«Laokoon, Laokoon...»
"Ədəbiyyat qəzeti"nin
"Müzakirə saatı"nda roman müzakirəsi
Kamal Abdullanın yeni
yazdığı "Laokoon, Laokoon... yaxud bir romanın
"gerçək" yazılma tarixçəsi"
romanı haqqında "Ədəbiyyat qəzeti"nin
"Virtual müzakirə"si davam edir. Bu dəfə müzakirəyə qoşulurlar:
Yazıçı Vaqif Nəsib, filologiya elmləri doktoru Elnarə
Akimova (moderator), şair-esseist Qismət və filologiya üzrə
fəlsəfə doktoru Nargis.
Elnarə
Akimova: - Əsərdə hər bir motivin
müəyyən kod daşıyıcılığı var.
Bu yerdə romanın adına, burada ehtiva olunmuş ikili
başlığa diqqət çəkmək istəyirəm:
"Laokoon, Laokoon... yaxud bir romanın "gerçək"
yazılma tarixçəsi". Romanda bu ifadə-rəmzin
semantikasını açan mətləblər sayəsində
ad öz içindəki mənaya çatır. Həmçinin daşıdığı aksioloji məqama
deyil, simvolikasına varmağı, diqqətli olmağı
labüdləşdirir.
Qismət:
- Bəlkə də, Kamal Abdullanın yeni romanını gələcəkdə
geniş tədqiq edənlər əsərin adından
çıxış edərək ikihissəli şərh
yolunu tutmalıdır: birincisi, romanın adındakı
"Laokoon" hissəsi, ikincisi isə "romanın "gerçək"
yazılma tarixçəsi" ilə bağlı hissə. Elə bilirəm, bizim söhbətimiz müəyyən
mənada gələcəkdə geniş yazı yazmaq istəyənlər
üçün də bəzi ipuclarını verməlidir.
Beləliklə, məlumdur ki, əsərin sərlövhəsinə
çıxarılan Laokoon yunan mifologiyasında Troya əhvalatıyla
bağlı personajdır. Ancaq Laokoonla
bağlı məlumat Homerin dastanlarında yoxdur, ondan Sofoklda
və Vergilinin "Eneida"sında bəhs edilir. Laokoon mövzusuyla bağlı Rodoslu üç heykəltəraşın
- Hagesandros, Polidoros və Athanadorosun - təxminən
eramızdan əvvəl birinci əsrdə düzəltdiyi
heykəl silsiləsi məşhurdur. Yeri gəlmişkən,
fürsətdən istifadə edib bir təklif səsləndirmək
istəyirəm: mən burada bilə-bilə yunan
adlarını olduğu kimi saxladım, fikrimcə, biz yunan
adlarındakı "os", "es" sonluqlarını
saxlamalıyıq. Öz səslənişimizdə,
amma olduğu kimi. Məsələn, qəhrəmanın
adı Edip deyil, Odipusdur axı, mənası da
"ayağı şişmiş"dir, bütün
dünyada bu belə işlənir. Deyəsən,
əvvəlcə ərəblər, sonra isə ruslar yunan
adlarından bir neçə hərfi faiz kimi tutublar. Qayıdaq mövzuya. Humanitar
fikirdə Laokoon temasına əvvəlcə İohan Vinkelman,
sonra isə Qothold Lessinq xüsusi maraq göstərib. Bu, sənətşünaslıq tarixindəki məşhur
polemikadır. Vinkelman özünün
"Rəssamlıq və heykəltəraşlıqda yunan
incəsənətini təqlid etmək haqqında"
adlı məşhur əsərində yunan sənətini
göylərə qaldırır, bu əsərlərə olan
heyranlığından bəhs edir. Elə
bu məqamda məşhur bir polemika başlayır. Vinkelman Laokoon mövzusundakı heykəllərlə
bağlı yazır ki, bu heykəllərdə Laokoon Vergilinin
əsərindəki kimi fəryad etmir,
çığırmır, yunan sənətçilər onu
alicənab bir sükut içində təsvir ediblər.
