Ruhum sağdı
Yol getmir
mənimlə bu ömür yaşım,
Ərkini çəkirəm bir uşaq kimi.
Bəzən duyğuları yorğun
həvəssiz
Tökürəm masama oyuncaq kimi.
Könlümə
ömürlük sirdaş sevdiyim,
Yadlaşıb, əlimə yovuşmur qələm.
Sözümə baxmayır barmaqlarım
da,
Elə bil, həminki adam deyiləm.
Yoxuşa
dirənib hamar yollarım,
Üzümə ağ olur ayağım, dizim.
Quş kimi çırpınır,
darılır ürək,
Sanki yük olmuşam
özümə özüm.
Karvandan
üzülüb, köçdən qalmışan,
Nə canda hünər var, nə
qolda təpər.
Yığıb yaxın-uzaq xatirələri
Hələ yaşayıram elə birtəhər.
Keçir
gözlərimdən bütöv bir ömür,
Yenə təsəllidir köhnə
şəkillər.
Biri vüsal dadır, o biri həsrət,
Şəkil yaddaşında oyaqdı illər.
Ömürdən
borc allam indi hər ili,
İllər yel qanadlı, mən piyadayam.
Gendən
əl eləyir ömrün sahili,
Nə qalıb
sahilə çathaçatdayam.
Bir vaxt il sayardım qırxa, əlliyə,
Sanardım altmışım hələ
öndədi.
Ağsaçlı Səksənim qapı
döyəndə,
Anladım vaxt yetib, bu
son pillədi.
Gözümü
yumuram, dünyam qaralır,
Qaranlıq üstümdə elə bil dağdı.
Ümiddən ruhuma işıq
çəkirəm,
Nə yaxşı
ki, ruhum diridi,
sağdı.
Ömür darıxanda
Ömür
hərdən darıxır,
Dar gəlir əynimə,
Bədən də fağırlaşır,
yetimləşib
Sığınır sinəmə.
Quşlar
ağaclara,
Dalğalar sahillərə,
Gecə-gündüzə
Göz yaşı gözlərə,
Kədər ümidə sığınan
kimi.
Mən də sığınıram üzgün,
yorğun yaddaşıma.
Varla-yox
arasında qalan
Ömür yaşıma.
Tapmıram ürəyi dolu
xatirələrə
Gah o gəlir, gah mən gedirəm
Xatirəmgülə.
Səadət dolu aylarımı,
günlərimə
Çatıram orda
Uşaq
xəyallarıma, analı-nənəli
Dünyama bürünüb yatıram
orda
Şirin
bir nağıl olur
Xatirələr dinəndə,
Hərdən susuz bir səhraya,
Hərdən dərin bir dəryaya dönür,
Aya, günə, ilə, fəsilə
Bir saat, bir ana bölünür.
Bir saymazyana, tələsik yanımdan ötür,
Məni
unut - deyir,
Biri yaddaş qanadır,
Məni gör, məni sev, mənə qayıt - deyir.
Özümü də özümdə
itirirəm onda,
Tapıram onda,
Ömür darıxanda.
Mənsiz məni yaşamağa
Bir
türkü oxuyuram sənə, həyat!
Mənimtək sənin də xəyalın
Quş
olub uçar,
Gözlərin həsrət qalan,
Ayağın dəyməyən yerlərə
qonar,
Bir bayatı çəkərəm,
Bu taydan, o taya,
Çayların, göllərin Umru
gölü kimi
Zamana qəhr
eləyib quruyar.
Sənin
də yuxuların islanar
Mənim
kimi,
Bir ürək ağrıyarsan,
Bir göz yağarsan.
Sən yol verdin, mən
gəldim, həyat!
Haqlı-haqsız savaşları,
Tökülən qanları,
Əzilən cəsədləri, canları
Gözümlə gördüm,
Sinəmdə dərd əkdim,
qəm becərdim,
Amma, sınmadım, əyilmədim,
həyat!
Susuz səhrada su,
Yusifin gün işığı
arzusu,
Leylinin vüsal sevdası kimi
Azadlığımı gözlədim.
Zaman-zaman
ümidlərim
Alnından güllələndi,
Ölmədim, həyat, ölmədim,
Acı rüzigarımı türkülərimlə
dindirdim,
Yanğımı şeirlərimlə söndürdüm
Sən istərdin, mən gəldim, həyat!
Hamı
kimi bir vaxt
Çıxıb gedəcəm mən
də,
Sevgimi qoyacam şeirlərimdə,
türkülərimdə,
Günəşə,
Torpağa,
Dənizə
Doyunca baxmağa
Mənsiz, məni yaşamağa.
Payızla gələn qız
İkinci Cahan savaşı təzəcə
qurtarmışdı. Məktəbə getməyə nə təzə
paltarım, nə də kitab-dəftərim vardı. Anam yeganə toyuğumuzu satıb mənə dəftər-qələm
almışdı.
