"Planetar adam"ın türk təəssübkeşliyi...
Səməd
Vurğun-115
Martın 21-də ustad şair və böyük şəxsiyyət
Səməd Vurğunun 115 yaşı tamam olur. Bu uzun illərin
yarıdan azını - 50 ilini sözünü şair
özü yaşatmış, 65 ilini isə sözü
şairi yaşatmaqdadır. Sözlə
sahibinin ayrı düşməsi, əslində,
"cismani" ayrılıqdır.
Sağlığında şair sözünün necə
şöhrətini aləmə yayırdısa, indi də
"müsəlləh əsgər" kimi keşiyində
durub, şairi yaşadan sözüdür...
S.Vurğunun
115 illiyi ilə bağlı yadıma kövrək bir xatirə
düşür: ağır xəstə yatan şairi
yoluxmağa gələn qohumu Kamal Talıbzadə onu pəjmürdə
görür. Əhvalını açmaq
üçün 50 illik yubileyinə ciddi hazırlıqlar
getdiyini, bu münasibətlə yaxşı tədbirlər nəzərdə
tutulduğunu xəstə şairə bildirir. Cavabında isə eşidir ki, eh, ay Kamal, mənə
nə yubiley. Onsuz da mənim hər
günüm bir yubiley olub. Hansı evə girmişəm,
bir yubiley qədər mənə hörmət ediblər,
hansı məclisdə olmuşam, bir yubiley qədər ehtiram
görmüşəm"...
Doğrudan da, Vurğuna nə yubiley?! Körpələrimizin
"Azərbaycan" şeiri ilə indi də dil
açması, vaxtilə "Azadlıq" meydanında
Ü.Hacıbəyovun uvertürası ilə
yanaşı,"Azərbaycan" şeirinin də səsləndirilməsi
- İstiqlalımızın atributları, simvolları
sırasında yer alması, eləcə də, poetik
düsturunu verdiyi azərbaycançılıq
ideologiyasının dövlətçiliyimizin təməl
prinsipinə çevrilməsi, hüquqlarını tələb
edən cənublu qardaşlarımızın dilindən bu
şeirin düşməməsi... və nəhayət,
aslanlarımızın Qarabağımızı işğal
etmiş yağıların üstünə adıçəkilən
şeirlə də şığıyıb,
torpaqlarımızı azad etməsi - "könlü
Qarabağdan keçən" şairin Qarabağa
"qayıtması" S.Vurğunun yubileyi deyilmi?! ...Amma
S.Vurğunun 90 illiyini yüksək səviyyədə təşkil
edən ulu öndər H.Əliyev bunu da deyib: "Səməd
Vurğun xalqımız, millətimiz üçün o qədər
dəyərli bir şəxsiyyət olub, o qədər zəngin
bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz
bir il müddətində keçirilməli idi. Bu müddətdə
hər yerdə, hər evdə, hər şəhərdə,
hər kənddə Səməd Vurğun yad olunur, onun
şeirləri oxunur, əsərləri yenidən canlanır və
bunlar hamısı müasirlərimizə, gənclərimizə
ruh verir, onları sevindirir, şadlandırır". Bu
müdrik kəlamlar isə ustad şairin yubileylərinin
keçirilməsinin əhəmiyyətini
açıq-aşkar göstərir...
***
Vurğun Azərbaycan xalqının dünya ədəbiyyatına
bəxş etdiyi ən ünlü şairlərdən biri və
planetar şəxsiyyətdir. Yaradıcılığa
başlayandan "Aşiqəm insana və təbiətə"
deyən Səməd Vurğunun poetik manifestində
"dünya" və "Azərbaycan" qoşa qərar
tutur: şair bir tərəfdən özünü
"dünyanı düşünən milyonların
şairi" elan edir, digər tərəfdən isə
"uşaq kimi bağlandığı anası" -
doğma Vətəni Azərbaycanı tərənnümdən
doymur. Bu səbəbdən də şair elə
ilk şeirləri mətbuatda çap ediləndən başlayaraq
(1925) doğma yurdunda heç bir sənətkara nəsib
olmayan tükənməz sevgi qazanmışdır. Lakin bu sevgi Azərbaycanla məhdudlaşmır.