Məhz bu məqama cavab kimi, Lessinq 1766-cı ildə
"Laokoon, ya da rəssamlıq və heykəltəraşlıq
sənətinin sərhədləri haqqında" adlı məşhur
əsərini yazır. Lessinq belə bir sual verir: niyə
Laokoon Vergilinin əsərində ilanların əhatəsində
fəryad edir, amma heykəldə ağzıyumulu təsvir
edilib? Bundan başqa, niyə heykəldə
çılpaq təsvir edilən Laokoon, şeirdə
paltardadır? Lessinq bu suallara verdiyi cavabda
sənət növlərini kateqorik sərhədlərə
ayırmaq istəyir, "şeir kimi rəsm" və ya
"rəsm kimi şeir" anlayışlarına
qarşı çıxırdı. Bu mənada,
məncə, interdisiplinar eranın yazıçısı
Kamal Abdullanın mətnini sənət növləri
arasında kateqorik sərhədlər qoymaq istəyən
Lessinqin dekonstruksiyası kimi də oxumaq olar.
Elnarə
Akimova: - Maraqlı məqama toxundunuz. O zaman, sizcə,
"Laokoon, Laokoon" romanı müəllifin Dədə
Qorqud dünyasında paradiqmlərini axtardığı
düyün nöqtəsidir, yoxsa sadəcə, sənət
görüşlərini ifadə etməyə
çalışdığı düşüncə məqamı?
Qismət:
- Kamal Abullanın yeni romanı yaradıcılığın
təbiəti, etalon və ondan kənara çıxma
haqqındadır. Burada etalon invariant qismində,
kənara çıxma isə variantlar çoxluğu şəklində
öz əksini tapıb. Etalon-invariant-kanonik
olan "Dədə Qorqud" dastanıdır, kənara
çıxma-variantlar-Laokoon şübhəsi isə müəllifin
bu dastanın sətir aralarında, cümlə məsamələrində
gizlənənləri, belə deyək ki, təsəvvür
etməsidir.
Vaqif Nəsib:
- Birinci dəfədir ki, Kamal Abdullanın əsərlərindən
birini əlyazmasından oxumalı oldum. Müəllifin
təvazökarlığa, ya nəyə görəsə
romanabənzər adlandırdığı mətni, onun ən
uğurlu romanı "Yarımçıq əlyazması"ndan
sonra mənə bütöv əlyazması təsiri
bağışladı. Yeri gəlmişkən, müəllif
yaradıcılığının son illər yaranmış
yeni, bənzərsiz məziyyətindən söz açmaq
istəyirəm. Onun mərhum qələm
yoldaşımız Mövlud Mövluda həsr etdiyi hekayəsiylə
yaradıcılığının həmin mərhələsinə
qədəm qoyduğunu hesab edirəm. (Həmin
üslub, hətta elmi traktatlarında, Füzuliyə həsr
etdiyi silsilədə də özünü göstərmişdir).
Bu psixoloji romanı Mövlud faciəsinin
yazı manerasına görə, bir növ, davam kimi
görürəm.
Romanı (romanabənzər deyil) olduqca bənzərsiz
üslubda yazılmış psixoloji əsər hesab edirəm. Uzaq əsrlərin
Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya
atlısının Firəngiz adlı bir qıza qarşı
etinasızlıq mücadiləsi dünən və bu gün
mənzərələriylə röya və çin şəkildə
davam edir. Oxucusunu öz maraq məcrasına
salıb, mübahisəli Troya atının tərkində bu
günlərə kimi gətirib çıxarır. Əsər tarixi və müasir əsərləriylə
nəsr meydanımızda at oynatmış bir müəllif qələmindən
çıxmış. Ona görə əvvəlindən
axırına kimi hər şey yazıçı səviyyəsiylə,
yüksək peşəkarlıqla həllini
tapmışdı. Və bu yazını
bu günlər yaradıcılığının
bayramını yaşamış bir ədibin
özünün 70 illiyinə hədiyyəsi hesab etmək
olar.
Ad məsələsinə də münasibət bildirim. Kamal Abdulla
indiyə kimi Dədə Qorqud nəvəsi kimi əsərlərinə
olduqca uyğun, bənzərsiz adlar qoymuşdu. İndi deyəcəklərim onu, bir növ,
şübhələndirmək üçündü. Yəni öz öhdəsinə buraxılır.
Bu romanın adı hələlik lakonik deyil.
