"Şuşada dolaşır
Xarıbülbül sevdalı könlüm..."
Şair, tərcüməçi, texnika elmləri
doktoru, professor Elçin İsgəndərzadə 90-cı illər
ədəbi nəslinə mənsubdur. Onun ilk
kitabı olan "Yaşamaq dərsi" 1996-cı ildə
çap olunaraq oxucularına çatdırılıb. Şairin təbii, səmimi, real həyatı əks
etdirən poetik yaradıcılığı çox zəngindi.
E.İsgəndərzadənin də bir şair olaraq
baş mövzusu Vətən və onun ağır
yükü, keşməkeşli həyatı olub. Şuşada
doğulan, Ağdamda böyüyən Elçinin
poetikasından Qarabağ dərdi, ağrısı,
yanğısı qırmızı xətt kimi keçir.
Şairin bu mənada "Qürbətə uçurtdum
şeirlərimi", "Qanlı şeir",
"Sevdalı gilənar yarpağı", "Qan",
"Qalırmı", "Qızılgül ləçəyinə
yazılmış duyğular" və onlarca bu kimi şeirləri
diqqəti çəkir:
Oğul
odu qarabağlı ola,
Özü
də qərib şair,
sinəsi
dağlı ola...
Və
günlərin bir günü
Gedib
çıxa Dördyola...
Öndə
Ağdam, qənşər Şuşa...
Şair
dostu, eloğlusu Əbülfət Mədətoğluna
müraciətən yazdığı "Sevdalı gilənar
yarpağı" şeirində Elçin Vətənin
ağrısını belə təsvir edir:
Dilim qabar
oldu, Vətən deməkdən,
Balam
doğulduğu kəndi soruşur
Hər
gün məndən...
...Vətən
- başımın bəlası...
İndi mən
dərdin oğluyam,
Balam dərdimin
balası...
Xalq
şairi Məmməd Araz Elçinin poeziyasını,
xüsusilə Vətən mövzulu əsərlərini
yüksək qiymətləndirib: "Bədii, poetik
sözün ilahi dəyəri hamıya bəllidir. Bədii
sözün dəyərini, qiymətini bilənləri söz
həmişə müqəddəs ucalığa yüksəldib...
Şübhəsiz ki, həmin yüksəlişin poetik məkanını
müəyyənləşdirən Allah vergisidi... Bu baxımdan gənc şair E.İsgəndərzadənin
poetik ilham mayasının Allah vergisi olmasını mən
çoxdan, lap əvvəldən duyub hiss etmişdim".
Filologiya
elmləri doktoru Vaqif Yusifli Elçinin
yaradıcılığından bəhs edərkən
yazır: "O, huşyar gözü ilə ətrafında
baş verən hadisələri izləyir, təbii ki, bunlardan
təsirlənir və içindəki təəssüf və
acıları şeirə çevirirdi. Həm
də bu dövranın, ölkədə baş verən
neqativ halların bitəcəyinə, ən ümdəsi isə
itirilmiş torpaqlarımızın alınacağına
ümidlərlə yaşayırdı".
Qarabağ
torpağının yetirdiyi yaradıcı insanlara - Famil Mehdiyə,
Aqil Abbasa, Əbülfət Mədətoğluna, Qulu Ağsəsə,
İlham Qəhrəmana ... üzünü tutan şair sanki dərdini,
ağrı-acısını onlarla bölüşür.
"Hayana baxırsan zülmət... hayana baxırsan
qaranlıq,// Qaranlıq, zülmət, qan
və qaçqınlıq... // - Ehey! Hardasınız, ehey,
İnsanlıq!". Qarabağı
bürüyən qaranlıq və qan insanlıqdan uzaq
düşüb,- düşünür
şair.
"Elçinin
həyat və yaradıcılıq marşrutu belədir:
Şuşa - Gəncə - Bakı - Dünya. Elmdə
professor səviyyəsinə çatıb. Şairliyi ondan geri qalan deyil. Onlarca
kitabın müəllifidir. Xeyli sayda əsəri
xarici dillərə tərcümə olunub. Haqqında
kitablar yazılıb...". Bu sözlərin müəllifi Gəncədə
şairin müəllimi olmuş yazıçı Qərib Mehdidi.
Yazıçı daha sonra yazır: "Elçinin
poeziyasında vətəndaşlıq hissləri,
çağırışları çox güclüdür.
O, erməni işğalçılarının Qarabağda
törətdiyi ağrı-acıları yaşasa da, heç
vaxt ruhdan düşmür".
1997-ci ildə
yazılan "Haray, Malıbəylim, haray" şeiri bu
günümüzlə necə səsləşir:
"Döz"
deyilir, dözəmmirəm, ay Allah,
Övladların
səfərbərdi, bax, vallah,
Bu
gün, sabah qovuşarıq inşallah,
Haray,
Malıbəylim, haray!!!
