Əməldə və əsərlərində
özünüifadə nümunəsi
Əməkdar jurnalist, yazıçı və publisist Fərəc Fərəcovu tanıdığım 1967-cı ildən bu günə qədərki çoxcəhətli fəaliyyətini qısaca olaraq aşağıdakı kimi ifadə etmək olar: özünü danışıqla, sözlə yox, əməldə və ədəbi-publisist yazılarda, əsərlərində ifadə etməyin nümunəsi. Fərəc Fərəcov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialında birlikdə eyni qrupda oxuduğumuz tələbəlik illərindən başlayaraq fəaliyyətinin sonrakı bütün mərhələlərində, həmişə "az danışmağın gözəlliyini", təmkinli davranışın və yorulmaz yaradıcılıq işinin məsuliyyətini və şərəfini nümayiş etdirmişdir. Bu təbii görkəm mənim və əminəm ki, bütün tələbə yoldaşlarımızın nəzərində Fərəc Fərəcovun obrazının ən səciyyəvi cəhətlərini özündə əks etdirən xüsusiyyətdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə "B" qrupunda 1967-1971-ci illərdə keçən unudulmaz tələbəlik dövründə Fərəc Fərəcov daha çox seminar dərslərindəki cavabları və mülahizələri, bir də ciddi sifətindəki cüzi işıqlı təbəssümü ilə yaddaşımıza yazılmışdır. Lakin ilk baxışda qaradinməz kimi tanıdığımız Fərəc Fərəcov tələbəlik dövrünün kollektiv tədbirlərindən: Novruz bayramı mərasimlərindən, "mayovka" gəzintilərindən, tarixi yerlərə və təbiətə səfərlərimizdən heç vaxt kənarda qalmamış, tələbə dostlarına həmişə doğma, təəssübkeş münasibət bəsləmişdir. Tələbə yoldaşlarımız onu danışığından çox, sabit mövqeyinə və çətinliklə hiss olunan nazik təbəssümü ilə ifadə olunan münasibətinə, özünəməxsusluğuna görə tanınmışlar. Fərəcin xasiyyəti tədricən tələbə mühitində həzm olunmuş və o, fərdi xarakterə malik sabit tələbə dostumuz kimi qəbul edilmişdir. Tələbəlik illərində bədii-publisistik fəaliyyətlə də məşğul olmasına baxmayaraq, Fərəc Fərəcov yaradıcılıq sahəsindəki işini heç vaxt dilə gətirməmişdi. Arabir Naxçıvan Muxtar Respublikasının əsas mətbuat orqanı olan, böyük ənənələrə malik "Şərq qapısı" qəzetində və Culfa bölgəsinin "Zəfər" adlı rayon qəzetində dərc olunan kiçik məqalələri və şeir yazması haqqında sezdiyimiz nüanslar Fərəcin bu sahədəki məşğuliyyətini istər-istəməz nəzərə çarpdırırdı. Lakin o, heç vaxt bunun tələbə mühitində əks-səda tapmasının marağında olmamışdır.
Ali məktəbi bitirdikdən sonrakı dövrdə bir də gözümüzü açıb gördük ki, Fərəc Fərəcov Culfa rayon qəzetinin əməkdaşı və bir neçə nəslin, o cümlədən bu sətirlərin müəllifinin də yaradıcılıq taleyində mühüm rol oynamış "Şərq qapısı" qəzetinin xüsusi müxbiri kimi yazılarını çap etdirməkdədir. Publisist yazıları ilə diqqəti cəlb edən Fərəc Fərəcova az sonra "Zəfər" qəzetinin baş redaktoru kimi etimad göstəriləndə də o özünün məsuliyyətli işini səssiz-küysüz, bacarıqla yerinə yetirmişdir. Ədəbiyyat ağırlıqlı redaktor olması "Zəfər" qəzetinin inkişaf yolunda qəzetçilikdən bədii publisistikaya, maarifçiliyə doğru inkişafı şərtləndirən fərqli bir mərhələnin formalaşması ilə nəticələnmiş, Culfa rayonunun ədəbi-tarixi keçmişinə dair araşdırma materiallarının, nadir tarixi şəkillərin çap olunması, ədəbiyyat səhifələrinin burada yaşayıb-yaradan yaradıcı qüvvələrin bədii yazılarını oxuculara çatdırması da "Zəfər" qəzetinin həmin dövrünün silinməz izləri kimi qalır.
