XX əsrin klassikləri
Besik XARANAULİ
(1939)
XX əsrin görkəmli
gürcü şairidir. Ədəbi
debütünü 1968-ci ildə edib. "Ədəbiyyat
və incəsənət", "Mnatobi",
"Nakaduli" kimi ədəbi nəşrlərdə
çalışıb. Yaradıcılığı
boyu Gürcüstanın nüfuzlu Şota Rustaveli və
İlya Çavçavadze mükafatlarına layiq
görülüb. 2010-cu ildə
İsveçrə ədəbiyyatçıları tərəfindən
Nobel mükafatına namizəd olaraq irəli sürülüb.
Dəfələrlə "Saba"
mükafatını alıb.
Ədəbi məramını belə
ifadə edir: "Mənim həyatımın və
yaradıcılığımın məramı şəfqətli
olmaq, xeyirxahlığa yaxınlaşmaqdır...". Əsərləri
dünyanın onlarca dilinə tərcümə edilib.
Şair haqqında bu qısa
rəsmi informasiyadan sonra Besik Xaranauli ilə onun evindəki
görüşü xatırlayıram. 2007-ci il idi. Gürcüstanda
kitabım nəşr olunmuş, Şota İataşvilinin təklifi
ilə həmin kitaba Besik Xaranauli də qısa rəy
yazmışdı. Tiflisin kənar
rayonlarının birindəydi evi. Oğlu
və özü idi evdə. Deyəsən, oğlunun
qolu sınmışdı, gipsdəydi. Razılaşdırılmamış
görüş idi. Bir az söhbət
etdik. Necə deyərlər, ordan-burdan.
Sonra şeirlərimdən danışdı, qısa. Mən
onun şeirlərini diqqətlə yalnız Bakıya dönəndə,
qatarda oxuyacaqdım. Mənə hədiyyə
olunan rusca kitablarından birini su kimi içəcəkdim.
Hələliksə bir neçə şeirini
oxuduğumu söylədim. Nəzakətlə
gülümsündü. Bir sözü
yaddaşımda əbədilik həkk olub. Türklərlə dostluq eləmək olar. Mən onlara çox hörmətlə
yanaşıram.
Qaçılmazlıq
İstedad nədi ki, hasara almasan?
Hasar nədi ki, səbr tikməsə?
Səbr nədi
ki, hər gün, hər gecə
bu haqda
sormasan?
Şair
Nə bir
tikəylə, nə bir qəpiklə,
nə
bir saman çöpüylə, nə güclə,
nə
ağılla - yalnız bir cüt göz yaşıyla
sizdən
varlıyam.
Sevgi
Bu gecə
sizə gəlmişdim,
amma nə
sən evdəydin,
nə
yaşadığın ev şəhərdəydi,
nə
şəhər
bu yer
üzündəydi.
Şairin həyatı
Çox
az-az, o da ki, bir anlıq
içimdə bir işıq parlayır.
Amma bu anları da şeir əlimdən alır.
Qalan
vaxtları mən həmişəki kimi
öz-özümə belə lazım deyiləm.
Durna
Elə ki
yatağa çul kimi düşürəm
üzüqoyulu, balışla siftəmi gizlədirəm,
yana
doğru açıram əllərimi,
bilirsən, gülüm, kimi yamsılayıram?
Uzaq
uşaqlıq günlərində
ovçu
gülləsinə tuş gələn durnanı
O da elə
çul kimi yerə doğru uçmuşdu,
Başıyla
nəm samanlığa girmişdi,
qanadlarını açmış, canını
taşırmışdı.
Yalvarış
Mənə
yönəlin bütün oxlar!
Bağçamdakı
kölgəlikdə
yorğun-arğın oturub gözləyirəm.
Yanıma
gəlin, mənə doğru
yönəlin
bütün oxlar,
bircə
sinəsi yekəlmiş,
gözə
girən nişangaha çevrilmiş
oğluma
toxunmayın.
Qocalar sirkdə
Biz bura
niyə gəldik -
uşaqlığımızı yada salmaqçünmü?
Bəlkə
kəndir üstündə gözyaşı kimi qaçan
kəndirbaza təəccüblənməkçünmü?