Bu payız xəyalım çaşdı elə bil,
Uzaq uşaqlığım
qəfil kövrəldi.
Axı nə vaxt-vədə qırx yeddinci il,
Nə payız,
mən görən
payız deyildi.
O
payız hərb dilli, dava hökmülü,
Dərddən, ehtiyacdan libas geymişdi.
Sevincsiz
illərim boynu bükülü,
Payıza qoşulub necə gəlmişdi?
Köhnə
nisgil mənə tanış gəlirdi,
Fikrim dumanlandı,
qarışdı halım.
Doğma
məktəb yolu qalxıb gedirdi
Mənim altı yaşlı kövrək xəyalım.
Onun
ayağında isti çəkməsi,
Nə çiynində
dəri çantası
vardı.
Gözündə aclığın sarı
kölgəsi,
İçində həvəssiz dünyası
vardı.
Dizədək
batmışdı suya, palçığa,
Əlində bir dəftər, kirpiyində nəm.
Baxmırdı canına dolan soyuğa,
İlk dəfə
məktəbə qoyurdu
qədəm.
Ana
yüyürürdü əlində şalı -
Balası bir hovur isinsin
deyə.
Gedirdi, elə bil, başı
havalı,
Onun körpə
qəlbi sevinsin deyə.
Gümanı gələni çəkib
satmışdı -
Nişan üzüyünü, cehiz
gəbəsin.
Qara dava gəlib sona çatmışdı,
Getsin o illəri,
bir də gəlməsin.
Ömrün
ahıl çağı, ürək də küsgün,
O nisgil içimdə bağlayıb qübar.
Niyə
bilməmişəm payızla
bir gün
Köhnə xatirənin qayıtmağı
var?
Bu
görüş qəlbimi sıxdı o ki var,
Üz-gözüm batmışdı çisəyə-çənə.
Gördüm ki, əynində
bir nimdaş paltar,
Payızla gələn qız oxşayır mənə.
2018
sentyabr
Bu axşam
Bahar ad
günümü təbrikə gəlib,
İçimdə borandı, qışdı
bu axşam.
Qələmin ucunda həsrət
kövrəlib
Səhəri mənimlə açdı
bu axşam!
Qayğısız
illərim üzümə durdu,
Gəlib yetim-yetim boynunu burdu.
Ruhumu o yerlər yenə
uçurdu,
Odur, kirpiklərim
yaşdı bu
axşam.
Baş-başa
vermişik bir şam, bir də mən,
Gah şam öləziyir, gah mən
ölürəm.
Ayaq səsi
gəlir, anam bilərəm.
Gümanım diksinib-çaşdı bu axşam!
Misrama
hakimdi yenə qəm, kədər,
Gözlərimə sanki sağılır göylər.
Təbrikə yığışın, ay keçən illər,
Sizsiz könül
evim boşdu bu
axşam.
Çəkil,
ey qarlı qış, yetiş ey yazım,
Güllü yaylaqlarda yorulum, azım.
Mən bahar qızıyam, bahardan yazım,
Baharın nəfəsi xoşdu, bu axşam.
Qayıdacam
Əmim nəvəsi,
şəhid mayor Kəlbalıyev Səyavuş Hümbət
oğlunun xatirəsinə
Sevgilim,
haqq yoldan məni saxlama,
Səbri, dözümü bas yenə
bağrına.
İnanıram bizim son döyüşümüz,
Bir məlhəm
olacaq torpaq
ağrına.
Sinəmdə gül açsa
odlu güllələr,
Hər biri torpağın ilk müjdəsidi.
Sənin
xeyir-duan başımın
üstə
Müqəddəs Allahu-Əkbər səsidi.
Qarşımda
şəhidlik zirvəsi durur,
Qoy düşmən
gözünü ağlar
görməsin.
Haqqın
dərgahına ucalacam
ki,
Bayrağım göylərdən yerə
enməsin.
Şəhidlər
Allaha yaxın olurlar,
Şəhidlik Allahı sevmək deməkdi.
Cənnət mələyinin qanadlarında
Təzədən həyata dönmək deməkdi.
Sevgimizi
qoru, saxla, əzizim,
Qayıtmasam, məni ilqarsız bilmə.
Doğmadı hər qarış
vətən torpağı,
Göynəmə qovuşsan şəhid ömrünə.
Yollarda
solmasın şux baxışların,
Qəm düşməsin
əsmər yanaqlarına.
Qoşulub ağlibas mələklərə
mən,
Hər gecə
enəcəm yuxularına.
Qürur
duy adıma şəhid desələr,
Torpağa qarışıb vətən
olacam.
Dumanlı bir payız günündə getdim,
Sənə hər payızda mən qayıdacam.
Türk oğlu türk
Düşdüyün o torpaq məzar oldu sənə.
Amma böyüklüyünlə, aliliyinlə
sığmadın
Torpaq qəbrinə.
Sığmazsan bütün yer
üzünü
Versələr də yenə,
Azdır, nə qədər alqış desələr şəninə.
