Azərbaycan povestində
İsi Məlikzadə səhifəsi
Get-gedə "romanın özünü belə
sıxışdıran" povest 60-70-ci illərin nəsr
prosesinin aparıcı qüvvəsinə çevrildi. Azərbaycan
povesti Azərbaycan gerçəkliyinin
reallığını əks etdirdi - o reallıq ki, nəsrimizdə
"müsbət qəhrəmanlar"ı sıravi, adi qəhrəmanlar
əvəz etməyə başladı, bədii fikir
insanın istehsalat, kolxoz, fabrik fəaliyyətinə deyil, daha
çox məişətinə, gündəlik
qayğılarına, intim hisslərinə yönəldi, fərdi
insan taleləri nəsrin ümumi mənzərəsində
daha çox görünməyə başladı. Cəmiyyət,
xalq məfhumları bu fərdi talelərdə öz əksini
tapdı, damlada dərya əks olunduğu kimi..
Əlbəttə, A.Hüseynovun doğru qeyd etdiyi kimi,
povestə bütün ədəbi nəsillərin nümayəndələri
müraciət edirdi. Amma o dövrdə povestin istər kəmiyyət, istərsə
də keyfiyyət baxımından yükü
"altmışıncılar"ın və onların
yaxın sələflərinin üzərində idi - İsa
Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin,
Anarın, Elçinin, İsi Məlikzadənin, Sabir
Süleymanovun, Sabir Azərinin, Maqsud İbrahimbəyovun,
Rüstəm İbrahimbəyovun, Mövlud
Süleymanlının, Sabir Azərinin, Seyran Səxavətin,
Məmməd Orucun, Afaq Məsudun, Natiq Rəsulzadənin, Tahir
Hüseynovun. 60-70-ci illər yaradıcılığı məhz
onların yazdığı povestlərdə daha çox diqqəti
cəlb elədi... Təbii ki, bu sənətkarların hər
biri fərqli və özünəməxsus
yaradıcılıq xüsusiyyətləri ilə
seçilir, amma onları birləşdirən məqamlar da az deyil. Bu yazıda mən Azərbaycan
povestinin İsi Məlikzadə səhifəsindən qısaca
söz açacağam.
İsi Məlikzadə XX əsr Azərbaycan nəsrində
hansı yenilikləri və orijinallığı ilə
seçilir və bu gün, artıq nəsrimizin yeni bir
inkişaf prosesində ondan nəyi öyrənməliyik?
...İsi Məlikzadənin öz povestlərində
yaratdığı obrazlar "müsbət qəhrəman"
sxeminə uyğunlaşmırdılar. Qaçay ("Evin
kişisi"), Umud ("Quyu"), Qərib ("Yaşıl
gecə"), Xəlil ("Küçələrə su səpmişəm"),
Nurcabbar ("Dədə palıd"), Orxan
("Gümüşgöl əfsanəsi") "müsbət
qəhrəman"a məxsus olan
mübarizlikdən, döyüşkənlikdən, qələbə
əzmindən uzaq obrazlar kimi təqdim edilmişdi. O
dövrün bir sıra tənqidi məqalələrində
müəllifi təqsirləndirirdilər ki, İsi Məlikzadə
niyə bu obrazlara qətiyyətlilik, mübarizlik
aşılamır? Halbuki, İ.Məlikzadə
"xarakterin öz həqiqətinə, məntiqi
inkişafına sadiq qalırdı" (A.Hüseynov). Yəni demək istəyirdi ki, həyatda bu cür
insanlar da var, onlar daxilən safdırlar, mənən
cılız deyillər. İsi Məlikzadə
onlara süni şəkildə "müsbət qəhrəman"
pasportu, "mübarizlik" vəsiqəsi bəxş etməmişdir.
Məsələ burasındadır ki, bu təmiz mənəviyyatlı
insanlar həyatın özündə istənilən qədərdi,
sadəcə, onları ədəbiyyata gətirmək
lazımdır və digər "altmışıncılar"
kimi İsi Məlikzadə də bu missiyanı yerinə
yetirdi.
İsi Məlikzadə xarakter ustası idi. Onun povestlərində
yaddan çıxan, oxuduqdan sonra unudulan obrazlar nəzərə
çarpmır. Götürək
"Quyu" povestini. İsinin təsvir etdiyit insanlar -
Umud, Məcid kişi, kolxoz sədri Xalıvq, onun arvadı
Əsli, qızı Solmaz, qoca anası və bu ailəyə məhrəm
orlan Piri obrazları son dərəcə təbiidirlər.
