Yalqız
yaşadığım evin
qapısını tapıram
şəkillərin arasından
və döyürəm;
söykəndiyim bütün
ağaclar gizlənir
it səsindən,
qağayı dimdiyindəki
kibrit qutusundan...
Bir rəssamsa
filmə çəkilməmiş
ömür axtarmağa
başlayır körpələr
evində.
Beləcə...
Heç
təqvimdə iməkləyən
pilləkənlər də böyümədi, dostum...
Düşüb arxamca qaçır
üzümü tanıyan ayağı
palçıqlı qırışlar
...və qışqırır:
Bağışla,
bağışla,
tor qurub işıq dirəklərinə Tanrı...
Görürsənmi...
bizi bu dayanacaqda akvariumlar da tərgitdi,
yarpaqları itkin düşmüş yürüklər
də.
Göz yaşlarına söykənmə,
barmaqlarımdan gizlədirəm
skripkamın yaşını,
skamyaların dəfn
yerini...
...və
unutma,
unutma ki,
qapılar hər iki tərəfdən
qıfıllana bilirsə,
demək, sən
uşaqlıqda oynadığın
topun
çiçəklədiyi günə
qədər azadsan.
Get,
get bir ocaq qala
tərkedilmiş notların otağında...
Daha sevgi qovuşmaq üçün yox,
bir-birini unutmamaq
üçündür...
Günəşi qar,
qarı su,
suyu od unutduğu kimi...
...Bilirəm,
bu saat
sən dən səpirsən göy
üzünə, qollarına xatir
Mənsə
hələ də
gözümü çəkmirəm
cüt rəqəmlərin
yuvasından...
...və birdən
qonşu evdə
yaşayan qocanın
öz qarısına dediyi sözü eşidirəm:
Bağışla,
heç sən də,
heç sən də qalmamısan
yadımda!
Emil RASİMOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
20 mart.- S.24.