Boyda
Dərd
kimdi ki, boyun əyim,
Köksümdəki bu qəm boyda.
Aç qəlbini süfrə elə
Dizim üstə, sinən boyda.
Yeni nəfəs, ün gələcək,
Nə gəlsə də tən gələcək.
Gözlə, yeni gün gələcək.
Bu gün boyda, dünən boyda.
Bu ömrün öz mayası var
Çınqılı var, qayası var.
Hər günün öz boyası var.
Ya sən boyda, ya mən
boyda.
Gedim
Məni
tez çatdırın
son nəfəsimə,
Elə son kəlməmi
eşidim gedim.
Elə
son anda da, son məqamda da
Çəkib öz-özümün keşiyin
gedim.
Qoy özüm eşidim vəsiyyətimi,
Elə özüm çəkim əziyyətimi,
Verib öz-özümə nəsiyyətimi,
Bilib tabutumu beşiyim gedim.
Məndən nə qalacaq,
nəyi aparım?
Üz tutub özümdən halalıq
alım.
Ədəblə özümü qoy
yola salım,
Deyib əlvida,
ev-eşiyim, gedim.
***
Bu kafir dünyada
Adam çıxmır
heç nədən.
Ölçüləri
düz gəlmir, -
Ətəyi
gödək qalır.
Boynu
bədəninə yapışır.
Hamı
olub
söyüş yiyəsi.
***
Səssizliyimi
başıma atmışam.
Gözlərim
qapalı qalıb.
Görməmək üçün
heç nəyi.
***
Əvvəl
yastığıma
düşəcək başım.
Sonra,
yatağımdan
düşəcək başım.
Vətən,
başın sağ olsun!
Gələcəm
Gözlə! Gözlə! Yolumu,
Darıxanda gələcəm.
Arzularım hürüküb,
Qorxanda gələcəm.
Darıxmaq öyrətmisən,
Qorxmaq öyrətmisən,
Karıxmaq öyrətmisən,
Karıxanda gələcəm.
Ürəyimə qəm köçüb,
Üstündən üryan keçib.
Güllər ətrini töküb,
Soluxanda gələcəm.
***
Nə o
məni yandırmadı,
Nə də mən yandım
onun oduna.
Nə də şam kimi yandırmadım
onu odumda.
İndi
mən yoxam,
Heykəl daşam daha.
Onun heykəlimin önünə
Qoyduğu şam
Sozala-sozala
Alışıb yanır oduma.
Yəqin,
dözməyir,
Yoxluğuma.
Bir də ayrılığıma.
Analiz et
Çox
narahatam,
Ömrüm, günüm dolaşıq
düşüb,
Ömrüm, günüm qarışıq
düşüb,
bəlkə də ömrümə,
yarı qaranlıq,
yarı işıq düşüb?
Ömürsüz, günsüz yaşayanla
Günaha
yoluxmuşam
Günah daşıyıcısından.
Həkim!
Çox narahatam.
Analiz götur,
Analiz et ömrümü
Necə?
Nə vaxt?
Kim yoluxdurub məni?
Necə gəlib çıxmışam
bu günümə?
Bəs niyə
ölməmişəm?
İkimiz qalacağıq
Aramızdan küləklər də
əsəcək,
Aramızdan çox zamanlar
ötəcək
Çox
sular bulanıb durulacaq,
Aramızda ikimiz qalacağıq.
İkimizin arasında
boşluq qalacaq.
O boşluq
dolub boşalacaq.
Yağış da yağacaq,
gün də çıxacaq
Təkcə ikimiz qalacağıq
İkimizin arasında.
Uçurum da olacaq,
fəlakət də qopacaq,
Şəhərlər də salınıb,
insanlarla dolub boşalacaq.
Təkcə ikimiz qalacağıq
o boşluqda,
ikimizin arasında.
Sən ərə də gedəcəksən,
mən də evlənəcəm vaxtım
olsa.
uşaqlarımız bizə
baxıb qürur duyacaq.
Bəlkə
qızın da oğluma vurulacaq.
Çox
istəklər bir-birinə
qovuşacaq
Təkcə aramızda
ikimiz qalacağıq...
Qalib ŞƏFAHƏT
Ədəbiyyat qəzeti.- 2021.-
1 may.- S.27.