Elçin Əfəndiyev "Quyu" müəllifinə məktub
göndərmişdi və həmin məktubda yazırdı:
"Bu məktubun əsas səbəbi Sizin
"qazdığınız" "Quyu"dur və lap əvvəldən
deyim ki, yaxşı "quyu" qazmısınız, suyunun
"mət kimi şipşirin, göz yaşı kimi
dumduru" olması barədə bir söz deyə bilmərəm,
amma bu quyu bədii-psixoloji mənada gələcəyin daha dərin
"Quyu"larından xəbər verir. Sizin
yaradıcılığınızdakı inkişafı, bədii-estetik
kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani
şəkildə göstərir". Bədii-estetik
kamillik deyəndə, Elçin müəllim povestdə təsvir
olunan obrazların həyat həqiqəti ilə necə səsləşdiyini
nəzərə çarpdırırdı, İ.Məlikzadənin
təhkiyeyi-kəlamındakı məxsusiliyə, dilinin səlisliyinə
xüsusi önəm verirdi.
Öncə
qeyd etdim ki, İsi Məlikzadə yaratdığı obrazlara
"mübarizlik vəsiqəsi" bəxş etməyib, elə
"Quyu"da Umud səviyyəcə, anlaq tərzi etibarilə
mübariz deyil və bunu heç ondan tələb eləmək
də doğru deyil, lakin onun içindəki saflıq, mənəvi
təmizlik son anda mühüm bir qərar qəbul etməsinə
gətirib çıxarır. "İçini
sızıldadan o qəribə qorxunun səbəbini Umud
anlamağa çalışırdı. Solmazı
itirmişdi. Solmaza olan məhəbbətini
itirmişdi, birdən-birə, qəflətən. Daha onu qarşıda böyük, xoş əzablar
gözləmirdi. Umud özünü bir
boşluqda, bir heçlikdə sandı. Qəhərlənə-qəhərlənə
fikirləşdi ki, Solmaz doğrudan da onun arvadı ola bilər. Əsli öz qızını yola
gətirib onun evinə köçürə bilər, ancaq belə
asan, hazır məhəbbət Umudun nəyinə gərəkdir?".
Deyirlər, yazıçı çox zaman əsərlərində
təsvir etdiyi obrazlara öz həyatından, nəsə
qatır, öz obrazını yaratmağa
çalışır. Elə yazıçılar da var ki,
avtobioqrafik əsərlər yazır və keçdiyi
ömür yolunu nəql edir. İsi Məlikzadənin
heç bir avtobioqrafik povesti, ya romanı yox... Amma...
"Qəribin sinəsi od tutub yandı. Qərib iki əlini
də sinəsinə qoydu, böyrü üstə uzanıb,
iriləşmiş gözlərini Aya zillədi, indi Ay da
yamyaşıl olmuşdu". İsi Məlikzadənin
"Yaşıl gecə" povesti bu sonluqla bitir və biz
povestin qəhrəmanı Qəribin tənha
ölümünün şahidi oluruq. Fiziki
cəhətdən şikəst olan Qərib
yaşadığı mühitdə heç bir mənəvi
istinad nöqtəsi tapa bilmir, meylini təbiətə
salır, çölün havasını uda-uda,
quşların səsini dinləyə-dinləyə, Ağ
gölə tamaşa edə-edə ağrılarını
unutmağa çalışır. Ancaq
burada daha rahatlıq tapa bilmir və onun fiziki
ağrılarına mənəvi əzabları da əlavə
olunur, o, başa düşür ki, toy gecəsi Gülsüm
bu evə özgəsinin məhəbbətini gətirib və
Qərib ömrü boyu sarsıntılar içində
yaşayacaq. Odur ki, Qərib bu
planlaşdırılmış məhəbbətdən imtina
edir. Təkcə bu "səfdətdən"
deyil, büsbütün onu əhatə edən mühitdən
uzaqlaşır, çünki bu mühit onu qeyri-normal insan
kimi qəbul edir. Təbiətə üz
tutsa da, insanların heyvanlara, quşlara münasibətində
də bir zalımlıq görür. Nədənsə,
Qəribin bu ölümü ilə İsi Məlikzadənin
ölüımü arasında bir uyarlıq görürəm.
