Hamı öldürür
sevdiyini
Məni
diqqətlə dinləyin,
diqqətlə!
Bilirsiniz,
hamı öldürür
sevdiyini,
hamı.
Misal üçün, kimsə
bir sərt baxışıyla səssiz,
kimsə də bunu hiyləli sözlərlə edir.
Qorxaqlar
qəfil öpüşlə
öldürür sevdiyini,
cəsurlarsa nümayişkaranə
qılınc gücüylə.
Kimsə
gənc ikən sevdiyinə qənim kəsilir,
kimsə də ahıl yaşında.
Sevdiyini
şəhvətə bulaşmış
əlləriylə öldürən
də var,
parlamağı qızılandan
öyrənən əlləri
ilə də.
Mərhəmət sahibi isə bıçaqla öldürür
sevdiyini.
Çün qanundur, bıçaqla ölən tez soyuyur.
Eşqlərin, eşqlərin deyirəm
ömrü bəzən
uzun, bəzənsə
qısadır.
Kimsə
alan, kimsə
də satandır.
Kimsə
göz yaşına dönər öldürərkən,
kimsə də
ah çəkməz tərpənməz
tükə.
Beləcə, sevdiyini hamı
öldürür,
hamı.
Amma hamı öldürərkən
ölmür,
axı ölmək də bir bacarıq
istəyir...
Oskar UAYLD
Tərcümə edən: Fuad
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2021.-
20 mart.- S.32.