İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı.

1915-ci il, Əli bəy Hüseynzadənin Stokholmda etdiyi

məruzə və Co Baydenin uğursuz bənzətməsi

 

Bir dəfə sübh azanının səsinə İstanbulda oyandım...

Azan səsi Süleyman Qanuninin tikdirdiyi Şahzadə camesinin minarəsindən yayılırdı.

Səhər.

Cemal Süreyanınvercinka"da dünyaya doğru getdiyi Laləli.

Mən isə cameyə tərəf gedirəm... Yolun sağ tərəfində Fəth Şəhidlərinin uyuduğu yaşıllığa qərq olmuş kiçik bir məzarlıq var. 1453-cü ildə İstanbulun fəthi zamanı şəhid olan 18 alpərənin məzarı burdadır.

Altı əsrdir ki, bu millət öz şəhidlərini belə əzizləyir...

 

***

 

İstanbul Fəth olunanda Amerika qitəsi kəşf olunmamışdı.

Amerikanın kəşfi İstanbulun fəthindən sonra gerçəkləşdi.

"Məlumdur ki, Amerikanın kəşfi şərəfi Kristofor Kolumba aiddir... Bir neçə millətlər vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar... Osmanlı türkləri deyirlər ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb, Amerikanın kəşfinə müvəffəq olmaz idilər... Fransızca "Fiqaro" qəzetəsinin verdiyi xəbərə baxılarsa, türklərin Kolumdan çox əvvəl Amerikaya getmiş olduqları anlaşıyor".li bəy Hüseynzadə).

Amerika kəşf olundu. Burda min illərdən bəri qızıldərili bir toplumun yaşadığı görüldü. Amerika qitəsində yaşayan qızıldərililər bu qitəyə nə zaman yerləşib? Qitənin ilk sakinləri kimlərdir? Bu sual daha çox XX yüzildən etibarən gündəmə gəlir. Bakıda isə bu məsələ 1905-ci ildən sonra araşdırılmağa başlanıb. Durub-dururkən, Əli bəy Hüseynzadə yuxarıda da bir-iki cümləsini xatırlatdığım "Kristof Kolumbmu, yoxsa türklərmi?!" adlı məqalə ilə çıxış edib. Avropa mətbuatına istinadən Amerika qitəsinin bəzi qəbilə və əşirətlərinin dilinin türkcəliyinə dair tədqiqatlardan bəhs edib. Yazı "Həyat" qəzetində dərc olunandan bir-iki ay sonra Amerikanın mətbuat vəkilləri Hovard Tomson və Heliks Gerson hansı səbəbləsə Bakıya gəlib, Hüseynzadə ilə görüşmüşdülər. Hovard Tomson da söhbət əsnasında qızıldərili bəzi qəbilə və əşirətlərin dilində türkcə elementlər olduğunu bir daha təsbit etmişdi. Amerika qızıldərililərinin leksikasında Araz, Bərdə, Alma, Çala, Çənə, Sapul, Kara, Kara Ayaq, Keçə, Törə kimi sözlərin yer aldığını yüz il sonrakı tədqiqatlar da təsdiqlədi. Amma daha əvvəl, ötən əsrin ilk illərində bu məsələlərin əsassız olmadığını qeyd edən Hüseynzadə yazırdı ki, "bir tərəfdən türkoloqlar Baykal gölü sahillərində "Orxon mədəniyyəti" adlanan qədim bir türk mədəniyyəti kəşf etmiş olduqlarını və digər tərəfdən, Sibirin uzaq şərqinə qədər yakut qəbilələri kibi ancaq türk əqvamının yayılmış olduğunu və Amerikaya ən qədim zamanlarda Berinq boğazı vasitəsilə ancaq Sibirin müntəhasından yol olduğunu nəzərə alırsaq, "Fiqaro" qəzetəsində yayılmış xəbərin həqiqətdən xali olmadığını anlarız".

Hüseynzadə həmin məqaləsində o günlərdə dünyasını dəyişmiş Amerika etnoqrafi Kuşinqi xatırlatmışdı. "Kuşinq bədəvi qövmlərin (qızıldərililərin) əhvalını mütaliə üçün gedib həmin qəbilənin içində 15 ilə qədər yaşayıb. Kuşinq məzkur xalqın əhvalına dair bir çox hekayət, tarixi rəvayətlər və əfsanələr toplamışdır. Bunlar vasitəsilə isbat etmişdir ki, Zuni qövmi Berinq boğazından keçib Amerika qitəsinə gəlmişdir. Hətta bunların həyat hekayətlərində gəldikləri yollara dair işarət və məlumat vardır". Sonrakı, yəni çağdaş tədqiqatlarda məhz 14-18 min il əvvəl Berinq boğazından bura keçən Zuni qəbiləsinin nağıllarının bəzi türk nağılları ilə eyniyyət təşkil etdiyi təsbit edildi.

