XIX əsr... Suallar...
"Vəziyyət
ruscadır"
XII yazı
Zamanın və zəmanənin ən böyük yaradan
olması şəksizdi. İnsan, onun əlinin, beyninin, qəlbinin
məhsulu, əslində, dövrün yetişdirdiyidi. Yəni şəraitin münbit, yaxud əlverişsiz
olmasından çox şey asılıdı. Bəlkə
də hər şey... İntəhası
yaradılış mövzusu ortaya çıxanda
"münbit" sözünün mənası da dəyişir.
İnsanlığı məhvə aparan olay sənətə
yeni istiqamətlər, təzə mövzular verə bilər.
Yaxud da əksinə, millətin xoşbəxtlik
immitasiyasından sənət heç nə qazanmaz, bir söz
də yaranmaz. Bütün bu dediklərim
yeni deyil, tarixin də, ədəbiyyatın da çoxdan təsdiq
etdiyi həqiqətlərdi.
XIX əsr rus nəsrindən sevdiyim müəllifləri
və əsərləri ardıcıl oxuyandan, dövrü
anlamaq üçün çabalarımdan sonra suallar
içində itib-batdım. Dünya ədəbiyyatına
təsir etmiş, zamanın təsdiqlədiyi klassikləri və
şedevrləri yaradan mərhələnin
başlanğıcı hardadı?! Axı
hansısa ənənələrin varlığına
alışmışıq. Hətta XXI əsrin
yazıçısını eramızdan əvvəl
yaşamış birinin estetikasının,
mövzularının, üslubunun davamını
yaratdığına görə ittiham da edə bilərik, alqışlaya
da... Bəzən bu bənzətmələr,
ardıcıllıqlar ağıla da batır və gəlinən
qənaət budur ki, əgər dünya və tarix
öz-özünü təkrarlayırsa, müxtəlif
zamanların məhsulunun da oxşar olması təbiidir.
XIX əsr rus ədəbiyyatı, mədəniyyəti,
incəsənətini ümumiləşdirib - Qızıl
dövr adlandırırlar. Bundan sonra yaradılanlar əvvəlkiləri
ötüb-keçməyib... Ona görə
qızılı gümüşə dəyişmək də
qanunauyğun görünüb. Hətta
çağdaş rusistlərin bir qəddar deyimi də var -
Rus ədəbiyyatının gələcəyi onun
keçmişidir. Bu əndərbadi ifadə əslində,
reallığı əks etdirir və məhz XIX əsr ədəbiyyatında
bütün gələcəklər və ola
biləcəklər görünür. Amma buna qədərki
yazılanları araşdıranda yox yerdən bu səviyyədə
sənətin yaranması heyrətləndirir adamı... Bir vaxt "İqor polku haqqında dastan"ı oxuyub
hansısa işarə, təməl də axtarmağa
çalışmışdım. Amma o deyil... Bu sual dünya ədəbiyyatşünaslığını
da zaman-zaman düşündürüb. Hətta
rus ədəbiyyatından ardıcıl və ən dərin
mühazirələr müəllifi Nabokov da qeyd edir ki, ənənəvi
proza ingilis, fransız, alman ədəbiyyatında olub və
XIX əsrdə bu xalqlarda qeyri-adi nəsr nümunələrinin
yaranması təbiidir. Yəni misal
üçün, Fransua Rable xələfləri içərisindən
Prosper Merime, Stendal, Onore de Balzak, Emil Zolya, Qustav Flober səviyyəsində
sənətkarların yetişməsi təbii idi. Bu analogiyanı digər Avropa xalqları ədəbiyyatına
da aid etmək olar. Puşkinin, Lermontovun, Qoqolun,
Dostoyevskinin, Tolstoyun, Çexovun sələfini isə tapmaq
qeyri-mümkündür. Elə isə cavab tarixdədi... XIX əsrdə
nə baş verdi ki, bütün mədəni
sahələrdə, həmçinin də ədəbiyyatda
belə sıçrayış oldu?!
