Mişel
Hekayə
...Birdən nə düşündüsə, ot yabasını götürüb dəli kimi tövləyə cumdu. Mal tövləsinin qapısını açıb özünü içəri soxdu. Onun özünü içəri soxması ilə qara inəyin böyürməsi bir oldu. İnəyin böyürməsinə ikinci mərtəbədə yır-yığış eləyən Haykanuş diksindi və pəncərəyə yaxınlaşıb başını çölə çıxartdı, sonra da qorxa-qorxa həyətə göz gəzdirib "Nikol, Nikol" - deyə çağırdı.
Nikol bu zaman ot yabasını ikinci dəfə qara inəyin qarnının altına soxdu. Qara inəyin qıpqırmızı qanı şoruldayaraq döşəməyə tökülməyə başladı.
Qara inək bu dəfə elə bərkdən böyürdü ki, Nikol qorxusundan bir addım geri çəkildi. Qara inək sanki böyürmürdü, insan kimi dil açıb deyirdi: "Məni niyə öldürürsən? Axı qarnımda balam var". - Qara inək böyürə-böyürə yanıüstə yıxıldı və aradan beş-on dəqiqə keçməmiş hərəkətsiz qaldı.
Nikol hirslə yabanı bir tərəfə tullayıb həyətə çıxdı. Onun həyətə çıxması ilə Haykanuşun dillənməsi bir oldu:
- İnək niyə böyürürdü? Olmaya doğurdu? - Qara inəyin doğmağına hələ on beş gün vardı. - Nikol arvadına baxıb daha heç nə demədi. Boynunun ardını qaşıyıb zirzəmiyə endi və orada gizlətdiyi avtomatı götürüb yenidən bayıra çıxdı. Sonra nə düşündüsə də geri dönüb təzədən zirzəmiyə endi, dəmir sandığın qapağını qaldırıb oradan iki ədəd avtomat darağı götürüb geri qayıtdı. Həyətdə bir xeyli dayanıb göy üzünə baxdı. Göy üzündə qara buludlar hərlənirdi. "Yağış yağacaq" - öz-özünə pıçıldadı və arvadına baxıb dilləndi: "Tələsmək lazımdır. Vaxtımıza üç gün qalıb". - Az sonra o, dayandığı yerdən yaxınlıqdakı çəmənliyə sarı baxdı. Çəmənlikdə otuza yaxın qoyun otlayırdı. Daha doğrusu, qoyunları otaran Mişel idi. Mişel itin adıydı. Bu adı ona Haykanuş vermişdi. Mişel adlı cavan bir oğlan otuz il bundan əvvəl Yerevana gəlmişdi. Onda Haykanuş "Yerevan" mehmanxanasında işləyirdi. Mehmanxanada işləyirdi deyəndə o, yataq dəstlərini dəyişirdi. Fransadan gələn Mişellə də yataq dəstlərini dəyişəndə tanış olmuşdu.
Mişel bir aya yaxın Yerevanda qalmışdı. Şəhərin mərkəzində "Parfümeriya mağazası açaraq təzədən Fransaya qayıtmışdı. Həmin o mağazada üç erməni qadını satıcı işləyirdi. Bu da Haykanuşun cızdağını çıxartmışdı, çünki o, hər dəfə Mişelin qolları arasında balıq kimi çapalayanda bu sözləri eşidirdi: "Sənin ətrin fransız ətirlərindən də yaxşıdır. Hələ gözəlliyini demirəm. Görsələr, fransız qızları sənə həsəd apararlar. Mənim "parfümeriya"mda sən də işləyəcəksən. Qoymaram ki, bu mehmanxanada qalıb döşək üzü dəyişə-dəyişə həm də gündə bir kişi dəyişəsən". - Haykanuş hər dəfə bu sözləri eşidəndə dünyanın ən xoşbəxt qadını olurdu. Amma Mişel onu işə götürmədi. Qəfildən gəldiyi kimi, qəfildən də çıxıb getdi. Haykanuş bir daha onu görmədi. Bir ildən sonra ermənilər böyük qardaşları ilə birləşərək Kəlbəcəri işğal etdilər. Və günlərin bir günü Nikol arvadını da, iki oğlunu da götürüb indi yaşadıqları ikimərtəbəli evə köçdülər. Qızı Sonya isə Yerevanda qaldı. Daha doğrusu, anasının əvəzində mehmanxanada işləməyə başladı.
