2014-cü ilin
sentyabrıdır. Sentyabrın 17-si. Elxan Zalla
Belqraddayıq. Dünya Ədiblərinin
Belqrad Görüşündə.
Hava limanından tələsik otelə gəlib əynizimi dəyişib, yazıçılar
birliyinə gəlmişik.
Serb yazıçılarının ovaxtkı rəhbəri Radomir Andriçin xanımı Qordana hal-əhvaldan sonra bizi min ildir tanıyan biri kimi o saat bir
vaxtlar böyük şairimiz Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı Moskvaya və Bakıya səfər etmiş yuqoslaviyalı yazıçı,
ədəbiyyat üzrə
Nobel mükafatı laureatı
İvo Adriçin yazdığı məqalənin
faksimilesini göstərir,
həm də böyük sevinclə. Hədsiz dərəcədə
xoşlanıram və
doğrusu, bu mənə rəmzi görünür. Xahiş
edirəm, surətini mənə versinlər. Verirlər.
Otaqların birində
kompüter arxasında
işləyən, rusca
mükəmməl danışan
(az əvvəl
bizi rus dilində salamlamışdı)
işıqlı bir yeniyetməyə yaxınlaşıram.
Serbdir.
Tələbədir. "Siz rusca yaza da
bilirsiniz?" - soruşuram. Təsdiqləyir. Faksimilenin surətini
göstərib soruşuram
ki, bunu az vaxta
tərcümə edib
emailimə göndərə
bilər? Təsdiqləyir. Qonorarın nə qədər
olacağını soruşuram.
Tələbə olduğundan
istədiyi qonorarın
iki qatını verib, sabah
günortaya qədər
yazının məndə
olacağına ümidimi
ifadə edirəm. Bozoviç ümidləri doğruldur.
İndi dahi şairinizin
880 illiyində Nobel mükafatı
laureatı İvo Andriçin Nizaminin 800 illik yubileyi tədbirləri zamanı ölkəmizə səfər
edərək yazdığı
və 73 il əvvəl, 1948-ci ilin 17 fevralında "Knijne Noveine" qəzetində
çap olunan (ovaxtkı Yuqoslaviya Yazıçılar Birliyinin
mətbu orqanı olan bu qəzet
bu gün də Serb Yazıçılar
İttifaqının nəşri
kimi fəaliyyət göstərir)
"Bir dəfə
Azərbaycanda" ("Sa puta
po Azerbjdzanu") adlı yazısını
və görkəmli ədibin "Nobel nitqi"ni
böyük məmnuniyyətlə
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim
edirəm.
Səlim Babullaoğlu
İvo ANDRİÇ
Bir dəfə Azərbaycanda
Bakıda olmağımız və Azərbaycana qısamüddətli
səfər biz əcnəbi
nümayəndələr üçün
böyük zövq və bilgi mənbəyi
oldu. Bu, zəngin, maraqlı mədəniyyəti
olan uzaq sovet respublikalarından biri ilə tanışlıq
şansı idi.
Sovet mətbuatında da deyildiyi kimi, Azərbaycan oğulları
yaxın keçmişdə
öz sovet vətənlərinin müdafiəsində
qəhrəmanlıq göstəriblər.
Orada biz böyük
şair Nizami Gəncəvinin həyat və yaradıcılığına
- orijinal dilə bələd olmadan və şəraiti dərindən bilmədən
bunu etmək nə qədər mümkündürsə - ötəri
də olsa, nəzər saldıq. Biz bu şairin qüdrəti, miqyası, onun poetik formalarının zənginliyi, çox zaman ilk plana çıxan humanizminin və əxlaqi-sosial görüşlərinin paklığı
barədə təməl
bilgiləri əldə
edə və beləliklə, böyük
şairlə tanış ola bildik. Bütün sovet respublikalarının
dəstəyi və iştirakı, xüsusən
də rus yazıçılarının və alimlərinin yardımı ilə Azərbaycan Nizaminin yubileyini qeyd edirdi.
Bu bizə sovet xalqları arasında mədəni əməkdaşlığa
nəzər salmağa
imkan verdi.
Bizlərdən əksəriyyətimiz
Sovet İttifaqı barədə nəsə oxumuşduq və yeni quruluşa malik bu çoxmillətli
dövlətin strukturu
və respublikaların
qarşılıqlı əlaqələri
barədə az bilmirdik. Amma bu bayram bizə
mahiyyətə daha yaxından diqqət yetirməyə və konkret halda, əməkdaşlığın təbiətini və üsullarını təcrübədə
görməyə, Sovet
İttifaqının müxtəlifdilli
respublikaları arasında
müəyyən zaman
kəsiyində yaranmış
mədəni maraqlar və resurs qruplarının arasındakı
əlaqələri dərindən
hiss etməyə şərait
yaratdı.
Mən bu barədə detallı söz açmayacağam. Amma Bakıda
Nizaminin 800 illik yubileyi bayram edilərkən diqqətimi
çəkən bir məqama toxunmaq istəyirəm. Mən Sovet
Yazıçıları İttifaqı,
bu qurum və onun fəaliyyəti,
işinin xarakteri, oradakı respublikalararası
və şəxsi münasibətlər barədə
danışmaq istəyirəm.
