Qələbədən əvvəl və
sonra...
Aqil Abbasın "Dolu"
romanının subyektiv interpretasiyası
Bədii
mətnlə oxucu arasında münasibətlərə qiymət
və hökm vermək səlahiyyətinə sahib olan ən ədalətli
hakim zamandır. Mixail Baxtin "nə Şekspirin özü,
nə də onun müasirləri bizim indi
tanıdığımız "dahi Şekspiri"
tanıyırdılar" deyəndə, heç şübhəsiz,
həm də bunu nəzərdə tuturdu.
Şekspirin
dahilik taxtına ehtiramımıza kölgə salmaq fikrindən
uzaq olmaqla bərabər, bunu da deməliyəm ki, Aqil
Abbasın "Dolu" romanının Birinci Qarabağ
müharibəsindən və İkinci Qarabağ müharibəsindən
sonra oxucu-mətn münasibəti işığında təhlili
mətn, oxucu və zaman münasibətlərinə
aydınlıq gətirməyə, mətnin
qavranılmasının zamandan və zamanın simasını
müəyyənləşdirən hadisələrdən
asılı olduğunu başa düşməyə
yardımçı ola bilər. "Dolu" romanının
yeni ictimai reallıqlar işığında təhlilinə əsasən
bu qənaətə gəlmək olur ki,
torpaqlarımızın işğaldan azad edilməsi
müharibə mövzusuna həsr olunmuş mətn(lər)in
oxucu ilə (eləcə də müəlliflə) münasibətlərinin
şərhində yeni meyarlara yol açır.
Aqil
Abbasın 2007-ci ildə tamamlayıb nəşr etdirdiyi roman
müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən
əvvəl, torpaqlarımızın düşmən
işğalı altında olduğu dövrdə haqlı
olaraq Qarabağ mövzusunda yazılmış ən
yaxşı əsərlərdən biri kimi qiymətləndirildi.
Xalq yazıçısı Elçinin qeyd etdiyi kimi,
"Dolu" romanının meydana çıxması
"Söz azadlığı" dövrü ədəbiyyatımızda
əhəmiyyətli hadisə oldu, əsərin haqqında da
az yazılmadı. Elçin müəllimin
qaldırdığı bir sual isə açıq qaldı:
"...ancaq yazılan o məqalələr "Söz
azadlığı" dövrü tənqidimizin hadisələrinə
çevrilə bildimi?".
Azərbaycan
ədəbi fikrinin bu romana layiq olduğu həssaslıqla
yanaşmadığının, romanın ciddi ədəbi
hadisə kimi qəbul və təqdim edilmədiyinin
arxasında, mənim qənaətimə görə, ictimai
psixologiyanın Qarabağ travması, xalqımızın məğlubiyyət
kompleksi dayanırdı. Natamamlıq kompleksinə
qapılmış cəmiyyət üçün məğlubiyyətin
anatomiyasını araşdırmaq zövq vermək əvəzinə
daha çox işgəncə verə bilərdi və elə
verirdi də...
Romanın
epiqrafında oxucuya əsəri "bu, yazıçı təxəyyülündən
başqa bir şey deyil" sözləri ilə təqdim edən
müəllifin xəbərdarlığı (əslində,
narahatlığı) da boşuna deyildi. Romanın əsas materialını
konkret müşahidələr, müəllifin
tanıdıqları, gördükləri və eşitdikləri
təşkil etdiyinə görə "Dolu" müəllifin
Dünyanın Ən Varlı Şəhəri kimi təqdim
etdiyi konkret bir məkanın - Ağdamın süqutunun bədii
salnaməsi kimi qəbul olundu və romanı həm təqdir
edənlər, həm də ona tənqidi münasibət bildirənlər
(əsər haqqında susanları da bura əlavə etmək
olar) məhz bu dayaq nöqtəsindən çıxış
edirdilər.
