"Rədd olsun sənin
oksfordçuların!"
Rabindranat Taqorun 160 illiyinə
Bu
fikir böyük hind şairi, yazıçı və ictimai
xadimi Rabindranat Taqorun "Sonuncu poema" romanında
qırmızı xətlə keçir. 1929-cu ildə çap olunan
bu roman həm də sonuncu romanı oldu. 20-ci illərdə
Hindistanda baş verən vətənpərvərlik hərəkatında
xalq kütlələri önə çıxmış,
siyasi şüurun təkamülü və milli azadlıq
mübarizəsi yüksəlmişdi. Belə
bir vaxtda yazıçının və ədəbiyyatın
ölkənin ictimai həyatında rolu artdı. İnsanlar hər şeyi ədəbiyyatda aramağa
başladı, hiss və düşüncələrini orada
görmək istədilər. İctimai
mühitdə ədəbiyyatın rolu və
funksionallığı dəyişdi. Romanda
Azərbaycan ədəbiyyatının da 20-30-cu illər və
bu gün də keçib gəldiyi ədəbi prosesə
yaxın müzakirələr təsvir olunur.
1920-ci illərdə hind ədəbi mühitində
üç təmayül görünməyə
başladı; birincisi, R.Taqor, Şorot Çondra
Çottopadhay kimi yaşlı yazıçılar, ikincisi
cavanlar, üçüncüsü isə estetlər idi. Cavanlar
Benqaliyada "Kollol" ("Dalğa") jurnalı ətrafında
birləşmişdilər. Onlar ədəbiyyatda
ölkədəki feodal-kapitalist adətlərinə, köhnə
ədəbi ənənələrə qarşı
çıxır, onlara qarşı "qiyam"
qaldırırdılar. Cavanlar ədəbiyyatı
romantik xəyallar aləminə çəkib aparan estetlərə
qarşı da mübarizə aparırdı. Onların fikrincə, indiki şəraitdə
yazıçılar ictimai həyatda fəal iştirak etməlidirlər.
Klassik ədəbiyyatın da köhnəldiyini
iddia edirdilər. Cavanların qarşı
çıxdığı yazarlardan biri də Rabindranat Taqor
idi. Onlar Taqorun poeziyasının köhnəldiyini,
vaxtı keçdiyini bildirirdilər. Cavanların
Taqoru tənqidində həyatın ancaq gözəl cəhətlərini
görməyə çalışması, onun
nöqsanlarına göz yumması kimi məsələlər
də başlıca yer tuturdu. Ədəbiyyat
aləmində hələ də əvvəlki məhsuldarlıqla
yazıb-yaradan Taqor bu tənqidlərə etiraz etməklə
kifayətlənmir, onlarla uzun-uzadı mübahisələr
edirdi. Hətta bu mübahisələrdən
biri Taqorun Corosankodakı evində baş tutmuşdu.
Taqor "Sonuncu poema" romanı ilə həm də
müəyyən mənada onun yaradıcılığı ətrafında
gedən mübahisələrə cavab verirdi. Bəlkə də
bir roman üçün bu mövzu bir qədər məhdud
idi, ancaq yazıçı bu mübahisələr ətrafında
Hindistanda gedən ədəbi, ictimai-siyasi mühitin bəzi
problemlərini də təsvir edirdi. Əsərin
yazılmasından da əsas məqsəd Benqaliyanın
vaxtını boş-boşuna keçirən varlı,
aristokrat gənclərinin onun əleyhinə çevrilməklə
mənasız bir işlə məşğul
olduqlarını göstərmək idi.
