Məktub
Hekayə
Gəncə qurbanlarına və
erməni işğalçıları ilə cəbhədə
döyüşən nəvələrim Səbuhiyə,
Nurçinə və Elşada
Qarabağ
adlı Vətən müharibəsi uğurla davam etdirilir. Erməni
işğalçılarından azad edilən torpaqların qələbə
soraqları mavi ekranlarda yayımlanır. Azərbaycan
ordusunun gücünü görən, döyüş məharətinə
şahid olan işğalçılar canlı qüvvə və
hərbi texnika sarıdan böyük itkilər verərək
geri çəkilmək məcburiyyətində qalırlar.
Tam qələbənin üfüqləri
görünməkdədir. Döyüş
meydanında uduzan düşmən öz məğlubiyyətinin
əvəzini dinc əhalini hədəfə almaqda
görür. Onlar çarpışmadan
uzaq olan yaşayış məskənlərini top, raket atəşlərinə
tutur, günahsız insanları qırır, çoxəsrlik
tarixə malik olan memarlıq abidələrini viranəliyə
çevirirlər. Beləliklə, ermənilər
dinc əhali arasında çaxnaşma, ruh
düşkünlüyü yaratmağa
çalışırlar. Onların bu
cinayətkar hərəkətləri beynəlxalq qurumlar tərəfindən
qəbul olunmuş müharibə qaydalarına tamamilə
ziddir. Vəhşiliyin bütün növlərini
nümayiş etdirən düşmənin məğlubiyyətdən
başqa heç bir çıxış yolu qalmayıb.
İşğalçılar bilmirdilər ki, Azərbaycan indi
30 il əvvəlki Azərbaycan deyil.
Düşmən çirkin niyyətini davam etdirməkdədir. Sərhədyanı
şəhərlər, kəndlər atəşə tutularaq
viran qoyulur. Döyüş meydanından
yüz kilometrlik məsafədə olan qədim Gəncə
şəhəri dalbadal ballistik raketlərlə vurulur. Mülki obyektlər, yaşayış binaları
dağıdılır, dinc insanların - qocaların, gənclərin,
uşaqların günahsız qanı tökülür.
Ancaq düşmənin gözlədiyi olmur.
İtkilər əhalinin, yenilməz əsgərlərin
düşmənə olan nifrətini daha da itiləyir.
Gəncədə yaşayan çoxsaylı ailələrdən
biri də Səlcuq babanın külfətidir. Vaxtilə Səlcuq
babanın özü bu ailənin başındaydı. İndi kiçik dövlətə onun ruhu
"ağsaqqallıq" edir. Baba birinci
Qarabağ savaşında şəhid olmasaydı, bu günlərdə
baş verən hadisələrin gedişindən qürur
duyardı. Varisləri ondan vətəni
sevmək dərsini vaxtında öyrəniblər.
Səlcuq babanın oğlu Şahin ehtiyatda olan əsgər
idi. Sentyabrın 27-dən - Ali Baş Komandanın əmrilə
Vətənin bütövlüyü uğrunda əks-hücum
başlananda o, əsgər paltarını yenidən əyninə
geyindi. Könüllü olaraq savaşa
qoşulan təcrübəli, silahın dilini bilən əsgər
indi döyüş meydanında düşmənlə
çarpışmaqdadır.
Şahinin ömür-gün yoldaşı Şəfa həkim
artıq xeyli vaxtdır ki, başqa bir cəbhədə,
başqa bir düşmənlə vuruşmaqdadır. Onun bəşəriyyətə
yeni bəla kimi gələn gözəgörünməz
düşməni koronavirusdur. Bu təhlükəli
virus milyonlarla insanın canını alıb, amma yenə də
gözü doymur. Şəfa həkim də öz həyatını
risk altında qoyaraq, amansız virusu məhv etmək
üçün əlindən gələni əsirgəmir.
