Günlər səhra
kimi gəlib keçmədə...
Son görüşümüzdə
onun 28 yaşı vardı. İndi 59 yaşı tamam oldu.
Aprelin 25-də isə anım günüydü.
Şeirlərini
17-26 yaşlarında yazıb tamamladı. Sonra yazmadı.
- Niyə
yazmırsan?
-
Yazmaqdan zəhləm gedir... Mən yazanda elə bil körpəyə
acı dərman içirirlər... İçimdə bir
şair can verir... Amma yaman yazmaq istəyirəm. Məni rahat
buraxmayan misralar gəlir içimə. İçim sözlə
doludu. Bir bal yeşiyi kimi içimdə arılar uçur.
Bayıra çıxmağa yolları yox...
- Sən
böyük şairsən...
- Mən
indi şair deyiləm...
Beləcə
yazmadı...
Amma
özündən əvvəl məni
uzaqlaşdırmışdı şeir yazmaqdan.
1982-ci
il idi. O zaman 19-20 yaşlarımız vardı. Hər söhbətimizdən
sonra bir-birimizdən başqa əhvalda ayrılardıq. Bu
gün Vaqif Mustafazadə, sabah Əli Kərim barədə
danışardıq. Ertəsi gün söhbətlərimiz
şeirləşərdi. Bir-birimizə yeni şeirlərimizi
oxuyardıq. Məsələn, Əli Kərimlə
bağlı söhbətimizin ertəsi günü o belə
bir şeir yazdı:
Əli
Kərim,
Çatdımı
özünə
ölüm
xəbərin?
Çatdısa,
nə
yazdın
bir
parça ağ kağıza?
O elə
yazdı, mənsə belə:
Daş
atdım,
Qırçın
ləpəli,
Bəyaz
həsrətli gölə.
Sən demə, o daş
Gedib-gedib
Yosun altda dincələn,
Dincəldikcə incələn,
əti insan dişinə həsrət
su pərisinə dəyib.
Özü də düz gözünə.
Səni andım Əli Kərim.
Mən ki yarıvəhşi.
yarıçılpaq qədim
insan deyildim.
19-20 yaşımız vardı. Onun poeziyadakı meyarlarını
bilirdim. Elə buna
görə də yanında şeirlərimi
oxumağa çəkinirdim.
Yuxarıdakı söhbətə qayıdıram. Yazmadı, yazmadı.
Son anda, lap ömrünün
sonunda içində uçuşan arıların
yolu açıldı.
Son şeirlərini ölümündən
bir az
əvvəl yazdı...
Günlər
səhra kimi gəlib keçmədə,
dəvəsiz
yolçuyam, xəbərin varmı?
Gümanlar
an kimi qərib köçmədə,
ovluyam-ovçuyam,
xəbərin varmı?
Bilinmir
ömürdür, ya da ki, oyun,
bir kor quyu kimi unudulmada.
Kədəri, sevinci bilinmir bunun,
bilmirəm səsləyim
kimi son anda.
Sonra bu:
Kimin yadına düşəcəm
bir isti yay günü,
o ayna sularınmı?
- Üzümü özündə
saxlamır.
Kimin yadına düşəcəm
yağışlı bir payız,
o asfalt yollarınmı?
- İzimi özündə
saxlamır.
Kimin yadına düşəcəm
bir ağappaq gecə,
o qərib ruhlarınmı?
- Özümü özündə
saxlamır.
1994-cü
ildə onun barəsində yazdığım
kitabın adını
"Ölüm süvarisi"
qoymuşdum...
Yenə də "Ölüm süvari"si.
Yenə də Faiq İsmayılov.
Dostluğumuzun ilk günündən indiyə qədər adı düşüncələrimdə
sevgi və ürək sözləri ilə, çiçək
ətri və ölümlə assosiasiya
edir... Hər dəfə işıq
sönür, şeir başlayır. Çiçəyə
dair, ağ
yağışlara, ürəyə,
sevgiyə və ölümə dair...
Qərib və başdan-başa
minor ovqatıyla fərqlənən
şeirlərini yazanda
18 yaşı vardı. 26 yaşına
qədər yazdı...
Və dediyim kimi, sonra
daha yazmadı. Susdu. "Sən də
sus, pünhan böcək, / mən susantək".
Onun çiçəkləri
Orhan Vəlinin çiçəkləri kimi
gurultuyla açılmırdı. Sükutla açılırdı.
Amma çiçəklər
çoxdan solsa da, bütün duyğularında çiçək
ətri vardı...
Azər TURAN
29 aprel 2021
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.-
S.18.