Mən şəxsən onu "Bütöv əlyazması"
(Və yaxud Laokoon - etinasızlıq romanının
tarixçəsi) hesab edirəm. Özü
bir ortaq məxrəcə gəlməlidir.
Elnarə
Akimova: - Əsər çağdaş nəsrə məxsus
düşüncə diskursu üzərində təcəssüm
tapır. Burada postmodern dövrünün bədii
priyomlarına müraciət necədir, postmodern poetika bu əsərdə
nə qədər uğurla ehtiva olunub?
Nargis: -
Romanda postmodernizmin əsas elementlərindən böyük
ustalıqla istifadə olunub. Bu kontekstdə roman
"Kitabi-Dədə Qorqud" dastanı və
"Yarımçıq əlyazma" romanı ilə
intertekstual əlaqədədir. Romanda yazar
labirint effekti yaratmağı bacarıb. Bu
aspektdən tez-tez real həyatdan dastana, oradan da postmodern romana
keçidlər mövcuddur. Əsər
nümunəvi oxucuya edilən göndərmələrlə zəngindir.
Əsərdə metafiksiya (metafiction) və
tarixi metafiksiya mövcuddur. Postmodern oyun
texnikasının ustalıqla istifadə olunduğu romanda həmçinin
Troya, Laokoon və oğlanları əfsanəsi, Troya atı məsələsi
gündəmdədir. Əsər qeyd
etdiyimiz əfsanə ilə də intertekstual əlaqədədir.
Kamal Abdulla romanında pastiş, montaj, ironiya, parodiya kimi
texnikalardan, dil oyunlarından, akronik (analepsis və prolepsis - irəli-geri) zaman
anlayışından məntiqli, şüurlu şəkildə
(Hochliteratur) istifadə edir.
Vaqif Nəsib:
- Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk
baxışdan qəliz görünən, az
qala, oxucunu ürküdə bilən Laokoon adı çox
keçmədən öz mənasını
aydınlığına çıxarır. Etinasızlıq
rəmzi olduğunun hayını-harayını salır.
Elə hər şey də buradan
başlayır. Əsər məcrasını,
yunan, Troya abidələrinin yanından alıb, bu günlərlə,
onun gerçəkləriylə bədii cənginə
başlayır. Qəhrəmanı, yeni əsəri
üzərində işləyən Vaqif ilişib
qaldığı Laokoon kəlməsindən, həm də
gerçək həyatındakı
etinasızlığından özünün xilasına
çalışır.
Bugünündə də çox zaman keçmişlərdə
ilişib qalmış Vaqifin tapşırıqlarının
biri də, əslində, həmin cəngin
başlanacağından xəbər verir. İşçisinə
təcili Laokoon haqqında məlumat tapmağı
tapşıranda aldığı cavab onu əsəbləşdirir;
hətta onu key Balaxanım adlandırır. "- Telefon
nömrəsi var bu adamın?". Yazıq qız Vaqifin səsinin uzaq əsrlərdən
gəldiyini bilmədiyindən həmin cür məzəmmətlənir.
Bundansa oxucu qazancda olur, - əsərə
marağı artır.
Qismət:
- Kamal Abdullanın bu romanı postmodernist nəzəriyyədə
metafiction (metaproza, türkcə desək, üstkurmaca) deyilən
texnika ilə yazılıb. Mən burada ona
metafiksiya deyəcəyəm.
Metafiksiya modernist əsərlərdə də istifadə
edilib, amma modernistlər bunu tərəfsizliyi,
inandırıcılığı artırmaq
üçün istifadə etsə də, postmodernistlər əksinə,
əsərin qurulmuş, hörülmüş olduğuna
işarə etmək üçün istifadə ediblər. Modernist əsərdə
başqa bir əsərə aid ünsürdən istifadə
edilsə də, bu, simmetriya yaratmaq, əsəri gücləndirmək
üçün edilir, lakin postmodern əsərlərdə
pastiş-parodiyadan istifadə etməkdə məqsəd, əksinə,
assimmetriklik, əsərin qurulmuş olmasına eyham
vurmaqdır. Metafiksiya romanın necə əmələ
gəlməsinin hekayəsidir. Burada yazıçı
romanın təhkiyəçisinə başqa bir təhkiyəçidən
bəhs etdirir, beləcə, oxucu ilə aradakı məsafəni
bir qat da artırmış olur, yəni romanda əsas xətdən
başqa, bir hekayə də olur və bu miniatür hekayə
bizə romanda oxuduqlarımızın necə öyrənilməsi,
yazılmasıyla bağlı işarələr verir.