Bu günlər evin ağbirçəyi Şəkər
nənə Allaha ibadətə daha qəlbən
bağlanıb. O, namazını vaxtında qılır, dualı
dodaqları ilə Yaradana aramsız ismarışlar göndərir.
Koronavirus hamını bir gözdə
görür. Ondan betər olan erməni isə
seçim eləyib - dünyanın ən ədalətli milləti
olan türkü özünə düşmən sayır.
Bütün bunları Tanrıya çatdırmağa
çalışan Şəkər nənə namazdan sonra
sözünü belə qurtarır: "Ədalətini əsirgəmə,
Tanrım! Bilirəm ki, Sən zülmə, zalıma şərik
deyilsən!". Sonra əli təsbehdən,
dili duadan qalmayan nənə sözünü
günümüzə bağlayır: "Yer verdiklərimiz
yerimizə, ev verdiklərimiz evimizə göz dikdilər. Yaxşılığı
itirənlərin cəzasını özün ver, İlahi!".
Nənəsinin
dualarını təkrar-təkrar dinləyən Oğuz bir dəfə
ondan soruşdu:
- Nənə,
sən istəyirsən Tanrı kimisə cəzalandırsın?
Nəvəsinin
sualına təəccüblənən nənə dedi:
- Bu nə
sualdır verirsən? Adam
gördüyünü, bildiyini soruşmaz. Allaha rica edirəm
ki, çörəyimizi yeyib, başımıza od yağdıran nankor erməniləri cəzalandırsın.
Nəvə
sadəlövhcəsinə:
- Allah sənin
sözlərini eşidirmi? - soruşdu.
Nənə
arifanə cavab verdi:
-
Tanrıdan mənə vəhy gəlib. Qüdrətinə, ədalətinə
qurban olduğum Ona sidq ilə ibadətdə olan bəndəsinə,
yəni mənə anlatdı: "Mən bu işi oğlun
Şahinə tapşırmışam!..".
Eşitdiklərinə səmimi-qəlbdən inanan nəvənin
qürurdan sinəsi qabardı. Uşaq nənəsinin
dualarına qoşulub əsgər atasına uğur dilədi.
Döyüş meydanında işğalçılara
qarşı mərdliklə çarpışan Şahin iki
övlad atasıdır. Qarabağ Şahini qızı Səhərin
və oğlu Oğuzun, o cümlədən onların
yaşıdlarının xoş gələcəyi
üçün düşmənlə ölüm-dirim
mübarizəsi aparır.
Orta məktəbin
8-ci sinfində oxuyan Səhər zülməti arxada qoyan
Günəşin kainata bəxş etdiyi səhərə
oxşayırdı: pak, parlaq və inanclı. Səhər
bütün dərslərindən "əla" qiymət
alırdı. O, oxuduğu məktəbə şərəf
qazandıran bir şagird idi. Üstəlik, evdə
qardaşı Oğuzun da dərslərinə köməklik
göstərirdi, xüsusilə hesab dərsinə. Şəkər nənə həmişə
xatırladırdı ki, hər kəs öz hesabını
bilsə yaxşıdır. Bu öyrətmədə
vurma cədvəli və bu cədvəldəki məlum mətləbə
işarə olan 30 rəqəmi onu daha çox
maraqlandırırdı.
Səhər
soruşurdu:
- 6 dəfə
5 neçə eləyir?
Oğuz
cavab verirdi:
- 30.
Səhər
qardaşının yaddaşını möhkəmləndirmək
üçün vurmanı başqa formada soruşdu:
- Bəs
5 dəfə 6 neçə eləyir?
Oğuz
gülə-gülə cavab verirdi:
- Məni
çaşdıra bilməzsən, hasil yenə 30-a bərabərdir.
Sən nə yapışmısan bu 30-un
yaxasından?
Səhər nənəsinin üzünə
baxırdı.
Nəvəsinin sualı ilə sinəsinə
çalın-çarpaz dağlar çəkilən nənə
cavab verirdi:
-
Başımızı aşağı eləyən bu 30 rəqəmi
paslı bir qıfıldır. Zaman bu
qıfılı açan oğulu yetirənədək biz 30
rəqəmini təkrarlamalıyıq.