Romanın əsas qəhrəmanı Omito Ray vəkildir. Familiyası
ingilis dili tələffüzünün təsiri altına
düşəndə "Roy" şəklində oxunaraq
öz gözəlliyini itirir və zəhmli bir şəkil
alır. Buna görə də Omito öz adına
orijinallıq vermək üçün onu elə
yazırdı ki, ingilis dostlarının dilində "Omit
Rae" şəklində tələffüz edilirdi. Omitonun atası da vəkil olduğundan böyük
bir var-dövlət sahibi idi. Elə bir
var-dövlət ki, ondan sonrakı üç nəsli saxlaya
bilərdi. Lakin Omito atasının bu
var-dövlətinə bir qədər yüngül
baxırdı. Elə buna görə də Kəlkətə
universitetini qurtarmamış Oksforda gedir və yeddi il imtahanlarla əlləşir. Yazıçı
bununla onun qabiliyyətli, lakin çalışqan
olmadığını göstərmək istəyir. Onun fitri istedadı var, ancaq təhsilinin
azlığı zəkasının meydana
çıxmasına mane olurdu. Atası ona
elə bir ümid bəsləmirdi, ancaq Oksford havasının
məhəlli və milli düşüncəyə tab gətirməsini
çox istəyirdi.
Romanda obrazların traktovkasında satirik boyalar xüsusi
yer tutur. Bu üslub Taqor yaradıcılığında ilk dəfə
burada özünü göstərir. Omito obrazını
təqdim edərkən yazırdı: "Omito mənim
xoşuma gəlir. O, əntiqə oğlandır. Mən
oxucuları az olan yeni bir
yazıçıyam, bu oxucular içərisində Omito
birinci yeri tutur. O mənim üslubumdakı cəsarətə
valeh olmuşdur, o, qəti surətdə əmindir ki, bizim
ölkəmizdə ədəbiyyat bazarında şöhrət
qazanan yazıçıların öz üslubu yoxdur. Onların əsərləri heyvanlar aləminin dəvəsinə
oxşayır. Bu dəvə kimi onların da hər
şeyi - boynu da, çiyni də, qarnı da, kürəyi də,
dalı da, qabağı da kobud və
yöndəmsizdir. Onlar da dəvə kimi
Benqaliya ədəbiyyatı səhrasında yanını
basa-basa ağır-ağır yeriyirlər".
Omito üslubu gözəl üz, üslubçuluğu
maska ilə müqayisə edir. Onun fikrincə,
üslub-öz arzularından başqa heç kəsin arzusuna
uymayan ədəbiyyat aristokratları, üslubçuluq isə
- başqalarının hökmünü yerinə yetirən ədəbiyyat
plebeyləri üçündür. Omito
XIX yüzil hind ədəbiyyatının görkəmli
nümayəndələri Bonkim-Bonkimçondro
Çottopalhayanın (1838-1894) adını çəkir, hind
toylarında oğlanla qızın ilk dəfə bir-birini
görməsini təsvir edir, hind mifologiyasına münasibət
bildirir. Omitonun fikrincə, klassik hind
yazıçı və şairləri üsluba
etinasızlıq göstərmişlər. Çünki tapdalanmış cığırdan kənara
çıxmağa cürət etməyiblər. Onun fikrincə, üslubçuluğa - parusin,
üsluba - Benares ipəyindən toxunmuş rübənd,
bunlardan hər birinə öz simasını göstərmək
üçün münasib şərait lazımdır.
Onun bu fikrinə, birinci şəxsin dilindən verilən
münasibət elə Taqorun öz münasibəti kimi səslənir:
"Oksford Universiteti bakalavrının dilindən belə
sözləri eşitmək mənə ləzzət verir,
çünki mən əsərimin öz üslubu ilə fərqləndiyinə
inanıram. Buna görə də əsərlərim
bircə dəfə nəşr edilir, təkrar çap
olunmur".
Yazıçı
təsvir etdiyi gəncləri Omitonu da, atıla-atıla yeriyən,
dikdaban, modabaz bacıları Sissini və Lissini də,
üzündə "xarici boya" olan Keti Mitteri də satirik
planda təsvir edir. Keti Mitterin üzündə
o qədər "xarici boya" vardır ki, bunu yuyub təmizləmək
üçün çox vaxt tələb olunur. Taqor
Omito Rayın iddia və təkəbbürünü ifşa
edərkən orijinal bir üsula əl atır: onu Rabindranat
Taqoru ağzına gələn sözlərlə tənqid etməyə
məcbur edir. Omito Ray deyir: "Ədəbiyyatçıların
Rabindranat Taqora ən mühüm etirazı bundan ibarətdir
ki, qoca Vordsvortu təqlid edən bu cənab inad göstərərək
yenə də şeir yazır. Əgər o özü
çıxıb gedə bilmirsə, bizim borcumuz onu zorla
öz həyatını tərk etməyə məcbur etməkdir...