Sovet Yazıçıları
İttifaqının quruluşu,
yeni zamanda sovet yazıçılarının
ölkələrinə və
ölkənin də müəlliflərə münasibəti,
Böyük Vətən
müharibəsindəki rolu
və bütünlükdə
sovet ədiblərinin
missiyaları barədə
biz yetərincə bilirik. Şübhəsiz ki, bu barədə
oxumuşuq və eşitmişik. Amma konkret
halda biz əcnəbi nümayəndələr Sovet
Yazıçıları İttifaqı
adlanan nəhəng təsisatın mənəvi
gücünü və
maddi-texniki təminatını,
işin keyfiyyətlə
davam etdirildiyini və bu işdə
istifadə olunan üsulları öz gözlərimizlə görə
bildik. Sovet İttifaqı xalqlarının
bu bayramında Latviyadan, Moldovadan tutmuş, Özbəkistana
qədər bütün
respublikalar təmsil olunmuşdu. Elə ilk baxışdan da görünürdü ki, bütün yazıçıları çox
məhrəm bağlar,
bir çox hallarda isə şəxsi dostluq birləşdirir. Bu respublikalardan hər biri Azərbaycana ya Nizaminin əsərlərinin
tərcüməsini, ya
onun barədə araşdırma, ya da Nizami Muzeyi
üçün şairin
portretini hədiyyə
göndərmişdi. Bir fransız məsəli ilə desək, yaxşı dostluğu kiçik hədiyyələr
də yaşadır.
Amma bu hədiyyələr təkcə hansısa bir şəhərin və onun sakinlərinin
xoş münasibətinin
simvolu, görünən
ifadəsi deyil, həm də əsl mədəni və dərin insani münasibətlərin
göstəricisidir.
Hər yubileydə olduğu kimi, indi də
bir sıra digər tədbirlər keçirildi, banketlər,
çıxışlar oldu,
amma sovet yazıçılarının
səciyyəvi cəhəti
budur ki, onlar burada, əvvəlcədən
planlaşdırıldığı kimi, vahid komanda
qismində işlərini
görürdülər, missiyalarını
az qala hiss olunmadan həyata keçirirdilər. Bunun üçün
onlarda iradə ilə yanaşı, qüvvə və artıq genişlənməkdə,
təkmilləşməkdə olan ənənəyə çevrilmiş təcrübə
də var.
Bəzi şəxslər (Antokolski,
Tixonov, Fadeyev, Vurğun kimi yazıçılar) mühazirə
oxudular və birgə sovet poeziyası axşamını
təşkil etdilər. Bu, həyatımda gördüyüm
ən maraqlı mərasimlərdən idi.
Burada Yer kürəsinin altıda bir hissəsinin ədibləri öz şeirlərini rusca və digər xalqların dillərində
oxuyurdular, burada hisslər, düşüncələr
rus dilinin harmoniyası ilə əlaqələnərək on beş dildə
ifadə olunurdu. Bəlkə də, buna görə
qırxdan çox şairin iştirak etdiyi axşamda dinləyicilərdən heç
biri üç saat yarımdan sonra da dinləməkdən
yorulmadı.
Təəssüf edirəm ki, bu şairlərdən ən məşhurları
barədə daha geniş danışa bilməyəcəyəm, onlardan
hər biri maraqlıdır və zəngin şəxsiyyətə
malikdir: Vera İnber,
Leonid Pervomayski, Svetlov,
Qafur. Xüsusən təəssüf edirəm
ki, bu məqamda
ev sahibləri
- odlu qəlbə və qaynar təbə malik azərbaycanlı yazıçılar
barədə daha çox söz aça bilmirəm.
Bütün bunlardan başqa, bizim sovet dostlarımız
"Ordu evi"ndə
hərbiçilər üçün
də ədəbi-bədii
gecə keçirdilər. Xoşbəxt
ovqatlı, şux görünüşlü sadə
adamlar sanki macərapərəstlər kimi,
amma ağıllı və tədbirli bir şəkildə öz vəzifələrini
tam halda, vaxtında yerinə yetirirdilər, həm də bunu özlərini işgüzar və ya əhəmiyyətli adam görünmək
üçün etmirdilər.
Ən maraqlısı
budur ki, tədbirlərdə yazıçılarla
yanaşı, Moskva və Leninqraddan olan bir neçə
naşir, nəşriyyat
direktorları və katibləri də iştirak edirdilər. Yazıçı və ya incəsənət
adamı olmayan bu şəxslərin işi ədəbiyyatla birbaşa bağlıdır,
onlar ədəbiyyat biliciləri və yaxşı təşkilatçıdırlar.
Onlardan hər biri sovet
ədəbiyyatı qrupları
üzrə ekspertdir.
Nəşrlərin planını
tutur, tərcüməçilər,
redaktorlar tapır,
texniki-maliyyə məsələlərini
həll edirlər. Əsl mədəniyyət işçiləri,
hörmətli adamlar olan həmin şəxslər yazıçılarla
eyni prosesdə iştirak edirlər, bu da sovet
ictimai həyatının
ən gözəl xüsusiyyətlərindən biridir.
Beləliklə, gözlərimiz önündə
sovet xalqları ədəbiyyatının saysız-hesabsız
təzahürləri, sosialist
dövlətində yeni
cəmiyyətə xas
ədəbiyyatın inkişafı canlanır,
qarşımızda sovet
xalqının ümumi
həyat və fəaliyyət mənzərəsi
açılırdı. Birinci
katib Fadeyev də, Bakı fəhlələrinə müraciətlə
oxuduğu, hərarətli
mühazirəsində bu
məqama toxundu: "Yoldaşlar, Azərbaycan xalqının böyük
şairi Nizaminin parlaq yubiley günlərində də
biz, harada - neft mədənində və ya masa
arxasında - çalışmağımızdan
asılı olmayaraq, həyatımızın hər
saatında olduğu kimi, öz bəşəri
işimizi irəli aparacağıq".
Və beləliklə,
biz - qardaş xalqların
nümayəndələri o tədbirlərdə təkcə
bilgi deyil, həm də stimul və dəstək qazandıq.
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.30.