Xeyli xəyalpərəst olan sonbeşik Oğuzun səmimiyyəti,
həyatsevərliyi ailənin daha çox diqqətini çəkirdi. Şəkər
nənəsi sevgi yarışında qalib olanın lap divanəsi
idi. O, Səlcuq babanın, oğlu Şahinin qoxusunu ondan
alırdı. Nənə canamazını açıb,
möhürünü alınlıq edib namazını
qılandan sonra Oğuzun dua payını o birilərindən
bir az artıq edirdi. Şəkər
nənə şirin danışığı ilə nəvəsini
nağıllar, rəvayətlər, əfsanələr,
dastanlar dünyasına aparırdı. Oğuz ən
çox "Məlikməmmədlə Divin
nağılı"nı xoşlayırdı. O bu
nağılda mərdliklə namərdliyin sərhədini
ayırd edə bilirdi. Günümüzün
ağrılı-acılı hadisələri nənəni
nağıllar aləmindən real həyata çəkib gətirirdi.
Məqsədi bu xəyalpərəst oğlanı da gerçək
vəziyyətlə tanış etmək
idi. Nənə yaxşı bilirdi ki, vaxtında
gerçəyə alışmayan, sonra çətinliklərə
düçar olur.
Oğuzu nənəsinin ibrətli bir hadisə kimi
söylədiyi "Boksçuların
döyüşü" daha çox
düşündürürdü. Bu qəribə hadisə ona "Məlikməmmədin
Divlə savaşı"nın davamı
kimi görünürdü. Beləliklə,
üçüncü sinif şagirdi Oğuz nağıllar aləmindən
gerçək aləmə doğru yol almışdı.
"Boksçuların
döyüşü"ndə Oğuzu nələr
maraqlandırırdı? O, Şəkər nənənin
gerçək nağılını növbəti dəfə
yadına salmağa başladı. Nənə nəvəsinin
gözlərinə vaxtsız enən, düşünən
beynini dumanlandıran yuxunu qovmaq üçün dünən
söylədiyini bu gün yenidən təkrar edirdi. Bu gerçək, ibrətamiz nağılı Şəkər
nənəyə uzaqgörən ömürdaşı -
Oğuzun babası Səlcuq ərən söyləmişdi.
İndi o da bu hikməti nəvəsinə
danışırdı:
-
Boksçuların dünya birinciliyi uğrunda Beynəlxalq
yarışı keçirilirdi. Rinqə girən
döyüşçülər qalib olmaq üçün
bir-birinə zərbə endirirdilər. Əlbəttə,
hakimlər daha fəndgiri, daha güclünü qalib elan
edirdilər. Azarkeşlər
qızğınlıqla qalibləri
alqışlayırdılar. Budur, elandan
sonra yeni rəqiblər güclərini göstərmək
üçün rinqə daxil olurlar. İdarəçi
hakimin fiti rəqibləri döyüşə səsləyir.
Onlardan uzunboylusu döyüş
qaydalarını pozmadan ustalıq nümayiş etdirərək
donqarburun rəqibinə aman vermir, hədəfə dəyən
zərbələri ilə onu yaman günə qoyurdu. Aydın görünürdü ki, bir azdan donqarburun
məğlub olacaq. Rinqin
yaxınlığında olan azarkeşlərdən biri
uzunboylu boksçunu daha qızğınlıqla
alqışlayırdı. Buna dözməyən,
hədsiz pərt olan donqarburun gözlənilmədən rinqin
sərhəd göstərən kəndirindən aşıb rəqibini
alqışlayan, qələbəyə həvəsləndirən
azarkeşin üstünə yeridi və onun sifətinə
dalbadal zərbələr endirdi. Bu gözlənilməz
hal hamını heyrətdə qoymuşdu. Azarkeşin üz-gözü qana
bulaşmışdı. Tamaşaçılar
günahsız azarkeşin təcavüzkara nə deyəcəyini
gözləyirdilər. O, qan içində olsa da,
halını pozmadan sakitcə dedi: "Sən qəbul
olunmuş oyun qaydalarını pozaraq məni vurdun. Fərq etməz, təsəllin yoxdur.