Amerika qızıldərililərinin mənşəyi ilə bağlı məlumatlar bilirəm ki, indi çoxları üçün yenilik deyil. Amma nəinki Azərbaycanda, hətta Türkiyənin özündə belə türkoloqlar, etnoqraf və linqvist alimlər bu məsələlərin türk dünyasında ilk dəfə Bakıda, özü də XX yüzilin əvvəllərində elmi dövriyyəyə buraxıldığını bilmir. "Kolumbmu, yoxsa türklərmi?!" məqaləsini həm də o səbəbdən təfərrüatı ilə xatırladıram. Həmin məqaləsində Əli bəy onu da qeyd etmişdi ki, "Türklər kimdir və kimlərdən ibarətdir" ünvanlı məqaləmizdə xatırlatdığımız kimi, Baykal yaxınlığında Orxon çayı kənarlarında tuk-yu, yaxud türk-oğuz türklərinə dair fövqəladə mühüm araşdırmalar aparan Peterburq və Helsink-fors türkoloqlarının Meksikaya elmi heyətlər göndərəcəklərini ümid ediyoruz. İstanbulda hənuz böylə şeylərin qədrini biləcək dərəcədə hazırlıq yoxdur...".

Sonrakı təşəbbüs 1930-cu illərdə Atatürkdən gəldi. Prototürklərin yayılma arealı və köç yolları diqqəti çəkdi. Şimali Amerikada da bir çox yer adlarının türkcə olduğu bilindi və Atatürk, hətta yaxınlarından birinə, yəni Ənvər Paşanın qudası Təhsin bəyə Mayatəpək soyadını verdi (qızıldərili mayaların dilində "təpə" təpək deməkdir) və Atatürk Təhsin Mayatəpəki qızıldərililərin mədəniyyətini, Maya uyğarlığını araşdırmaq üçün Şimali Amerikaya diplomatik nümayəndə olaraq göndərdi...

...1906-cı ildə Amerika mətbuat vəkili Hovard Tomson Bakıda Hüseynzadəyə bir də bu xəbəri vermişdi: "Qızıldərililərə məxsus bir çox qədim əsərlər, üzərində heroqlif yazısı olan daşlar, rəsmlər, fotoqrafiyalar və sairə bu gün Birləşmiş Ştatların paytaxtı olan Vaşinqtonda hifz olunmaqdadır".

İndi Amerikada belə muzeylər çoxdur. Və yəqin, ötən həftə, aprelin 24-də "erməni soyqırımı" ifadəsini işlədən Amerika Prezidenti Co Bayden həmin muzeylərə baş çəkməmiş deyil.

Yenə də tarixə qayıdaq. "İstanbul fəth edildi, Amerika kəşf olundu. Avropalıların kəşf olunan Amerikada etdikləri vəhşilikləri, qaniçiciliyi tarix kitablarında oxuduqca insanın tükləri biz-biz duruyor!" (Ə.B.Hüseynzadə).

Bayden də Amerika qitəsinə köç etmiş, orada vəhşiliklər törətmiş həmin avropalıların soyundandır. Devlət Bahçelinin srağagün Türkiyə Böyük Millət Məclisində İstanbulun fəthi tarixini - 1453-cü ili xatırladıb söylədiyi kimi: "ABŞ yönətiminə soruyorum, pəki, o zaman siz hardaydınız? Avropadan qaçanlar və ya sonu məlum olmayan bir macəraya atılıb okeanı aşanlar belə o tarixlərdə hənuz ortalıqda görülmürdü. İndi yaşadığınız coğrafiyanın əsl sahibləri, hətta dərilərinin rəngindən dolayı qətl etdiyiniz milyonlarca insan mutlu və hüzurlu bir şəkildə həyatlarını yaşayırdılar".

