Bir uşağın bu sürətlə
öz ana dili ta ibtidadən ehmal olunub ona zorla əcnəbi dilləri
təhsil edilirsə nə nəticə hasil olur? Şu nəticə hasil olur ki, uşaq
iki-üç ilin ərzində əməgə müqabil bir
dildə yazıb-oxumaq, bir dildə yazılan kitabları oxuyub
anlamaq istərkən heç bir dildə nə yazmağı
və nə də oxumağı bilməz. Asanlıqla
öyrənə biləcəgi öz ana türkcəsi ehmal
edildigi üçün türkcə bilməz, çətinliklə
öyrəndigi farsi və ərəbi
natamam qaldığı üçün farsı və ərəbi
bilməz! Burası şayani-diqqətdir. Çünki şagirdlərin çoxu fəqir-füqəra
uşaqları olduqları üçün iki-üç ildən
artıq məktəblərdə qalmayıb atalarına, ailələrinə
kömək üçün kəsbü kar dalına
düşməgə məcburdurlar".
Böyük
ideoloqun Azərbaycan Ədəbiyyat Cəmiyyətinin 5 martda
olan təntənəli iclasda söylədiyi və elə həmin
ilin martında "Ədəbi parçalar" dərgisində
çap olunmuş nitqi var. Həmin nitqdə müəllif
yazılan hər bir mətnin xalqa yaxın olmasının əhəmiyyətindən
bəhs edir: "Bir gün soqaqda bir çocuq gördüm.
Topla oynayırdı, topu yuxarı atdıqca, top geri
dönüb aşağı düşürdü. Fəqət topu əvvəla yerə vurduqca, top əqəbində
yüksəlirdi. Əsatirdən məşhur bir hekayəni
xatırladım:
Bir pəhləvan, əsatiri bir pəhləvan digər pəhləvanlarla
güləşdikcə bunlar onun arxasını daima yerə gətirirlərdi,
fəqət yenəmiyorlardı və nəhayət kəndiləri
məğlub olub tələf olurlardı. O pəhləvanlar güləşməyə,
boğuşmağa hazırlanarkən yeni bir pəhləvan bu
hal hikmətini bir həkimdən sordu. Həkim dedi ki: Yer o pəhləvanın
anasıdır. Arxası yerə gəldikcə
yerdən qüvvət bulur və rəqibini çəkiyor.
Onu bilmək
üçün ayaqlarını yerdən üzməli, sonra
havaya qaldırıb havada boğmalıdır və həqiqətən
pəhləvanın ayağı yerdən kəsilincə tələf
olub getdi!..
Ədəbiyyat da elədir. Xalqa enmədikcə
yüksələməz. Əvvəla
xalqa, köylüyə, əmələyə vəlhasil
böyük kütləyə qədər enməli, sonra
bunlarla bərabər yüksəlməyə
çalışmalıdır. Böyük
ədiblər, böyük alimlər, həkimlər
çoxun içindən çıxa bilir, yoxsa tək-tük
yüksəlmə burjuanın, aristokrasının içindən
yetişəməz. Bütün millət ən
aşağı təbəqatına qədər heyəti-ümumiyyəsilə
yüksəlməli ki, içindən ədiblər, şairlər,
sənətkarlar, böyük-böyük millət xadimləri
çıxsın!.." ("Ədəbi
parçalar", 1926, № 1).
Digər ədibimiz - Cəlil Məmmədquluzadənin
yaradıcılığı da bizdə estetik
özünüdərkin faktıdır. Milli ədəbiyyatımızın
təkamül tarixini adətən, üç mərhələdə
xarakterizə edirlər: islama qədər olan, islamla
başlayan və Avropaya inteqrasiya edən üç ədəbi
dövr. Cəlil Məmmədquluzadə
yaradıcılığı bu üç qütbü birləşdirən
yaradıcılıq faktı kimi doğuldu. Və ehtiva etdiyi tarixi təcrübəsinə
görə yeni dövrün milli mədəniyyəti
sırasına daxil oldu. Bədii mətnlər, publisistik
yazıları, "Xatiratım"... Hamısı
eyni estetik, həmçinin ideoloji-siyasi dalğanın
içindədir Mirzə Cəlil
yaradıcılığında. 1917-ci ildə
yazılan "Rus məxrəci" məqaləsində
müəllif satiranın dili ilə Azərbaycanı müstəmləkəyə
çevirənlərə etirazını bildirirdi. Burada
qoyulan məsələ xalqı idarə edənlərin öz
doğma dilində danışmaması məsələsi idi:
"Bunu hamı görür ki, bu saat Qafqaz müsəlmanlarını
idarə edən şəxslərin heç biri müsəlmanca
(türk dilində) yazıb-oxumağı bacarmır; nəinki
bacarmır, bəlkə, belə fəxr eləyir ki,
bacarmır". Yaxud "Qeyrət" məqaləsində
"ana dili" məsələsi ilə bağlı belə
bir məqam var: "Məlumdur ki, keçən ay Tiflisdə
şəhər duması vəkilləri bir səs ilə qərar
qoyublar ki, hökumətin orta məktəblərində ana
dilinin qeyri dərslər dərəcəsində
oxunmasını tələb etsinlər, həmin məclisdə
bu qərara ermənilər də və gürcülər də
qol qoydular". Bəs bizim ziyalılar necə?
