Yazıçı və
yazı haqqında
Nobel nitqi
Öz ali
missiyasını yerinə yetirən İsveç
Akademiyasının Nobel Komitəsi mötəbər beynəlxalq
nüfuz və etiraf demək olan Nobel mükafatını bu dəfə,
necə deyərlər, " kiçik
ölkə"nin yazıçısına vermək qərarına
gəlib. Bu etirafı qəbul edərkən,
icazə verin, qısaca da olsa öz ölkəm haqqında
danışım və buna bir qədər də sizin
mükafatlandırdığınız prozaik əsərlər
haqqında ümumi fikirlərimi də əlavə edim.
Mənim
vətənim, bizim yazıçılardan birinin sözləri
ilə desək, həqiqətən "dünyalar
arasındakı kiçik bir ölkə"dir və o,
bütün sahələrdə, həmçinin mədəniyyət
sahəsində olduqca keşməkeşli və ağır
keçmiş hesabına itirdiyi şeyləri böyük
qurbanlar və ağlasığmaz gərginliklər
hesabına, iti templərlə bərpa etməyə
çalışır. Öz etirafınızla
siz mənim ölkəmin ədəbiyyatına işıq
tutdunuz, bütün dünyanın nəzərlərini onun mədəniyyət
sahəsindəki səylərinə yönəltdiniz,
özü də bunu bizim ədəbiyyatın yeni imzalar və
orijinal əsərlərlə dünyayla
çuğlaşdığı, bacardığı qədər
dünya ədəbiyyatına öz töhfələrini verməyə
çalışdığı bir dövrdə etdiniz. Bu ölkənin yazıçılarından birinin
etiraf olunması tərəfinizdən sözsüz ki, belə
səylərin müdafiəsi deməkdi. Ona
görə də bu etiraf xüsusi minnətdarlıq hissləri
doğurur və mən, təkcə öz adımdan deyil, həmçinin
aid olduğum ədəbiyyatın adından səmimi və
adi təşəkkürlərimi çatdırıram.
Vəzifəmin ikinci hissəsi daha çətin və
mürəkkəbdir, belə ki, mən
mükafatlandırdığınız
yazıçının prozaik əsərləri haqqında nəsə
deməliyəm.
Amma yazıçıdan və onun əsərlərindən
danışanda, həmin əsərləri yaratmış və
öz yaratdıqlarını, yəni elə özünün
bir parçasını sizlərin ixtiyarına buraxmış
adamdan üstəgəl, özü və
yaradıcılığı haqqında nələrisə
söyləsin deyə bir şeylər gözləmək nə
qədər doğru olardı? Biz yaradıcı
adamlara ya uzaq, dilsiz müasirlərimiz, ya da məşhur
ölülər kimi baxmağa öyrəncəliyik və
çox vaxt elə hesab edirik ki, bədii əsər,
yaradıcısının diri və canlı dili eşidilməzsə,
bizimlə daha aydın anlaşılan dillə təmas edir.
Bu nə yeni, nə də yeganə nöqteyi-nəzərdi.
Hələ Monteskyö deyirdi ki,
"yazıçılar - öz əsərlərinin pis
hakimləridir". Hötenin bu sentensiyasını bir
vaxtlar vəcd və anlaşıqla oxumuşdum: "Sənətkarın
işi danışmaq yox, yaratmaqdı". Sonradan
eyni fikrin unudulmaz Alber Kamü tərəfindən bir ayrı
cür ifadə edildiyinə rast gələndə oxşar
hissləri keçirdim.
Ona görə də mənim kiçik
çıxışımın ağırlıq mərkəzini
ümumiyyətlə hekayə və nəqletmə məsələsinin
üstünə keçirmək daha düzgün olardı və
yerinə düşərdi. Əsrlərdən
üzübəri, müxtəlif şəraitlərdə
duruş gətirən və var olan, kasıb komaların
ocağı ətrafında eşidilən qədim patriarxal
nağıllardan tutmuş, bu dəqiqə dünyanın ən
nəhəng nəşriyyatlarında çap olunan əsər
müəlliflərinin müasir rəvayətlərinin nəql
olunduğu minlərlə dildə insanlar bir-birinə hey
durmadan yalnız bir şey - insan taleyini nağıl edirlər.
Belə nağılların forma və
üslubları şəraitə və yerə görə dəyişsə
də, ona olan tələbat azalımır, elə hey
uzanır, uzanır və sonsuzluğa üz tutur. Hərdən
mənə elə gəlir ki, bəşəriyyət
ağlı kəsməyə başlayandan bu yana
eyni bir nağılı, hekayəni milyonlarla variantda nəfəsinə
və nəbzinə müvafiq şəkildə
danışmaqdadı. Və bu hekayət əfsanəvi Şəhrizadın
rəvayətləri kimi, sanki cəlladı aldatmaq istəyir,
bizi hədələyən faciəvi taleyin qaçılmaz
sonluğunu bir az daha irəli atır, həyatın
bitməz-tükənməz olması illüziyasını
yaradır. Bəlkə nağılçı
öz hekayəti ilə adamlara bu dünyada özünü
tapmağa kömək göstərmək üçün cəhd
edir? Bəlkə onun ali vəzifəsi
odur ki, bu dünyada vaxtından əvvəl cəlladın-həyatın
baltasına tuş gələrək özünü ifadə
etməyə zamanı olmayanların da yerinə
danışmalıdı? Ya bəlkə
qaranlıqda qorxmamaq üçün oxuyan uşaq kimidi
nağılçı, öz-özünə
danışır? Bəlkə bu hekayənin
məqsədi taleyin bizə tez-tez rast saldığı
qaranlıq yolları işıqlandırmaq,
yaşadığımız və heç də həmişə
baş açmadığımız həyat haqqında, zəifliyimiz
üzündən anladığımızdan, dərk etdiyimizdən
daha artıq danışmaqdır? O qədər olur ki,
elə usta nağılçının dilindən biz nə
etdiyimizi və nəyi edə bilmədiyimizi, nəyi eləməli
olduğumuzu və nəyi əldən
buraxdığımızı öyrənirik. Ola bilsin ki, məhz
bu yazılı və şifahi hekayələr
öz-özündə bəşərin həqiqi tarixini gizlədir
və o da ola bilər ki, məhz onları oxumaqla bizlər, anlamasaq belə,
həmin tarixin mahiyyətini hiss etmiş olacağıq. Özü də həmin tarixin indiyə və ya
keçmişə aid olmasının heç bir fərqi
yoxdur.