İsi müəllim ömrünün son illərində,
artıq tanınmış bir yazıçı və
ssenarist olsa da, öz həyatından, gün-güzəranından
çox narazı idi, yazıçılar arasında nikbinliyi,
şuxluğu, atası Abbas kişidən gələn yumoru ilə
seçilən bu insan yaman bədbinləşmişdi. O zaman
İsi müəllim qəti qərara gəlmişdi ki,
yazıçılığın daşını atsın, təzədən
mühəndisliyinə qayıtsın. Nəyə
görə? Bir müsahibəsində demişdi:
"Çünki ədəbiyyat, yazıçılıq məni
ac qoyur, heç nə vermir. Hər şeyin başı
gün-güzəran deyilmi, acqarına stol
arxasına keçib necə əsər yazasan?
Yazıçı gərək ancaq oturub yazmaq haqqında
fikirləşə"... "Və sonra: "Mənim fikrimcə,
nə olur-olsun, hansı partiya, hansı siyasi xadim hakimiyyətə
gəlirsə gəlsin, mədəniyyət, sənət biganəliklə
qarşılanmamalıdır". Bu, elə bir
dövr idi ki (90-cı illərin əvvəlləri), İsi Məlikzadə
təkcə özündən danışmırdı, əksər
sənət adamlarının adından
danışırdı. Və üstəlik,
onu üzən xəstəlik. 61 yaşını (1 may)
təzəcə keçmişdi, amma ondan sonra cəmi 11
gün, 1995-ci il 12 mayda vəfat etdi. Bax, bu mənada İsi Məlikzadə öz
vaxtsız ölən qəhrəmanlarına bənzədi.
Amma gəlin, bu pessimist bənzəyişi bir kənara
qoyaq. 35 illik ədəbi fəaliyyəti ilə müasir
Azərbaycan nəsrini xeyli zənginləşdirən, Azərbaycan
povestinin yeni bir səhifəsini yazan İsi Məlikzadədən
söz açıram. Onun müasirləri
İsi Məlikzadədən professional, bitkin
yazıçı kimi söz açıblar. Məsələn,
Anar müəllim yazırdı ki: "İsi Məlikzadənin
"Quyu"su sözün əsl mənasında həqiqi
quyudur. Bu, müəllifin estetik məkanıdır, o, həyat,
məişət hadisələrini ciddi və dəqiq qələmə
alır, onun nəsrində yuxulara, mahnılara, poetik təhkiyə
nümunələrinə demək olar ki, rast gəlmirik, əgər
varsa da, adi danışıq üçün kifayət edici dərəcədədir.
İsi Məlikzadə nəsrinin məkanı
da dəqiq göstərilir, konkret ünvanı var - rayon mərkəzi.
Yazıçının qəhrəmanları kənd
əməkçilərindən çox, rayon mərkəzinin
xidmət müəssisələrində işləyən dərzilər,
dəlləklər, aşpazlar, şoferlər, ya da qayda-qanun gözətçiləri
- milis nəfərləri, qoruq xidmətçiləri və
sairdir". İsi Məlikzadənin povestlərinin ən
yaxşı təhlilçilərindən olan Akif Hüseynli
isə yazmışdı ki: "İsi Məlikzadə təcrübəli,
istedadlı yazıçıdır. Təsvirlərdə
konkretliyə can atır, artıq təfərrüatdan qaçır.
Süjetin hədsiz şaxələrini də mərkəzi
oqbrazın xatirələri ətrafında incə keçidlərlə
əlaqələndirir. Müəllifin sənətkarlıq
məharəti şübhə doğurmur". Bu gərəkli misallar İsi Məlikzadə nəsrinin
sənətkarlıq xüsusiyyətlərinin doğru
izahıdır və nəsə əlavə eləmək
fikrim yoxdu. Amma söhbət İsi Məlikzadənin
povestlərindən gedirsə (yeri gəlmişkən qeyd edim
ki, o, bir sıra gözəl hekayələrin
("Oğul", "Duz", "Talisman",
"Qatarda", "Şehli çəmənlərin
işığı və s.) və iki
romanın, bir neçə filmin ssenari müəllifidir).