Metafiksiya effekti yaratmaq üçün bir neçə
metoddan danışmaq olar:
-
Romanın içində başqa romanın yazılması;
-
Romanın içində yazılmaqda olan, yaxud artıq bir
romanın müzakirə olunması;
-
Personajların başqa əsərlərdən bəhs etməsi
və bu
oxuduğumuz romanın haqqında
danışdığı əsərlərdən fərqli
olaraq "guya real" olması illüziyasını
yaratması.
-
Romanın təkcə başqa mətnlərlə intertekstual
yox, eyni zamanda başqa sənət sahələriylə
intersemiotik əlaqə qurması.
Burada
mütləq mənada Alen Rob Qriyeni və Andre Jidi yad etməliyik,
çünki Jidin heraldika (gerblər, emblemlər haqqında
elm) sənətindən dartıb çıxardığı "mise en abyme" (miz en abim
- kimi oxunur) adı verilən metodu öz əsərlərində
ən çox istifadə edən Qriye olub və bu metod
metafiksiyanın bu bəndini izah etmək üçün
xarakterikdir. Bu metodu daha anlaşıqlı etmək
üçün çox istifadə olunmuş, məşhur
bir analogiyanı təkrar edək. Reklamlarda
körpələr üçün qida məhsullarını
çox görmüsünüz. Onların
üstündə eynən reklam olunan məhsulun şəkli
olur, o şəklin içində də həmin məhsulun
balaca şəkli, beləliklə, bu şəkillər
mozaikası sonsuzluğa qədər uzanır. Eyni effekt iki güzgü arasındakı hər
hansı nəsnə üçün də keçərlidir.
Bu fənd romanlarda əsərin əsas
mövzusunun içinə o mövzuya oxşayan başqa
mini-hekayə yerləşdirilərək tətbiq edilir.
Yazıçı bu hekayələrə tez-tez
qayıtmaqla elə bir effekt, elə illüziya yaradır ki,
oxucu bilmir, bu hekayələrdən hansı gerçəkdir.
Elnarə
Akimova: - Əsərin metafiksiya texnikası əsasında
yazılmasını bəlirləyən hansı nişanələr
var?
Qismət:
- Kamal Abdullanın romanı həm adından ("Bir
romanın "gerçək tarixçəsi"), həm də
elə ilk səhifələrindən özünün
metafiksiya olmasını nişan verir: "Qələmi ələ
alıb səhifə-səhifə uydurma uydurmaq, özü də
elə uydurmaq ki, mətnin ən uzaq hissələri bir-birini təkzib
etməsin, bir-birilə həmahəng şəkildə
qaynayıb-qarışsın...".
Bu məqamda romanla bağlı vacib bir məqama
keçid etmək olar. Bu roman bizə artıq tanış
olan "Yarımçıq əlyazma" adlı romanın
necə yazılmasından bəhs etsə də, buradakı
personajları, hadisələri avtobioqrafik hesab etmək olmaz.
Çünki metafiksiyanın əsas xüsusiyyəti fasiləsiz
şəkildə, Brextin diliylə desək, oxucu ilə müəllif
arasındakı "dördüncü divarı"
dağıtmaq, mətnin oyun tərəfini qabartmaq və bu
yolla oxucunu bioqrafiya detektivliyindən çıxarıb
düşüncə məkanına
çağırmaqdır.
Kamal
Abdulla yazanda ki, "Bağdadilər, Təbrizilər, Dərdəçarələr,
Səyyahlar, daha kimlər bu həyatda olmamışdılar,
amma onun mətnində onlar artıq var idilər..."
adamın yadına görkəmli Portuqaliya
yazıçısı Joze Saramaqo düşür, o, belə
deyirdi: "Yazıçılar bədii əsərlərində
yaratdıqları personajlar vasitəsilə dünya əhalisinin
sayını artırır".
