Zamanın dalınca həsrətlə boylanan,

yarı qara,

yarı bəyaz buluda bənzəyən

bir cüt göz kimiyəm...

Mürəkkəb cümlədə gah mübtəda,

gah xəbər - nə bilim,

elə-belə,

birtəhər kimi oxunan,

səsləri səhv düşmüş,

yerini tapmayan söz kimiyəm...

Yanağı allanan,

dərisi sallanan,

tükləri çallanan,

illərin yüküylə yüklənən,

əzabdan qızarmış üz kimiyəm...

İstidən qarsalmış,

üstünə kül salmış,

kösövü qaralmış,

işartısı itmiş köz kimiyəm...

Dalğalar qoynunda çırpınan,

karıxmış,

səmtini itirmiş,

gah sağa, gah sola yellənən,

yelkəni yıxılmış,

sahibsiz gəmiyəm...

nəmiyəm,

kimmiyəm?

Bilmirəm...

 

***

 

Gecə-gündüz çalışdım,

Açdığım səhər oldu.

Meyvəli bağ becərdim,

Yediyim zəhər oldu.

 

Yalnız sevinc payladım,

Çəkdiyim qəhər oldu.

Min ümidlə yaşadım,

Ömrüm birtəhər oldu.

 

Hər dəfə şeş tuşladım,

Atdığım çahar oldu.

Qismətimə qar yağdı,

Niyyətim bahar oldu.

 

Ürəyimin arzusu

rəngli kəhər oldu.

Taleyim tərs gətirdi,

At üstə yəhər oldu.

 

***

 

Bir az bu dünyadan,

bir az o dünyadan,

ən çox da Allahdan qorxuram,

canım.

Bir az atamdan,

bir az anamdan,

ən çox da səndən qorxuram,

vicdanım.

 

***

 

Söyləməyə söz qalmadı,

ağlamağa göz.

Anam gedəndən sonrasa

çevirməyə üz!

 

***

 

Tənhalığa üsyan edən,

Qara gözlü, qara qız,

Bu da belə bir mərəzdi,

Yoxdu ona çara, qız.

 

Ha əlləşsən, ha vuruşsan,

Mümkün deyil qurtulmaq.

Onun bircə çarəsi var,

Təklik şahlığı qurmaq.

 

Bu şahlığın sultanıtək

Major, minor yaratmaq.

Sükut adlı orkestrin

Səs ahənginə çatmaq.

 

Tənhalığın şərəfinə

Şeir yazıb-oxumaq,

Sözü-sözün xanasına

İlmə-ilmə toxumaq.

 

Budur təklik mərəzinin

İflicini dəf etmək.

Tanrının pak dərgahına

Tənha-təmiz, pak getmək.

 

***

 

Könül, səni kim küsdürüb,

Niyə belə kədərlisən?

Gözlərindən qəm ələnir,

Sən vaxtdı qəhərlisən...

 

Kimdi səni dərdə salan?

Kimin eşqi tilsimləyib?

Sən kimə aşiq olmusan?

Kim sənə qarğış diləyib?

 

Kədərlənmə, dəli könül,

Ömür qışdı, həm bahar.

Təkcə kədər üçün deyil,

Onun bir sevinci var.

 

***

 

Kədərli kəlmələrdən,

Könül kefim pozuldu. -

Hər kəsə şanlı şöhrət,

Mənə kədər yazıldı.

 

Ruhumu həbs etdilər,

Eşqimin qəfəsində.

Mənə hökm oxudular,

İftixarın səsində.

 

Qollarımı tutdular,

Qanad açan vaxtımda.

Demə kədər yatırmış,

Mənim qara baxtımda.

 

Həsrətə öyrətdilər,

Elə sevən yaşımdan.

Qeylü-qal sovuşmadı,

Mənim qara başımdan.

 

Min cürə ox atdılar,

Düz sinəmin başından.

Ayırmaq istədilər,

Eşq adlı savaşımdan.

 

Heç düşmənim olmadı,

Mat-məəttəl qalmışam.

Hər zərbə almışam,

Dostlarımdan almışam.

 

Nifrəti eşitmişəm,

Çörəyimi yeyəndən.

Xəyanəti görmüşəm,

Mənə atam deyəndən.

 

Bütün bu ömrüm boyu

Mən bunumu qazandım?

Buydumu mənim haqqım?

Bununçünmü yarandım?

 

İftixar

 

Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.29.