İsi Məlikzadə
öz povestləri ilə Azərbaycan nəsrinə müharibədən
sonrakı Azərbaycan kəndinin koloritli mənzərəsini
gətirdi, doğrudur, onun bir sıra povestlərində əsas
məkan rayon mərkəzidir, amma burada yaşayan insanlar şəhərli
deyillər, əsl kənd psixologiyasını yaşayan
insanlardır. Onun ilk povesti olan "İki
günün qonağı"nda İslamın - artıq şəhərli
olmuş bir ziyalının öz ata-anasının
görüşünə getməsi təsvir olunur və bu
görüş indinin özündə də oxucunu qəhərləndirə
bilər. "İslamın qəlbi
ağrıdı. Ona elə gəldi ki,
qocaları son dəfə görür. Bir
də bura qayıtsa, gec olacaq. Onda
qapıları taybatay, otaqları bomboş görəcək.
İslam anasının xırda, nəmli
gözlərindən öpdü. "Sağ
olun, salamat qalın" deyə bilmədi". İsi Məlikzadənin "Dədə
palıd" povestində isə insan və təbiət
problemi qoyulub. "Dədə
palıd"dakı Nurcabbar əsl təbiət aşiqidir.
Amma Nurcabbar təbiətlə insan harmoniyasının
pozulduğunu, insanın təbiətə qəsd etdiyini
böyük ürək ağrısı ilə dastana,
nağıla çevirir: "Quruyacaq Dədə Palıd,
ayaq üstə can verəcək". Dədə
Palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk
edir.
İsi Məlikzadə kəndi, təbiəti
yaxşı tanıyırdı, yaxşı
tanıdığı üçün də özündən
heç nə uydurmurdu. O, bu kəndin ağrı-acılarından, təbiətin
ekoloji tənəzzülündən söz
açırdı, ordenli-medallı qəhrəmanlarından
yox. Bədii nəsrimizdə 60-80-ci illərin Azərbaycan
kəndinin mənəvi, iqtisadi, sosial mənzərəsini
öyrənmək istəyirsinizsə, İsinin povestlərini
oxuyun.
İsi Məlikzadə Azərbaycan povestinin psixoloji çalarlarını da xeyli dərəcədə irəlilədə bildi. Onun bir çox povestlərində ("Yaşıl gecə", "Dədə palıd") qəhrəmanların zahiri hərəkətlərindən daha çox, daxili-ruhi aləmi, düşüncələri qabarıq nəzərə çarpır. Doğrudan da, bu obrazlar sanki düşünmək, fikirləşmək (bəzən bu düşüncələr səmərə verməsə də) üçün dünyaya gəliblər. Hətta bu baxımdan onun adını çəkdiyimiz povestlərini sırf psixoloji povestlər də adlandırmaq olar.
İsi Məlikzadənin povestlərində dilimizin canlı, dadı-duzu, şirəsi əksini tapır və indi də bu əsərləri oxuyanda təəssüflənirsən ki, niyə indi qələmə alınan bir çox povestlərimizdə xalq danışıq dilinin ədəbi dillə vəhdətini əks etdirən belə dil nümunəsi yoxdu.
Son olaraq: İsi Məlikzadə ilə neçə
il bir redaksiyada ("Azərbaycan" jurnalında) işləmişəm.
Elə son iş yeri də
bizim jurnal oldu. Çox koloritli bir insan idi.
Onunla dəfələrlə söhbət
etmişəm və mənim üçün onun əsərləri
nə qədər maraqlı idisə, özü də
söhbətlərində, ünsiyyətində bir o qədər
maraqlıydı. Elə bil xəyalımda
ayrıca "İsi Məlikzadə" povestini vərəqləyirdim
onunla söhbət edəndə.
Son dəfə - ölümündən bir neçə
gün əvvəl onu Radio və Televiziya şirkətinin həyətində
gördüm.
Ayaq üstə dayanmışdı, rəngi də
xoşuma gəlmədi, xəstə olduğunu hiss elədim.
Kömək təklif elədim, dedi "yox", Mövlud
Süleymanlını görməliyəm. Və
getdi. Bu mənim xəyalımda
yaratdığım "İsi Məlikzadə" povestinin
son cümləsi oldu. İki-üç
gündən sonra televiziyadan onun ölüm xəbərini
eşitdim. Ruhu şad olsun!
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.24.