"Süngüylə sərhədi
cızır oğullar"
Şövkət Zərin Horovlunun
poeziyasında Qarabağ mövzusu
Tanınmış
şair-publisist, nasir Şövkət Zərin Horovlunun zəngin
yaradıcılığı Azərbaycan oxucusuna yaxşı
tanışdır. İstedadlı qələm sahibi uzun illər
azğın düşmənin tapdağında qalan Cəbrayıl
rayonunun Horovlu kəndində dünyaya gəlib. İxtisasca
filoloq olan, Rəsul Rza, Mahmud Kaşğari və Mikayıl
Müşfiq mükafatlarının laureatı Şövkət
Zərin çoxsaylı şeir və poemaların, roman və
povestlərin, habelə uşaqlar üçün
yazdığı şeir toplularının müəllifidir.
Ötən illər ərzində şairin "Çinar həsrəti",
"Mən Araz qızıyam", "Sözün
işığı", "Heykəlləşən
qatar", "Ürəyim dan yeridir", "Dünya, səndən
nigaranam", "Oxu əllərimi" poetik topluları
işıq üzü görüb. Yazıçının
"Arazdan gələn səslər", "Əbədiyyətə
qədər", "Harda axtarım səni",
"Köynək" və sair nəsr əsərləri
Qarabağ savaşı mövzusuna, Azərbaycanın
bütövlüyü probleminə həsr olunub.
Bugünlərdə 80 yaşı tamam olan, əvvəlkitək şövqlə yazıb-yaradan
Şövkət xanım
çağdaş ədəbiyyatımızda
Qarabağ mövzusunda
ən çox əsər ərsəyə
gətirən qadın
yazarlarımızdandır. Şairin "Oxu əllərimi" adlı şeirlər toplusuna ön söz yazan tənqidçi, publisist, araşdırmaçı-alim Azər
Turanın fikrincə,
"Şövkət Zərin
köçkünlük - yurdsuzluq
ağrısını göz
yaşlarına, ürəyinin
sentimental çırpıntılarına
çiləyib şeirlər
yazır. Qarabağ ağrısına
onun qədər estetik biçim verən, bu ağrını incə poetik libasa bürüyən
qadın şairlərimiz
azdır". Tanınmış
ədəbi-tənqidçi Əsəd Cahangir isə qeyd edir
ki, "Şövkət
Horovlu üç müharibənin ağrısını,
əzabını yaşayıb:
uşaqlıq illəri
İkinci Cahan savaşının çətinlikləri
içində keçib;
cavanlıq illərində
tale onu Əfqanıstan
müharibəsinə tuş
gətirib; kamillik yaşlarında isə Qarabağ olayları başlayıb".
İstər şeir və poemalarında, istərsə
də roman və povestlərində bu müqəddəs mövzu
qırmızı xətlə
keçir. Erməni vandalizmi, vəhşiliyi,
sərhəd bölgələrimizdə
dinc əhalinin başına gətirilən
müsibətlər müəllifin
əvvəldə adını
çəkdiyimiz bədii
əsərlərində yanğılı,
göynərtili bir dillə nəql olunur. Bu yazıda
Şövkət Zərinin
poeziya yaradıcılığında
da mühüm yer tutan Qarabağ
mövzusundan bəhs edəcəyik.
Otuz ilədək
çəkən Qarabağ
xiffəti digər söz adamları kimi, Şövkət xanımın da qəlbini göyüm-göyüm
göynədir, onu qələmə sarılmağa
sövq edirdi.
Araz qırağında
böyüyən, uşaqlığının
ən gözəl çağlarını bu
füsunkar məkanda,
təbiətin qoynunda
keçirən şair
unudulmaz yurd-yerlərinin
itkisinə, vaxtilə
ərənlərin at oynatdığı
doğma mahalının
düşmən tapdağında
qalmasına dözə
bilmirdi.
Arazın
üstündən bir
ağı qalxır,
Dərdli ürəyimi yandırıb-yaxır.
Orda nə od
yanır, nə tüstü qalxır,
Sönən ocaqlarım yadıma
düşüb,
- söyləyir şair.
Şövkət Zərin əzəli-əbədi
torpaqlarımızın bölünməsindən,
işğala məruz
qalmasından dolayı
ağrılarını "Həsrət körpüsü",
"Qafqaz əyilməz",
"Araza xitab" və digər şeirlərində yaşayır,
gələcək nəsilləri
düşmənlərimizi yaxşı tanımağa
çağırır:
Hələ çoxdur arxamızdan
zərbə vuran,
Hələ çoxdur tor toxuyan,
tələ quran...