E.İsgəndərzadə dünyanın bir çox
ölkəsini gəzib, onlara şeirlər həsr edib. Qərb ölkələri,
Şərq dünyası, Amerika həyatı onun bir çox əsərlərində
öz bədii həllini tapıb. "Qırx
qapılı dünyanın otuz doqquzundan keçdim...//
Qırxıncı qapıdayam, - yenə bu taleyi
seçdim..." - deyən şair nədən, kimdən,
haradan yazır yazsın, mütləq ordan Vətən boy
verir:
Parisdə
Yelisey meydanından keçirəm,-
Şuşada
dolaşır Xarıbülbül sevdalı xəyalım...
"Sənət hansı məkanda, harada yaranmasından
asılı olmayaraq beynəlmiləl hadisədir. Bu mənada, sənətkar
da mahiyyət etibarilə dünya vətəndaşı,
planetar düşüncə
daşıyıcısıdır. Hamının qəbul
etdiyi bu həqiqətin təməlində zərif bir sirr
yatır: Hisslərin dili ümumbəşəridir!". Bu sətirlərin müəllifi
Murad Köhnəqaladır. O, Elçinin poeziyasına həsr
etdiyi "Ağ poeziyanın işığı"
kitabında şairin dünya ölkələrini, xalqlarını
tərənnüm edən əsərlərindən bəhs edərkən
daha sonra yazır ki: "Elçin İsgəndərzadə təfəkkürcə
ümumbəşəri ideyalar daşıyıcısı
olsa da, mənən, Vətən torpağında vətəndaşlaşan
şairlərdəndir". Bu bir həqiqətdir.
Bu qəbildən olan şairin "Trabzon", "İstanbulda
Orxan Vəlini düşünərkən", "Moskvada ilk
bahar", "Bir Misir gözəlinə", "Buxarestdə
yağış", "Nevanın sahili", "Fələstinli
Xalidin havası" kimi şeirləri çox diqqətəlayiqdi.
"Fələstinli Xalidin havası" şeirində
şair Fələstinli qaçqın Xalidlə Qarabağ
qaçqını Məmmədin taleyini müqayisə edir. Doqquz uşaq
atası Xalid kədərin "tunc heykəli"nə
dönüb minarələrin kölgəsində. O, Fələstin
şairlərinin dərdli, ələmli, düşmən
tapdağında inləyən Vətən şeirlərini dua
kimi oxuyur. Şair özü də dua edir: "İlahi, sən
özün qoru Fələstin şairlərini,//
Fələstin göylərini, Fələstin körpələrini,//
...Fələstin didərginlərini...". Bu
qaçqınlıq, didərginlik həyatını
qarabağlı Məmməd də yaşayır:
Qarabağ
qaçqını Məmmədə
Yaman
oxşayır fələstinli Xalid...
Onun da
gözlərində bir cüt Xarıbülbül
Qan
içində ölümə gülümsəyir elə
bil...
"Elçinlə
Xalidin - müəlliflə qürbət qəhrəmanının
dərd şərikliyi, tale oxşarlığı var...
Şairin uçarlı fikri, xəyalı bir şüa kimi
Şuşadan sıyrılaraq bir Günəş kimi
bütün dünyaya yayılır... Elçin
İsgəndərzadə bir sözarısı olaraq
Dünyanın uzaqlarına, ucqarlarına qədər uça
bilir". - Deyir yazıçı Qərib Mehdi. Elçin bir alim kimi Avropa, Asiya ölkələrində
elmi konfranslarda, simpoziumlarda iştirak edir. Lakin
bu anlarda belə şair Elçin alim Elçini tərk etmir.
Şair Elçin istər Qərbi Avropada - Almaniya, Fransa,
Polşa, istər Suriyada, Fələstində, ya Monqolustanda,
Çində olsun, mütləq xalqların dərd
yükünü ədəbiyyata gətirir və bəşəri
nəticə çıxarmağı bacarır. Real həyat
hadisələrini poetik şəkildə əks etdirən
şair az sözlə böyük mətləbləri
səmimi və ustalıqla ifadə edə bilir. İstər heca vəznində, istər sərbəst
formada, fərq etməz, Elçin ağır yüklü
fikirlərini, düşüncələrini misralara hopduraraq
sağlam şəkildə oxucusuna ötürür. "Elə dəyərlər var ki, o, bütün
Türk dünyası üçün müqəddəsdir.
Torpağını bir an belə olsun düşmən
tapdağında görmək istəməyən, buna dözə
bilməyən, buna səbri-qərarı çatmayan Türk,
digər Türk yurdlarındakı qandaşlarına bir haray
salıb, ocaq çatıb köməyə səsləyir, bu
dar günündə hamının bir olmasını,
düşmənə qarşı savaşmasını istəyir".
- Gənc tədqiqatçı Oktay Hacımusalı "Turan
savaşçısı" əsərində belə
yazır.