Rabindranat Taqora qarşı olan mənim ikinci
ittihamım bundan ibarətdir ki, onun ədəbi əsərləri,
xətti kimi, dairəvidir, bunlar qızılgül, ayı və
qadın üzünü xatırladır. Bu,
ibtidailikdir. O ancaq təbiətin surətini çəkir".
Yazıçı
göstərir ki, belə vaxtlarda arvadımın
qardaşı Nobokrişno onun sözlərinə sakitcə
qulaq asa bilməzdi, çığırıb deyərdi:
"Rədd olsun sənin oksfordçuların!".
O, ingilis ədəbiyyatı üzrə magistratura bitirməsinə
rəğmən, çox oxusa da, az
şey anlayırdı. Onun fikrincə, Omito
istedadlı yazıçıları alçaltmaq
üçün xırda yazıçıları yüksəldir.
O, dikbaşlıq təbilini döyməyi xoşlayır. Səndən də təbil kimi istifadə edir.
Söhbətə Taqorun arvadı da
qarışır. Nobokrişnonun Omito haqqında bu
söhbətinin arvadının xoşuna gəlməməsi
yazıçıya ləzzət verir: "Mənim
arvadımın təhsili az da olsa, onun zövqü Omitonun
zövqünə uyğun gəlir. Qadınların
fitri əqli çox gözəl olur".
Romanda gənclərin ədəbi dərnəklərində
gedən müzakirələrə də toxunulur. Bu cür ədəbi
dərnəklərin birində Rabindranat Taqorun
yaradıcılığı müzakirə edilir. Omito dərnəyə xüsusi
hazırlaşmış və sədrlik edirdi. Taqorun poeziyası haqqında çıxış edən
köhnə qayda-qanun tərəfdarı olan
çıxışçı onun poeziyasını yüksək
qiymətləndirərək əsl poeziya olduğu qənaətinnə
gəlir. Onunla razılaşmayan yalnız
iki nəfər olur ki, onlardan biri də Omito idi. O, dərhal
müzakirələrə qoşulur. Özü
də müzakirəyə, sanki döyüş
aparırmış kimi başlayır. Onun sözündən
belə çıxır ki, şair beş
ildən çox şeir yazmamalıdır, özü də
iyirmi beş yaşından otuz yaşınadək
yazmalıdır. Yazıçı Omitonun
nitqini bütöv şəkildə verir. Burada
müsbət cəhətlərin də olduğu aydın
görünür. Həm də bu
çıxışda yeni nəsillə köhnə nəsil
arasındakı əzəli və əbədi mübahisənin
məğzi əks olunur. Məsələn, Taqorun yolu ilə
gedənlərlə bağlı tələbləri doğru səslənir:
"Onun yolu ilə gedənlərdən biz onun əsərlərindən
yaxşısını deyil, bu əsərlərdən fərqlənən
əsərlər tələb etməliyik", - sözlərində
müəyyən həqiqət vardır. Həqiqət
ondan ibarətdir ki, sənət təqlidi sevmir və
ümumiyyətlə təqlidçilik sənətə yad
olmalıdır. Omito fikrini belə əsaslandırır:
"Biz manqo mövsümü qurtarandan sonra manqo tələb
etmirik. Ondan biz ata (ləzzətli şirəsi
olan meyvə - B.Ə.) istəyirik. Göy
kakos qozundan uzun zaman ləzzət almırıq; şirənin
bolluğu çox davam etmir; dəymiş kakos qozunun daha
çox ömrü olur. Bu qayda ilə şairlərin
ömrü az olur, ancaq filosoflar əbədidir.
Rabindranat Taqora qarşı olan ən
mühüm etiraz ondan ibarətdir ki, bu cənab qoca Vordsvortu
(Vordsvort Vilyam (1770-1850) - ingilis lirik şairi) təqlid edərək
şeir yazmaqda inadla davam edir".