Mişel Nikolu görən kimi quyruğunu buladı, sonra da irəli gəlib onun dizlərinə toxundu və nəsə hiss eləyirmiş kimi mırıldadı. İtin mırıldaması onsuz da acığından bığlarını gəmirən Nikolu cin atına mindirdi. Ona görə də itin sol böyrünə bir təpik ilişdirib barmağını avtomatın tətiyinə toxundurdu. Bir andaca "Kalaşnikov"un lüləsindən çıxan zəhərli güllələr qoyunları yerə sərələdi. Nikolun ürəyi bununla da soyumadı. Əlini şalvarının yan cibinə salıb gülləylə dolu o biri darağı götürüb "donuzxana"ya sarı yönəldi. Mişel hələ də mırıldayırdı. Mırıldaya-mırıldaya onun üstünə atılmaq istəyirdi. Amma qorxurdu. Çünki qoyunları bir-bir yerə sərən silahın nəyə qadir olduğunu öz it duyumu ilə yaxşı hiss edirdi. Onu da hiss edirdi ki, bu illər ərzində sədaqətlə qulluq etdiyi, qoyunlarını "otardığı", yaşadığı evi qoruduğu sahibi tülkü kimi bic olsa da, qorxaqdı.
Nikol doğrudan da qorxaq idi. iyirmi yeddi iliydi ki, bu işıqlı, yaraşıqlı ikimərtəbəli evdə qorxa-qorxa yaşayırdı. Tez-tez yuxusunu qarışdırırdı. Rahat yata bilmirdi. Yarım saatdan bir oyanıb pəncərədən çölə sarı boylanırdı.
O, "donuzxana"ya çatar-çatmaz Haykanuş özünü
ona yetirdi. Ərinin qolundan tutub dəli kimi bağırdı:
- Sən neyləyirsən? Ağlın başındadır?
- Hə, başımdadır!
- Nikol arvadına tərs-tərs baxıb dilləndi.
- Ağlın başında
olsaydı qarnında balası olan inəyi öldürməzdin.
Nikol birdən-birə qəhqəhə
çəkərək güldü
və gülə-gülə
dedi:
- Ay arvad, erməni kişiləri hamilə olan türk qadınlarının qarnını
bıçaqla iki yerə bölüb uşaqqarışıq bağırsaqlarını
çölə tökəndə
bilirsən nə olur?
- Nə olur? - Haykanuş maraqla soruşdu.
- Ermənistanın Milli Qəhrəmanı.
- Nə dedin?
- Haykanuş təəccübləndi.
- Dedim də... - Nikol özündənrazı
halda gülümsədi
və sonra da qaşqabağını
töküb dilləndi:
- Tələsmək lazımdır.
Haykanuş ərini ilk dəfə
görürmüş kimi
onu başdan-ayağa süzüb narahatlıqla
bildirdi:
- Bəs yük maşını harda qaldı?
- Səhər tezdən gələcək. Bayaq Aşota
zəng vurmuşdum.
Dedi ki, Laçından bir "Kamaz" gətirəcək.
Nəyimiz var, yükləyərik
"Kamaz"a. - İnamla
bildirdi.
Aşot Nikolun böyük oğlu idi, Livadan, Suriyadan, İraqdan Laçına köç edən ermənilərin məskunlaşmasına
rəhbərlik edirdi. Son on ildə Laçına yüzlərlə erməni
ailəsi köçüb
gəlmişdi. Aşot onları
sevinclə qarşılayıb
hər ailəni yerbəyer eləmişdi.
Buna görə də Ermənistana göstərdiyi xidmətlərini
nəzərə alaraq
ona orden vermişdilər, hələ
üstəlik, Ermənistan
hökuməti Laçın
rayonunda ona iki kənd bağışlamışdı.
Nikol Kəlbəcərə
köçəndə bir
həsir idi, bir Məmmədnəsir. Üz-gözündən kasıbçılıq yağırdı.
Bir vaxtlar Yerevanda avtomobillərin təkərini
yamayırdı. Təkər yamamaqla
çətin dolanırdı.
Yaxşı ki, Haykanuş
mehmanxanada işləyirdi,
yoxsa kommunal xərclərini belə ödəyə bilməzdilər.
Onlar Kəlbəcərdə məskunlaşandan
sonra həyat üzlərinə gülməyə
başladı. Kəlbəcər meşələrindən on iki
inək, üç
at və yüzə yaxın qoyun tapıb gətirdilər.
Böyük ferma qurdular.
İki il
keçəndən sonra
Nikol Yerevanda ət satışı ilə məşğul olmağa başladı. O,
ildən-ilə varlanırdı.
Varlandıqca tamahı onu
yoldan çıxarırdı.
Son illər arvadına
gözünün ucuyla
da baxmırdı, meylini özündən
30-40 yaş cavan olan erməni qızlarına salmışdı.
Nikolun kiçik oğlu əsgərlik yaşına
bir il
qalmış Fransaya getmişdi. Aradan on il keçməsinə
baxmayaraq bir dəfə də olsun evlərinə baş çəkməmişdi.
Heç
bu barədə düşünmürdü də.
O, ancaq "Böyük
Ermənistan" haqqında
düşünürdü.
...Dan üzü ağaran kimi darvazanın yanında yaşıl rəngli bir "Kamaz" dayandı. Aşot kabinadan düşüb darvazanı
açdı və
"Kamaz" həyətə
girər-girməz Nikol
qucağında "unitaz"
oğluna yaxınlaşdı
və soruşdu:
- Neçə ev
yandırdın?