Çox keçmir ki, əsərləri müxtəlif dillərə
(o vaxtkı İttifaqa daxil olan xalqlarla yanaşı, ingilis,
alman, çex, çin, monqol, bolqar, polyak, rumın, ərəb,
fars və b.) tərcümə olunur, 1930-cu illərin əvvəllərində,
artıq Rusiyanın müxtəlif şəhərlərində,
Gürcüstanda, Dağıstanda, Ukraynada, Belarusda, Orta
Asiyada, daha sonra isə, demək olar ki, bütün
respublikalarda, eləcə də İranda, ərəb ölkələrində,
Bolqarıstanda, İngiltərədə, Almaniyada, Polşada,
Amerikada, Hindistanda, Pakistanda və b. ölkələrdə
tanınır.
S.Vurğunun
misilsiz şöhrət qazanmasının səbəblərindən
biri də yaradıcılığında dünyada baş verən
hadisələrə, ictimai-siyasi mövzulara yer verməsi
("Ölüm kürsüsü", "Zəncinin
arzuları", "Avropa xatirələri" silsiləsindən
olan əsərləri və s.), başqa sözlə, əsərlərinin
geniş vüsət kəsb etməsi ilə bağlı
olmuşdur. Akademik M.Arifin də
yazdığı kimi, "S.Vurğun -
yaradıcılığına bəşəri duyğuların
tərənnümü xas olan dünya miqyaslı əsl sənətkar
səviyyəsinə yüksəlmişdir. Parlaq milli şair kimi qalmaqda davam edən sonrakı
Vurğun hər kəsin adından və hər kəs
üçün danışa bilərdi. Bizə
elə gəlir ki, onun bu illərdə (1940-cı illərin
sonları 1950-ci illərin əvvəlləri nəzərdə
tutulur - A.S.) İngiltərə, Almaniya və Amerika
haqqında şeirlər yazması təsadüfi deyildi... Məsələnin mahiyyəti ondadır ki,
S.Vurğun bədii fikrin və bəşəriliyin o
miqyaslılığını əxz etmişdi ki, Qoqolun
sözləri ilə desək, "çox-çox uzaqlardan -
dünyanın hər yerindən görünürdü".
S.Vurğunun
ünvanına müxtəlif illərdə, xüsusilə də
50 illik yubileyi və dünyasını dəyişməsi ilə
əlaqədar Polşanın, Bolqarıstanın,
Almaniyanın, İngiltərənin, Hindistanın,
Pakistanın, Çinin, Monqolustanın, Koreyanın,
Vyetnamın, İranın müxtəlif şəhərlərindən,
ərəb ölkələrindən göndərilmiş məktubların,
teleqramların əsilləri S.Vurğunun ev-muzeyində indi də
qorunmaqdadır və bunlar da şairin dünya şöhrətinə
şahidlik edir.
Sənədli
mənbələrlə yanaşı, "canlı arxivlər"
- şahidlər də S.Vurğunun adının hələ
sağlığında zəmanəsinin böyük şairlərinin
adı ilə yanaşı çəkildiyini, şöhrətinin,
yalnız Sovet İttifaqında deyil, xarici ölkələrdə
də yayıldığını, Avropa və Asiyanın
görkəmli yazıçılarının bu böyük
şəxsiyyəti, istedadlı şairi
tanıdıqlarını, ədəbi fəaliyyətini
maraqla izlədiklərini təsdiq edirlər. Xalq
yazıçısı M.İbrahimov S.Vurğunun, hələ
1930-cu illərdə Moskva və Leninqrad kimi şəhərlərdə
böyük şöhrət qazandığını,
1940-cı illərin əvvəllərində İrana səfər
etdiyi zaman orada da "tanındığını, hörmət
və məhəbbətlə yad edildiyini"
xatırladır. 1947-ci ildəki Hindistan səfərini
qürurla xatırlayan görkəmli yazıçı
dünya xalqlarının Azərbaycanı üç şeylə
tanıdığına diqqət yönəldir: "Nizami,
1945-1946-cı illərdə İran Azərbaycanındakı
demokratik hərəkat və Səməd Vurğun!".
Şairin qələm dostları - N.Tixonov və
A.Alimcanov isə (qazax şairi) S.Vurğunun Pakistanda,
İranda, Asiyada, eləcə də ərəb ölkələrində
"tanındığına və sevildiyinə"
şahidlik edirlər. Xarici ölkə vətəndaşlarının
Azərbaycanı S.Vurğuna görə tanımaları digər
mənbələrdə də təsdiqlənir. Bir çoxları, doğrudan da, S.Vurğun deyəndə
Azərbaycan, Azərbaycan deyəndə S.Vurğunu
düşünmüşlər.