Akademik
Nizami Cəfərovun "Dolu" romanını tarixi salnamələrlə
bir araya gətirərək "müasir Qarabağnamə"
adlandırması, əsərin uğurunu, "romanda
yaradılmış sosial-etnoqrafik mənzərənin həddindən
artıq dəqiq və həddindən artıq da analitik"
olmasını Aqil Abbasın, ilk növbədə,
"ümumiyyətlə, Qarabağ bölgəsinin
ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl
bilməsi, Qarabağın ən böyük intellektlərindən
tutmuş, ...ən xuliqan gənclərinə qədər hamısını
yaxşı tanıması" ilə əlaqələndirməsi
zamanın mətnin dərkinə yüklədiyi impulslardan gəlirdi.
Romanı təhlil edən professor Vaqif Yusifli və professor
Cahangir Məmmədlinin də yazılarında Nizami Cəfərovun
bu tezisinə istinad etmələri romanı Qarabağ müharibəsinin
tarixi-xronikal mənzərəsi fonunda təhlil etmək
yanaşmasının nəticəsi idi.
"Dolu"nu
daha məhdud və dar bir məkanın - "Qarabağdan
çox, Dünyanın Ən Varlı Şəhərinin
rekviyemi" kimi oxuyan Aydın Canıyev isə bu şəhərin
yenidən Ağdam olacağına inandığını
yazmışdı: burada da bədii mətnin interpretasiyası
tarixi xronika çərçivəsinə
salınmışdı.
Ağdamda
doğulub böyümüş İradə Musayevanın
romanla bağlı sərt tənqidi qeydləri əsərdə
konkret tarixi məkanda baş vermiş proseslərin
arxasında duran səbəbin axtarılması ilə
bağlı idi. İradə xanımın nəzərində
Ağdamın süqutu Aqil Abbasın gördüyündən
və düşündüyündən fərqli səbəblər
üzündən baş vermişdi və məsələnin
şərtini bu cür qəbul edəndə Ağdamı
içindən tanıyan tənqidçinin mülahizələri
əsassız hesab edilə bilməz. Ağdamı taleyində
daşıyan iki ziyalının şəhərin süqutuna
səbəb axtarışındakı yanaşma fərqliliyi
də, zənnimcə, tamamilə təbiidir...
Ancaq
"Dolu" romanına Ağdamın süqutu mövzusunda
deyil, müharibə mövzusunda yazılmış bədii mətn,
yazıçı "uydurması" kimi yanaşanda mənzərə
xeyli dəyişir. Qələbədən sonra şəxsən
mənim nəzərimdə Aqil Abbasın müharibə
vaxtı Ağdamda gördükləri deyil, mətndə
göstərdikləri, daha doğrusu, yazıçı təxəyyülünün
ifadəsi daha çox maraq doğurur. Romanı
yazıçının bədii təxəyyülündən
doğan "uydurma" kimi oxuyanda Dünyanın Ən
Varlı Şəhərinin hüdudları böyüyür,
məkan Qarabağdan kənara yayılır, bütün Azərbaycanı
əhatə edir. Roman bu gün Azərbaycan tarixinin dramatik bir
dövrünün subyektiv yazıçı düşüncələri
ilə təqdim olunmuş bədii obrazı kimi
qavranılır və bu, əsərə əlavə dəyər
gətirir.
Konkret bir
məkanın süqutunun xronikal təqdimatı və
yaralanmış, dolu döymüş Vətənin bədii
obrazı bir-birindən ciddi şəkildə fərqlənən
anlayışlardır və bədii mətnin
qavranılması baxımından bu fərq mətnə də
fərqli yanaşmağı tələb edir.
Əslində,
"Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə
Azərbaycanın bir şəhərini göstərsəm də,
bir şəhərini nəzərdə tutmamışam"
deyən müəllifin lap əvvəldən təqdim etmək
istədiyi Azərbaycanın obrazını yaratmaq idi.
Görünür, buna görə romandakı adların əksəriyyəti
şərti ümumiləşdirmələr kimi verilib:
Komandir, Katib, Rəis, Tarix Müəllimi, Drakon, Pələng,
Pələngin Anası, Qeyrət Dağarcığı, Əsgər
Köynəkli Sürücü, Dünyanın Ən Gözəl
Ölüsü, At Belində Olan Adam, İkinci, Bordağa
Bağlanmış Buğaya Dönən Məmurlar və s...
