Çağdaş Monteneqro şeiri
Slobodan Vukanoviç
(1944) - Monteneqronun tanınmış
ədiblərindəndir, peşəkar
ədəbiyyatçıdır. Podqoritsada yaşayır. "Ulduz
qələmləri", "Gəmi dəftərindəki
qeydlər", "Monteneqronun
kosmik köçü",
"Sonra nə edək?", "Qaşıq-qayıq,
qanadlı balıqlar xətib Yeromonaxı aparırlar", "Duman
qoxulu evlər",
"Zəriflər üçün
deyil", "İnanmazsan,
Amaliya yel dəyirmanına çevrildi",
"Balet üçün
beş libretto" və
başqa şeir kitablarının, "Kəfkir-Açar",
"Tucemil işıldaböcəkləri"
romanlarının müəllifidir.
Onlarca uşaq kitabları nəşr edilib. Əsərləri dərsliklərə salınıb, dram əsərlərinə
quruluş verilib,
30-dan artıq toplu və antologiyalarda əsərləri əsaslı
şəkildə yer alıb.
Artıq yoxdur
Qurbağa quruldayır,
Baxışlarım arzuları geyinir.
Qəfəsdəyəm.
Azadlıqdı arzum.
İlgək - qorxu bağının çiçəyidir.
Mahnılar ümid vermir.
Gələcək yoxdursa,
Keçmiş - cənnətdir.
Azadlıq qəfəsdən qurtula bilməz.
Baxışlarım arzuları geyinir.
An yüzildirsə,
Gözləmək əbədiyyətdir.
Zaman məni
geridə buraxıb.
Geridəqalmışlığı düzəltmək olmur.
Zeytun ağacına
səbrinə görə
qibtə edirəm.
Qızılgülə qoxusuna və məğrurluğuna görə.
Bağışlama və etiraf bitib artıq.
Etibarlılıq müddəti uzadılmr.
Labirint
Əbədiyyət arzulayan o an ki var,
Bax həmin
anda da öldün.
Ölüm gözəlliyin ödəncidir.
Düşüncə unudulmaqdan xilasdır.
Boş yerə düşmüş
kometi
min illər sonra tamam başqa cür
anlamaq və yozmaq olar.
Hər şey başlanğıcdır.
Sərhəd kimi.
Heçlikdə bərabərlik.
Bütün məxluqatın bərabərliyi.
Arxeoloq mənanı
axtarır.
Sən özün
kimin haqlı olduğuna qərar ver.
Ya da Hamlet
ol.
Çoxbilmişlik baş ağrıdır.
Qarışqa uzununa gedir,
quşlar hündürlükdə
uçur.
Zeytun uzun zaman içində
bar verir.
Əncir - anın şahıdır.
Labirint - taleyimizdir.
Qurbağa olmaq istəyirəm
Yağışlı hava kimi hiss edirəm özümü.
Küləkli hava kimi.
Yandırıram, günəşliyəm demək.
Bütün bunlar ötüb-keçəndə
bulanıq sudakı
qurbağaya dönürəm.
Yulaf qoxusu məhv edib məni.
Sualları, yox qayğıları var.
Mən bitmiş və itmiş adamam:
narınginin ətrində,
süsən-sünbülün rəngində,
qadının dadında.
Dərman axtarmaq günahdır.
Axtarırsansa bədənini incidirsən.
Əhval - qəlbimin çərxidir.
Qurbağa olmaq istəyirəm.
Slobodan Vukanoviç
Tərcümələr Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.-
20 mart.- S.29.