Bütün bu deyilənlər S.Vurğundan milli şair
olmaqla yanaşı, bir planetar ədəbi şəxsiyyət
kimi söz açmağa da imkan verir. Bu təşbihdə nə yersiz təəssübkeşlik,
nə də mübaliğə var - bu gerçəyi
dünyanın bir çox nüfuzlu ziyalıları, alimləri
(L.Araqon (fransız), V.Mey (ingilis), V.Brands (alman), İ.Emin
(yuqoslav), A.Zayonçkovski (polyak), M.Zayonçkovski-Zaremba
(polyak), X.Botev (bolqar), L.Balek (çex), D.Urianxay (monqol) və
b. monoqrafik tədqiqatları, məqalələri, bədii əsərləri
və şair haqqındakı müdrik kəlamları ilə
təsdiqləmiş, onu "Müasir dünya ədəbiyyatının
iftixarı" (L.Araqon) hesab etmişlər. Xatırladaq ki, hələ
65 il əvvəl ünlü türk
şairi Nazim Hikmət də S.Vurğunu
"poeziyamızın planeti" (dünyanın hər yerindən
görünən səyyarə) adlandırmış, bu
planetin "Günəşinin, ulduzlarının heç
zaman sönməyəcəyini" bəyan etmişdi.
S.Vurğun
irsi, xüsusilə də onun yaradıcılığındakı
milli kimlik və azərbaycançılıq ideologiyası ilə
bağlı orijinal fikirlər söyləmiş böyük
alim Yaşar Qarayev isə şairin
planetarlığının parametrlərini obrazlı şəkildə
belə şərh edib: "Şair (S.Vurğun - A.S.) kosmosun
fəthi dövrünü görsəydi, ayrı heç nəyi
yox, məhz kosmik peyki planetə müraciət etmək
üçün ən münasib tribuna adlandırardı və
həmişə olduğu kimi, Vurğun monoloqu belə bir
tribunaya yenə də yaraşardı!
Şübhəsiz, Vurğun üçün ən
böyük tribuna, kosmik orbitdən də uca xitabət
kürsüsü isə poeziya idi. Məhz bu tribunadan
şair bütün planeti görür və bütün
planetdən görünürdü. Lakin
daha mənalı olan odur ki, dünya və planet
auditoriyasına da o, həmişə "Azərbaycan"
monoloqu ilə müraciət edirdi".
Bu bir
neçə cümləlik mətndə filosof-tənqidçi
ustad şairin şəxsiyyəti və
yaradıcılığında yer alan həm
milli, həm də bəşəri duyğulara kifayət qədər
aydınlıq gətirmişdir. Yalnız bir məqamı bir
qədər də qabartmağı lazım bilirik: bəzi əsərlərində,
məsələn, 1927-ci ildə adsız qələmə
aldığı bir şeirində (Bir qəlb ki...) olduğu
kimi, S.Vurğunun "Qafqazda çırpınan qəlbinin,
Altaya qoşması" oxucunu, xəyali də olsa, qədim
türk yurduna - Altaylara səyahətə təşfiq edirdi. Bu kimi retrospektiv xatırlatmalar isə
"bütün dünyanın əks olunduğu Vurğun
poeziyasında" və ümumiyyətlə
yaradıcılığında məxsusi yeri olan məkanlardan
birinin də türkün coğrafiyası olduğundan xəbər
verir.
Şairin,
xüsusilə yaradıcılığının birinci mərhələsində
- 1920-ci illərin ikinci yarısı və 1930-cu illərin əvvəllərində
türkiyəli şairlərin yaradıcılığına
müraciət etməsi, onların təsiri ilə əsərlər
yazması və hətta onlardan bəzilərinə şeir həsr
etməsi (məsələn, T.Fikrətə), yaxud onun
"yolunu təqib etməsi"ni (O zaman Fikrəti təqib edərək...)
dilə gətirməsi, gənclik illərində Türkiyənin
romantik şairlərinin (Ə.Hamidin) təsiri altında
olduğuna etdiyi işarələr də eyni məqsədə
- ümumtürk yaddaşının "ehyası"na -
dirçəlişinə istiqamətlənmişdi. Lakin
milli-mənəvi yaddaşa bu və buna bənzər işarələr,
təbii ki, o illərin "çekist ruhlu" tənqidçilərinin
diqqətindən yayınmır, türkçülükdə
ittiham edilən şairin başının üzərini elə
həmin illərdən qara buludlar almağa
başlayırdı:
"Üzərimdə
qara-qara,
İlan başlı buludlar var.
Gəril,
sinəm hücumlara,
Ayğır
dalınca toz qopar...
