Biz yenə görüşdük
Hekayə
Şəhidlər ölmür, əbədi
yaşamaq üçün ürəklərə köçürlər!..
Yanvar
- 2021
Bugünlük
sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində,
onun yorğunluğu gördüyü işin
ağırlığından deyil, içinə yüklədiyi
ağrılardan doğurdu. Şəhid analarının
gözlərinə baxaraq sual vermək, Şəhid
atalarının qürurunda boğmaq istədiyi
hıçqırtılarını eşitmək, Şəhid
balasının "Atam qəhrəmandır" deyərək,
dörd yanda atasını axtarmasını seyr etmək onu
çox ağrıdırdı. Elə
ağrıdırdı ki, bu ağrıların altında əzilən
bədəni ruhuna təslim olur, yorulurdu...
...Təxminən əlli yaşlarında olmasına baxmayaraq, qaməti əyilmiş, gözlərinin, dodaqlarının ətrafına qırışlar düşmüş bəstəboy qadın jurnalistləri mehribanlıqla qarşıladı. Bu qırışlar cadar torpağın üstünə yenicə yağmış leysandan sonra açılan şırnaqlara bənzəyirdi. Başını qara yaylıqla bağlasa da, ağarmış saçları yaylığın altından görünürdü. Qadın üzündəki ağrını gizlətməyə çalışırdı.
Onlar köhnə qapı-pəncərə çərçivələri ilə hasara alınmış həyəti keçərək, kiçik eyvanda ayaqqabılarını çıxardılar və darısqal, lakin səliqəli otağa keçdilər. Otaqdan üç tərəfə qapı vardı. Qapılar o biri otaqlara açılırdı. Otağın bir tərəfini divan və iki kreslo, o biri tərəfini isə ətrafına stullar düzülmüş böyük masa tuturdu. Masanın üzərində müxtəlif cür konfetlər və mürəbbələr vardı.
Əsmər keçib divanda oturdu. Operator isə əlindəkiləri yerə qoyub, çəkiliş üçün hazırlıqlara başladı.
Qadın Əsmərlə üzbəüz əyləşmişdi. O özünü sakit göstərməyə çalışsa da, titrək barmaqları ilə yaylığının saçaqlarını durmadan didişdirir, həyəcanını büruzə verirdi. Otağa gənc, sarışın bir xanım və onun arxasınca iki uşaq daxil oldu. Xanım:
- Xoş gəlibsiniz! - deyərək, qapının küncündə ayaq üstə dayandı. Qarayanız, iri qara gözlü, qıvrım saçları üzünə dağılmış qız uşağı yeddi-səkkiz yaşlarında, sarışın, qəhvəyi gözlü oğlan isə üç-dörd yaşlarında olardı. Əsmər öz-özünə düşündü: "Bacı-qardaşdılar yəqin. Ancaq bir-birlərinə heç bənzəmirlər. Görünür, qız atasına bənzəyir, oğlansa anasına".
Uşaqlar yaşlı qadının yanına keçib dizlərinə qısıldılar. Qadın onların başına tumar çəkərək, üzünü gənc xanıma tutdu:
- Qonaqlara çay gətir, ay bala, yoldan gəliblər...
- Narahat
olmayın xala, - Əsmər dilləndi.
Gənc xanım otaqdan çıxdı.
-
Qızım, nə narahatçılıq, əziz qonağımızsınız.
- Qadın bayaqdan bəri gizlətməyə
çalışdığı göz yaşlarını
ehmalca silərək dedi. Otağa sükut
çökdü. Bu ağır sükutu
dünyanın şirinindən əvvəl acısını
dadan, atasızlığın ilk günlərini yaşayan
uşaqlar da pozmaq istəmirdi.
- Siz
Şəhidimizin anasısınız, eləmi? -
Əsmər verdiyi sualın ağırlığında əzilərək
soruşdu.
- Hə,
qadan alım, hə! Mən qaragünlü, mən
ölmüş onun anasıyam.
Sonra
qadın əlində çay sinisi içəri girən gənc
xanımı göstərdi:
- Bu isə
yoldaşıdı, qarayaylıq gəlinim... - deyərək,
dərindən ah çəkdi, - uşaqlar da onundu...