Mətnin
qavranılmasındakı xüsusiləşdirmə,
coğrafi məkanın və adların konkretləşdirilməsi
isə mətnin təhrikindən gəlir. "Bura gələn
vəzifəlilər Sovet qanunları ilə deyil, bu şəhərin
qanunları ilə yaşamalıydılar. Bu şəhərin
öz Fantoması vardı. Zorrosu, Şakası, Caqası,
Ştirlitsi də, hələ də dağlarda yaşayan
Qaçaq Nəbiləri də".
Daha
maraqlısı da budur ki, Dünyanın Ən Varlı Şəhərinin
öz əfsanələri var və həmin əfsanələri
yaradan insanlar bəzən reallıqdan çox bu əfsanələrin
içində yaşayır, öz yaratdıqları əfsanənin
"janr tələblərinə" tabe olur, əfsanənin
qəhrəmanları kimi davranırlar. Romanda həyatın
reallığı ilə əfsanənin sərhədləri
bir-birinə qarışır və beləliklə, müəllifin
bizə təqdim etdiyi mətn epik yaddaş ilə müasir
"şəhər folklorunun" sintezi kimi qavranılır.
Bu mənada, romandakı hadisələrin ən qaynar
çağında, ən ağır günlərdə
Ağdama rəhbərlik eləmiş Sadıq Murtuzayevin Vahid
Qazinin "Ruhlar şəhəri" kitabı haqqında rəyində
maraqlı bir məqama nəzər yetirmək yersiz olmaz:
"Müəllifin (Vahid Qazinin - M.O.) bir cümlə ilə
toxunduğu Ağdam bazarı haqqında hər yerdə gəzib-dolaşan,
əfsanəyə çevrilən söhbətləri mən
də xatırlayıram. Məsələn, "atom bombası
varsa, demək Ağdam bazarında tapmaq olar". Sadıq
müəllim bu "şəhər əfsanəsinin"
yaranmasının səbəbini ağdamlıların
işgüzarlığı, qurub-yaratmaq potensialı ilə
bağlayır. Aqil Abbasın romanında isə bu,
Dünyanın Ən Varlı Şəhərinin
yazılmamış qanunlarının müddəaları ilə
izah olunur. "Söz gəzirdi ki, Dünyanın Bu Ən
Varlı Şəhərinin bazarında atom bombası da
satılır. Uşaqlar da zarafatla deyirdilər:
-
Bombamız var ey, müştərisi olmadığından
üzə çıxarmırıq".
Müharibə
hər şeyi alt-üst eləyənə qədər insanlar
öz əfsanə həyatlarını yaşayır,
yeni-yeni əfsanələr yaradırlar. Maqadandakı cəza
müəssisəsindən qayıtmış, heç kimə
tabe olmayan, "o boyda Sovet hökumətinin asıb-kəsən
vaxtı bu şəhərdə
açıq-açığına silahla gəzən"
Drakonun əfsanəsi, özünü qıza bəyəndirmək
üçün Rəşid Behbudovun papağını və
xəncərini oğurlayan yeniyetmə Pələngin əfsanəsi...
Romanın
mətnində müasir şəhər əfsanələrindən
tutmuş, epos yaddaşına, mətnlərarası məqamlardan
tutmuş, "kollektiv şüurdanxaric" arxetiplərə,
mifologizmlərə qədər epik bədii düşüncənin
bütün elementləri "işləyir". Bu sintez
romanda təqdim olunan tarixin bədii obrazının təbiəti
ilə şərtləşir.
Əsər
boyu insanların (təkcə əsərin
personajlarının deyil, həm də oxucuların)
başına dolu yağır. Bu, Tanrının göydən
endirdiyi dolu deyil. Rusiyanın ermənilərin əlinə
verdiyi "Qrad" reaktiv yaylım atəşi sistemindən
atılan yaylım mərmiləridir. İnsanlar - Yiyəsiz
Dövlətin Yiyəsiz Övladları yerdəki
"qrad"dan ("qrad" azərbaycanca dolu deməkdir)
yağan mərmilərin altında yaşamaq, mərmilərdən
ölmək, sağ qalanlar isə konkret düşməndən
çox "qrad"ın atıldığı tərəflə
döyüşmək məcburiyyətindədir.