S.Vurğunun türkiyəli şairlərdən təsirlənməsi,
təbii ki, gənc şairin yaradıcılıq yolunun (ədəbi
cərəyan mənsubluğunun) müəyyənləşməsinə
də təsir etmişdir. Lakin sovet ədəbiyyatşünaslığında
bu ədəbi fakta, məlum səbəbdən ifrat ideoloji
mövqedən yanaşılmış, onun türkiyəli
şairlərdən (T.Fikrət, Ə.Hamid, R.Tofiq, N.Kamal və
b.) təsirlənməsi 1930-cu illərin mətbuatında
"zərərli bir meyil" -"burjua şairlərindən
təsirlənmə" kimi qiymətləndirilmişdir -
S.Vurğun bu fakta görə, qeyd etdiyimiz kimi,
qınanmış və ittiham edilmişdir.
Türkiyəli şairlərin əsəsrlərinə
marağı və sevgisi, vurğuladığımız kimi,
şairin dünyagörüşünə, həyatı dərkinə,
eləcə də yaradıcılığına təsir
etmişdir.
O, Tofiq Fikrətin "Göydən yerə" şeirinin təsiri
ilə eyniadlı (sonrakı çaplarda "Ondan da gözəldir"),
RzaTofiqin təsiri ilə "Dilcan dərəsi",
N.Kamalın təsiri ilə "Çənə söhbəti",
Nazim Hikmətin təsiri ilə "Hərəkət"
şeirini yazmış, əsərlərindən birində
(avtobioqrafik əsər olan "Şairin həyatı"
pyesində Polad - gənc Vurğun səhnəyə
qoltuğunda Ə.Hamidin "Məqbər" əsəri
daxil olur) gənclik illərində Ə.Hamidin təsiri
altında olduğuna işarə etmişdir. 1930-cu
illərdən türkçülüyə qarşı ciddi
mübarizə başladıldığından və
S.Vurğunun özü də millətçilikdə ittiham
edildiyindən, təbii ki, onun da digər qələm
yoldaşları kimi, türkə və
türkçülüyə olan rəğbəti və bu
istiqamətdəki fəaliyyəti təhlükə ilə
üzləşmişdir. Bu təzyiq və təqiblərin
nəticəsi kimi şair çap etdirə bilmədiyi bir qitəsində
hələ 1935-ci ildə yazırdı ki:
Döyür
pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin
gecənin qaranlıqları,
Ömrə
son sözümü deməmişəm mən...
Şairin əsərlərində işlətdiyi
"türk" sözləri (hətta ilk çaplarında
da "türk" getmiş) sonrakı nəşrlərdə
başqa söz və ifadələrlə əvəzlənmişdir
("Çevirdim ilk dəfə türkün dilinə"
misrasının, əvvəlcə "Mən çevirdim Azərbaycan
dilinə", daha sonra isə: "Çevirdim Vaqifin
şirin dilinə" şəklinə salınması kimi;
mövzu ilə ilgili ayrıca məqalə dərc etdirdiyimizdən
deyilənlərlə burada kifayətlənirik).
Lakin
şairin türk sevgisi soydan-gendən gələn bir hiss,
duyğu olduğundan, təbii ki, unudula bilməzdi və
unudulmadı da. Azərbaycançılıq
ideologiyasına yansıtdığı
türkçülüyü, türkə rəğbəti
şair, o vaxtkı İttifaqın tərkibinə daxil olan
müsəlman-türk xalqlarına, o sıradan
Türküstan türklərinə həm bədii
yaradıcılığında, həm elmi-ictimai fəaliyyətində,
həm də şəxsi münasibətdə davam etdirdi.
Məsələn, şair 1937-ci ildə "Şeirimizin
ağsaqqalı" adı ilə görkəmli qazax
aşığı C.Cabayevə həsr etdiyi şeirdə
onun fərdi keyfiyyətlərini qabardaraq, ustad sənətkar
kimi təqdim etməklə yanaşı, ortaq milli alətlərimizi
(tar, saz, tənbur və s.) və ortaq mənəvi dəyərləri
xatırladır. S.Vurğun başqa şeirlərində
də Cambulun adını çəkmiş, ortaq dəyərlərə
işarələr etmişdir. Yaxud tatar
şairi Musa Cəlilə həsr etdiyi şeirdə ("Mənim
şair dostum, şair qardaşım") o, vətənpərvər
şairə yad millətin nümayəndəsi yox, azərbaycanlı
balası - qardaş kimi yanaşmış, onun göstərdiyi
qəhrəmanlıqla azərbaycanlıların da
başını ucaltdığını bildirmişdir.