Özünə və işinə məsuliyyət, yorulmaz yaradıcı fəaliyyət, təmkinli davranış Fərəc Fərəcovu daim ucaltmışdır. O, uzun illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, muxtar respublika Mətbuat Şurasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, Fərəc Fərəcov öz fəaliyyətində ictimai-mədəni mühitin qayğıları ilə bədii yaradıcılıq və publisistika ilə məşğul olmağı gündəlik vəzifələri ilə uzlaşdırmağı bacarmışdır. Bütün hallarda ictimai-mədəni mühit də öz növbəsində Fərəc Fərəcovu yaradıcı ziyalı kimi fərqləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycanın Əməkdar jurnalisti Fərəc Fərəcov bu gün də özünün məsuliyyətli və təvazökar yaradıcılıq işini yorulmadan və peşəkarcasına davam etdirməkdədir. Fərəc Fərəcov artıq özünü həyatda da, mətbuatda da, ədəbiyyatda da çıxışları, vədləri ilə yox, təvazökar əməlləri və bədii-publisist əsərləri ilə təsdiq etmişdir.
Bədii və publisistik yaradıcılıq fəaliyyəti Fərəc Fərəcovun taleyi və tərcümeyi-halıdır. İctimai-ədəbi mühitdə qazandığı uğurlara görə o, bədii-publisist yazıları ilə qazandığı imicə borcludur. Fərəc Fərəcov özünün ciddi və ardıcıl yaradıcılıq fəaliyyəti ilə təkcə ədəbiyyatda deyil, həyatda, ictimai-ədəbi mühitdə də haysız-küysüz ucalmağın nümunəsini göstərir. Bu məqamda Fərəc Fərəcovun bədii-publisist əsərlərindəki obyektiv və təmkinli vətəndaş mövqeyinin, milli iftixar duyğusunun, cəmiyyətin ümumi inkişafına xidmət etmək qayəsinin də rolunu xüsusi olaraq qeyd etməmək olmaz. Fərəc Fərəcov əsərlərində aydın vətəndaşlıq mövqeyinin orijinal bədii-publisist ifadəsi ilə artıq öz sözünü demişdir.
Bu gün Azərbaycan oxucusu Fərəc Fərəcovu çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan istedadlı və zəhmətkeş bir yazıçı-publisist kimi tanıyır. O, bədii əsərləri və publisist məqalələri ilə ədəbiyyatımıza və mətbuat işinə özünün layiqli töhfələrini verməkdə davam edir. Fərəc Fərəcov ədəbiyyatın bir neçə növündə: epik və lirik növlərin müxtəlif janrlarında maraqlı, oxunaqlı, təsirli əsərlər yazmaqla həm də onu əhatə edən mühitin hadisələrini və personajlarını bədii ədəbiyyatın geniş miqyasına çıxarmağı bacarır. Onun əsərlərindən təbii həyat nəfəsi, torpaq ətri gəlir. Fərəc Fərəcovun qəhrəmanları təvazökar, sabit mövqeyə malik, əxlaqi-mənəvi dəyərləri ön mövqeyə çəkən sadə adamlardır. Onun əsərlərində keçid dövrünün mürəkkəbliklərini məsuliyyətlə yaşamış ziyalıların yaddaqalan təbii obrazları yaradılmışdır. O, həyatın səciyyəvi hadisələrini və detallarını seçib özünəməxsus şəkildə təsvir etmək və ümumiləşdirmək işini istedadla həyata keçirir. Fərəc Fərəcovun əsərlərindəki ədəbi publisistika əlamətləri qəzetçilik fəaliyyətindən gəlsə də, artıq onun sabitləşmiş bədii üslubunun fərdi xüsusiyyəti kimi diqqəti cəlb edir. Fərəc Fərəcovun əsərləri publisist xarakterli bədii nəsr üslubunun bariz nümunəsidir. Onun əsərlərində bədiiliklə, nasiranəliklə publisistikanın münasib bir sintezi müşahidə olunur. Publisistika meyilləri Fərəc Fərəcovun bədii əsərlərini real həyat hadisələrinə istiqamətləndirir. O, müxtəlif janrlarda yazılmış əsərlərində yaşadığı mühitin çoxcəhətli bədii-publisist obrazını yaradır.