Yenə də göz yaşlarını gizlin-gizlin silməyə
çalışdı. Oğlan uşağı nənəsinin
ayaqlarına söykənib gələn qonaqları
matdım-matdım izləyirdi. Onun
rahatlığından nənəsinin göz yaşlarına
öyrəşdiyi hiss olunurdu. Qızsa bir yerdə
durmur, gah nənəsinə suallar verir, gah da kameraya, mikrofona
toxunur, dəcəllik edirdi.
- Əsmər, nənə qadanı alsın, bir yerdə
dur, qonaqlarımız küsər bizdən.
Dəcəl qız maraq və təbəssüm dolu nəzərlərlə Əsmərə baxaraq gülümsündü. Onun yanaqlarında bir cüt qəmzə - çökək əmələ gəldi. Əsmər öz-özünə düşündü: "İlahi, nə qəşəng qızdı. Hələ bir bunun yanaqlarındakı qəmzəsinə bax. Tanrım, necə qıyırsan uşaqların atasız böyüməsinə?". Dərindən ah çəkdi və astadan:
- Müharibəni lənətə gəlsin! - dedi. Onun pıçıltısını kimsə eşitmədi. Sonra balaca Əsmərə dönərək: - Yox, küsmərik. Heç sənin kimi qəşəng qızdan küsmək olar? - dedi və gülümsündü. - Mən də Əsmərəm, adaşıq. Gəl, gəl bura. - Əlini qıza tərəf uzatdı. Qız ürkək addımlarla qonağa yaxınlaşdı. Əsmər onun saçlarını oxşayaraq yanağındakı qəmzədən öpdü. Balaca Əsmər gözlərini qıyıb:
- Adaş nədi? - soruşdu.
- Yəni ikimizin də adımız Əsmərdi.
Adları
eyni olan adamlara adaş deyirlər. Bilirsənmi, Əsmər
nə deməkdi?
- Hə,
bilirəm, - balaca qızın yanaqlarında yenidən
çökək əmələ gəldi.
- Əsmər qara kişmiş deməkdi. Atam mənə
"qara kişmişim" deyir. Sənin
də atan sənə "qara kişmişim" deyir?
Əsmər
gülümsünərək qızın yanaqlarından bir də
öpdü və sakit səslə dedi:
- Hə,
mənim də atam mənə "qara kişmişim"
deyir.
"Mənə də "qara kişmişim"deyən varıydı. Bir zaman mən də kiminçünsə qara kişmişiydim", - düşündü. Bu illər ərzində heç vaxt unutmadığı, lakin adını çəkməkdən qorxduğu Orxanı xatırladı. Ona elə gəlirdi ki, "Orxan" desə, dili yanar. Yanan dili bütün bədənini qarsar və içindəki sirri faş olar. Bu adın sahibi onun Tanrısıydı, səcdəgahıydı. O, Tanrını görmüşdü, səsini eşitmiş, hənirini duymuşdu. Tanrı ona sevgi olaraq rast gəlmiş, sevgi şəklində görünmüşdü. Sonra onlar ayrı düşdü. Tanrı onun ürəyində, ruhunda yaşadı... İlk övladını bağrına basanda Tanrını yenidən qarşısında gördü, ətrini duydu, səsini eşitdi... Sonra ikinci övladında göründü Tanrı... Və beləcə, Tanrı ona daha çox yaxınlaşdı, o, Tanrıya daha çox sarıldı. O, tanrılarını - balalarını bağrına basdıqca Orxanı unudurdumu? Orxanın yoxluğunu bu varlıqlar doldururdumu? Bu suala heç vaxt cavab tapa bilmirdi...
***
Oktyabr - 2008
Əsmərlə Ruhiyyə bu binaya sentyabr ayından köçmüşdülər. Onlar yaşlı ər-arvadın kirayəçiləri idilər. Ev sahibləri sakit, mehriban adamlar idi. Qarayanız, arıq, elə də gözəgəlimli olmayan Əsmərdən fərqli olaraq, Ruhiyyənin görünüşü gözoxşayırdı. Onun ipək kimi sarı saçları, iri şabalıdı gözləri, nazik olsa da, çöhrəsinə yaraşan dodaqları, dolu, lakin mütənasib bədən quruluşu vardı. Onu görənlər xarici görünüşündən doymadığı kimi, dinləyənlər də şirin ləhcəsindən qopa bilmirdi. Ruhiyyə çox şən qız idi. Harda olur-olsun, diqqət mərkəzində olmağı bacarırdı. Qızlar universitetə bir gedir, bir də qayıdırdılar.