Çünki yolverilməz bu hərəkətin səni məğlubiyyətdən
xilas etməyəcək…". Hakimlərin
yekdil qərarı azarkeşin sözünü təsdiqlədi:
donqarburuna məğlubiyyət elan edildi.
Oğuz
uşaq ağlı ilə hiss edirdi ki, nağılın
ayıldıcı yozumu çoxistiqamətlidir.
Sentyabrın 27-dən əks-hücuma başlayan Azərbaycan
ordusu uğurlu əməliyyatlar apararaq düşmənə
sarsıdıcı zərbələr endirir, getdikcə azad
olunmuş ərazilərin sahəsini genişləndirir,
döyüş meydanında uduzan ermənilər isə əvəz
çıxmaq üçün mülki əhalinin
yaşadığı məskənləri atəşə məruz
qoyurdular. Dinc əhali itki verir, ancaq qələbəyə olan
inamını əldən vermirdi.
Adamlar televiziyanın önündən çəkilmir,
hər saat, hər gün cəbhədən alınan
ümidverici təzə xəbərlərlə
qürurlanırdılar. Oğuzgilin ailəsi də müjdəli
təzə xəbərlərə ürək
çırpıntıları ilə qulaq asırdı.
Bu ailədə
həyat rejimi əvvəlki kimi davam edir, Şəkər nənə
də gündə beş rükət
namazını qılıb zülmə, zalıma şərik
olmayan Allahın ədalətinə
sığınırdı.
Evin gəlini Şəfa həkimin gəlinliyi
yadından çıxmışdı. Öz sahəsinin
bilicisi kimi koronavirusa qarşı döyüşən həkim
hərbi hospitalda yaralı əsgərlərin müalicəsi
ilə məşğul olurdu. Dincəlməyə,
uşaqlarının dərslərinə nəzarət etməyə
demək olar ki, vaxt tapa bilmirdi.
Bu çatışmazlığın ödənci Səhərin
boynuna düşürdü. Əyani tədris
yerində dərslər onlayn üsulu ilə keçirildiyindən
o, həm öz dərslərini hazırlayır, həm də
qardaşı Oğuzun dərslərinə kömək edirdi,
əlbəttə ki, 30 rəqəmi yaddan çıxmamaq
şərtilə.
Oğuz isə vaxt qıtlığından şikayət
etmirdi. O, asudə
olanda gah Məlikməmmədlə acgöz Divin, gah da uzunboylu
boksçu ilə donqarburun boksçunun savaşı barədə
xəyallara dalır, haqlının, ədalətlinin
yanında özünə yer eləyir və bu seçimində
özündən razı qalırdı.
Hər dəfə Ali
Baş Komandan ekranda görünəndə, gün ərzində
qəhrəman Azərbaycan əsgərlərinin qələbələrindən
danışanda, işğaldan azad olunmuş
yaşayış məskənlərinin adlarını bir-bir
çəkəndə hamı sevinirdi. Oğuzun
da fərəhdən qəlbi dağa dönürdü. Ali Baş Komandan tam qələbə
gününün yaxınlaşdığını xüsusi
vurğulayırdı. Ümumi sevincin içində
özəl bir sevinc də vardı: Deməli, Şəkər
nənənin oğlu, Şəfa xanımın həyat
yoldaşı, Səhərlə Oğuzun atası Şahin bəy
də qalib əsgər kimi öz doğma ev-eşiyinə, dinc
həyata qayıdacaq. Ali Baş Komandan hər dəfə
çıxışını bu şüarlarla bitirirdi:
"Qələbə bizimdir! Qarabağ Azərbaycandır!".