Fərəc Fərəcov üçün publisistika əsas yaradıcılıq sahəsidir. Muxtar Respublika mətbuatında və Mətbuat Şurasında daşıdığı məsul vəzifələr onun publisistika ilə daha ardıcıl və məhsuldar şəkildə məşğul olmasına dahi geniş meydan açmışdır. Əslində belə demək mümkündür ki, Fərəc Fərəcov ədəbiyyata mətbuatdan və publisistikadan gəlmişdir. Mətbuat sahəsində çalışmaq onun həyatı və insanları, ictimai-siyasi prosesləri yaxından müşahidə etməsində, publisistika isə qələm vərdişləri qazanmasında mühüm bir yaradıcılıq məktəbi funksiyasını yerinə yetirmişdir. Fərəc Fərəcovun məşğul olduğu yaradıcılıq sahələrinin hamısında publisistikanın iştirak etməsi təbii bir proses olub, onun əsərlərinin özünəməxsus xüsusiyyəti kimi çıxış edir. Fərəc Fərəcov özü də ədəbiyyat sahəsində yazıçı-publisist kimi qəbul olunur. Onun publisistika sahəsindəki yaradıcılıq imkanları çoxsaylı məqalələri ilə yanaşı, həm də çap etdirdiyi ayrı-ayrı publisist kitablarda da qabarıq şəkildə diqqəti cəlb edir. Müxtəlif vaxtlarda oxuculara təqdim etdiyi məqalələri və kitabları Fərəc Fərəcovun publisistikanın fərqli istiqamətləri və janrlarında mükəmməl publisistika örnəkləri yaratdığını göstərir. Belə ki, "Culfa şəhidləri" kitabı ictimai-siyasi, "Culfa soyqırımı" kitabı elmi, publisistikanın "Sənət məbədinin sənətçiləri" kitabı isə bədii publisistikanın ən yaxşı örnəklərini ictimaiyyətin diqqətinə çatdırır. "Muxtar Respublika mətbuatı: dünən və bu gün" kitabı isə həyatını dövri mətbuatın inkişafına həsr etmiş müəllifin mətbuat tariximizin araşdırılıb öyrənilməsinə töhfəsidir.
Fərəc Fərəcov bizim günlərin publisist romanlarının müəllifi kimi ədəbiyyatda özünəməxsus mövqe tutur. "Aydın sabahlar" yeni tarixi dövrü kənd-rayon həyatı və regionda yaşayıb-çalışan adamların qayğıları və ümidləri vasitəsilə əks etdirən uğurlu publisist romandır. Qəhrəmanlarını cəmiyyət hadisələrinin mürəkkəbliklərindən keçirən Fərəc Fərəcov onların xarakterini açmış, hər birinin fərdi simasını müəyyən etmişdir. Çoxşaxəli hadisələri əhatə etməsi, ictimai mövqe və mənəviyyat kimi ciddi problemlərə fərqli baxış bucağından yanaşaraq, konkret əhvalatların və obrazların taleyinin işığında həmin mətləblərin müxtəlif təzahür formalarını diqqətə çatdırması, geniş surətlər qalereyası yaratmağa nail olması və bədii ümumiləşdirmə bacarığı "Aydın sabahlar"ın yaddaqalan roman kimi alınmasını təmin etmişdir: "Aydın sabahlar" - Fərəc Fərəcovun həyat hadisələrinə, fərqli xarakterə malik insanlara və gələcəyə bəslədiyi aydın yazıçı-vətəndaş mövqeyinin uğurlu romanıdır.