1801-ci ildə saray çevrilişi oldu, imperator I Paveli
boğub öldürdülər və hakimiyyətə I
Aleksandr gəldi. Bu zamana qədər Avropa ilə arada çəkilmiş
"dəmir pərdə"nin fəsadları
qalaqlanıb qalırdı... Bu ciddi sədlərin
və sərt çərçivələrin səbəbi məlum
idi, Çar hakimiyyəti fransız burjua inqilabının
ideyalarının imperiya ərazisinə keçməsinə
və yayılmasına imkan verə bilməzdi. Axı
inqilabın yaratdığı maarifçi ideyalar milləti
düşündürə bilərdi, başı
üstündə olan kütləni isə idarə etmək
çətindi, ona görə sərf eləmirdi... Amma bununla belə hədsiz sıxılma da
partlayışı qaçılmaz edir və I Pavelin aqibəti
bir həyəcan təbili idi, yumşalmalara ehtiyac vardı.
Elə I Aleksandrın hakimiyyətinin ilk illərində
xalqın məişətinin, mədəni və emosional həyatının
yaxşılaşdırılması üçün bir
sıra işlər görüldü. İlk
növbədə liseylər, gimnaziyalar, universitetlər
yaradıldı, dəmir pərdə bir azacıq qalxan kimi
çoxlu sayda ədəbi cəmiyyətlər və təşkilatlar
meydana çıxdı. Bu cür yığıncaqlar,
tədbirlər əhali arasında böyük maraqla
qarşılandı və bura təkcə ədəbiyyatçılar
deyil, başqa sənət sahibləri də qatıldılar. Və həmin dövr üçün ən önəmli
məqam hər bir təşkilatın, ədəbi birliyin
öz dərgisini, mətbu orqanını yaratması idi.
Bu jurnalların bəziləri cəmisi iki-üç il yayımlandı, "Vestnik Yevropı"
kimiləri isə bütün əsr boyu qorunub saxlandı,
öz oxucusunu qazandı. Lakin bu dərgilər səviyyəsindən,
yayımlanma ardıcıllığından asılı
olmayaraq, müasir ədəbi prosesə öz təsirini
göstərdi. Əgər bu zamana qədər rus ədəbiyyatı
antik və Şərq mədəniyyəti ənənələrinə
söykənən, onlardan bəhrələnən Avropa
klassisizmi, sentimentalizmi, romantizmi və maarifçi realizminin
nailiyyətlərini öyrənirdisə, indən sonra öz ədəbiyyatını,
istiqamətlərini yaratmağa başladı. Və
qeyd etməliyəm ki, XIX əsr təkcə ədəbiyyatda
yox, həmçinin, elmin, incəsənətin bütün
başqa istiqamətlərində yeniliklər və inkişaf
dövrüdü. Bir sözlə, hər
sahənin öz Puşkini, Tolstoyu var.
XIX yüzillikdə Dünya teatrına böyük təsir
göstərmiş rus teatrı, bu günə kimi ən
üstün hesab olunan rus baleti, rəssamlığı, bəstəkarlığı
qeyri-adi sürətlə inkişaf etdi. Bəlkə tarixdə ilk dəfə
yuxarılarla aşağılar, hakimiyyətlə xalq həm
birlikdə, həm də ayrı-ayrılıqda müxtəlif
yeniliklər edir, sənət və elm üçün
uğurlu ola biləcək eksperimentlərdən
qorxmurdu.
Misal
üçün, riyaziyyatçı N.İ.Lobaçevski dünya
alimlərinin iki min il ərzində axtarıb tapmağa
çalışdığı qeyri-evklid həndəsi nəzəriyyəsinin
əsasını qoyur.
Moskva Universitetində tarix cəmiyyəti
yaradılır ki, rus mənəvi irsini toplasın, ilk dəfə
"İqor polku haqqında dastan" tapılaraq nəşr
olunur.