...Qonşuluqdakı qaraşın, arıq, üzündən təbəssüm heç vaxt əskik olmayan, güləndə yanaqlarında çökək əmələ gələn oğlan tez-tez onların yoluna çıxırdı. Sanki o, yanaqlarındakı qəmzəni hamıya göstərmək üçün hey gülümsünürdü. Oğlan kölgəyə dönərək hər gün qızları universitetə ötürür, günortalar isə evə qaytarırdı. Onlar eyni binanın ayrı-ayrı bloklarında yaşayırdılar. Qaldıqları mərtəbə də eyni idi - səkkizinci mərtəbə.
Soyuq və dumanlı bir payız günü idi. Həmin gün Əsmər dərsdən tez çıxmışdı. O, universitetin həyətindən çıxaraq maşın yolunu keçdi və tələsik halda parka tərəf addımladı. Evlərinə ən kəsə yol buradan keçirdi. Sıralanan çinar ağaclarının arasındakı parkı keçəndən sonra böyük idman meydançasına girəcək və oradan da binalarına tərəf gedəcəkdi.
Qara, arıq oğlan həmişə olduğu kimi, parkın qarşısındakı böyük gövdəli çinar ağacına söykənərək gözləyirdi. O, Əsmərin tək gəldiyini görüb duruxdu və üzündə ani bir sevinc yarandı, yanaqları çökdü. Əsmər ona fikir vermədən yanından ötmək istəyəndə dedi:
- Salam!
- Salam! - Əsmər addımını yavaşıtdı.
- Məə-n...
- oğlan kəkələməyə başladı, - mən...
- Ruhiyyə
dərsdədi bir saata çıxacaq. - Əsmər
qısa cavab verərək, parka tərəf addımladı.
- Ruhiyyə?
Hansı Ruhiyyə?
- Necə
hansı? - Əsmər ciddi görkəm aldı, ona tərəf
çevrildi və: - Gözlədiyin qızı deyirəm də,
hər gün yolunda durduğun... - dedi.
- Məə-ən?
Mən onun yolunda durmuram, axı...
Onun cavabı Əsməri özündən
çıxardı. Öz-özünə dedi: "Bu adam
ya axmaqdı, ya da məni axmaq yerinə qoyub". Sonra ucadan:
- Bəs
kimin yolunda durursan? Mənim? - hirslə dedi.
Əsmər sözü birbaşa deməyi və kəskin
cavabları sevirdi. Qrupda hamı ona "acıdil",
qohumlar arasında isə "zəhər tuluğu"
deyirdi. Amma bu acıdil, işvə-nazı sevməyən
qızın iç dünyası tamam fərqli idi. Əsl Əsməri görmək üçün
onun yazdığı şeirləri, esseləri oxumaq lazım
gəlirdi. O şeirlər sevgi, həyat dolu,
çılğın bir qızın ürəyinin səsiydi.
Yerində dayanaraq, kiçik gilələri qapqara olan
gözlərini oğlana zillədi. Bu qara,
"arıq-uruq" deyə lağa qoyduqları oğlanın
üzündəki təbəssüm,
baxışlarındakı işıq, sanki gözlərini
qamaşdırdı. O işığa boylandı.
Oğlanın içini aydınca gördü: necə də
həyat dolu, saf, təmiz görünürdü... Sonra ağaclar, skamyalar, çiçəklər,
quşlar, adamlar, bütün Gəncə işığa
büründü. Əsmər yerindəcə
donub qalmışdı.
- Hə,
sizin yolunuzda dururdum! - Oğlanın titrək səsində bir
qətiyyət vardı.
- Məənim?
- Əsmərin də səsi titrəməyə
başladı, - Niyə? Mənim niyə?
- Bilmirəm!
- Orxan başını aşağı saldı.