Şəhərin
əxlaq qanunlarının pozulması üstündə
üz-üzə gələn, bir-birinə əl qaldıran
Drakonla Pələngin müharibə meydanında ölümləri
də müharibənin yaratdığı epos epizodu kimi yadda
qalır. Yeniyetməliyində özünü qıza bəyəndirmək
üçün şəhərin ən sensasiyalı
oğurluğunu edən, ancaq bu dünyadan "qız görmədən"
nakam gedən Pələng, üzünə ağ olduğuna
görə onun ölümünə fərman verən Drakonun
qucağında can verir. İgid dostunu, arxa-dayağını
itirən Drakon son gücünü toplayıb əlindəki
qumbaraları düşmənin bizə yönəltdiyi
ölüm maşınının - BTR-in üstünə
atır, bilə-bilə, görə-görə
ölümün üstünə kişi kimi dik gedir. Geriyə
yol yox idi, arxada ana-bacılar idi...
"...Pələng
rahat-rahat gözlərini qapadı...
...Drakon
isə girdi anasının qucağına:
- Yaman
yorulmuşam, ay ana. Qoy bir az yatım.
- Yat,
bala, yat! Layla balam, a layla. Layla dedim yatasan,
qızılgülün içində şirin yuxu tapasan.
Layla balam, a layla...
...Drakon
qızıl qanın içində şirin bir yuxu
tapmışdı...".
"Dolu"
romanının məntiqinə əsasən, cəmiyyətin ən
böyük faciəsi dövlətsizlik - yiyəsizlikdir.
Dünyada şər imperiyası kimi tanınan SSRİ-nin
süqutu ərəfəsində və süqutu
dövründə Azərbaycanda dövlət
strukturlarının iflası, o vaxt hələ Sovet
adını daşıyan Rusiyanın Qarabağda yerləşən
alayını silah-sursat cəbbəxanası ilə birlikdə
ermənilərin ixtiyarına verməsi, Azərbaycan
xalqını müstəqillik idealından döndərmək,
yenidən Rusiyanın quyruğuna bağlamaq siyasətinin nəticəsi
mərmiyə çevrilib dolu kimi xalqın (təkcə
Dünyanın Ən Varlı Şəhərinin deyil, Azərbaycan
xalqının!) başına yağır.
Dünyanın
Ən Varlı Şəhərini qorumaq, düşmən
qarşısına çıxmaq Yiyəsiz Dövlətin Yiyəsiz
Övladlarının öhdəsinə düşür. Ən
böyük silahları qeyrətləri olan insanlar var gücləri
ilə döyüşürlər. Onlara qüvvə, enerji
verən isə yaddaşdan gələn qəhrəmanlıq və
şəhərin nəsildən-nəslə keçən
yazılmamış qanunlarıdır. Xalqın üstünə
dolu yağdıran qüvvələr də var gücləri
ilə bu qəhrəmanları gözdən salmağa
çalışırlar, düşmənin
"qradı" kəsərdən düşəndə
şayiə maşını işə düşür. Bu da
yetməyəndə XX əsrin qəhrəmanlıq eposunu
yaradan igidləri bir-bir aradan götürürlər.
Müəllifi
və oxucunu ən çox ağrıdan tarixi həqiqət
Dünyanın Ən Varlı Şəhərinin dolunun
altında tək buraxılması, təklənməsidir. Əslində,
təklənən, taleyin ümidinə qalan Azərbaycandır.
Romanda Azərbaycan "ssenarisini dünyanın Böyük
Dövlətlərinin Böyük Saraylarında
yazdıqları dəhşətli Kino" həyatı
yaşayır.