Eyni ruh S.Vurğuna həsr edilmiş şeirlərə də
hakimdir.Təxmini hesablamalara görə, S.Vurğuna mindən
artıq bədii əsər (şeir, poema, dram, hekayə,
povest, roman və s.) həsr edilmişdir ki, bunların bir
qismini də türk-müsəlman şair və
yazıçılarının qələmə
aldıqları təşkil edir. Q.Qulamın, Zülfiyyənin,
Şöhrətin, Q.Quliyevin, M.Auezovun, B.Kerbabayevin,
A.Tokombayevin, Ə.Minskinin, M.Tursunzadənin, İ.Nuriyevin,
R.Rıskulovun və b. sənətkarların S.Vurğuna həsr
etdikləri əsərlərdə ustad şairə və Azərbaycana
eyni müstəvidə və eyni məhəbbətlə
yanaşıldığından, ortaq milli dəyərlər
xatırladıldığından bu fakt bir tərəfdən
qardaş xalqları daha da doğmalaşdırır, digər
tərəfdən, Azərbaycanın da daha geniş arealda təbliği
və tanınmasına səbəb olurdu.
Yeri gəlmişkən onu da xatırladaq ki,
bütövlükdə ədəbi əlaqələr
mövzusu, eləcə də S.Vurğunun bu istiqamətdəki
fəaliyyəti, sovet dövründə məlum səbəbdən
daha çox SSRİ xalqları ədəbiyyatı kontekstində
tədqiq, təbliğ və təqdim edilmişdir. Xalqlar dostluğu ideyası
o dövrün dövlət idarəçilik sisteminin
prioritetlərindən biri olduğundan ədəbi əlaqələr
də, bir qayda olaraq o vaxtkı İttifaqa daxil olan
xalqların, xüsusilə də xristian xalqları, ilk
növbədə rus-slavyan xalqları ilə dostluğu ehtiva
edir, rus dəyərləri ümumilikdə sovet
xalqlarının milli dəyərləri kimi təbliğ
olunurdu. Müsəlman-türk xalqları
arasındakı milli-mənəvi dəyərlərə isə
"çeşidli" üsul və mexanizmlərlə
(açıq və örtülü) məhdudiyyətlər
qoyulurdu. Lakin bu sərhədləri
aşanlar da vardı və o böyük şəxsiyyətlər
müsəlman-türk xalqları arasından çıxan
ziyalılar, ədəbi avtoritetlər idi. Onlardan biri də sovet poeziyasının
"ağsaçlı qartalı" S.Vurğun olmuşdur.
Doğrudur, onun dostları arasında sovet xalqlarının,
demək olar ki, bütün nümayəndələri (rus -
A.Fadeyev, N.Tixonov, K.Simonov, M.Şoloxov; ukraynalı -
P.Tıçina, M.Tank, Korneyçuk; gürcü -G.Leonidze,
K.Kaladze və b.) var idi və məramları "Nə
yaxşı ki, dünyada Səməd Vurğun var!" - olan
bu görkəmli sənətkarlar da şairə ehtiramla
yanaşmış, onunla dost olmağı özlərinə fəxarət
saymışlar. Ona təkcə azərbaycanlılar
yox, o vaxtkı İttifaqa daxil olan bütün xalqlar sonsuz
sevgi və ehtiramla yanaşmışdır. Lakin şairin müsəlman-türk
xalqlarının nümayəndələri ilə
dostluğunda (Q.Qulam, H.Alimcan, Şöhrət, M.Tursunzadə,
Kerbabayev, Ə.Minski, R.Həmzətov və b.) və
onların şairə münasibətlərində həm də
soy-kökdən, qədim ənənələrdən, milli-mənəvi
dəyərlərdən gələn bir məhrəmlik,
doğmalıq da müşahidə olunurdu. Bu
doğmalığı, artıq 1930-cu illərin əvvəllərindən
o vaxtkı İttifaqın nüfuzlu şəxsiyyətlərindən
birinə çevrilmiş S.Vurğun, müsəlman-türk
ziyalılarının özlərinin də etiraf etdikləri
kimi, onların doğma torpaqlarında olub (Daşkənddə,
Kazanda və b. şəhərlərdə), ədəbiyyatları,
mədəniyyətləri, tarixi şəxsiyyətləri
haqqında milli təəssübkeşliyi gizlətmədən
odlu-alovlu çıxışlar etmiş, ehtiyac olduqda
soydaşlarından köməkliyini əsirgəməmiş,
bəzilərini müəyyən "çətinliklərdən"
də qurtarmışdır.