Şəhidim,
sinə dağım!
Qanınla isindi yad nəfəsindən
Donan torpağım,
Baş daşın oldu üstünə qan çilənən
Yerə qılınctək sancılan
bayrağım.
Şəhid balam!
Əllərimlə
"Ana südü, dağ çiçəyi" sürtsəm
Yaralanmış, paralanmış bağrına,
Məlhəm olarmı ağrına?
Bələdəm türkün gücünə,
dözümünə, ruhuna.
Göylərdən ayı, ulduzları
alıb gətirsəm,
Günəşin bir anlıq atəşini söndürsən,
Buludların göz yaşlarını
dayandırsam,
Küləklərin nəğməsini
susdursam,
Yeddi rəng göy qurşağına əyil desəm,
Yenə
az olar
cürətinə, hünərinə,
Sən qeyrətinlə, nifrətinlə
Yol asdın Tanrı evinə,
Bürünüb bayrağına,
Ucaldın Tanrının dərgahına.
Öpüm Şəhidliyindən
Əmim nəvələri, İkinci
Vətən müharibəsi şəhidləri, mayor Səyavuş
Hümbət oğlu, Vaqif Vüqar oğlunun xətirəsinə
Acı xəbər eşidib
Ağlamağa gəlmişəm,
Hünərinə gül-çiçək
Bağlamağa gəlmişəm.
Torpağın
qucağında
Nə gözəl yatışın
var,
Ürəklərə od
salan
Şimşəktək baxışın var.
Əldə
üçrəngli bayraq
Keçdin alovdan, oddan,
Ürəyinə, qoluna
Təpər verdi yaradan.
Nifrəti
silah edib
Qarabağa apardın,
Ata-baba yurdunu
Əsirlikdən qurtardın.
Ötdün "Suqovuşan"dan,
Xocavənddən, Ağdamdan,
Torpaq, vətən borcunu
Çıxarmadın yadından.
Salam,
şəhidim, salam,
Qalx, qarşıla, bu mənəm!
Öpüm şəhidliyindən,
Yad deyiləm,
nənənəm.
Eşitmir məni
Dalınca
baxıram, ötən illərin,
Onların vəfası yoxuymuş, demə.
Saçımda xatirə izləri
qoyan,
İllərdən gileydi, ömür, incimə.
Gedib,
apardılar güllü yazımı,
Mənə qar-boralı qışı
qoydular.
Gözümdə saraldıb şirin
vüsalı,
Yerində ayrılıq yaşı qoydular.
Bilmirəm,
onların hansında varam,
Yaşadıb səbrimi, dəyanətimi.
Sındırıb ayrılıq əzablarımı
-
Hansında tapmışam səadətimi?
İllər
vaxt əlində ələnib gedir,
Vaxtın fərmanından qurtarmaq çətin.
Ötən sevgilər də
qayıdıb gəlmir,
Xatirəsi qalır ilk məhəbbətin.
İllərdən
ta mənim umacağım yox,
Əcəl də xəlvəti gözümə dolur.
Aylarım, günlərim ağlı-qaralı,
Gözüm görə-görə edam olunur.
Qərib
bir külək də neytək inləyir,
Öz evim, odam da isitmir məni.
Əllərim Tanrıdan sevgi
diləyir,
Tanrı da deyəsən, eşitmir məni.
Qələbə müjdəsi
Uzun
telefon səsinə
Yerdən
qalxdım hövlənək,
Telefonun
o başından
Nəsə deyirdi qızım,
Nəsə deyirdi nəvəm,
Qəhərli kövrək-kövrək.
Çoxdan belə təlaşlı,
Heç
belə sevinc yaşlı,
Görməmişdim qızımı
- Ana, bir xəbər deyim.
Ürəyim sanki düşdü,
- Xeyirə dönsün, qızım,
Tez ol, söylə, nə
işdi?
- Anacan, cəbhə boyu
Hücumdadı ordumuz,
Otuz illik qəflətdən
Oyanıb
od yurdumuz.
Cəbrayıla çatıblar,
Düşmənin ovqatına
Acı zəhər
qatıblar.
Tez ol, aç televizoru
Gör nələr edir ordu,
Bu Qucaq, o da Şəybəy,
Növbədə Horovludu.
Həsrətini çəkdiyin,
Yuxularda
gördüyün,
Sənin
ata yurdundu,
Ana, çəkdiyin qəmin,
İntizarın, qüssənin
Vaxtı
çatıb sonudu,
Nur çiləndi üzümə,
İşıq gəldi gözümə,
Sanki başımın üstdən
Qara duman çəkildi,
Göz yaşlarım yaxama
Selə dönüb töküldü.
Kəsmirdi telefonda
Nəvəm təbrik səsini,
Yaddaşıma yazırdı
Qələbə müjdəsini.
Şövkət Zərin HOROVLU
Ədəbiyyat qəzeti.- 2021.-
20 mart.- S.28-29.