Əsmər özünü itirmişdi. Həyəcandan
tir-tir əsirdi. Oğlana cavab vermədən
geri döndü və dayanacağa tərəf qaçdı.
Oğlan onun arxasınca:
- Adım
Orxandır! - desə də, Əsmər
onu eşitmirdi. Dayanacaqdakı ilk avtobusa əyləşərək,
əlləriylə üzünü örtdü. Ona elə
gəlirdi ki, yanaqları indicə od tutub
alışacaq və hamı onun içində baş verənləri
görəcək.
Orxan isə
çaşqın halda Əsmərin arxasınca
boylanırdı...
***
Sentyabr -
2008
Orxan Kənd Təsərrüfatı Akademiyasının
sonuncu kursunda oxuyurdu. Evin bir oğlu idi. Ata-anası
onu nə qədər əzizləyərək ərköyün
böyütsələr də, arıq, çəlimsiz olaraq
qalmışdı. Arzusu hərbçi
olmaq idi. Lakin atasının təkidi ilə
sənədlərini akademiyaya vermişdi. Bilirdi
ki, akademiyanı bitirən məzunlara hərbi rütbə
verilir. Buna görə də səbr edərək təhsilinin
bitməsini gözləyir, hərbi həyata can atırdı.
Atası Qarabağ döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acısını yaşamışdı. O, bircə balasını hərbidən uzaqlaşdırmağa nə qədər səy göstərsə də, oğlu bununla razılaşmır, "Mənim torpağım erməninin ayaqları altındadı, qardaş-bacılarım dığaların əlində əsirdi. Mən azərbaycanlı olduğumla fəxr etdiyim halda, bunu dilimə gətirəmmirəm. Niyə? Nədən? Yox, mən mütləq hərbçi olacam. Qarabağ işğaldan azad olmayınca, mənə rahatlıq yoxdur!" - deyirdi.
...Həmin gün Orxan dərsdən yorğun gəlmişdi. Eyvandan şəhərin izdihamını izləyirdi. Sol tərəfdən gələn səsə boylandı. Qonşu eyvanda iki qız mübahisə edirdi. Biri sarışın saçlı, dolu bədənli, o birisi isə qara saçlı, arıq. İçəri keçmək istəsə də, hansısa bir qüvvə onu yerindən tərpənməyə qoymurdu. Qızlar isə ona fikir vermir, mübahisələrinə davam edirdilər. Sonra birdən-birə mübahisələri kəsdi və gülüşməyə başladılar. Elə gülüşə-gülüşə də içəri keçdilər. Sonralar Orxan qızların tələbə olduqlarını, burada kirayədə yaşadıqlarını öyrəndi. Öz aləmində qızlara ad da qoymuşdu. "Qara kişmiş" və "Sarı qız". Əvvəllər sadəcə onları görməyə öyrəşsə də, sonra bu hissin bütün içini sardığını hiss etmişdi. "Qara kişmiş" onun ürəyini elə bir şirinliklə doldururdu ki, bu sehrdən qopa bilməyəcəyini dərk edirdi. O, "Qara kişmişi" görmədiyi gün özünə gəlmirdi. Hər gün qızların arxasınca universitetə gedir, onlar qayıdanda dönürdü. Hər gün də dərsə gecikir, sonuncu dərsdən isə qaçırdı. Nümunəvi tələbələrinin dəyişdiyinə müəllimləri də təəccüb edirdi. Qızlar da onun müşayiətinə öyrəşmişdilər. Orxanı görən kimi pıçıldaşır, şaqqanaq çəkərək gülüşürdülər...
***
Fevral - 2009
Həmin o dumanlı payız günündən sonra Əsmərin də qonşu oğlana marağı oyanmışdı. Tez-tez balkona çıxır, qonşu tərəfə boylanırdı. Ruhiyyə də bunu sezir, gülərək deyirdi:
- Axır ki, sənin də aşiq olduğunu gördük. Aaz, saa demerdimmi, gün gələjəh sən də sevdalanajaxsan.
Əsmər ona susaraq cavab verirdi.
Son zamanlar Orxan qızlara yaxınlaşmaqdan çəkinmirdi. Demək olar
ki, dostlaşmışdılar. Bir
neçə dəfə Ruhiyyə Əsmərlə Orxanı
tək qoymaq istəmiş, amma qız rəfiqəsinin qolundan
yapışaraq buraxmamışdı.