Ya
günbəzdən qırılmış sim kimi asılan
akrobata
tamaşa etməkçünmü?
Yox-yox, qətiyyən!
Biz bura bu
sirlərə, bicliklərə,
nağıl fəndlərinə baxa-baxa
bircə
şeyi - bizə qarşısında
indikindən savayı minlərlə yol olan
o gəncliyimizi
qaytara biləcək
şey
üçün gəldik.
***
Mən səni
gözləyirəm,
gözləyirəm və xəyal edirəm -
qəfəsə salınmış, yorulmadan azadlığı
düşünən
və xəyal
edən, məftillərin arasından qaralan
ağacların kölgəliyinə doğru dartınan,
bu
cürbəcür ləkələrin arasında
ana
döşünü axtaran bir bəbir kimi,
xəyal
edirəm.
Deyilməyənlər
Bizim evlərin
arasında bir çinar ucalırdı,
erkən
yazdan payız bitənə kimi
onun
sıx yarpaqları sənin pəncərəni
mənimkindən
gizlədirdi.
Ona
görə ötən qış o çinardan dərilən
hər
bir vərəqdə mən sənə
hüznlü məktublar yazırdım.
Uşaqlar kimi
günahsız günlər
Mənim
qəlbim beləcə -
tərəddüd bulağının şırhaşırında,
şırnağında bərkiyib,
ucaldığım qum təpələri isə
öz
günahsız oyunlarını oynayan
uşaqlar dağıdıb, uçurdub,
öz
günahsız ayaqları ilə.
Zəhmətkeşlər
Minlərlə
və minlərlə çəmənlərin
fleyta və
tütəklərindən
arının topladığı nektar bal dadır.
Şair həyatın
künc-bucağından
zəhər toplayır və hələ uzun-uzadı
yumulmayacaq onun dodaqları.
Sükut
Ah bu
sükut, məgər o vədlərlə dolu deyil?
Tələs,
qaç, o səni gözləyir -
ətəklərinə sürt üzünü,
ananın
dizinə baş qoyan kimi başını qoy,
və hər
şeyi ona danış,
hər
şeyi, hər şeyi ətraflı danış.
Əzab
Belə də
olur ki,
özündən və ulduzlardan gizləndiyin halda
döşəmə əclafcasına
cırıldayır.
Qəzəb
Tərk
eləmə məni qəzəb
olsun ki,
dişlərimiz əvvəlki deyil.
Görürsən
qanımızı içən
ürəklər necə canlanır,
bizdən
alınmış havayla
ciyərlərimiz necə şişir,
dişlər adlarımızı gəmirərək
necə
itilənir.
Təmas
Elə ki
poeziyaya toxunuram
bütün qaranlıq şeylər məndən geri çəkilir,
bütün çirkli şeylər, həyatın zir-zibili,
və mən
körpəlikdəki kimi köməksiz oluram,
öz
uzağa uzanmış köklərimlə bərkiyirəm...
Deyirəm
-
niyə
axı həmişə ondan qaçıram?
Axı mən
heç vaxt başqa bir şeyə
dayaqlanmamışam,
heç
nədən bu qədər umidlənməmişəm.
***
Mənə
elə gəldi ki,
Bomboş
düzəngahda yüzlərlə
daşyonan səpələnib
və
onlar mənim kədərimin qayalarını
xırda
daşlara çevirirlər.
***
Bu gün
dəniz
insanlardan
aldıqlarını
geri
qaytarır.
Amma kimdi
cəsur,
kimdi o
adam ki, bu hədiyyələr üçün
o dəliyə
əl uzatsın?
***
Küləklərin
və yellərin ağ ov tulaları
güngörməz çəmənlərə üz tutdular.
Kəndin
kənarındakı
evim
dovşan kimi əsir.
***
Sübhün
uğurlu günəş şüası,
o qədər
uzun yol gəlmisən ki
ayaqqabıların cırılıb,
ona
görə pəncərəmin ağzında
ayaqyalın dayanmısan.
Besik XARANAULİ
Tərcümələr Səlim
Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.29.