Şah
Romandan parça
Vatikan. 1494-cü il
Yay günəşi
şəbəkəli Venesiya
şüşəsindən süzülərək rəngli
zolaqlar şəklində
kilsənin yaşayış
hissəsindəki katib
otağının döşəməsinə
şəkillər çəkməkdəydi. Zəhmli kitab
rəfləri ilə dolu olan bu
otağa yeganə sevinc gətirən bir mənzərə vardısa, o da döşəməyə "cızılan"
bu rəngarəng şüalar idi. Bir azdan Günəş qüruba gedəcək və otaq öz
qara donunu geyəcəkdi. Bir parça
şüa bu anlarda özünü Tanrıya qurban vermiş gənc katibi sevindirirdi. O, bir an da
olsa gözünü bu zolaqlardan çəkə bilmirdi. Halbuki, onun yaşıdları hardasa çay sahilində, öz sevgililəri ilə əl-ələ tutub gəzirdilər. Katib, xəyallarında
gülümsədiyi an, gözü
birdən-birə işığa
qarışıb kölgəsi
yerə düşən
"çarmıxdakı İsa"ya
sataşanda duruxdu.
Tez ayağa durub, balaca heykəlin yerini dəyişdi, yerə baxdı balaca heykəlin kölgəsi olduğundan
da çox böyük görünürdü.
Katib dizüstə çöküb,
Tanrıya yalvardı ki, "kaş kimsə girib, bu mənzərəni görməsin". Gözlərindən yaş axan zaman,
yaşlı rahiblərdən
biri otağa daxil oldu. Katibi gözüyaşlı
görən rahib, bunun mənasını soruşanda cavab onu ürəyində qəhqəhə çəkməyə
vadar eləsə də hərəkətləri
bunun əksiydi; o, katibə yanaşıb, başına sığal çəkdi:
- Ağlama, mənim balam, sən əsl Allah adamısan, bu, nə vaxtsa
qiymətləndiriləcək. Amin!
- Amin!
- Gəl, gəl, mənim balam, ciddi məktub yazmalıyıq. Dilini bağlamalı, heç kimə bir kəlmə
belə deməməlisən,
sonunda ölüm olsa belə...
Katib daxilindəki "məşum
kədərilə" masa
arxasına keçərkən
özü də hiss etmədən kölgəsi
yerə düşən
"heykəli" ayaqlayıb
keçdi. Yaşlı rahib bunu görüb, dodaqucu gülümsədi, lakin katibə bir söz belə demədi. Katib lələyi mürəkkəbə
batırıb, yaşlı
rahibin diktəsini gözləyirdi. O, bu
rahibin qaranlıq otaqdakı zəhmli, eyni zamanda xırıltılı
səsini çox sevirdi. Həmin an gəldi, xırıltılı
səs az qala pıçıltıyla
diktə etməyə
başladı:
"- Sultan Əlinin qızılbaşları
Ərdəbil yaxınlığında
Şəmasidə darmadağın
edildikdən sonra Şeyx Heydərin oğulları İsmayılla
İbrahimi gizlətdiyinizi
bilirik. Çalışın ki, onlar ən yaxşı alimlərdən dərs alsınlar. Hərb dərsləri də
onun kimi. Qılıncı onlara sevdirin.
Əsas diqqətinizi İsmayılın üzərinə
cəmləyin və unutmayın ki, Sultan Əli hələ ölməmişdən onu
- İsmayılı təriqət
şeyxi vəzifəsinə
varis təyin edib! Yerlərini tez-tez dəyişin, onların tərbiyəsi ilə məşğul olan şəxslər
dəyişdikcə əvvəlkiləri
öldürün. Çalışın ki, hər kəs
onları üzdən
tanımasın. Zamanı gəldikdə
şiə təriqətinin
təbliğinə başlayın.
Hadisələrin axarı
bundan asılı olacaq...
Qızılbaş müridlərini yavaş-yavaş
təlimatlandırın...".
Katib işini bitirib rahibə baxdı, gülümsədi, hiss olunurdu
ki, o, nəsə demək istəyir. Yaşlı rahib onu süzdü: - Buyur, mənim balam, deyəsən, sözün var.
