Essevari fikirlər
"Ədəbiyyat gözəl yalandır" sözlərini eşitmək çox kədərlidir
Zövq və kriteriya məsələsində həm
peşəkar oxucu, həm də tənqidçi bəzən
çıxılmaz vəziyyətə
düşür, mətnə
qiymət verəndə
zövq kriteriyanı formalaşdırmağa mane olur. Yəni
kimsə deyəndə
ki, filan mətn zəifdir, o dəqiqə bu fikrə opponentlik edən əks fikri söyləyir: sən məsələyə
zövqlə yanaşırsan,
yəni "xoşuma
gəlmədi" fikrinin
əsasında ilk növbədə
zövq kateqoriyası
durur. Bəs onda kriteriya
nədir? Buna belə
maksimalistcəsinə cavab
verəcəm: "Lev Tolstoyun
"İvan İliçin
ölümü" povestinə
kimsə zəif əsər deyə bilməz, çünki ən minimal kriterilərə
(ideya, ideyanın bədii həlli, süjet xətti, dramatizm və s.) belə cavab
verir və burda zövq məsələsi keçir
lap arxa plana".
***
Üç tipli yazıçı
var. Mütəfəkkir, üslubçu
və süjetçi
yazıçılar. Mütəfəkkir yazıçılar, Tomas Mann, Herman Hesse, İsa Hüseynov ağır yüklü fəlsəfi
fikir yaradanlardır.
Üslubçular bədii, estetik
dil yaradanlardır, Marsel Prust, İvan
Bunin, Mövlud Süleymanlı,
Əkrəm Əylisli.
Süjetçi yazıçılar
sırf axıcı, maraqlı, dramatik süjetə üstünlük
verənlərdir, - Fyodor Dostoyevski,
Ceyms Oldric... Əlbəttə, bu cür kateqoriyaya bölünmələr
heç də o demək deyil ki, adları çəkilən yazıçılar
özlərini ancaq təfəkkür, üslub
və süjet kontekstlərində təsdiq
ediblər, yəni süjetçi müəyyən
üslub bacarığı
və ya mütəfəkkir yazıçı
həm də gözəl süjet qura bilər.
***
Arada ədəbiyyat
adamları yazıçının
ilk cümləsinin möhtəşəm
effekt yaratmalı olduğu vacibliyini vurğulayır. Dini terminologiya elə belə demək olar: ilk cümlənin, ya abzasın uğurlu olması müstəhəbdir (məsləhətlidir),
amma fərz (vacib) deyil.
***
Ədəbiyyat adamlarından kimsə
deyib: "Ad əsərin
az qala yarısıdır".
Ola bilsin, bu,
şişirtmədir. Ancaq uğurlu ad əsərin cəlbedici olmasının
əsas şərtlərindən
biridir. Bayağı ad (tutaq ki,
"Xoşbəxt günlər"
və ya "Göydəki ulduzlar")
səviyyəli oxucunu
birmənalı itələyir,
nəzərə alsaq
ki, oxucuların əksəriyyəti aldığı
kitabı səhifələməyə
başlayanda öncə
mündəricata baxır.
Amma eyni zamanda uğurlu
adın altında həm də uğurlu mətn olmalıdır, yəni oxucu mətni oxuyandan sonra deməməlidir ki, heyif əsərə verdiyin o ada, ay yazıçı.
***
Yazıçı prototiplə üz-üzə
gəlməkdən, hətta
onun tərəfindən
hücuma məruz qalacağından qorxub ona ani olaraq
ölüm arzu edir. Yalnız içindəki əxlaq
bu arzunun anilikdən çıxıb
daimi olmasının qarşısını alır.
***
Ədəbiyyatda dəstəbazlıq, qrupbazlıq
əgər istedadın
üzə çıxmasına,
inkişafına və
təbliğinə xidmət
edirsə, niyə də olmasın. Amma bunun da bir
əmması var: bəzən dəstəbazlıq
tənha istedadlıların
kənarda qalmasına
aparıb çıxarır.
***
Prototip yazıçının
beynində ilkin variantda plastilin formasında olur, obraza tam çevrilənə
qədər yazıçı
mətndə onu istədiyi formaya salır. Obrazın onu tam qane etməsi isə plastilindən düzəldilmiş
fiqurun soyuducunun buz gözünə qoyulub heykəl halına salınmasıdır.
***
Tənqidçi mətni çapa getməzdən öncə
onu müayinə edir, diaqnoz qoyur
(zəifdi, ortababdı
və s.), lazımsa, əməliyyat olunmağı
məsləhət (mətnin
filan-filan yerlərini kəs at), ya əlavə orqan köçürməyi (mətnə
yeni detal əlavə etmək) məsləhət görür. Hazır mətni
oxuyub resenziya yazan tənqidçi bir növ, həkim-anatomdur,
mətnin ölüm
(tam fiasko) və ya yaşaması üçün epikriz yazır.