Omitoya görə, ölüm çırağı bir
neçə dəfə onun ardınca çapar göndərməsinə
baxmayaraq, o, hələ də öz taxtından bərk-bərk
yapışıb. Əgər o özü gedə bilmirsə,
bizim borcumuzdur ki, zorla onu öz həyətini tərk etməyə
məcbur edək. Onun yolu ilə gedənlər
zəng vuracaqlar, çığıracaqlar ki, Taqorun
padşahlıq dövrü hələ bitməmişdir.
Ona pərəstiş edənlər hələ
bir müddət onu tərif və mədh edəcək,
adını göylərə qaldıracaqlar, lakin sonra qurban
vermək zamanı gələcək. Onda
onun yolu ilə gedənlər sədaqət buxovundan azad
olunmağını hay-küylə tələb edəcəklər.
Afrikada dördayaqlı allaha belə pərəstiş
edirlər. Omito belə
düşünür ki, pərəstişin də öz təkamülü
vardır. Bizim beş il ərzində
pərəstiş etməli olduğumuz şey hələ də
öz pyedestalından bərk-bərk yapışıb durur. Aydın məsələdir ki, o zavallı məxluq
çoxdan öldüyünü bilmir. Ona
görə də nazik ürəkli qohum-əqrəbanın dəfn
mərasimini həddindən artıq uzatdığını
sübut etmək üçün yuxarıdan təkan
lazımdır. O, burada Taqoru müdafiə edənlərin
"nalayiq uzlaşma"sını ifşa etmək
üçün and içir.
Taqoru
müdafiə edənlər "- Siz istəyirsiniz ədəbiyyatdan
xeyirxahlığı qovasınız?!",
- deyə ona qarşı çıxarkən: "- Qovmaq
lazımdır! İndi ədəbi
diktatorluğa pərəstiş etmək məsələsi
köhnəlir" - cavabını verirdi. Onun Taqora qarşı olan ikinci ittihamnaməsi bundan
ibarətdir ki, "...ədəbi əsərləri onun xətti
kimi dəyirmidir, bunlar qızılgülü, ayrı-ayrı
qadın üzünü xatırladır. Bu
ibtidailikdir. O, təbiəti yamsılayır, surətini
çıxarır. Biz ədəbiyyatın yeni rəhbərindən
tikan kimi, ox kimi, nizə ucu kimi sivri, kəskin xətt ilə
yazılmış əsərlər gözləyirik; elə əsərlər
ki, gül kimi zərif deyil, birdən parıldayan işıq
kimi, sinir xəstəliyi ağrısı kimi kəskin olsun, məbəd
portiki kimi girdə deyil, qot kilsəsi kimi kələ-kötür
və sivri olsun. Hətta parusin, hind kəndiri
fabrikinə və ya dövlət binalarına oxşasa da eybi
yoxdur" cavabını alırlar.
Omitonun
fikrincə, 60-70 il yaşamaqdan utanıb xəcalət
çəkməyən şairlər özləri öz qiymətlərini
aşağı endirirlər. Axırda elə
olur ki, bu şairləri təqlid edənlər onlardan üz
döndərirlər. Uzun illər boyu yazan
şairlərin yaradıcılığı öz xüsusiyyətini
itirir. Bu şairlər öz
keçmişini oğurlamaqla-oğurlanan şeyi qəbul edən
adamlar vəziyyətinə enirlər. Belə
hallarda oxucuların vəzifəsi - bəşəriyyətin xeyri
üçün - bu qoca yazıçıların
sürünə-sürünə yaşamasına yol verməməkdir.
Əlbəttə, burada Omito şairlərin
fiziki ömrünü deyil, poetik yaşamını nəzərdə
tuturdu.
Omitonun ədəbiyyat tərifində yaxşı məqamlar
olsa da, qarışıq və dumanlılıq da
özünü göstərir. Görünür ki,
düşüncələrində yeni ədəbiyyata daha
çox üstünlük verir. Hətta
ona sual veriləndə ki, şairlərdən kimi təqdir
edirsiniz, o zaman heç yerdə tanınmayan Nibaron
Çakrobortinin adını çəkir və onun gələcəkdə
böyük şair olacağını iddia edir. Həmin
şairin yaradıcılığından oxuduğu uzun və
heç nə ifadə etməyən şeiri söyləyir:
Durmuşam
döşüaçıq
Alnımda
odur
Qələbə rəmzi həkk olunubdur.
