Karusel

 

Ekspressionist hekayə  

 

Bu, Şuşa meşəsinin ortasında köhnə vaxtlardan qalmış, demək olar ki, artıq dağılmış kanat yoludu. Üstü paslanıb, oturacaqlar bir-bir qopur, dartılmış kəndir isə boşalır. Bir sözlə, çox köhnəlib - lakin işləməyə davam edir. Baxmayaraq ki, yavaş-yavaş. Sonsuz dairələr vurur yamyaşıl ağacların bitkilərin əhatəsində unudulmuş karusel nəhəng çox qorxunc görünür. Hərdən çoxdan istifadə olunmamış boltları düşən kabinlər sallanırdı, növbəti dəfə ağacların üstündən keçərək, onun budaqlarını qoparırdı.

Vaxtilə payız ayında soyuqdan gizlənən əsgərlər burada əylənirdilər. Minirdilər gülə-gülə bu başdan o başa kimi gedirdilər. Elə gülürdülər ki, sanki uşaqlar idi - elə bil bura nəyə görə gəldiklərini pusduqlarını unutmuşdular. Bəziləri isə özlərini zorla gülməyə məcbur edirdilər. Çünki bilirdilər ki, axırıncı gülüşləridi. Çünki bilirdilər ki, onlar axırıncı dəfə əylənirlər. Dairə vurarkən, kabinlərdən düşürdülər artıq son dəfə hücuma gedirdilər. Sonra, digərlərin sırasıdı.

Fəqət bu, vahiməli deyil, dəhşətli deyil. Bu, sadəcə, kədərlidi.

Yolun yarısını keçən əsgər düz aşağı baxdı. İndi o da çatacaq o da yollanacaq. Axırıncı əsgər axırıncı kabindən düşəndə, hamı sağollaşdı. Əlvida.

Bundan da onlar yox oldular. bir heç vaxt qayıtmadılar. Sükut. küləyin səsi. Yarpaqlar bir-birinə dəyir, pıçıltıya oxşayır. Yenə sükut. küləyin səsi.

Amma meşənin ortasında yarıdağılmış, atılmış, ağacların üstündə onların kölgələri ilə əhatə olunmuş yeganə əyləncə mərkəzi hələ işləyir.

Fəqət, bu, vahiməli deyil, dəhşətli deyil. Bu, sadəcə, kədərlidi. İri boltların dəmirlə sürtünərək cingiltisi onların səsidi, onların kədərli gülüşləridi. Onların axırıncı hisslərinin daşıyıcısı - bu kabinlərdi.

Köhnəlikdən qırılan kanat yolu qorxunc səslər çıxarırdı. Lakin onların hekayəsini bildikdə səslər kədərli "əlvida" kimi eşidilirdi. Bu şəklin özü qışqırır - hər gün - bir axirətdi. Biz hər gün özümüzdə o qiyaməti daşıyırıq - bizim qəlblərimiz onun yuvasıdı. Bu kanat yolu da, boş kabinləri , oturacaqları da.

Bir sözlə, çox köhnəlib, lakin işləməyə davam edir...

 

24.12.2020

 

Kamran YUSİFZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.25.