Baydenin soyqırım bənzətməsi ilə anımsadığı 1915-ci il hadisələrinə, Çanaqqala və erməni məsələsinə diqqəti cəlb edən və Avropanı Türkiyə qarşısında sorumlu tutan Əli bəy Hüseynzadə, 1917-ci ildə "Stokholmda, Dünya savaşının önünə keçib müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol bulmaq üçün toplanan" beynəlmiləl sosialist konqresində məruzə etmişdi. Məruzənin indiyə qədər Azərbaycanda çap olunmamasını nəzərə alıb onun tam mətnini sitat gətirmək istəyirəm: "Osmanlı dövlətindəki millətlərin bağımsızlığını qazanması üçün, eyni zamanda, Asiya və Afrikadakı bütün qövmlərin bağımsızlıqlarını qazanmaları lazım gəlir. Kapitalist imperializminin bu savaşda meydana çıxardığı problemlər arasında türk məsələsinin sosialistlər tərəfindən diqqətlə ələ alınması gərəkdir. Sosialistlərin bir qismi bu xüsusda kapitalist dünyanın, islam aləminə qarşı aldıqları tövrü, tələsik hökmləri kontrolsuzca mənimsəməkdədir. Labour Party (Leyboristlər Partiyası), Türkiyənin gələcəkdə Millətlər Cəmiyyətindən çıxarılmasını istəməkdədir. Yəni bu sosialist partiya Osmanlı İmperatorluğunu yıxmaq və parçalamaq istəyən istilaçı kapitalist görüşü qəbul etmiş, sosialistlik iddiasına rəğmən kapitalist zehniyyət içində qalmışdır. Burada bir məsələ meydana çıxır. Sosialist Partiyaların əsaslı vəzifələrindən biri kapitalist və imperialist görüşün tələsik hökmlərindən qurtulmaq olacaqdır. Müsəlman düşmənliyi, türk düşmənliyi bu hökmlərin başında gəlir. Halbuki yalnız Labour Party deyil, alman və fransız sosial-demokrat partiyalarından bir çoxunda bu hökmlər davam etməkdədir. Buna qarşı 1908-ci il Türk inqilabı bu şikəst dünyagörüşünü ortadan qaldırmaq amacını güdməkdə idi. İmperatorluğa girən ünsürlərdən hər birinin haqlarını qəbula, onlar arasında bərabər haqlara görə hür bir nizam qurmağa doğru gedirdi. Bunun üçün öncə Türkiyənin səhhətini qazanması və bu səhhət yardımıyla Şərqdə yeni bir barış düşünüləcəkdi. Fəqət imperialist dünya Türkiyəyə bir dəqiqə nəfəs aldırmadı: Daha bu təşəbbüsün üzərində düşünməyə vaxt qalmadan... səbəbsiz olaraq Trablisə hücum etdi. Sonra da böyük kapitalist dövlətlər Türkiyəni parçalamanın tətbiqatına girmək və hazırlanmağa vaxt buraxmamaq üçün Balkan savaşını icad etdilər. Sosialistlər arasında yalnız böyük Jaures, Osmanlı dövlətinin parçalanmasının sosialist idealına ayqırı olduğunu gördü və bunu çox açıq olaraq ifadə və müdafiə etdi. Ona görə türk inqilabına dəyər verilməli, Şərqdə parçalama siyasətindən vaz keçilməlidir. Türkiyənin gələcəkdə Societe des Nations-a (Millətlər Cəmiyyətinə) həqiqi bir üzv olması üçün ixtilalın bütün əsərini tamamlamasına imkan verilməlidir. Müsəlmanların və Osmanlı dövlətinin millətlərarası təşkilatdan çıxarılması böyük bir ədalətsizlik olduğu kimi, ayrıca çox böyük bəsirətsizlik olacaqdır. Çünki bu surətlə İslam aləmini gələcəkdəki barış baxımından təhlükəli bir qaynaşma içində buraxmış olacaqdır. Halbuki bu aləm modern mədəniyyətdə bir yer almağa böyük bir istək duymaqdadır. Əgər böyük Jaures tragik bir surətdə ölməmiş, Stokholm Konqresində aramızda bulunmuş olsaydı, bu çox yayğın olan türk düşmənliyi (turcophobie) ilə mücadilə edərdi. Çünki o, Türkiyənin mühafizəsinə və bağımsız Türkiyənin Şərqdə barışı davam etdirmək üçün biricik təminat olduğuna qane idi. Türklərin dünya savaşına girmələri də imperialist saldırmaların doğurduğu bir əmrivaki olmuşdur. Çanaqqala zəfəri imperialist dünyanın irəliləməsi üçün bir baraj olmuş və bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır...".

Azərbaycanlı professor beynəlxalq tribunada Türkiyənin və türk millətinin haqqını bu şəkildə və bu sözlərlə müdafiə edirdi. Onda hələ Birinci Dünya savaşı bitməmiş, Osmanlı imperatorluğu tamam çökməmiş, Türkiyə Cümhuriyyətinin qurulmasına isə sayılı illər qalırdı...