Elnarə
Akimova: - Belə də demək olar, yazıçı bununla
paralel dünyaların hər birində, alternativ gerçəklərdə
rastlaşa biləcəyimiz invariantı tanımaq
şansı verir. Bunu onun oxucu amilinə
münasibətinə də şamil etmək olar. Konkret potensial oxucudan başqa, mətnin içinə
aldığı qeyri-müəyyən adresat da yox deyil.
Qismət:
- Bəli. Kamal Abdulla roman boyu davam edən bir motivi (tanış lüğət içindəki
yad ünsürü) romanın bir yerində əyaniləşdirir.
Romanın bir yerində Vaqif ilə Firəngiz hələ aeroport
yolunda olarkən, hələ personajlar getdikləri ünvana
çatmamış, müəllifin kamerası maşından
uzaqlaşaraq bizi bir azdan qəhrəmanlarımız gəlib
çatacağı dəniz kənarındakı "Şəbəkə"
restoranına aparır və orada iki nəfər - cavan və
yaşlı kişi görürük. Müəllif xüsusi
vurğu ilə "kənardan baxan onları bir adam kimi görərdilər" - deyir. Məncə, bu, Borxesin "Özgə" və
müəllifin öz "Adaşlar" hekayəsinə
üstüörtülü eyhamdır. "Şəbəkə"də
görüşən hələ "Yarımçıq əlyazma"
romanını yazmamış Kamal Abdulla ilə artıq bu romanı
yazmış Kamal Abdulladır.
Elnarə
Akimova: - Əsərdəki təhkiyə ritmini əhatə edən,
roman müstəvisini qurub dağıdan, qəhrəmanın
altşüuruna açılan dil enerjisi, ifadə
tonallığı məsələlərinə də diqqət
yönəldək.
Vaqif Nəsib:
- Ən böyük dilçilərimizdən olan Kamalın bu
romanda ideologiya, kontekst, intervü, proyekt, kiosk, aeroport, multfilm,
anekdot, normal və s. sözləri işlətməsindən
narahatlıq keçirirəm. Romanın ilk
abzasının əvvəlinə bir şəxs əvəzliyi
"O" qoyulmasını, əsərin qəhrəmanının
mükaliməsinə sahib çıxmasını
arzulayıram.
Bəzi cümlələr mənə anlaşılmaz gəldi. Onlara nəzər
salmasını arzulayıram. Məsələn, "Bu
yana Firəngiz öz otağında, divana uzanaraq hər iki əliylə
bərk-bərk sinəsinə sıxdığı kitabı
oxuyurdu" (səh.33); "Həsənağanın teatrda
masasının gözündən çıxarıb,
heç bir səbəb olmadan ürək genişliyinə ona
bağışladığı xarici konyak şüşəsini..." (səh.41); "Bir adamın ki
ağzı at kimi ola..." (səh.49);
"Firəngiz Vaqifin anlamadığı bu sözləri
halsız şəkildə, yuxulu-yuxulu,
pıçıldaya-pıçıldaya..." (səh.58); "Firəngiz yavaş səslə
xısın-xısın, amma ürəkdən
güldü" (xısın-xısın ağlayırlar, bəlkə
kişmişi-kişmişi) (səh. 66). Bu
qədər. Kamalı yeni əsəri və inamı ilə
alqışlayıram!
Yeri gəlmişkən,
"Kulis.az" saytında roman haqqında (hətta onun adına da əl gəzdirilmiş) bir yazı
oxudum. Qələm yoldaşım Aqşin Yeniseyin olduqca səriştəli və
mükəmməl yazılmış yazısı, nədənsə,
bir zamanlar mənə redaktəsi tapşırılmış
bir tərcüməni xatırlatdı. (Mərhum
böyük şərqşünas Ziya Bünyadov Füzulinin
fəlsəfi traktatını dilimizə çevirmişdi).
Ona o zaman üzrxahlığımı həmin
şəkildə bildirdim. Bu əsər hələlik
Ziya Bünyadov səviyyəli aydınlarımız
üçündü. Geniş oxucu
kütləsinin poçt qutuları üçün deyil.