Ailədə
heç kim Oğuza gəldiyi qənaətlə
bağlı heç nə deməmişdi. Ancaq onun saf
uşaq qəlbi israrla özünə sifariş verirdi:
"Prezidentin çıxışından sonra səndə qəribə
hisslər baş qaldırır, Ona demək istədiyin səmimi
sözlər dağ çayı kimi çağlayır. Çəkinmə, cəsarətli ol. Düşündüklərini, minnətdarlığını
məktub şəklində yazıb göndər. İnan ki, Prezident sənin bu addımından məmnun
qalar. Hələ, bəlkə, sənə
cavab da yazar".
Oğuz
niyyətini qətiləşdirdi: o, mütləq Ali Baş
Komandana məktub yazacaqdı.
Quduz ermənilər Azərbaycanın şəhər və
kəndlərini, mülki obyektlərini və dinc əhalini
müxtəlif silahlarla atəşə tutmaqda davam edirdilər. Ölənlərin
və yaralananların sayı getdikcə artırdı. Beynəlxalq təşkilatların yumşaq
etirazları erməniləri vəhşi əməllərindən
çəkindirmirdi. Media işçiləri
bombardman olan yaşayış məkanlarından - Tərtərdən,
Tovuzdan, Beyləqandan, Goranboydan, Bərdədən, Ağcabədidən,
Mingəçevirdən erməni vəhşiliklərini
ifşa edən görüntülər və reportajlar
paylaşırdılar. Bu paylaşımlar söz sahibi
olan dünyadakı bütün dövlət
başçılarına bir sual ünvanlayırdı:
"Yetim qalan, yurd-yuvası dağıdılan bu məsum
uşaqların göz yaşlarına kim cavab verəcək?". Hələlik, dünya
birliyindən təsirli bir cavab yox idi. Ən
düzgün qərarı şair Qabil vermişdi:
"Ümid sənədir ancaq, Azərbaycan əsgəri".
Təsəlliverici xəbərlər döyüş
meydanından yenə gəlirdi. Şəhidlər versə
də, Azərbaycan ordusu düşməni əzişdirməkdə,
hərbi qənimətlər götürməkdə davam
edirdi.
Gecə
saat 2-yə az qalırdı. Oğuzun gözlərinə yuxu getmirdi. Həkim anası xəstəxanada koronavirusla, əsgər
atası düşmənlə döyüş meydanında
çarpışırdı. Ağzıdualı
Şəkər nənə və bacısı Səhər
öz otaqlarında dərin yuxuya dalmışdılar. Yalnız o və bir də yatanları oyatmamaq
üçün astadan cəbhə xəbərləri verən
televizor oyaq idi. Oğuz Ali Baş Komandana
yazdığı məktubu tamamlamışdı. Ancaq ehtiyatlanırdı - birdən hardasa səhvə
yol verə bilərdi. Məsuliyyət hissi
ona yazdığı məktubu dönə-dönə
oxumağa məcbur edirdi. O, uşaq qəlbinin
çırpıntıları ilə Azərbaycanın
bütövlüyü uğrunda qazanılan möhtəşəm
qələbələrlə yeni tarix yazan Prezidentinə təşəkkürlərini
bildirirdi. Məktubunu Ali Baş Komandanın hər dəfə
çıxışının sonunda dediyi "Qələbə
bizimdir! Qarabağ Azərbaycandır!"
ruhverici sözləri ilə bitirmişdi. İndi
yalnız məktubu imzalamaq qalırdı. Məhz
bundan sonra məktub tarixi sənəd statusu alacaqdı.
Divar saatına baxdı. Əqrəblər səhərə
doğru yol alan 2-ni göstərirdi. Məktubu imzalamaq üçün qələmi əlinə
aldı. Elə bu an məşum bir gurultu
qopdu, yer-göy titrədi. Ermənilərin
Gəncəyə atdığı ballistik raket Oğuzgilin
yaşadığı məhəllədə partladı.