Ruhiyyə rayonda idi. Əsmər dərsə
tək gedib-gəlirdi. Orxan bir neçə
dəfə ona yaxınlaşmaq istəsə də, qız
qaçıb avtobusa minmiş, ondan uzaqlaşmışdı.
Bu gün isə qaçmadı, hətta Orxanın yanına
çatanda addımını yavaşıtdı və asta səslə
salam verdi.
Əsmər Ruhiyyənin yanında çox sərbəst
olurdu. Deyib-gülür, zarafatlar edirdi. İndi
isə susqun, ürkək idi. Sanki bütün cəsarətini
Ruhiyyənin şaqraq gülüşlərindən
alırdı bu qız...
- Əsmər, səninlə danışmalıyam. - Orxan dedi.
- Buyur!
- Mən
sənin barəndə anama demişəm. O çox sevindi.
Atama da dedi.
Əsmərin yanaqları qızardı.
Orxan davam
etdi:
- Sizə
gəlmək istəyirlər. Atam deyir ki,
nişanlan və ixtisasına uyğun işə düzəl.
Mən isə hərbiyə getmək, hərbçi
olmaq istəyirəm. Sən hərbçiylə
ailə qurarsan?
Əsmər başını qaldırdı, yanaqları
qıpqırmızı olmuşdu. Orxanın gözlərinə
baxdı və həyəcanlı səslə:
- Mən
də hərbçi olmağı arzu edirdim. Ailəmiz
buna razı olmadı. Çox sevirəm hərbi geyimi...
Orxan
sevincək dedi:
- Demək,
hə! Həəə, sən hərbçiylə ailə
qurarsan!
Əsmərin əlindən tutaraq onunla yanaşı
addımladı. Onlar çinar ağacları ilə əhatələnmiş
parkı geridə qoyub, əslində, arakəsmə, lakin
keçilməkdən böyüyərək yolağa
dönmüş cığırdan keçib meydançaya
daxil oldular. Meydança boyunca
salınmış oturacaqlardan birində yanaşı əyləşdilər. Ətrafda kimsə yox
idi. Arabir meydançanın içini kəsə
yol edən yerli adamlar görünürdü. Orxan Əsmərin əlini hələ də
buraxmamışdı. Hər ikisinin ürək
döyüntüsü eşidilirdi.
-
Akademiyanı bitirən kimi hərbiyə yollanacam. - Orxan
sükutu pozdu. - İstəmirəm oğlum da mənim
kimi torpaq həsrətiylə böyüsün. Bilirsənmi, Əsmər, bizim ordumuz çox
güclüdür. Biz müharibəni
uduzmamışıq. Sadəcə,
dayandırmışıq. Zaman belə tələb
edir. Hər şeyin öz vaxtı var. Atam
deyir ki, erməni ordusunda vuruşanlar ermənilər deyildi,
çoxusu ruslarıydı. Rus onlara dəstək
olmasa, erməni kimdi ki, bizə güc gəlsin.
O, hərbidən,
döyüşdən çox hərarətlə
danışırdı. Onun səs tonundan, hərəkətlərindən,
iti baxışlarından hiss olunurdu ki, qorxmaz, qəhrəman
bir zabit olacaq.
***
Sentyabr -
2009
...Orxan
dediyi kimi də elədi, akademiyanı bitirdi və hərbiyə
yola düşdü. İlk günlər
valideynləri etiraz etsələr də, sonda
oğullarının hərbçi olmaq istəyi ilə
razılaşmaq məcburiyyətində qalmışdılar.
O, vaxtaşırı məzuniyyətə gəlir, Əsmərlə
görüşürdü. Əsmər
dördüncü kursda oxuyurdu. Onlar evlənmək
üçün Əsmərin universiteti bitirməsini gözləyirdilər.
...Yenə
də idman meydançasında - həmişəki
oturacaqlarında yanaşı oturmuşdular. Orxan qolunu Əsmərin
belinə dolayaraq:
- Ay qara
kişmişim, - dedi, - toyumuzdan sonra kənddə yaşamaq sənə
çətin olmayacaq ki? - Xidmət etdiyi sərhəd bölgəsindəki
kəndi nəzərdə tuturdu. - Bax, dağ yeridi oralar, həyat
tərzi burdakı kimi deyil.