XX yüzilin əvvəllərindəki həqiqətlər Amerikanın tarix kitablarında varmı, yazılıbmı? Varsa, necə var? Məsələn, amerikalı gənclərin orta və ali məktəblərdə "Avropa cəmiyyət tarixi", "Dünya tarixi" kimi kitablardan oxuyub-öyrəndikləri bunlardır: "Osmanlı sultanı Abduhəmid 1915-ci ildə erməniləri ruslara yardım etməklə haqsız yerə suçlayaraq, ölkədə yaşayan bütün ermənilərin öldürülməsini əmr etdi... Soyqırım iki yüz min erməninin ölümü ilə nəticələndi. (M.Perry). "Ənvər Paşaya görə, türk və müsəlman olmayan kimsələr Türkiyəyə sadiq ola bilməzdilər. Paşa 1915-ci ildə bir milyon erməninin öldürülməsi əmrini verdi. (B.L.Linder).

Kitabdan-kitaba ötürülən bu tezislərdə göründüyü kimi, dəyişən yalnız guya genosidə məruz qalmış ermənilərin sayıdır...

Ədəbiyyat kitabları da belə yalanlarla nəfəs alır... Bu yalanlar yüz ildir ki, Amerika gəncliyinin süuraltına yeridilməkdədir.

Bizdə isə 1914-15-ci illərdə Osmanlının sınırları daxilində ermənilərin törətdiyi məzalimlər, vəhşiliklər barədə Hüseyn Cavidin "Qars və Oltu ətrafında alçaqcasına qətl və yağma edilən məzlumlar üçün" başlığı ilə yazdığı şeirdən başqa modern bir ədəbi örnək tapmayacaqsınız. Fəqət, o şeir də sovetlər dönəmində Cavidin əsərlərinə, sadəcə, "Məzlumlar üçün" adı ilə daxil edilib. Qars və Oltu ətrafında alçaqcasına qətl və yağma edilən məzlumların kimliyi mətndən çıxarılıb. Şeirdə Cavidin həm ənənəvi humanizmi, həm də milliyyətçi görüşləri iç-içədir. Həm indiki kimi erməni məzaliminə nəinki seyirçi qalan, hətta bəzən ona dəstək olan dünyaya, həm də erməni təcavüzünə məruz qalan türklərə - bizə xitabdır...

Qars və Oltudakı vəhşətlərin mənzərəsi isə tükürpədicidir. Bütün kişilər qətl edilmiş, 1500-ə yaxın qadın və uşaq Oltu çayında boğulmuşdu. Qars və Oltudakı türk zərərdidələrinə maddi və mənəvi yardımları isə Bakıda İslam Xeyriyyə Cəmiyyətini quraraq və özü də yarım milyon qızıl pul ianə edərək Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirmişdi. Tağıyevin rəhbərliyi ilə Bakı və gəncəli sahibkarların və ziyalıların timsalında Azərbaycan cəmiyyəti Qars və Oltunun fəlakətdən qurtulması üçün, Qars zərərdidələrini - sağ qalsalar da canlı cənazə kimi çöllərə səbil olmuş kimsəsizləri himayə etmişdi... Əsas məsələ yetim qalmış türk çocuqlarını qorumaq idi.

Cavidin şeiri isə 1915-ci ildən qabaq, 1914-cü ilin dekabrında Naxçıvanda yazılıb... Şeirin varlığı da isbat edir ki, soyqırımını, genosidi 1915-ci ildə türklər ermənilərə qarşı deyil, 1914-cü ildə ermənilər türklərə qarşı törədib. Hüseyn Cavid 1914-cü ildə Qarsda, Oltuda öldürülən körpələrin, qadınların faciəsinə bu misilsiz poetik lövhəni yaratmaqla ayna tutmuşdu:

 

Kəfənli çölləri al lalələr qılar təmcid.

O qarlı dağları təzyin edən qızılgüllər

Deyil cənazə... birər xəndədir, həyata gülər.

Gülər bəni-bəşərin duyğusuz səfillərinə,..

Fəqət qalanlar, o bikəslər - ah ya Rəbbi!

Nə yapsın!? İştə qoşar canlı bir cənazə kibi.

Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş,

Qoşar ümidi-səadətlə müztərib, mədhuş.

Qoşar, qoşar da arar bir şərareyi-iman,

Arar zəlami-fəlakətdə şöleyi-vicdan.

Fəqət nə çarə!? Sönər həpsi, yoq ümidi-nicat.

Qulaqlar iştə sağır, kimsə dinləməz, heyhat!..