Predmeti keçmiş olan hekayədən, nəqletmədən
söz düşmüşkən, qeyd etmək lazımdır
ki, keçmişdən yazmanın
çağdaşlığa xor baxmaq, müəyyən mənada
həyata arxa çevirmək olması kimi bir təsəvvür
də vardır. Düşünürəm, tarixi roman və povest müəllifləri
bu fikirlə razılaşmazdılar, daha çox, bizim indi
adlandırdığımız zamandan keçmiş
adlandırdığımız zamana, yüzilliklərin
kandarından o yana yalnız yuxuda
mümkün olan rahatlıqla necə adladıqlarını
özlərinin də anlamadıqlarını etiraf etməyə
meyilli olardılar. Bir də məgər keçmişdə və
indi rastlaşdığımız problemlər, hadisələr
oxşar deyilmi? İnsan öz icazəsi
olmadan və iradəsinə rəğmən doğulur. Və budur, o artıq varlıq dəryasına
atılıb. Üzmək lazımdır.
Yaşamaq, öz-özünlə olmaq
lazımdır. Bütün ətrafın
atmosfer təzyiqinə davam gətirmək, bütün qəzalara,
özünün və özgələrinin nəzərdə
tutulmayan və tutula bilməyən əməllərinə,
çox vaxt da gücümüz və imkanlarımız
xaricində olan işlərə davam gətirmək
lazımdır. Daha çətini isə
bütün bunları anlamaq yükünü çəkməkdi.
Bir sözlə, insan olmaq lazımdır.
Beləliklə,
keçmişi və gələcəyi öz istədiyi kimi
ayıran xəttin o tayında da yazıçı elə həminki
insan taleyi ilə üzləşməli, onu görməyi və
daha yaxşı anlamağı bacarmalı, onunla bir can
olmalı, onu oxucularına daha yaxşı, rahatlıqla
və inandırıcılıqla anladacaq təhkiyəsinə
ram edənə qədər öz nəfəsi və qanı
ilə qızdırmalıdır.
Buna necə,
hansı üsullarla və yollarla nail olmaq olar? Bir
qism buna azad və sərhədsiz təxəyyül
oyunları, başqaları tarixi faktların və ictimai hadisələrin
uzun-uzadı, incəliklə araşdırılması sayəsində,
digərləri ötən dövrlərin mahiyyətinə və
varlıqlarına sirayət etməklə, bəziləri isə
"Tarix nədir? Romanlarımı asdığım
mismardır" deyən həmin o məhsuldar fransız
romançısı kimi möcüzəvi şən
rahatlıqla nail olurlar. Kəsəsi məllifin
öz əsərini yarada biləcəyi yüzlərlə
üsul və yol vardır, amma yenə də əsas və həlledici
mahiyyət kəsb edən əsərin özüdür.
Tarixi
roman müəllifi müfəssəl izah və epiqraf yerinə
qədimlərin bir fikrini götürə bilərdi:
"Cogitavi dies antiquos et annos aeternos in mente habui!"
Ancaq heç bir epiqraf olmadan belə onun
yaratdığı əsər də elə bu haqdadır.
Bir də nəhayətdə bütün bunlar texnika,
metod və vərdiş məsələsidir. Az və
ya çox dərəcədə maraqlı intellektual oyundu. Yazıçının keçmişi və ya indini
təsvir etməsi, yaxud cəsarətlə gələcəyə
tuşlanması bir elə vacib deyil; Vacib olan - onun təhkiyəsinin
canındakı ruhdur, onun kitabının oxuculara ötürmək
istədiyi başlıca mirasdır. Burda isə əlbəttə,
qayda və qanunlar yoxdur və ola bilməz.
Hər kəs öz hekayəsini ona miras
qalmış və əldə etdiyi meyillərinə və
baxışlarına uyğun olaraq öz daxili ehtiyacına, bədii
imkanlarına görə qurur; hər bir kəs
danışdığı hekayəyə görə mənəvi
məsuliyyət daşıyır və hamıya hekayəsini
danışmaq azadlığı verilib. Amma hesab edirəm,
müasir nağılçının öz əsrdaşlarına
danışdığı hekayənin forma və məzmunundan
asılı olmayaraq nifrətlə zəhərlənməməsi,
bu dəhşətli silahın gurultusu ilə kar olmaması,
daha çox məhəbbətlə diktə olunması,
geniş, aydın və azad insan ruhu ilə istiqamətlənməsini
arzu etmək imkanı da verilib. Zira, hekayəçi
və onun hekayəsi bu və ya başqa yolla insana, bəşəriyyətə
xidmət etmirsə, deməli, heç nəyə xidmət
etmir. Əsas və vacib olan da elə budur.
Başlanğıcda olduğu kimi bir daha dərin
və səmimi minnətdarlıq hissi ilə bitirmək istədiyim
öz qısa çıxışımda mən məhz bunu
qeyd etməyi lazım bildim.
Tərcümə: Səlim
Babullaoğlu,
Rəbiqə Nazimqızı
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.31.