"Ebrülər...Ebrülər..."
adı altında toplanan şeirlər şairin Vətən -
Dünya - Kainat haqqında fəlsəfi düşüncələrinin,
duyğularının məcmusudur.
"Elçin İsgəndərzadənin
yaradıcılığında Şuşa harayını
eşidirəm. O, Xarıbülbülün əvəzinə
oxumalı, qarlı Qızılgülün yerinə
danışmalıdı... O, üzünü tək bir oxucuya
yox, bütün Türk dünyasına tutub
danışır, tanıdığı şəxsiyyətlərə
müraciət edir. Gah ürək sözünü, gah da əsrin
sözünü deməyə çalışır", -
deyir Xalq şairi Nəriman Həsənzadə.
E.İsgəndərzadənin irili-xırdalı iyirmi iki
poeması var. Bu poemaların da əksəriyyəti vətənə,
onun təbiətinə, yaradıcı, qurucu insanlarına həsr
olunub.
"Məmməd Araz qayası" şair Məmməd
Araza həsr olunsa da, əslində, burada yalnız şairin
ayrı-ayrı misraları səslənir. Mövzu, məqsəd, ideya
isə Vətəndir, onun parçalanmış torpaqları,
arzuları, tikələnmiş, bütövlüyü, cərgəsi
pozulmuş dağları, dərələridi:
Ağlama,
Ana Vətən,
Sən
hönkürüb ağlasan
Daş
üstündə su yanacaq!
Sən
ağlasan Məmməd Araz
Yuxusundan
oyanacaq...
Əslində, burada Məmməd Araz vətənləşmiş,
ağrı-acı simvoluna çevrilmiş bir şair
obrazıdı. Məmməd Araz özündə bir obraz olaraq Şuşa həsrətini də, Araz dərdini
də, Təbriz yanğısını da, Ərkin,
Savalanın hiddətini də tək daşıyır.
Məmməd
Arazın məşhur misraları Elçinə poemanı
yazmaq üçün ideya - ilham verir, yol göstərir,
kömək olur: "Bir qayaya söykənmişəm, deyirəm
kaş,// Bax beləcə daşa dönəm
yavaş-yavaş...". Beləcə, Məmməd Araz
obrazı poemanı oxunaqlı edir, rövnəqləndirir,
poema isə ədəbiyyatın yaddaşında
daşlaşıb əbədiləşir:
Bir qaya
Füzulidi, bir qaya Koroğludu,
Buludlara
baş vurur Məmməd Araz qayası...
Nurdan
yoğrulub sanki bu qayanın mayası!
Elçinin ölməz şairimiz Şahmara həsr
etdiyi "Şahmar şikəstəsi" poemasını
muğam-rekviyem hesab etmək olar. Poema maraqlı
quruluşa malikdir. Müəllif
poemanın təsir gücünü daha da artırmaq
üçün qəhrəmanı Şahmar Əkbərzadənin
də şeirlərindən yerli-yerində istifadə
edir". Yazıçı Qərib Mehdi fikirlərini
sübut etmək üçün daha sonra yazır:
"Rekviyem-muğamın şöbələri Elçinə,
təsnifləri, rəngləri isə Şahmara məxsusdu. Bu təsniflərdə, rənglərdə Şahmar
xəbərdarlığından, harayından qalmır".
Elçinin
digər poemaları da ayrı-ayrı şəxslərə
ittihaf olunsa da məqsəd eynidi: Vətənin taleyi, onun
ağır yükü və bu yükün şairlər tərəfindən
daşınması, onların dünyaya
çatdırılması, etirazın yüksəlişi, ədəbiyyatda
yeri, mövqeyi. Dilçi alim Buludxan Xəlilov "Bəyaz
doğulan şeirlər" kitabında qeyd edir ki:
"Elçin İsgəndərzadə yazdığı
poemalardakı qəhrəmanları yalnız hissin təsiri ilə
vəsf etmir. O, qəhrəmanlarını öyrənir,
keçdikləri həyat yolunu, əməllərindəki
uğurlarını, fəaliyyətlərindəki
xeyirxahlıqlarını məhz bir insanşünas kimi tədqiq
edir. Bəlkə də onun bu tədqiqatının
uğurlu olmasında alimliyi köməyinə
çatır".
Beləcə, biz Elçin İsgəndərzadənin Vətəni
tərənnüm edən poetik
yaradıcılığına qısa bir nəzər
saldıq.
Aydın oldu ki, Elçinin bir qarabağlı yazar kimi
bütün şairlərə, ən çox qarabağlı
şairlərə üzünü tutaraq Vətənin dərdini
poetik hayqırmaq gücü var. Eyni zamanda dərdini onlarla
bölüşmək bacarığı, poetik üsulu var.
İstər şeirlərində, istərsə də
poemalarında üz tutduğu şairlər ordusu var.
Bahar BƏRDƏLİ
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.28.