...Ah, əvət, həp dəyişdi ruhi-bəşər,

Hökm edər şimdi başqa fəlsəfələr.

Haq, ədalət, təbiət iştə bu gün

Əbdi-məzluma qarşı pək küskün...

Yaşadan kainatı qüvvətdir,

Gücsüzün həp nəsibi zillətdir.

Yaşamaq istəsən çalış, çabala,

Rəd olub gurla, bərq olub parla!

Yoqsa fəryadü nalə zaiddir,

Bir həqiqət bu: "əzməyən əzilir!..".

 

Maraqlıdır, iki həftə əvvəl Paşinyanın Ermənistan parlamentindəki sərsəm çıxışına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi 1937-ci ildə erməni müstəntiqlərinin zavalına uğramış Hüseyn Cavidin Siyavuşun dilindən yazdığı sözlərlə cavab verdi: "Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

 

Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa

İnan ki, çox sürmədən

Diz çökəcək qarşıda".

 

Məncə, bu, həm milli-məfkurəvi ədəbiyyatımızın, həm də bu ədəbiyyatın dilində danışan diplomatiyamızın mənəvi zəfəri idi.

Bayden İstanbulu Konstantinopol adlandırdı.

Devlet Bahçeli demişkən, Bayden "bir de Konstantinopolis ibarəsini kullanmışdır. Osmanlı İmperatorluğunda böylə bir isimləndirməylə anılan bölgə və ya bir şəhər yoxdur. Bizim İstanbulumuz vardır və dünyanın ən böyük Türk şəhəridir. Okeanın ötəsindən baxınca necə gördüklərinin, nəyi görmək istədiklərinin bizim nəzərimizdə bit qədər dəyəri olmayacaqdır. Konstantinopolis səhifəsi 568 il öncə qapanmışdır".

568 il öncə İstanbulun fəthi "o vaxtın şərtlərinə görə Asiyanı Avropanın istilalarına qapamış olurdu" (Yahya Kamal Bayatlı).

Bir də 1915-ci ildə Əli bəy Hüseynzadənin təbirincə, "Çanaqqala zəfəri imperialist dünyanın irəliləməsi üçün bir baraj olmuş və bu böyük hadisə Doğu millətlərinin oyanmasına imkan hazırlamışdır".

Söz sözü gətirir. Uzun illər Azərbaycanda Hüseynzadənin Stokholm konqresinə qatıla bilmədiyini yazdılar. Türkiyədə də bu məsələlər geniş araşdırılmadı. Amma nəinki konqresə qatıla bilməmək, nəinki konqresdə çıxış... O günlərdə İsveç paytaxtına gəlmiş Hüseynzadə rus sosialist nümayəndələriylə faydalı təmaslarda bulunmuş, alman sosialistlərinin liderləri ilə, o cümlədən Birinci Dünya müharibəsindən sonra Almaniyanın ilk prezidenti olan Evertlə görüşüb söhbətləşmiş, hələ üstəlik, ermənilərin türk milləti əleyhinə apardıqları propaqandaya qarşı antipropaqanda yapmaq məcburiyyətində qalmışdı.

Bayden erməni soyqırımı məsələsini yenidən dünyanın gündəminə gətirdi. Əslində, Bayden təkcə Türkiyə-Amerika münasibətləri baxımından deyil, ümumilikdə, Amerika tarixi baxımından yanlış addım atdı. Bununla Bayden öz əcdadlarının əməllərini də dünyanın siyasi gündəminə gətirdi. Hamı yenidən xatırladı ki, onlar Amerikada yerli əhalini - qızıldərililəri kütləvi şəkildə qırıblar.

Aprelin 24-dən üzü bəri keçən bu bir neçə gündə politoloqlarımız Baydenin bu açıqlamasının ardından daha nələr ola biləcəyini çözür, proqnozlar verir. Kədərli gözləntilərdən biri də budur ki, Amerikadan sonra ondan çəkinən bəzi Avropa ölkələrində də uyğun açıqlamalar verilə bilər...

Hansı Avropa?

XX yüzildə Amerika qızıldərililərinin mifolojisini tədqiq edən struktural antropologiyanın qurucularından Levi Stross "bəlli mədəniyyətlərin və sivilizasiyaların başlanğıcındakı ilk halqa qızıldərililərdir", - deyə Avropasentrizmin ehkamlarını dağıtdı.

Dünya tarixində ilk sistemli genosid isə Amerika qitəsində qızıldərililərin kütləvi şəkildə məhv edildiyi illərdə baş verib...

 

28 aprel 2021

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.2-3.