Azərbaycan - Türküstan əlaqələrinin
formalaşması və inkişafında ən etibarlı və
çevik vasitələrdən biri də, qeyd etdiyimiz kimi, ədəbiyyat,
bir qədər də dəqiq desək, ədəbi əlaqələr
idi. Müsəlman-türk xalqları arasındakı
ortaq tarixi-mədəni gələnəklər, ədəbi-nəzəri
eyniliklər, yaxud bənzərliklər - doğmalıq bu
istiqamətdəki əlaqələrin dinamikliyi və əhatəliliyini,
təbii ki, daha da artırırdı. Bu
prosesə ədəbi və ictimai nüfuzu yüksək olan
şəxsiyyətlərin daha böyük uğurlar
qazandırdığı da danılmazdır - Azərbaycan -
Türküstan ədəbi əlaqələrinə
S.Vurğun nüfuzunun qazandırdığı uğur kimi.
Bu əlaqələr sırasında Azərbaycan-özbək
əlaqələri xüsusi yer tutduğundan bu barədə
bir qədər ətraflı danışmağı lazım
bilirik.
S.Vurğunun özbək ədəbiyyatı ilə əlaqələri,
bizə məlum olduğuna görə, Nizami və Nəvai
Yubiley Komitələrinin 1940-cı ilin 3 dekabrında Moskvada
keçirilən yığıncağındakı
çıxışı ilə başlayır. Şair burada hər iki sənətkarın
yubileylərinə hazırlıqla bağlı çox ciddi
problemlərə toxunur (yeri gəlmişkən, Nizami Yubiley
Komitəsinin sədri, görkəmli şair Səməd
Vurğun, Nəvai Yubiley Komitəsinin sədri isə
müasir özbək ədəbiyyatının
yaradıcılarından olan Həmid Əlimcan
seçilmişdi).
Şair çıxışında "moskvalı
yoldaşlar"ın - rus ədəbiyyatşünaslarının,
rusdilli mətbuatın Nizami və Nəvai irsinin təbliğində
göstərdikləri laqeydliyi kəskin tənqid etməklə
yanaşı, milli ziyalıların özlərini də
günahlandırır. Bildirir ki, "...biz hələ geniş
kütlələrin diqqətini nə Nizamiyə, nə də
Nəvaiyə cəlb edə bilməmişik, onların
yaradıcılığını bütün əzəməti
ilə təbliğ edə bilməmişik".
Başqa sözlə, şair bu məsələdə həm
azərbaycanlıları, həm də özbəkləri təqsirləndirir
və əlavə edir ki, "Biz rus yoldaşlarımızdan
tələb edirik ki, onlar bizim ədəbiyyatın tarixi ilə
məşğul olsunlar, bu haqda yazsınlar və sairə... Bu, yaxşıdır. Lakin bu
heç də o demək deyildir ki, biz özümüz - yerli
yazıçılar, ədəbiyyatşünaslar,
tarixçilər hamıdan çox və yaxşı
tanıdığımız öz şairlərimiz
haqqında rus mərkəzi mətbuatına
yazmamalıyıq".
Şair çıxış yolunu "yerli
yoldaşlar"ın (özbəkləri və azərbaycanlıları
nəzərdə tutur - A.S.) məqalələr yazıb,
onları Moskvaya mərkəzi qəzet və jurnallara göndərməsində
görür.
Problemə ciddi yanaşan S.Vurğun, eyni zamanda
hazırlıq prosesini "bu işi sevən moskvalı
yoldaşların qüvvələrinə arxalanmaqla" təşkil
etməyi də lazım bilir.
S.Vurğun çıxışında Nəvainin
yubileyinə hazırlıqla əlaqədar bir neçə ay
əvvəl Daşkənddə keçirilən plenumdakı
(1940) iştirakını da xatırladır (həmin tədbirdə
S.Vurğunla birlikdə o illərin gənc alimi Həmid
Araslı da iştirak etmiş və "Ustad" adlı
xatirəsində bu barədə məlumat vermişdir. Müsəlman-türk
xalqlarının ünlü simalarının da
qatıldığı o tədbirdən S.Vurğunun,
M.Şeyxzadənin, M.Tursunzadənin, H.Araslının, S.Ayninin
və Q.Qulamın əks olunduğu bir fotoşəkil də
yadigar qalmışdır. Bu nadir şəklin
tarixçəsi və plenum haqqında H.Araslı xatirəsində
söz açmışdır).