Hayların da ovulmayıb burunları,
Heç qurtarmır torpaq üstə oyunları.
"Ağlar bayatılar"
silsiləsindən olan
şeirləri xalqımızın
uzun illərdən bəri başına gətirilən fəlakətlərin
nəzm dili ilə təzahürüdür. Şair bu
bəlaların nədənini
bəzən sadəlövhlüyümüzdə,
tarixdən dərs ala
bilməməyimizdə görür.
"Birlik dedik,
hər birimiz aralıyıq, parçalanıb
Odlar yurdu, yaralıyıq", "Vətən
birsə, sərhədləri
bütöv gərək"
deyən müəllif
birliyə, həmrəyliyə
inamla, dönə-dönə
çağırış edirdi.
Aylar dolandı,
illər ötdü, səbr kasamızın daşan zamanı yetişdi. Artıq bıçaq sümüyə
dayanmışdı. Azğın
erməni qəsbkarlarının
ardı-arası kəsilməyən
təxribatlarından boğaza
yığılan, çıxış
yolunu torpaqlarımızın
düşmən tapdağından
biryolluq azad edilməsində görən
Milli Ordumuz öz yenilməz Sərkərdəsinin - Ali Baş
Komandanının qətiyyətli əmrindən
sonra Vətən müharibəsinə başladı.
Cəmi 44 gün çəkən, igid əsgər və zabitlərimizin canı-qanı bahasına,
yurd yerlərimizin işğaldan qurtulmasına
aparan bu savaş möhtəşəm
Qələbəmizlə başa
çatdı. Azərbaycan əsgəri hərb
salnaməmizin ən şərəfli səhifələrini
yazdı. Düşmənin bağrını sökdü,
başına mərmilər
yağdırdı, öldürdü,
öldü, Vətən
naminə şəhadətə
yüksəldi. Amma xalqımıza
intizarında olduğumuz
Böyük Zəfər
gününü yaşatdı.
Şövkət Zərinin də daha çox hüznlü, kövrək
poeziyasına indi nikbin ovqat, coşqun
ruh gəlmişdi. O, Vətən
müharibəsinin ilk günündə
anasına gözaydınlığı
verirdi:
Açılıbdır o kor düyün,
Haqqın çatır indi öyün.
"Düşmən çəpəri"
- dediyin,
Oğulların gəlir, ana!
Qarı
düşməni mat qoyub,
Yurdlarına od qoyub.
Bir müsəlləh əsgər
olub,
Oğulların gəlir, ana!
Yurd sevdalı
şair "Oğullar"
şeirini isə qədim mədəniyyət
beşiyimiz Şuşanı
əsirlikdən azad edən igidlərimizə həsr edib. Fəxr-fəxarət,
qürur hissi ilə yazılmış bu şeirin hər misrasında qəhrəman döyüşçülərimizin,
"sərhəd dirəyi",
"canlı sipər"
olan yenilməz oğulların bir şeirə sığmayan
"dastan hünərini",
rəşadətini öyüb,
vəsf edib. Ümidlərimizi göyərdən,
düşmənin çirkin
niyyətini pozan, Vətən naminə hər an şəhidliyə
hazır olan oğullarımız Şövkət
Zərinin Zəfər
şeirlərinin əsas
qəhrəmanlarıdır:
İstəyirəm dünya yığışıb
gəlsin,
Zəfər sevincinə şərik olsunlar.
İstəyirəm dünya eşitsin,
bilsin,
Tariximə tarix yazır oğullar.
Göründüyü kimi, Şövkət Zərinin şeirlərinin
əsas poetik ünvanı Vətəndir. "Qarabağ
Azərbaycandır" şeiri
ilə vətəndaş-şair
nəhəng Qələbəmizə
haqq etdiyimizi, bu misilsiz Zəfərlə
dünya hərb tarixinə düşdüyümüzü,
haqq işimizi bəşəriyyətə bəyan
etdiyimizi bir daha təsdiqləyir:
Zabit oğlum qorxu bilməz,
Əsgər balam geri dönməz.
Qalxan bayraq bir də enməz.
Haqq işimiz qana-qandır -
Qarabağ Azərbaycandır!
Zemfira MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti.- 2021.-
8 may.- S.23.