- Olsun dəə,
sən yanımda ol, lap Murovun başında da yaşayaram. - Əsmər Orxanın furaşkasını
çıxarıb qapqara saçlarını
qarışdırdı. - Sənə çox
yaraşır ee, hərbi forma. Elə qəşəy
görünürsən ki?
- Mən
formasız da yaraşıqlıyam, - Orxan
gülümsündü. Yanaqlarındakı çökək
bir az da dərinləşdi.
- Ayy, necə
də özündən razısan! - Əsmər
dodaqlarını büzdü.
- Əlbəttə, razıyam. Gör mən kimin
sevdiyi oğlanam. Sənin ee, sənin.
- O, güclü qolları ilə Əsməri özünə
tərəf sıxdı və yanağından öpdü.
-
Yavaş! Yavaş! Adamlar var, görərlər.
- Əsmər ürkək baxışlarla
meydançaya boylandı.
-
Görsünlər dəə, sevdiyim qızı
bağrıma basıram. Anam deyir ki, bayramda
elçi getmək düşərli olur. Ona görə
də marta saxlayır nişanı. Deyir ki, martda nişanlananların ilk övladı
oğlan olur, - Orxan ucadan qəhqəhə çəkdi.
Əsmər başını aşağı saldı və
utancaq şəkildə:
- Onda gəl
apreldə nişanlanaq, - dedi.
- Niyəə?
- Orxan təəccüblə soruşdu.
- Qoy
birincisi qız olsun! - Əsmər Orxanın sinəsinə
qısılıb pıçıldadı.
***
Mart - 2010
Baharın gəlişiylə təbiət
oyanmış, hər tərəfdə canlanma, həyat
eşqi baş qaldırmışdı. Orxan martın
səkkizinə qədər gələcəyinə söz
vermişdi. Bayramda nişanları
olacaqdı.
Son zamanlar Ruslan adında bir oğlan Əsmərin
kölgəsinə dönmüşdü. Oğlan bir
neçə dəfə ona yaxınlaşmış, rədd
cavabı almışdı. Əsmərin
valideynləri də elçilərə
"Qızımız kimi istəsə, ona verəcəyik.
Ali təhsilli qızdı. Ailə
həyatını da özü istəyəndə quracaq"
- demişdilər. Əsmər bütün bunları
Orxana yazmaq istəsə də, fikrindən
daşınmış, "hərbidədir, fikrini qatmayım,
gələr, hər şeyi deyərəm", - deyə
düşünmüşdü.
O
gün... Əsmərlə Ruhiyyə universitetdən
çıxıb evə tərəf gedirdilər.
Onların yanında ağ rəngli
maşın dayandı. Ruslan və daha iki
oğlan Əsməri bircə anın içərisində
qamarlayaraq maşına tərəf apardılar. Əsmərin qışqırığı ətrafa
yayıldı. Əvvəl heç nə
anlamayan Ruhiyyə özünə gələndən sonra
"Qoymayın, qızı qaçırdılar!" -
deyə haray çəksə də,
maşın gözdən itmişdi...
Bir neçə gündən sonra valideynləri Ruslanla Əsməri Türkiyəyə yola saldılar. Əsmərin ailəsi ilə barışıq olmuş, diplom işi isə növbəti ilə saxladılmışdı. Toy Türkiyədə olacaqdı. Türkiyədə önəmli iş adamı kimi tanınan Ruslan Əsmərin ana-atasının, qardaşlarının sevgisini qazanmışdı. Hamı bu izdivaca sevinir, hamı xoşbəxt idi. Təkcə Əsmərdən başqa...
***
Yanvar - 2011
Əsmər bütün dostları ilə əlaqəni kəsmişdi. Yalnız hərdən Ruhiyyəyə zəng edirdi. Bir dəfə özünü toparlayaraq soruşmuşdu:
- Ondan nə xəbər?