Müəllifin xatirə-roman adlandırdığı "Ömür də bir nağıldır" əsəri XX əsrin əvvəllərindən başlayaraq, XXI yüzilliyin əvvəllərinə qədər davam edən ictimai-siyasi və ədəbi-mədəni hadisələri yığcam, canlı və ümumiləşdirilmiş şəkildə əks etdirən avtobioqrafik bədii əsərdir. Bu, Fərəc Fərəcovun özünün şəxsi tərcümeyi-halı və ömür yolunun həyat və cəmiyyət hadisələri ilə əlaqəli şəkildə seçilmiş səciyyəvi hadisələr vasitəsilə təsvir edilməsi və ümumiləşdirilmiş şəkildə təqdim olunması əsasında yaradılmış maraqlı tale romanıdır. Yazıçı heç bir gündəlikdən, əlyazma mətnlərindən istifadə etməyərək, şəxsi yaddaş materialı əsasında böyük bir epoxanın canlı bədii salnaməsini yaratmağa nail ola bilmişdir. Lakin Fərəc Fərəcov dövrün mənzərəsini və tərcümeyi-hal hadisələrini sadəcə təsvir etməklə qalmamış, ictimai mühitdə gedən proseslərə və onu əhatə etmiş insanlara münasibətini də oxuculara çatdırmışdır. "Aydın sabahlar" romanındakı Kamal Muradov obrazı vasitəsilə tərcümeyi-halı ilə bağlı motivləri bədii əsər materialına çevrilmiş Fərəc Fərəcov "Ömür də bir nağıldır" romanında maraqlı bir formada bir növ özünün obrazını yaratmışdır. Beləliklə, Fərəc Fərəcov özünün də yazdığı kimi, "ona düşən ömür payını" qələmə almaqla həm də həyatının və mühitinin formatında maraqlı bir bədii əsər meydana qoymuşdur. Fərəc Fərəcovun "Ömür də bir nağıldır" əsəri müstəqillik dövrü Azərbaycan ədəbiyyatında meydana çıxmış orijinal bir avtobioqrafik xatirə romanı kimi də mühüm əhəmiyyət kəsb edir.
Fərəc Fərəcovun hekayələri də canlı həyat hadisələri və yaddaqalan obrazlar əsasında cəmiyyətdə gedən proseslərin ayrı-ayrı məqamlarını əks edirən oxunaqlı bədii əsərlərdir. O, son dövr ədəbiyyatımızda bir qədər arxa plana keçmiş realist-satirik hekayənin ən yaxşı nümunələrinə imza ata bilmişdir. Xüsusən, onun qələmə aldığı "Qabrovosayağı miniatürlər" Azərbaycan ədəbiyyatı üçün yenidir. Yazıçı Bolqarıstanın məşhur Qabrovo yumoru ilə Azərbaycan gülüşünün ən səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirən yığcam miniatürləri ilə ədəbiyyatımızı forma və məzmunca zənginləşdirmişdir. Fərəc Fərəcovun "Qabrovosayağı miniatürlər"i müasir mərhələdə Azərbaycan yumoristik hekayəsinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Yazıçının "Zülmətdə işıq" povesti onun yaradıcılığında hekayədən romana keçid prosesini aydın surətdə təsəvvür etməyə imkan yaradan cəlbedici əsərdir. Burada "zülmət gecələr" özünü radikal millətçi eyforiyanın toruna salmış bədbəxt erməni millətinin qaranlıq taleyini, "açılan səhər" isə insanlığın işığa, xoşbəxt və firavan həyata çıxacağına bəslənilən inamı canlandırmağa xidmət edir. Bu, Azərbaycan ədəbiyyatında səksən beş yaşlı Asaturun gecə söhbətləri vasitəsilə mənsub olduğu bədbəxt millətin iç üzünü açıb göstərən orijinal bədii əsər kimi yadda qalır.