Daşkənd
plenumunda "Nəvainin dövrünü və
yaradıcılığını çox gözəl bilən
və fəlsəfi mövqedən təhlil edən, yüksək
mədəniyyətli gənc qüvvələrin məruzələri"ni qədərincə dəyərləndirən
S.Vurğun, eyni zamanda Moskvada və Leninqradda Nəvai
yaradıcılığını yaxşı bilən alimləri
də üzə çıxarıb, onları "xalqın məişəti
və tarixi, Nəvainin yaradıcılığı ilə
yerindəcə tanış olmaq məqsədilə Özbəkistana,
Daşkəndə səfərlərini təşkil etməyi"
zəruri sayır.
S.Vurğun
Ə.Nəvainin ən böyük xidmətlərindən
birini bütövlükdə Şərq xalqlarının ədəbiyyatını
fars dilindən təmizləməsində
görür. O,"əzəmətli şəxsiyyət"
adlandırdığı Ə.Nəvainin, yalnız
böyük ədəbiyyat deyil, böyük dil
yaratdığını da diqqətə çatdırır,
əlavə edir ki, "Nəvai bir alim kimi, dilşünas
kimi, tarixçi kimi çıxış edir. O, son dərəcə
çoxcəhətli istedaddır".
S.Vurğun N.Gəncəvinin yubileyinin 1941-ci ilin
noyabrında Azərbaycanda qeyd ediləcəyinə, "sonra
Bakıdan Xəzər dənizi və Orta Asiya dəmir yolu ilə
Daşkəndə gedib, orada Nəvainin yubileyinin qeyd ediləcəyinə"
ümid edir. Lakin 1941-ci ilin iyununda başlanan Böyük Vətən
müharibəsi bu arzunun reallaşmasına imkan vermir - hər
iki böyük şairin yubileyi 1947-ci ildə qeyd edilir.
S.Vurğun
çoxmillətli sovet poeziyasının 20 il ərzində
keçdiyi inkişaf yolunun mərhələlərini elmi-nəzəri
baxımdan əhatəli təhlil etdiyi Sovet
yazıçılarının II qurultayındakı
sanballı məruzəsində də ("Sovet poeziyası
haqqında") adını yenə Nizami ilə qoşa
çəkərək, Nəvaini xatırlatmış,
onların yaradıcılığında "öz zəmanəsinə
görə yeni realist başlanğıc olduğunu görməyən
vulqar ədəbiyyatçıların kökündən
yanıldıqlarını" diqqətə
çatdırmış, saray şairlərindən fərqli
olaraq, məhz onların "əsl xəlqi və həqiqi
poeziya yaratdıqlarını" vurğulamış və
dediklərinə bunu da əlavə emişdir: "Əgər
bizim uzaq keçmişdə yaşamış sələflərimizin
yaratdıqları əsərlər tarixin, əsrlərin
sınağından çıxa bilmişsə, bunu, hər
şeydən əvvəl və başlıca olaraq onunla izah
etmək lazımdır ki, onların əsərlərində
böyük həyat həqiqəti dahiyanə tərənnüm
edilmişdir".
Şair adıçəkilən məruzəsində
digər respublikaların sənətkarları ilə
yanaşı, özbək poeziyası haqqında da
(Q.Qulamın, Zülfiyyənin, M.Şeyxzadənin bəzi əsərlərinin
timsalında) maraqlı fikirlər söyləmişdir.
Məlumdur ki, S.Vurğun öz poetik məktəbini
yaratmış Nizami, Füzuli, Sabir, R.Rza kimi çox
istedadlı şairlərdəndir. Bu məktəbdən
ilham alanlar, onun yaradıcılıq yolunu davam etdirənlər
kifayət qədər - yeni dövr ədəbiyyatımızın
aparıcı qolu və qüvvəsini təşkil edən ən
istedadlı şairlərin sayı qədərdir (B.Vahabzadə,
M.Araz, Ə.Kərim, X.Rza, H.Arif, H.Kürdoğlu,
Ə.Kürçaylı, N.Xəzri, N.Həsənzadə və
b.).
Özbəkşünas
alim Almaz Ülvi analoji prosesi dünya, o sıradan Orta Asiya (eləcə
də özbək) şairləri arasında da müşahidə
edir: "Sanki özbək şairləri də Səməd
Vurğun kimi yazmaq-yaratmaq bəhsində imişlər. Təkcə
özbəklər yox, bütün Orta Asiya türkləri... Həm də təkcə Orta Asiya yox, keçmiş
SSRİ-nin bütün respublikaları, Avropa - Asiya ölkələri
Səməd istedadına, vurğunluğuna, şeiriyyətinə
heyran qalmışdılar. Hamı onun kimi
təbiətə, şeirə vurğun olmaq istəyirdi.