Rus milli musiqisinin yaranmasında M.İ.Qlinkanın rolu
danılmazdı. O, opera sənətində iki istiqamətin - xalq musiqili
dramı, nağıl-epik opera janrının əsasını
qoyub. Bundan başqa, P.İ.Çaykovski,
M.P.Musorqski, N.A.Rimski-Korsakov, yaxud yaradıcılıqları
XX əsrin əvvəllərinə təsadüf edən
S.V.Raxmaninov, İ.F.Stravinskinin əsərləri dünya
musiqisinin inciləri kimi təsdiq olunub.
Elə bu dövrdə rus rəssamlığının
təbliğatı üçün "Səyyar rəssamlar"
cəmiyyəti yaradıldı. Və bu cəmiyyətdən
İ.E.Repin, V.İ.Surikov, V.E.Makovski, İ.İ.Levitan,
V.A.Serov kimi rəssamlar tanındılar, rus təsviri sənətini
reallıqların, problemlərin carçısı kimi
inkişaf etdirdilər.
XIX əsr memarlıq, inşaat sahəsində də
öz möhürünü vurdu. Böyük Kreml sarayı, "Xram
Krista Spasitelya" bunlara bariz nümunə ola
bilər. Bu dövrdə monumental heykəltəraşlığın
da əsası qoyuldu və A.Opekuşinanın Puşkinin heykəlini,
M.M.Antopolskinin "İvan Qroznı", "I Pyotr" əsərlərini
nümunə
göstərmək olar.
Bir sözlə, bütün mühüm sahələr və
onların görkəmli nümayəndələri hərəsi
öz işində əldə etdiyi nailiyyətlərlə
dövrü qızıla çevirməyi bacardılar. Həmçinin
artıq söylədiyim kimi, Çar hakimiyyəti bu yenilənmənin
labüdlüyünü anlayırdısa, nadanlıqla
mübarizəni vacib sayırdısa, sadə xalq da öz
növbəsində çalışırdı. Dövlət Bolşoy Teatr üçün yeni bina
tikdirir, sənətin inkişafı üçün
böyük vəsaitlər ayırırdı, bu öz yerində.
Digər tərəfdən də əyalətlərdə
həvəskar teatrlar yaranırdı, hətta qeyri-peşəkar
aktyor truppaları tamaşa qururdular və
tamaşaçılar sözünü unudan artistlərə
yerdən kömək üçün suflyorluq da edirdilər.
Qriboyedovun "Ağıldan bəla" pyesi bu
cəhətdən hər zaman vurğulanan və dillər əzbəri
olan əsərdir. Beləliklə, XIX əsr
buxovların boşaldıldığı və nəfəsliklərin
açıldığı zamandır.
Artıq on ikinci yazıdır ki, bu dövrün ədəbiyyatı
və ayrı-ayrı müəllifləri haqqında fikirlərimi
bölüşməyə çalışıram. Və hansısa suallara
cavabım da var. Hər şeydən əvvəl onu deyim ki, bu
dövr də, onun ayrı-ayrı görkəmli nümayəndələrinin
yaratdıqları da hədsiz geniş mövzudu və mənim
rusistlik iddiam yoxdu... Qızıl dövr
haqqında "qızıl xırdalamaq" məqsədindən
uzağam. Sadəcə, rus nəsrinin
ayrı-ayrı əsərlərini ilk növbədə
özüm üçün master-klass obyektinə çevirmək
istədim. Və öyrəndiyim bu oldu ki,
ədəbiyyat eksperimentlər və mübahisələr
içərisində özünü axtarır və yeni
qapılar da bu zaman açılır. Əgər
bu dövrdə Belinskinin sayəsində professional rus tənqidi
meydana gəlməsəydi, bir çox müəlliflər
öz yollarını müəyyənləşdirə bilməzdilər.
Jurnallar və onlarda yer alan tənqidlə ədəbiyyat
eyni səviyyədə qavranırdı oxucu tərəfindən.
Artıq oxucu yeni çıxan əsərdən
əvvəl tənqidin bu haqda nə dediyini öyrənir,
sonra mütaliə edib-etməyəcəyinə qərar
verirdi. Həm də tənqidin güzəştsizliyi
zəif əsər yazmaq üçün fürsət qoymurdu.