Fərəc Fərəcovun "Vətən - qürurumdur mənim" və "Elə bağlıyam" adlı şeirlər kitablarında toplanmış bədii nümunələr onun təbii şairlik istedadını da əyani şəkildə nümayiş etdirir. Vətən torpağını İlhamla tərənnüm etməsi, vətəndaşlıq motivlərinin təcəssümü, istifadə etdiyi bədii təsvir və ifadə vasitələri şeir yaradıcılığı baxımından mənalandırmağı bacarması müəllifin özünəməxsus poetik söz demək imkanlarına malik olduğunu göz önünə gətirir. Fərəc Fərəcovun "Müstəqillik yollarında" poemasında Azərbaycan xalqının son yüzillikdə dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin müxtəlif inkişaf mərhələlərinin hadisələrinə poetik baxış öz əksini tapmış, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri obyektiv mövqedən və yüksək peşəkar səviyyədə mənalandırılmışdır. Fərəc Fərəcovun şeirləri və poemasındakı "Müstəqillik addımlayır Heydərlə qoşa", "Əməlin sübut etdi ki, Sən əsl xalq oğlusan", "O Heydərdi, ana yurdum haqq səsidir, millətimin əbədilik nəfəsidir", "Heydər-xalq birliyi düşdü dillərə, bənzədi kükrəyən coşqun sellərə" kimi ilhamlı misraları onun ictimai-siyasi mövzuya poetik fərqli məna vermək istedadını nəzərə çarpdırır. Bütün bunlarla bərabər, şeir yaradıcılığı sahəsindəki nailiyyətlərini inkar etməmək şərti ilə, Fərəc Fərəcovun ədəbiyyatda özünü daha çox nəsr sahəsində tapdığını da qeyd etmək istəyirəm. Nəhayət, Fərəc Fərəcovun əsərləri onun müəllifinin özünün də keçdiyi ömür yolunun, yaşadığı sadə, təvazökar və mənalı tərcümeyi-halının da bədii ifadəsidir. Görkəmli romantik şair Abbas Səhhət demişkən, əsl yazıçının məsləki onun tərcümeyi-halıdır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın "Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri" adlı monoqrafiyasında ilk dəfə olaraq yazıçı-publisistin həyatı və yaradıcılıq yolu geniş şəkildə təhlil olunub elmi cəhətdən qiymətləndirilmişdir. Yaxşı cəhətdir ki, Salidə Şərifova Fərəc Fərəcovun yaradıcılığını yalnız mövzu dairəsinə və ideya cəhətdən aktuallığına görə deyil, həm də bədii-sənətkarlıq xüsusiyyətləri ilə birlikdə tədqiq edib nəzəri cəhətdən ümumiləşdirir. Təqdim olunan monoqrafiya yaradıcılığı az tədqiq və təbliğ olunmuş Fərəc Fərəcovun ədəbi portretini açıb göstərən əhəmiyyətli elmi oçerklərdən ibarətdir. Tanınmış yazıçı-publisist Fərəc Fərəcov haqqında yazılmış kitab əməlləri və əsərləri ilə özünü həyatda və ədəbiyyatda təsdiq etmiş təmkinli Azərbaycan ziyalısı və özünəməxsus xidmətləri olan yazıçı-publisist Fərəc Fərəcovun yaradıcılıq fəaliyyətinin "danışan dili" elmi dərkidir.
Tələbəlik dostum və yorulmaz qələm sahibi Fərəc Fərəcova bundan sonra da daha uzun illər səssiz-küysüz, məsuliyyətli vətəndaşlıq mövqeyi ilə yazıb-yaratmağı uğurla davam etdirməsini arzulayıram. Yəqin ki, bu məqaləni oxucularımız həm də uzun illərdən bəri haqqında söz açılıb-açılmayacağının fərqində olmadan yazıb-yaratmaqda davam edən tələbəlik dostum qarşısında mənəvi borcumun ifadəsi kimi də təbii qəbul edəcəklər.
27 mart 2021-ci il
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.12-13.