Hamı "Azərbaycan" kimi yazmaq istəyirdi və
hamı, az qala bütün dünya "Azərbaycan"ı
öz dilinə tərcümə etdi".
"Səməd başdan-başa istedad idi. O, yalnız şeir
üçün doğulmuşdu" - deyən və
"dahi Səməd Vurğunu yetirdiyinə görə qədim
Odlar yurdunu - Azərbaycanı "xoşbəxt ölkə"
adlandıran Q.Qulamın S.Vurğuna olan sevgisi
bütövlükdə özbək ədəbiyyatına
yansımış, ustad şairə ehtiram Azərbaycana sevgi
ilə eyni status qazanmış (Q.Qulamın Azərbaycan
mövzusunda qələmə aldığı "Biri-birinə
şagird, biri-birinə ustad", "Qırx yaşlı Azərbaycan",
"Səməd Vurğuna", "Xəzər" və
b. şeirlərində də) və bu fakt bir çox özbək
şairinin bədii əsərləri və xatirələrində
də geniş əks olunmuşdur.
Özbək şairlərinin Azərbaycan sevgisi, bizim sənətkarlara,
o sıradan S.Vurğuna ehtiramı və rəğbəti
C.Cabbarlının əsərlərində də yer
almışdır. "Bakı səfəri" şeirində bu
qardaş xalqların böyük sənətkarlarını
xatırladan şair S.Vurğunla Q.Qulamın dostluğuna da məxsusi
yer verir:
Qafur Qulam
ilə qardaş kimiydi,
Bu sənət nəhəngi, o - söz mahiri.
Elə
ki, dil açıb konuşardılar,
Sapa düzülərdi söz cəvahiri.
Kəlamları
müdrik, söhbətləri xoş,
Turan dünyasının iki şairi.
Azərbaycan
tarixinə, mədəniyyəti və ədəbiyyatına,
qəhrəmanları və şairlərinə ehtiram, sevgi
özbək şairləri A.Arifin, E.Vahidin, R.Pərvinin, G.Curayevanın,
Səyyarın, R.Əbdürrəşidin əsərlərində
də kifayət qədər yer almışdır.
S.Vurğunun,
özbək ədəbiyyatı ilə yanaşı, digər
müsəlman-türk şairlərinin əsərlərinə
həm məzmun, həm də forma baxımından təsirinin
aşkar göründüyü əsərlərə də təsadüf
edilir: məsələn, Kabarda-Balkar şairi Q.Quliyevin "Sən
nə tez getdin?!" şeirində ustad şairin məşhur
"Şair, nə tez qocaldın, sən?!" adlı
şeirindən, türkmən şairi Q.Seyitliyevin şairin
beşlik formalarından (2-ci misranın 5-ci misrada təkrarlanması)
bəhrələnməsi, B.Kerbabayevin "Qızlar aləmi"
poemasının "Bəsti" poemasını, qazax
şairi S.Seyfullinin "Göyçə tau"
("Göyçə dağ") əsərinin
"Talıstan" poemasını xatırlatması, eləcə
də S.Vurğunun "Vaqif" dramı ilə özbək
şairi M.Şeyxzadənin "Cəlaləddin" pyesi
arasında oxşarlıq olması
vurğunşünaslığa bəlli faktlardır...
Beləliklə, S.Vurğun irsinə fraqmental baxış belə onun "dünyanı düşünən bir şair olmaq" kimi ağır missiyanı yerinə yetirməsi - "planetar adam" statusu qazanması ilə yanaşı, milli-mənəvi dəyərlərin aşağılandığı, "allahsızlar cəmiyyəti"nin hökm sürdüyü və "türk" sözünün belə yasaq edildiyi, bu ad altında Osmanlı türklərinin tanıdıldığı və ünvanına nifrət aşılandığı azman sovet imperiyası daxilində, belə demək mümkünsə, bir "müsəlman-türk birliyi" yaratdığından xəbər verir. Bu "qeyri-rəsmi qurum", bu mənəvi birliyin qorunması və genişlənməsinə müxtəlif vasitələrlə köməklik göstərirmiş, ideoloji çərçivələri yarıb, müsəlman-türk xalqları arasında milli-mənəvi dəyərlərin qoruyucusu missiyasını yerinə yetirirmişdir. Yol başçısı S.Vurğunun olduğu bu missiyanın və şairin əsərlərinin müstəqilliyimizin qazanılmasında, azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin təməl prinsipinə, eləcə də milli ideologiyamızın türk birliyinə çevrilməsində oynadığı rol danılmazdır.
Aslan SALMANSOY
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.22-24.