Məlum olur ki, məhz milli birliyin olmaması,
eləcə də öz ana dilini lazımi səviyyədə
bilməmələri səbəbindən belə bir ittifaqdan kənar
dayanır. Bu, elə "Anamın kitabı"nda,
"Dəli yığıncağı"nda ifadə olunan
nigaranlıq, həyəcan və ağrı idi ki, görkəmli
ədib vəziyyətin dramatikliyini yetərincə usta şəkildə
inikas etmiş, qabartmış və ironiya predmetinə
çevirmişdi.
Vətənin azadlığı məsələsi Cəlil
Məmədquluzadə üçün xalqın birliyindən
keçirdi. Bir araya gəlməyin yolu idi vətən sevgisi.
Böyük ədib bədii mətn və
publisist məqalələrində birlik məqamına həssaslıqla
yanışır, xüsusilə publisist yazılarında
fikirlərini daha açıq müstəvidə ifadə
edirdi. Məşhur "Azərbaycan" məqaləsində
Cəlil Məmmədquluzadə artıq üsyankardır,
çağırışçıdır, öyüd-nəsihət
verməklə deyil, xalqı oyanışa səsləməklə
istiqlalçı obrazındadır: "Gəlin, gəlin, ey
unudulmuş vətənin cırıq-mırıq
qardaşları! Gəlin görək beşikdə
yad millətlərin südünü əmmiş, vətənimizdən
yadırğamış və millətimizin ruhundan xəbərsiz
bir para millət başçılarımız sizə nə
gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim
lüt-üryan vətən qardaşlarım?!".
"Molla
Nəsrəddin"çi alim Əziz Şərif yazır:
"Öz bədii nəsri, dramaturgiyası, inqilabi fəaliyyəti
ilə Cəlil Məmmədquluzadə yalnız doğma
xalqına deyil, Yaxın Şərqin, islam aləminin istismar və
zülm altında əzilən, cəhalət və
nadanlıq zülmətində boğulan, azadlıq və səadət
uğrunda bütün varlığı ilə vuruşan millətlərinə
də tarixi xidmət etmişdir". Doğru
fikirdir. Cəlil Məmmədquluzadə
üçün vətən anlayışı bütün
Şərq kontekstində götürülən
anlayış idi və ən lokal səciyyədə bu,
otaylı-butaylı Azərbaycanın azadlığı, milli
birliyi səviyyəsində dərk olunurdu. Məsələn,
"Azərbaycan" məqaləsində yazıçı
şimallı-cənublu bütöv Azərbaycanın birlik məsələsini
meydana gətirəcək qədər ideoloq idi: "Ay torpaq
çörəyi yeyən təbrizli qardaşlarım, ay
keçipapaq xoylu, meşginli, sərablı, goruslu və
moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli,
gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli,
qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə
bir yol göstərin! Vallah ağlım çaşıb!".
XX əsrin
əvvəllərində fəaliyyət göstərən
bütün aydınlar əmin idi ki, bu yuxuya verilmiş,
susdurulmuş xalq "tüstü içində
boğula-boğula nicata müntəzir"dir. Buna görə
ümidsizliyə qapılmadan işıq gələn
bütün yollara doğru irəlilədilər. Və 1918-ci
ildə qazanılan müstəqillik - milli-demokratik Azərbaycan
faktı onların mücadiləsinin məntiqi yekunu olaraq
öz sözünü dedi.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2021.- 20 mart.- S.18-20.