Bir an içində böyük bir radiusda viranəlik
yarandı. Hər yan zülmətə qərq
oldu. Şirin yuxuda olan insanlar uçqunlar
altında qaldı. Partlayışın
şiddətindən Oğuzgilin də evinə ciddi ziyan dəydi.
Oğuz
ilk saniyələrdə nə baş verdiyini anlamadı: yermi
göyə qalxmışdı, göymü yerə
enmişdi? Tədricən düşüncəsində
uyğunlaşma yarandı. Əl fənərinin
düyməsini basıb otağı
işıqlandırdı. Məktub yerində
idi. Dinc əhali ermənilərin adamyeyən,
evdağıdan əjdahasına - raketinə məruz
qalmışdı. Oğuz ya qəlpə,
ya da uçqun yarası almışdı. Onu bildi ki, qan onu aparır. Yaraları isti
olduğundan kəskin ağrı hiss etmirdi. O, anlar
ötdükcə vahimələnirdi. Yerindən
tərpənmək istəsə də, bacarmadı. O, zəif
səslə, hıçqırıqla uçqunlar altında
qalan nənəsini, bacısını səslədi: "Səhər,
gəl məndən 6 dəfə 5-in neçə elədiyini
soruş!.. Şəkər nənə,
donqarburun boksçunun günahsız
tamaşaçını döyməsini bir də
danış!.. Səsinizi
çıxardın, bilim ki, siz sağsınız!". Onlardan cavab gəlmədi.
Bəlkə də, həyatları bitmişdi.
Çox keçmədən vahimədən səsi
də tutuldu.
Oğuzun, sadəcə, yerində oturub ölümü
gözləməkdən başqa bir əlacı qalmadı. Həyat onu tədricən
tərk edirdi. O, özünü ələ almağa
çalışdı, hətta hansı xilaskarasa ümidləndi.
Namərd düşməninin kim
olduğunu dərindən dərk etdi. Ermənilər
bu saldırılarla nə demək istəyirdilər? Yenə
nənəsinin söylədiyi "Boksçuların
savaşı"nı xatırladı. Ermənini donqarburun boksçuya, özünü isə
günahsız tamaşaçıya oxşatdı. Rinqdə
döyülən, əvəzində acığını
günahsız tamaşaçıdan çıxan, onu
qanına qəltan eləyən donqarburun boksçuya təəssübkeşin
dediklərini dilə gətirdi: "Əbəs yerə
günahsızlara zərər yetirirsən. Tutduğun
yol səni məğlubiyyətdən xilas etməyəcək".
Məktəbli Oğuz bu sözləri
pıçıldayarkən hətta gülümsədi də.
Bu zaman imzalamaq istədiyi məktub yadına
düşdü. Qələm yox idi, barmaqlarından qan
axırdı. O, məktubu necə imzalayacaqdı? Beyni sürətlə işləyir,
çıxış yolu axtarırdı. Nəhayət,
tapdı! Hətta öz tapıntısına
sevindi də. O, qana qərq olmuş şəhadət
barmağını qələm əvəzinə məktubun
üzərinə endirərək qanı ilə Ali Baş
Komandana yazdığı məktuba qol çəkib,
imzasını təsdiqlədi. Bundan sonra sakitləşdi,
ürəyinin döyüntüsü azaldı.
Dağılmış evdən indi yalnız uçuq bir divar qalmışdı. Raketin güclü dalğası ilə zərbə almış Oğuzun bədənindən axan qan onun ətrafında gölməçə yaratmışdı. Əlindəki məktubu sol ovcunda sıxıb saxlamışdı. Göz qapaqları getdikcə ağırlaşır, yavaş-yavaş yumulurdu. Qulaqlarında diktorun bir az bundan əvvəl qürurla səsləndirdiyi azad olunmuş məskənlərin adları təkrarlanırdı.
Uzaqdan xilasedicilərin səsi eşidildi. Oğuzun onları haraylamağa heyi çatacaqdımı?!
20.10.2020.
Gəncə
şəhəri
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.26-27.