Aqşinin yazısı məndə Qorqudşünas
alimimizə və onun qəhrəmanı elmi işçiyə
ünvanlandığı təəssüratı yaratdı. Yazıda sanki
intellekt nümayişinə daha çox yer verilməsini,
romana bələdçi kimi (onun sayrışmalar kimi məziyyətlərindən
konkret söz açmalarından) qaçılmasını
hiss elədim.
Nargis: -
Bu məsələdə mən hörmətli
yazıçımız Vaqif Nəsibdən fərqli
düşünürəm. Kamal Abdulla
yaradıcılığında izlənilən bu cür dil faktları
yenilikdir. Bir başqalarına oxşamır.
Burada elm və yazar təxəyyülü birləşib.
Dərin ədəbiyyatşünaslıq
bilgisi, dil qanunlarını mükəmməl mənimsəmək
əsas rol oynayıb. Yazarın istifadə
etdiyi dillə xüsusi şəkildə davranmaq cəhdləri,
dil enerjisi və bunun uğurlu əksi imkan verir ki, artıq
yazıçının formalaşdırdığı
üslubunu digərlərindən seçib ayırasan.
Kamal Abdullanın əsərlərindəki danışan, əsəri
nağıl edən şəxs usta priyomlarla bir çox dəfə
dəyişdirilir. Kamal Abdullanın əsərlərində
nağıl edənlərin səsi eşidilir, sadəcə
bu imkan verir ki, onları ayırasan. Və təbii ki,
nağıl edənin istifadə etdiyi dil imkanları... Postmodernistlərə görə, rasionallıqdan
uzaq, qurğunun ön plana çəkildiyi, hipergerçəkliyin
müdafiə olunduğu virtual bir kainat içərisində
artıq nə fərd, nə də fayda mərkəzdədir.
Mütləq olan dilin özüdür.
Roman müstəvisini qurub dağıdan, qəhrəmanın
altşüuruna açılan dil sferası da elə bu
konsepsiya üzərində şaxələnir, inkişaf edir və bir
çox fərqli sona yelkən açır.
"Postmodern
vəziyyət" kitabında müəllif Lyotard,
Wittgensteindən təsirləndiyi dil oyunlarını
inkişaf etdirərək onların əksəriyyətini qəbul
olunan hesab edir və müxtəlifliyinə
diqqət çəkir. Lyotardın fikrincə, postmodern vəziyyət
həm maddi
şəraitdəki dəyişiklikləri, həm də
intellektual sahədə fasilələri əhatə edən
bir prosesdir. Göründüyü kimi, Kamal
Abdulla yaradıcılığı postmodernistlərin ilkin nəzəriyyəçilərindən
tutmuş, son tədqiqatçılarınadək "dil əsasdır"
prinsipi ilə paralellik təşkil edir. Oxucuya
informasiyanı ötürən qəhrəman yox, hekayənin
dil qurğusudur, hekayədə qəhrəman yox, mahiyyət
qavranılmağa çalışılır. "Mətnə daxil olan oxucu kodları obrazlarla
açır; obrazın özünün də bəzən
özünə məlum olmayan kodunu açmağa
çalışır".
Postmodern romanda personajlar fərdi problemləri, daxili
müxtəliflikləri ilə romanın mərkəzində
oturmurlar. Klassik romanda mərkəzi şəxsə verilən
imtiyazlar postmodern romanda mümkün qədər azalır.
Belə romanlarda məqsəd dildir, mətnin özüdür. Məsələn, Derrida bir mətnin içinə
baxır, bir mətnin digəri ilə izahını göstərir.
O, təhlillərini "Mövcudiyyət fəlsəfəsi"
(philosophy of mood saat), "sözmərkəzcilik"
(logocentrism) və "səsmərkəzcilik"
(phonocerntrism) anlayışları çərçivəsində
aparır.