Belə
qarşılayıram
Hər qələbəmi.
Yaxşı
işimi də bax onun kimi!
Lüm-lüt
kasıblar görürəm sizi,
Dağıdacağam xəzinənizi.
Açın
qapıları!
Əlim
uzanır...
Gizli zəfər
işarəsi...
Ey, verin nəyiniz
var,
Tez olun, nə
istəsəm!..
Omito bu çıxışı ilə köhnələr
üzərində qələbə
çaldığını düşünürdü. Taqoru
müdafiə edənlər ona mətbuatda cavab verəcəklərini
bildirərək dağılışırlar. Omito isə
evə qayıdarkən bacısı Sissi "Nibaron
Çakroborti bu gün yer üzünə gəldi, heç kəs
onun qabağını ala bilməyəcək", - deyə
qardaşı ilə fəxr edir. Əslində
isə həmin şairin adını özü elə oradaca
uydurmuş, şeiri də özü yazmışdı.
Omitonun bu çıxışında proletar ədəbiyyatçılarının
görüşləri də özünü hiss etdirir. Görünür, hind ictimai-siyasi proseslərinə
rus inqilabının təsir göstərdiyi kimi, bu tendensiya
20-ci illərdə hind ədəbi mühitinə də təsir
etmişdir.
Omito çox asanlıqla məşhur ingilis
yazıçılarını heçə
çıxarırdı. Bunlar o müəlliflər
idi ki, kitabları mağazalarda yaxşı
satılırdı. Belə müəllifləri
heç oxumadan da tərifləmək mümkün idi. Lakin Omito onların əsərlərini oxumur,
gözüyumulu şəkildə tənqid edirdi. Omito yalnız ədəbi görüşlərində
deyil, paltar, əşya, davranış məsələlərində
də üslub dəlisi idi. Onun zahiri
simasında da bir xüsusiyyət var idi. O, zahirən
heç kəsə oxşamırdı. Omitonun zahiri təsviri
belədir: "Onun təmiz qırxılmış
alyanaqlı, hamar dərili qarayanız girdə üzündə
mənalı bir ifadə vardı. Gözləri
iti idi. Hazırcavablıqla söylədiyi
sözlər onun ağzından tüfəng lüləsindən
çıxan alov kimi, bir anda çıxırdı. O,
həmişə benqali paltarı geyirdi, çünki onun
tay-tuşu belə paltar geymirdi. Onun çox ciddiyyətlə
geydiyi dhoti də ağ və haşiyəsiz
idi, lakin onun yaşında olan adamlar adətən belə dhoti
geymirlər. Üst köynəyinin sol çiynindən
sağ böyrünə qədər düymələyər,
köynəyin qollarını dirsəyinə kimi
qatlardı...".
Omito özünü gülünc vəziyyətə
salmaq üçün belə geyinmirdi, modaları ələ
salmaq üçün edirdi. Onda modalara
qarşı dəli bir üsyankarlıq var idi. Yazıçı bununla Omito və onun nəslindən
olan gəncliyin həyat və davranış tərzini tənqid
etmək istəyir. Bir çox gənc nəsil
var ki, onlar öz doğuluşunu doğum şəhadətnaməsi
ilə təsdiq etmişlər. Omitonun mənsub
olduğu gənclik isə heç nəylə
hesablaşmır, israfçılıq edir, yolunda rast gəldiyi
hər şeyi yıxıb dağıtmaq yolunu tutur, nəyin
bahasına olur-olsun, irəli getməyə
çalışır. Bu gənclər
arasında Omitonun bacıları Sissi və Lissi də var idi.
Onlar, demək olar ki, son moda aşiqləri idi.
Moda mağazasında birinci növ malları
onlar alırdı. Ucadan danışar,
cır səslə bərkdən gülərdilər.
Başlarını azca yana əyib məftuniyyətlə
gülümsəyərdilər. Bununla özlərinə
sentimental bir sima verdiklərini düşünərdilər.
Həmişə yelpiklə üzlərini yelləyirdilər.
Yazıçı bu obrazlarla daxili aləmi viran
olmuş aristokrat gənclərin həyat tərzini göstərmək
istəmişdir. Romanda bu gənclərin nəslindən
olan digər gənclər də təsvir olunur.