Katib sıxılsa da soruşdu: - İsmayıl
kimdir?
Yaşlı rahibin üzündən
kölgələr keçdi:
- Sən, sən məktubların məzmununu
əzbərləyirsən?!
Katib özünü rahibin ayaqları altına atdı, yalvarış dolu gözlərilə ona baxdı:
- Yox, yox! Bağışlayın!
Bu mənim səhvim idi, bağışlayın!
Katibin səsinə
qapıdakı keşikçilər
belə gəldi. Yaşlı
rahib halını pozmadan onlara əmr verdi:
- Dilini kəsin! Öldürməyin! Yalnız
dilini!..
Katib qışqırıb fəryad
etdikdə yaşlı
rahib onun qulağına sarı əyildi və özünün məşhur
xırıltılı səsi
ilə pıçıldadı:
- İsa xatirinə, mənim balam, İsa xatirinə. Rahib özünü düzəldib,
yazılmış məktubu
möhürlədikdən sonra
katib otağını
tərk etdi. Katib yerdəki kölgələrin
üstündə oturub,
gözüyaşlı onun
ardıycan baxırdı.
Katib nə vaxtsa Vatikandakı rahibələrdən birinin
bic doğduğu oğlu idi. O, anasının
razılığı olmadan
təəbəliyə verilmişdi.
Gözünü boz rəngli xəyallar aləmində açan uşağın adını
ilk dəfə qulağına
məhz bu yaşlı rahib pıçıldamışdı:
-
Roberto...
O, Robertonun tərbiyəçisi,
mənəvi atası
həm də məşuquydu. Oğlan böyüdükcə ona elə gəlirdi
ki, həyat elə belə olmalıdı. Gecə-gündüz tövbələr, dini mərasimlər, sonra yaşlı rahibin otağında qulağına
xırıltılı səslə
pıçıldanan anlaşılmaz
sözlərlə birgə
onun sığalları,
ağrılarla dolu eşq səhnələri.
Roberto hər görüşdən sonra
özünü öldürmək
istəsə də bunu bacarmamışdı,
çünki İsa intiharı sevmir. İsa özünü fəda edənləri sevir.
O da özünü, gəncliyini yalnız səsini sevdiyi yaşlı rahibə fəda edirdi, amma bunu istəmədən
zorla. Artıq o bilirdi ki, həyatda
qadın və kişi var,
eşq var, sevmək var, bir də ilahi
eşq var ki, o da Tanrıya
məxsusdu. Yaşlı rahib onun bütün sevgi yollarını bağlayıb,
özünə qarşı
bağlılıq bir
də Allah və İsa qarşısında
gəncin qəlbində
xof yarada bilmişdi. Roberto özü də anlaya bilmirdi ki, onun daxilində
vahimə çoxdu, yoxsa Allah sevgisi.
Cəllad
rahibin dediyini həyata keçirərkən
belə o bu ağrıları hiss etmirdi.
Ağzı qan içində
bihuş vəziyyətdə
yerdə uzandığı
vaxt artıq Günəş qüruba gedir, kölgələr isə yerdən qalxıb, divarda ozünə yer eləyirdi. Katibin huşu özünə
dönür, ilk gözünə
dəyən isə İsanın divara düşən kölgəsiydi.
Həmin
anda ürəyindən
keçən sözü
dilinə gətirmək
istəsə də, ağzındakı laxta qan dolu boşluq
onu boğmağa başladı. Birtəhər yerdən durub, ağzındakını səhər
İsanın kölgəsi
oynayan yerə qusdu, xeyli öskürdü
sonra hardansa bir parça əsgi tapıb ağzına tıxadı.
Yenə də halsızlaşıb
yerə çökdü,
xaç çəkdi.
Divardakı kölgəyə baxıb düşündü
ki, "sənə görə, sənə görə". Gözlərindən
axan yaş balaca saqqalından üzü aşağı
axanda, "kölgənin"
səmtinin ona tərəf yox, yana döndüyünü
gördü. Həmin anlarda
çapar, artıq Vatikanı arxada qoymuşdu. Məktub
mənzilinə vaxtında
yetişməliydi...
Yeganə KƏRİMZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.11.