Ruhiyyə isə:
- Hərbidədi, - demişdi, - zvaniyası yüksəlib. Deyirlər, siz Türkiyəyə gedəndən iki gün sonra gəlib. Eşidən kimi Ruslangilə gedib, "Hanı o?" - deyə oraları dağıdırmış. Dostları onu güc-bəlayla oradan aparıblar. Səndən sonra cəmi bir dəfə gördüm. Əsmər, bir görsəydin necə dəyişmişdi. Əvvəlki Orxandan əsər-əlamət qalmamışdı. Salamlaşdıq və bircə kəlmə dedi: "Əsməri görsən, de ki, biz görüşəcəyik...".
Əsmər isə:
- Ay Ruhiyyə, axı sən bilirsən, hər şeyi... - deyərək hönkür-hönkür ağlamışdı...
Qayınatası Əsmərin diplomunu almışdı. Ruslan isə, "Diplomdu dəə, almısan. Onsuz da sənə gərək deyil. Sənin işləməyə ehtiyacın yoxdur", - demişdi. Həmin gündən işləmək söhbətinə son qoyulmuşdu. Sonra ard-arda iki qızı olmuş, evdə uşaqlara baxmışdı. Hərdən Azərbaycandakı müxtəlif qəzet və jurnallara köşələr yazırdı. İmzası tanınır, hətta sevilirdi. Əri avtomobil qəzasında həlak olandan sonra Azərbaycana gəlmiş, atası evinə yerləşmişdi. İşə də düzəlmişdi. Atası ona:
- Qızım, Allah ömür versin sənin balalarını da böyüdüm. Elə bilirəm qızım bir yox, üçdür. Amma bütün günü evdə oturmalı deyilsən. Ali təhsilli qızsan, istedadın, bacarığın var. Uşaqlara nənələri baxacaq. Sənsə istədiyin yerdə işə düzəl, - demişdi.
Əsmər iki ilə yaxın idi ki, televiziyada hərbi proqramlar departamentində müxbir kimi çalışır, qəhrəman hərbçilər barədə reportajlar hazırlayırdı. İşini çox sevirdi. Hərbçilərlə bir arada olmaq onun içində bükülü qalmış arzularının ətrini gətirirdi, sanki. Özünə belə etiraf etməkdən çəkinsə də, içində daim bir ümid közərirdi: "Nə vaxtsa Orxanla qarşılaşacağam...".
Azərbaycan hərbi və siyasi tarixinə şanlı hərflərlə yazılmış 44 günlük müharibədən sonra, Birinci və İkinci Qarabağ döyüşlərində, Azərbaycan Vətən müharibəsində qəhrəmanlıqlar göstərmiş, qazi olmuş, müqəddəs şəhid adını qazanmış oğullarımızdan söz açan bir layihəyə Əsmər rəhbərlik edirdi.
***
Yanvar - 2021
Şəhid anasının səsi Əsməri xəyaldan ayırdı.
- Rəhmətlik kişi Əsmərə ayrı ad qoymaq istəyirdi. Sonralar biləndə ki, Orxan... - dərindən ah çəkdi, - Orxan qızının adını Əsmər qoymaq istəyir...
"Orxan" adını eşidəndə otaq Əsmərin başına fırlandı, sanki. O, illərdir içində gizlətdiyi adı dilinə gətirdi:
- Orxan?!
Ona elə
gəldi ki, dili od tutub alışdı. Alov Əsmərin bütün bədənini
sardı. Artıq hər yer
alışıb-yanırdı. Əsmər
isə bədənini qarsan alovun içərisində
"Orxan! Orxan! Orxan..." - deyə, təkrarlayırdı.
O, hər dəfə Orxan dedikcə alov daha da güclənir,
nəfəsi tutulur, ayaqları sustalırdı.
...Orxan
anasının yan otaqdan gətirdiyi qırmızı lentli
şəkildən Əsmərə baxırdı. Yanaqlarında bir cüt çökək əmələ
gəlmişdi. O, yenə də gülümsünür,
gözlərindən ətrafa işıq yayılırdı.
O işıq əvvəl otağı, sonra isə
bütün dünyanı bürüdü. Əsmər
Orxanın səsini eşidirdi: "Ay qara kişmiş, bax,
biz yenə də görüşdük...".
7 fevral
2021
İradə AYTEL
Ədəbiyyat qəzeti.- 2021.- 1 may.-
S.30-31.