Qismət:
- Postmodern mətnlər konkret bir təhkiyə növündə
israr etməyi sevmir, romançı istədiyi növə
rahatlıqla keçə bilər. Məşhur ədəbiyyatşünas
Lesli Fidler ötən əsrdə özünün "Sərhədləri
keçin, xəndəkləri doldurun" ("Cross the border,
close the gap") essesində yazırdı ki, intellektual,
akademik, yüksək sənət nümunəsi sayılan mətnlər
ilə daha populyar, kütləvi janrlar arasındakı
uçurumları götürmək vaxtı çatıb. Bu, postmodernizmin qeyri-rəsmi manifestlərindən
biri sayılır. Kamal Abdulla da "Bir romanın
"gerçək" tarixçəsi"ndə zahirən
ayrı dünyaların insanı olan, müəyyən məqama
qədər müvəqqəti münasibət təsiri
bağışlayan Vaqiflə Firəngizin sevgisindən bəhs
edən, belə deyək ki, populyar məhəbbət
romanı ilə özünün akademik "Dədə
Qorqud" araşdırmalarını bir mətndə
görüşdürür.
Postmodernizm dilin konkret olmasına inanmır, dilin
gerçəkliyi tam təmsil və təsvir edə biləcəyini
inkar edir, buna görə də əsərlərdə dil
oyunlarına gedir. Dil oyunları vasitəsilə postmodern əsərlərin
vektoru real həyatla yanaşı, həm də intertekstual
dünyadır. Bu rakursdan baxanda Kamal
Abdullanın roman boyu "bir-iki - bizimki" deyimiylə
oynaması, onun sırasını dəyişdirməsi
maraqlıdır.
İtalo
Kalvinonun "Əgər bir qış gecəsi bir səyyah..."
romanındakı Kişi və Qadın oxucunun əsər boyu
təkcə fiziki yox, həm də intellektual mənada bir-birlərinə
doğru gəlməsi kimi, Kamal Abdullanın Vaqiflə Firəngizi
də bir-birinin yanında olsalar da, uzaqdadırlar, sonra Firəngizin
də Kitabı oxuması ilə bu ruhani məsafə
qapanır, dastanın kişi tərəfiylə qadın tərəfi
birləşir. Kalvinonun romanı on yarımçıq
romanın ardınca düşüb bir-birinin tapan Qadın və
Kişi oxucudan, üstəlik, heç bir təhkiyənin
yekunlaşmayıb sonsuzluğa qədər davam etməsindən
bəhs etməsi kimi, Kamal
Abdullanın romanı da hələ yazılmamış
"Yarımçıq əlyazma"dan və bu roman
yazıldıqca öz romanları da inkişaf edən
Qadın və Kişi oxucudan bəhs edir. Kamal
Abdulla oxucumərkəzli nəzəriyyələr
dünyasında oxucunu təkcə ehtimal edilən, mətndən
kənarda olan hipotetik varlıq kimi təsəvvür etmir, onu
həm də personaj kimi mətnə daxil edir. Beləliklə, mətn oxunmağa öz içindən
başlayır.
Romanın
"Sevilya. "Alkasar" qəsri" hissəsində
maraqlı bir pasajla qarşılaşırıq. Bu hissədə müəllif yazır ki,
"otaqların birində qəflətən qəribə bir
mənzərə ilə qarşılaşdım".
Bu qəribə mənzərədə latın
dilində yazılmış və rəngi getmiş bir divar
yazısının altından boylanan başqa bir yazı
görünür. Alt qatdakı yazı ərəb
əlifbasındadır. Müəllif bu
hissədə postmodern ədəbiyyatda məşhur olan
başqa bir anlayışı əyaniləşdirir. Buna sənətşünaslıqda palimpsest deyirlər.
Palimpsest - latın dilində, "yenidən
qazılmış" deməkdir, yəni yeninin silinib getməyən
köhnənin üstünə yazılaraq qatbaqat olduğu həqiqətlər
toplusu. İç-içə keçmiş matryoşkalar,
yaxud ədəbi kinder sürprizlər! Tarixin
bağrı bir zəlzələ ilə (roman içində
yazılmaqda olan romanda bundan bəhs olunur) yarılanda orda mənalar
sayrışmağa başlayır, süjetlər kəhkəşanı
ortaya çıxır.
Elnarə
Akimova: - Kamal Abdulla
oyun estetikası işləməklə bizi
asanlıqla bir zamandan digərinə apara bilir. Daha
dəqiq desək, bir mədəni əyyamdan digərinə
keçid edir. Sanki bütövlük
ölçüsü axtarılır.