***
Nostalgiyanın həm energetikası, həm də mifi. Keçən əsrin
80-ci illlərində eyni
sinifdə oxuyan dostumla 30 il
sonra görüşürəm.
Deyir, alə, o vaxtın korjikinin dadı da başqa cür
idi. Yalandan təsdiq kimi
başımı tərpədirəm,
qoy bu mifdən
ləzzət alsın.
Eyni vaxtda səkkiz manata "altdan satılan" defisit "Abşeron" tortu, piştaxtada satılan dadsız marqarin yağından hazırlanmış
"Skazka" tortu yadıma düşür.
***
Yeni hekayəni
yazmaq ən böyük ləzzətdir. Onu ilk dəfə
redaktə etmək başqa ləzzətdir.
Sonra onu dəfələrlə
redaktə etmək, detalları, süjet xəttini qısaldıb yenilərini əlavə etmək isə bala-bala ləzzət almaq deməkdi. Qastronomik müstəvidə
- birincisi, dağ meşəsində döymə
kabab yemək, ikincisi, dağ meşəsində samovar çayı
içmək, üçüncü(lər)sü isə şəhərdə
bulvarda, çayxanada çay içməkdir...
"Yaradıcılıq qastronomik müstəvidə"
silsiləsindən.
***
"Ədəbiyyat gözəl
yalandır" sözlərini
eşitmək çox
kədərlidir.
***
Tək şeir
yox, bəzən hekayə də baş verir. Hadisəni görürsən,
qeyri-ixtiyari kulminasiya şəklində gəlir
oturur beynində, iki dəqiqənin içində isə mətn özü beynində hazır olur, qalır qələmi götürüb
yazmağa.
***
"Mətni isti-isti döyərlər"... Düzdür, ədəbi mühitdə
əsərlərin yazılması
ilə bağlı məlum bir resept var, yazdığın
mətni dəmə qoy soyusun, bir
müddət keçsin,
onda başqa gözlə baxacaqsan mətnə, əskikliklər-filanı
daha iti gözlə görəcəksən
və yenidən işlədiyin əsərin
son variantı daha mükəmməl alınacaq.
Bu reseptdə, sözsüz, həqiqət
payı var. Amma bu, heç də bütün hallarda keçərli olmur. Bəzən mətni isti-isti
döymək lazım
olur, çünki onu qırağa atanda o dərəcədə
soyuyur ki, soyuqluğundan ona heç yaxın durmaq belə istəmirsən.
***
Yeni kompleks növü, - səsli mesajdan qıcıqlanma. Bu yaxınlarda bir şirkətdə çalışan
dostum mənə danışdı ki, bəs xaricdə tərəfdaş şirkətin
bir nümayəndəsi
ilə votsap yazışması zamanı
səs mesajı yollaması tanışımın
müdirinə məlum
olub. "Məni çağırıb
nə desə yaxşıdı - tanışım
deyir. - Ayıbdı,
bir də Cona səs mesajı
yollama. Deyirəm, ay Nizami müəllim,
burda nə var ki, ya
hərflə yazmaq, ya da səsli
mesaj yollamaq, əsas odu fikrimi
mədəni şəkildə
çatdırıram, kobud,
ya qeyri-etik biz söz ağzımdan çıxmayıb axı.
Qayıdasan ki, mənlə mübahisə
eləmə, nə deyirəmsə, ona əməl et".
Dostumun bu sözlərindən sonra istər-istəməz fikirləşirsən
ki, axı məna, informasiya səslə ötürülürsə,
bu, niyə telefonun o başındakının
əsəblərinə toxunmalıdı? Tutaq ki,
kimsinsə mobil telefonu var, amma
votsapdan istifadə etmir, bu yenə
başadüşüləndir. Amma mobil telefonu
olanda həmin məntiqlə gərək
hamıya desin ki, mənə zəng etməyin, sözünüz varsa, mənə sms yollayın. Yəni votsapla yazı kimi göndərilən xahiş, xatırlama, dəvət və s. tipli informasiya da sonucda sonuncunu
alanın əsəblərinə
toxuna bilər. Bəlkə səhv deyirəm?
***
Əşyanın onu alana qarşı mazoxist, yoxsa hücum taktikası?.. Axırı,
qızdırma-üşütmə olanda evdə bəzən isti su olmadığına görə əlimi soyuq suya vurub
ayaqlarıma məsh çəkməyim deyə,
dini mallar satılan mağazadan iyirmi manata dəri
məsh corabları aldım. Seçdiyim hənəfi məzhəbinə
görə, xəstələnəndə
bu corabları geyinib rahatca üstündən məsh
etmək olar. Təzəlikcə ağır
keçirdiyim coviddən
müalicə olunub sağalsam da, məsh corablarını alandan sonra istər-istəməz
içimdən bir gizli arzu keçdi:
Covidsiz bir-iki günlük qızdırmam
ola, mən
də iki gün məsh çəkməkçün bu
corabları geyinəm.
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.9.