"Nə ola, göylərdən nağıllar yağa

Çırpsaq üstümüzə nağıl tökülə...

 

Şəhid

 

Görəsən, oyansan, eşidərsən...

Gözlərin yumulanda

Güllə uğultusuydu,

Güllə səsiydi

İlk eşidilən.

 

Gördüyün idi, gözlərin bağlananda,

Yəqin ki, qan...

Qan idi səni isidən.

Bir dostların səsi,

Səni çağırırdılar,

Uşaq kimi ağlayırdılar,

Yaranı bağlayırdılar.

Bu şəkillərlə kilidləndi gözlərin.

Bu səslərlə susdu qulaqların,

Su kəlməsiylə

Tərpəndi dodaqların.

 

İndi bu saat gözlərini açsan

Nəyi xatırlarsan,

Nəyi görərsən?

Bu dünyadan görəsən,

qalıb yadında?

 

Bu vətən...

 

Bu bulağın başı gözəl,

Daşı gözəl -

Qonaqlı, qaralı...

 

Bu torpağın sünbülləri,

Dadlı, daraqlı,

Ölkə soraqlı...

 

Bulaq da özümüzə oxşayıb,

Qonaq da, qara da,

Sünbül ,

Al saçını dara da.

 

Göydən gəlib,

Dildən gəlib,

Eldən gəlib

Bu vətənin oğulları.

 

Bu vətənin oğulların

Harda görsəniz

Tanıyarsınız.

Köksündə güllə nişanı,

Günəşüzlü,

Günəş gözlü,

Ağbəniz,

Qarabuğdayı,

Qarayanız...

 

Gül arabası

 

Bizim bir partamız vardı,

Üstündə yazılar,

Qollar

İmzalar,

Adlar...

 

Görən neylədilər o partanı,

Ocaqda yandırdılar, yoxsa

Divara vurdular,

Ya yola basdırdılar,

Ya da bir balaca uşağa

Araba düzəltdilər.

 

Onun üstündə mürəkkəblər

Barmaq, əl

Şəkilləri,

Ox işarələri,

Sevir, sevmir kəlmələri

Hara sığındılar

Vaxt sazağında.

 

Qonşumuz

Məhəmmədəlinin

Nəvəsi o günü

Bir araba qurumuş gülləri

Zibilliyə aparırdı,

Arabanın qulpunda

Adımız atılıb-düşürdü

Deyəsən, tanımışdı məni.

 

Təzad

 

Gözümdə ildırım çaxır,

Ürəyimdə günəş doğur.

Təzad deyilmi?

olum ölüm kimi.

yaxud

Əlil arabasında əyləşən qızın

ayaqqabı hirsi,

harasa çıxıb gedən ayaqlarının

yaddaşını yandırır indi.

Bəzi adamlar bilmir,

əlil arabası ilə qolboyun olan

                        həyatın şirinliyini.

Ayaqları olanla yerimir həyat,

Amma şikəst ayaqları ilə

Dördnala çapır həyat.

qəribə təzad.

 

Üçün...

 

Sözümün bitdiyi an,

Şimşək paltarımı geyindim əynimə

Düşmənin başı üstə

çaxmaq üçün.

 

Sözümün bitdiyi an,

Bir igid əsgərin cəsarətinə söykəndim,

Burnumun ucunda göynəyən

vətən adlı anama

qovuşmaq üçün...

 

Nağıl dünya

 

Qəfil bir səs bata sükuta nola,

Vüsalın dan yeri gözdən sökülə.

ola, göylərdən nağıllar yağa,

Çırpsaq, üstümüzə nağıl tökülə.

 

Bu günün, gecənin səbri çatlaya,

Saçların gecətək yata sinəmdə.

Divlər, əjdahalar üstümə gələ,

Nola öldürəm , nola öləm ...

 

qoçun belində çıxam dünyaya,

Quşun qanadında yetişəm sənə.

Qəlbim həsrətinlə bacarmayanda,

ola, bu dünya nağıla dönə.

 

Qum qəsrində

 

Qum dənəciklərinin arasındakı

Məsafələrdə

Zaman duruxur.

Bir anlıq dayanır, durur.

Sonra vurnuxur.

Barmaqların arasından

Papiros çıxan kimi

Qəflətən çıxır.

Bax, beləcə gedir vaxt.

 

Qum dənəciklərinin

Ulduzlarında

Günəş çiliklənir.

 

Götürsən əlinə

Bir ovuc qum...

barmaqların arasında

elə süzülür,

yenə hər şey qabaqkı kimi

yan-yana

olduğu kimi düzülür.

Düşünsən,

Hər qum dənəsi

Bir beyincikdi...

Axtarsan, yaşayır bu beyincikdə

Qan damcısı,

At qamçısı

Dəvə dabanı,

Bir qadının

Yalın ayağı,

Qaçanda yıxılan

Bir uşağın

Ana deyən dodağı.

Yenə Qum dənəciklərinin arasında

vaxtın ilişən ayağı.

Qarışqasayağı...

 

Gedin deyin

 

Gedin deyin o quşlara,

Çıxıb getsin bu yerlərdən.

Ərəb ətri gəlir daha,

Quş axtaran güllələrdən.

 

 Gedin deyin əllərində,

Yuva tutan söyüdlərə.

Bağlasınlar yuvaları

Qərbə uçan küləklərə.

 

Gedin deyin uşaqlara,

Daha gəlməyəcək quşlar.

Göydə quşu gəzə-gəzə,

Quşa dönəcək uşaqlar.

 

Hey

 

Gecə-gündüz dartınır,

Böyüməyə quzu hey.

Muğan düzündə otu,

Naxçıvanda duzu hey.

 

Quzunu otu dartır,

İgidi atı dartır.

Sözü qanadı dartır,

Göy üzü gözü hey.

 

Torpağı gözləyir,

Damağı çağ gözləyir.

Çölləri dağ gözləyir,

Dağlar gözlər düzü hey.

 

Məni bir od qaldırır,

Qanad-qanad qaldırır,

Atı bulud qaldırır,

At qaldırır tozu hey.

 

Allahşükür AĞA

 

Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.25.