Yazıçı Omito kimilərinə qarşı, hər
şeydən əvvəl, yüksək mənəvi aləmi,
təmiz əxlaqlı olan Labonno obrazını qoyur. Labonno
romanın əsas obrazıdır. Hindistan
İngilis kollecinin müdiri olan atası elmə böyük həvəs
göstərirdi. Böyük
kitabxanasını çox istəyir, lakin qızını
ondan da çox istəyirdi. Belə bir əqidədə
idi ki, adam elm ilə məşğuldursa,
onun yüngül işlərlə məşğul olmağa
vaxtı qalmır. Arvadı öldüyündən
qızını özü tərbiyə etmişdi. Çoxlu kitab oxuyur, bədii ədəbiyyatla və
tarixlə maraqlanırdı. Maraqlıdır
ki, Labonnonun oxuduğu kitablar içərisində M.Qorkinin
"Ana" romanı da vardır. Bu da bir
daha təsdiq edir ki, XX yüzilin əvvəllərində
Rusiyada gedən ictimai-siyasi proseslər Hindistana da təsirsiz
qalmamışdır. Taqorun Labonno
obrazı həyatı yaxşı dərk edən bir gəncdir.
Daim faydalı əməklə məşğul
olur, mənəvi-əxlaqi cəhətdən safdır, təmizdir.
Bütün bunlar onu gələcəyə
gözəl məqsədə doğru aparır.
Yazıçı bu iki obrazı görüşdürməklə
gəncliyin içində olan iki təmayülü
qarşı-qarşıya gətirir. Bu zaman artıq Omito
benqal dilində şeirlər yazmağa
başlamışdı. Əvvəlki Omito Rayla yeni Omito
Ray arasında fərqi özü də görür, hiss
edirdi. Omito Labonno ilə görüşlərinin
birində iki dildən - danışıq və ədəbi
dildən bəhs edir və üçüncü bir dilin -
könül dilinin olmasını istəyir. Labonnodan hansı şairin şeirlərini
xoşladığını soruşduqda Taqorun adını
çəkir. Labonno Taqordan şeirlər
deyir. Omito ilə Labonnonun münasibətlərində
romantika ilə realizm üz-üzə gəlir. Labonno hər şeyə realistcəsinə
yanaşır və çox zaman Omito onunla
razılaşmalı olur. Onların bu
münasibətləri getdikcə sevgiyə çevrilir.
Omito Labonnonun atasının yanına gəlir və
onun razılığını alır. Yazıçı
burada yeni cəmiyyətdə sevginin fəlsəfəsini
açır və bu iki təmayülün birliyinin baş
tutmamasını göstərir. Labonno evlənmək
üçün Omitonu deyil, Şobhonləlini seçir.
Omitonun Labonnoya son məktubuna cavabı onun sevimli şairi
Taqorun şeiri ilə verir:
Ömrüm
boyu unutmaram necə idin vida çağı,
Son gəlişin qəlb evində necə sirli yollar
açdı.
Mənimdir
kimyagərlərin o əbədi iksiri,
Qəlbimdəki boşluqları o doldurar.
O, həyata
əbədiyyət, sənə isə qüvvət olar.
Könül
dünyam zülmət idi, nə
gizlədim, gördüm birdən.
Qəlbin zülmət sarayında gördüm sənin
hədiyyəni.
Nur səpirdi
pəncərəndə yanan çıraq;
Eşqimiz
o müqəddəs
Ayrılıq
alovundan keçərək,
Qayıtdı
qəlbimizə
Kədərli
od ilahəsitək.
Romanda əsas mövzudan başqa, sevgi, evlənmək, din, siyasət və başqa məsələlərə də toxunulur. Burada verilən lirik picətlərdə, qəhrəmanların danışıqlarında, düşüncələrində Benqaliya 20-ci illərinin mənzərəsi əks olunur. Romanda yazıçı incə yumor, ironik məqamlardan da istifadə edir. Çoxlu şeirlərin verilməsi də romanın havasına uyğun olaraq poetik məzmunu genişləndirir.
Bədirxan ƏHMƏDLİ
Filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.28-29.