Müxtəlif
ölkələri təmsil eləyən humanitar missiyalar isə
Dünyanın Ən Varlı Şəhəri öləndən,
şəhərin əhalisi dünyanın ən miskin
qaçqın düşərgəsinə köçəndən
sonra ortaya çıxırlar. Qaçqın düşərgəsinin
də ağrı və gülüş qarışıq
şəhər folkloru yaranır. Lakin folklorun bu janrı
artıq əfsanə deyil, lətifədir:
"Böyük
Vətən müharibəsi iştirakçıları
yardım gələndə elə bilirdilər bayramdı,
xeyir-şər kostyumlarını geyir, bütün
orden-medallarını da sinələrinə taxıb gəlirdilər.
Amma sonra yuxarıdan tapşırıq gəldi ki,
yaxşı deyil, almanlar gələndə orden-medalları
taxıb çıxmasınlar".
Çadır
şəhərinin yaratdığı lətifə bu gün
qəhərə çevrilib adamın boğazında
düyünlənir...
***
Aqil
Abbasın "Üstlərində göz yaşlarından
başqa heç nəyi olmayan şəhid analarına" həsr
elədiyi "Dolu" romanı Qələbədən əvvəl
qisasa çağırış kimi qavranılırdı.
Qələbədən
sonra isə bu roman əfsanələri və lətifələri
ilə birlikdə müharibə əleyhinə
yazılmış ağı kimi səslənir. Bu
ağını bütün şəhidləri öz
balası yerində görən, hər gün qaçqın
düşərgəsindəki Şəhidlər
xiyabanını ziyarət edən, Prezident fərmanı ilə
Milli Qəhrəman adı verilmiş oğlanın - Pələngin
Anasının analıq duyğuları söyləyir. Bu
ağı romanın mətninin sətirləri arasından
"öz yaratdıqları ilə bacara bilməyən
Tanrının qəzəbini soyutmaq, bir az yorğunluğunu
çıxarmaq istəyəndə qulaq asdığı"
Qədir Rüstəmovun səsi ilə yüksəlir. Həmin
səsi hərdən ananın zilə qalxan fəryadı
qırır...
Qələbədən
əvvəl Pələngin Anasının gözünü
Türkiyəyə dikməsi, Türkiyədən ümid
gözləməsi incə ironiya, göz yaşına bələnmiş
gülüş kimi qavranılırdı.
"Qadın
Komandirin qızarmış gözlərinə baxıb
doluxsundu, yaylığının ucuyla yaşarmış
gözlərini sildi, sonra əlindəki çantanı qoydu
stolun üstünə.
- Komandir,
uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki,
türklər göndəriblər...".
Oğlunun
yas məclisinə bir çanta pul gətirən ananın xəbəri
olmasa da, oxucu artıq bilirdi ki, çantadakı At Belində
Olan Adamın Drakonu "aradan götürmək"
üçün Pələngə verdiyi pullar idi...
"Və
bir anda bütün şəhərə səs yayıldı:
-
Türklər uşaqlara pul göndəriblər...
- Deyirlər,
özləri də gəlir...
Və
İkinciyə xəbər çatdı ki... Batalyonun həyətində
Türkiyənin bayrağını qaldırıblar!..
Batalyonun
həyətində qaldırılan isə Türkiyənin
bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş
köynəyiydi...".
Qələbədən
sonra... romanı oxuduqca gözlərimin qarşısına
İkinci Qarabağ müharibəsi günlərində
ölkə boyunca yanaşı dalğalanan Azərbaycan və
Türkiyə bayraqları canlanır. Qulaqlarıma
qaçqınlıqda dünyaya gəlmiş, Vətən
müharibəsində şəhid olmuş ağdamlı
Xudayarın səsi gəlir: "Vətən
yaxşıdır!..".
***
Ağdamın
işğaldan azad edilməsi xəbərini alanda yadıma
düşən ağdamlı dostlarımdan birincisi Aqil Abbas
oldu...
Buna da
inanıram ki, hələ uzun müddət Qarabağ
müharibəsi barədə yazılan əsərlərdən
söz düşəndə yadıma ilk düşən Aqil
Abbasın "Dolu" romanı olacaq!
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.22-23.