Qismət:
- Əsərin bir neçə yerində "bu, bir oyun
idi" və ya "bu oyun ona başqa bir oyunu
xatırlatdı" kimi cümlələr təkrarlanır,
xüsusi şəkildə vurğulanır. Elə
bilirəm, "oyun"dan danışıb, Yohan Heyzinqanı
və onun məşhur "Homo Ludens" (Oyun oynayan insan)
araşdırmasını yad etmək yerinə düşər.
Heyzinqanın kitabının alt başlığı belədir:
"Oyunun ictimai funksiyası haqqında". Heyzinqa
bu kitabında belə bir tezisdən çıxış edir
ki, oyun təkamül edib mədəniyyətə
çevrilmir, mədəniyyət elə oyun kimi doğulur və
o, əvvəldən bəri oynanılan şeydir. Heyzinqa onu da deyir ki, oyun əmrlə baş tutmur deyə,
canında azadlıq var və buna görə də zövq
verir. Kamal Abdullanın mətnində bu
düşüncəyə çoxsaylı allüziyalar var, əlbəttə,
özünəməxsus formada.
Nargis: -
Qismətin qeyd etdiyi kimi, "Laokoon, Laokoon... yaxud bir
romanın "gerçək" yazılma tarixçəsi"
adlı romanda hər şey bir-birilə paralellik və vəhdət
içərisindədir. Romanın labirintlərində gəzişdikcə
sanki "Yarımçıq əlyazma"nın
səhifələri ilə qarşılaşırdım. Bu səhifələr
notlarla, maraqlı fikirlərlə, romanın ilk nüsxələrinə
göndərmələrlə doludur... Basat
Banuçiçəyi sevirdimi? Banuçiçək
yalnızca Beyrəyi sevirdi. Bəs kafir
qızı? Necə oldu ki, eşqini qəlbinə
gömüb taleyi ilə barışdı? Sirr axı haradadır?
Bütün mistik qatlar və simulyasiyalar;
yaşanmış zaman, tarix, mifologiya və təxəyyül
bir-birinə qarışmışdır. Romandakı fantastikanı
sanki hər zaman və məkanı gəzən və orbitindən
kənara sayrışan sirli bir ağıl qurur... Mətn
deyir ki...mənə şübhə duyma, gəl mənə
inan... Bax belə də ola bilər... Bəlkə də elə belədir? Yazar
üzündə düşüncəli təbəssümlə
tam da elə bu anda sakitcə pıçıldayır: -
"Əgər bu sonuncu Beyrək dəxi biz
tanıdığımızdırsa, o zaman "Bayburd bəyinin
bikr qızı"nı biz mətnin
harasında gizlədək?! Hər Beyrəyi görməyə
gəldiyində onu "şən, deyib-gülən
gördüyünü" hara yazaq?!".
Belə labirintvari mətnlərin yazarını, görəsən,
görə bilən neçə nəfərdir?
Elnarə
Akimova: - Yeri gəlmişkən, Tehran Əlişanoğlu
romanla bağlı ötən müzakirəmizdə qeyd
etmişdi ki, "Bir romanın "gerçək"
yazılma tarixçəsi" qədər gerçəyi
ifadə etməsinə baxmayaraq, yazıçı-alim Vaqifin
versiyası bir oxucu kimi mənə o qədər də qənaətbəxş görünmədi. Məncə,
"Yarımçıq əlyazma" Azərbaycan ədəbiyyatında
böyük hadisədir; belə hadisələrin yaranma,
meydana çıxma amilləri bir deyil, daha da çox olur... "Laokoon..." bir düyün nöqtəsi kimi
bu baxımdan cavablardan çox suallar yaradır".
Qismət:
- Kamal Abdulla bu romanıyla, əslində, riskə gedib.
Çünki məşhur "Yarımçıq əlyazma"nın yazılma prosesindən bəhs edən
bu yeni roman əvvəl yazılan əsərin kölgəsində
qala bilərdi. Ancaq o, bu romanı müstəqil əsər
statusuna qaldırıb, məncə, əgər "Bir
romanın "gerçək" tarixçəsi" əsəri
"Yarımçıq əlyazma"dan əvvəl
yazılsaydı da, biz bu əsəri yenə maraqla
oxuyardıq.
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.6-8.