- On səkkiz - Aşot fəxrlə cavab verdi.
- Bəs Livandan köçüb gələnlər...
onlar da yaşadıqları evləri
yandırdılarmı?
- Yandırdılar. - Aşot
gülümsədi və
əlilə unitazı
göstərib soruşdu:
- Bunu hara aparırsan?
- Necə yəni hara aparıram? - Nikol suala sualla
cavab verdi
və qucağındakı
"unitazı" "Kamaz"ın
kuzovuna yerləşdirib
təzədən geriyə
döndü.
Aradan iki saat keçər-keçməz
maşının kuzovu
ev əşyaları
ilə doldu. Nikol birdən-birə qaşlarını
çatıb nə barədəsə düşündü.
Az sonra
onun gözlərində
qəzəb qığılcımları
parladı. İri addımlarla toyuq
hininə yaxınlaşdı
və orada bir toyuğun da qalmadığına əmin olandan sonra düz üç gün bundan əvvəl ikilitrlik şüşə
balona tökdüyü
benzini götürüb
ikinci mərtəbəyə
qalxdı. Mişel də
onun arxasınca getdi, amma Nikol
itin üstünə acıqlanıb onu qovmaq istədi. Mişel hürərək
onun ayağından yapışdı:
- Əl çək məndən! - Dəli kimi bağırdı. Ancaq deyəsən, it ondan əl çəkmək istəmirdi. Əl çəkmək
istəmədiyinə görə
də onun sağ ayağından daha bərk yapışdı.
Nikol cin atına mindi və Aşotu çağırdı.
- Gəl, bu iti
rədd elə burdan!
Ancaq Aşotun yerinə anası Haykanuş ikinci mərtəbəyə
qalxdı və Nikolun əlindəki ikilitrlik şüşə
balona tökülmüş
benzini görüb gözü kəlləsinə
çıxdı:
- Özünü yandıracaqsan?
- Dəli olmuşam, nədir! Özümü niyə yandırıram?
- Bəs əlindəki benzin nəyə görədi?
- Evi yandıracağam.
- Evi niyə yandırırsan?
Bəs vicdanın yoxdur?
- Nə vicdan-vicdan deyirsən. Məgər bilmirsən ki,
ermənilərdə vicdan
olmur.
- Bəs nə olur? - Haykanuşu maraq bürüdü.
- Nə bilim nə
olur. - Bir anlıq susub dayandı. Gözlərini arvadından çəkib
itə baxdı.
Mişel
onun sakitləşdiyini
duyub bir küncə çəkildi
və gah Haykanuşa, gah da Nikola baxmağa başladı.
...Bir vaxtlar Nəcəf
kişi öz ailəsilə birlikdə bu evdə yaşayırdı.
Ermənilər kəndə yaxınlaşanda
o da məcbur olub öz evini
tərk elədi.
Arvadı Gülgəzə
baxıb ümidlə
dedi: - Biz qayıdacağıq.
- Sonra Nəcəf kişi "Pələngi" zəncirdən
açıb buraxmışdı.
Pələng zingildəyərək onun ayaqlarını yalayanda yetmiş yaşı təzəcə
tamam olmuş Nəcəf kişinin gözləri yaşarmışdı.
İndi Nəcəf kişi də,
arvadı Gülgəz
də Gəncə qəbiristanlığında uyuyurdu.
Haykanuşun "Mişel" adını verdiyi bu itin
damarlarında Pələngin
qanı axırdı.
Nikol şüşə
balonun qapağını
açıb benzini döşəməyə tökmək
istəyəndə Mişel
qəflətən onun
üstünə hoppandı. Benzinlə dolu
şüşə balon
Nikolun əlindən yerə düşdü.
O, əsəbiləşdi. Və cibindən bıçağı
çıxarıb itin
ürəyinə soxdu.
İt zingildəyərək yanıüstə
yıxıldı. Haykanuş yerindəcə
donub qalmışdı.
Nə baş verdiyini hələ də anlaya bilmirdi. Birdən o, itin üstünə yıxılıb "Mişel"
- deyə haray qopardı. Onun səsinə Aşot
diksinən kimi oldu və yüyürərək
içəri keçib
anasının qolundan
tutub ayağa qaldırdı.
Haykanuş oğlu ilə birlikdə həyətə
düşəndən az sonra alov dilimləri tavanı "yalayırdı".
Nikol uşaq kimi sevinərək "Kamaz"a
yaxınlaşdı və
dedi: - Yola düşürük.
Haykanuş oğlu Aşotun
"Prado"sunda əyləşdi
və arxa aynadan Nikolun yandırdığı evə
baxıb zorla eşidiləcək bir tərzdə öz-özünə
pıçıldadı: - Heyif, Mişeldən!
5 dekabr, 2020
Vaqif İSAQOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 1 may.- S.22.