Məsələn, Dostoyevski səviyyəsində sənətkar
"Bədbəxt adamlar"dan sonra II Qoqol elan olunur, heç
kəsin tanımadığı kasıb bir gənc yuxarı
başa keçirilir, şöhrət tapır, amma bundan sonra
1-2 zəif əsər yazanda biabır edilir. Yəni təndiqi
imza yox, əsər və onun keyfiyyəti, səviyyəsi
maraqlandırırdı ki, bu da nəticə verməyə
bilməzdi...
Yaradıcı adamı səfil, kasıb görmək
arzusu qəribədi. Beyin işlədikcə qara ciyərin bədənə
yaydığı insulini susdurmaq sadə məsələ
deyil... Bunun üçün yemək
lazımdı, xoşbəxtlik və bədbəxtlik
hormonlarını da sahmana salmaqdan ötrü rahatlıq
vacibdi. Hansısa xəyali qəhrəmanın
hisslərini düşünmək üçün beynin məişət
problemlərindən azad olması başlıca şərtdi.
Məhz bu dövrdə sənətkarın
qonorar alması müasir dillə desək, leqallaşdı.
Realist Puşkin burda da özünü göstərdi
- ilham məhsulu satılmaz, amma əlyazmanı satmaq olar.
Beləliklə, dərgilərin
sifarişçi olması, yazılan əsərlərə
qonorar verməsi də yaradıcı prosesi hərəkətə
gətirirdi. Elə təkcə borclarını ödəməkdən
ötrü sürətlə yazan, özü də necə
yazan... Dostoyevskini bu mənada nümunə gətirmək
yetərlidi.
Artıq söylədiyim kimi, niyyətim məhz diqqətimi
çəkən nəsr nümunələrindən
danışmaq idi. Amma dövrün poeziya və
dramaturgiyasını da sonsuza qədər təhlil etmək
olar. Təbii ki, bu zaman yazıb-yaradan
klassiklərin elə öz dövründə sona qədər
dərk edib dəyərləndirilməsi çətin idi.
Misal üçün, Puşkin şeirlə roman ("Yevgeni
Onegin") yaradırdı, yeni nəsrin əsasını
qoyurdu, amma elə Belinski səviyyəsində tənqidçi
də onun etdiklərinin tam qiymətini verə bilməmişdi.
Belkinin povestləri və digər nəsr
nümunələrinin - istedadın süqutu - deyə
damğasını vurmuşdu. Bu hələ Belinskidi...
Sadə xalq Bestujev-Marlinski, Vladislav Narejnı kimi nasirləri,
Kukolnik və Benedikdov kimi şairləri, Ozerov kimi dramaturqu daha
məşhur, daha oxunan etmişdi... Puşkini isə
yeni nəslin ədiblərindən biri kimi - Vyazemski, Delviq,
Kükelbeker soyadlı şairlərin sırasında da
görürdülər. İndi mən
sadaladığım adlar müasir oxucuya nə isə deyirmi?!
Yəqin, yalnız dövrlə məşğul olan mütəxəssislərə
tanış gələ bilər
bunlar...
Bu tezisi digər klassiklərə də aid etmək olar. Elə Çexovun
özünü deyək... Onun müasirləri
içərisində Overçenko, Teffi, Saşa
Çornıy kimi qələm sahibləri vardı və bəzən
bunlar Çexovla bir siyahıda qəbul olunurdular. İndi bu müəllifləri yalnız
dövrün araşdırıcıları tanıyar, Anton
Pavloviç isə Şekspir və Dikkenslə birgə
dünyada əsərləri ən çox
ekranlaşdırılan üç yazıçıdan
biridir.
Beləliklə aydın olan budur ki, öz zamanının damarını tutmaq, zəmanənin insanını maraqlandırmaq işin bir tərəfidir... Demirəm sadədi. Amma yüz illəri adlayıb keçmək, bütün zamanların və xalqların klassiki "rütbəsini" qazanmaq daha ciddi məsələdir. Sən bu gündən danışaraq min illər sonraya xitab etməlisən, sən öz evinin içini, öz məhəlləni, öz əyalətini, nə bilim e ölkəni yaza-yaza əslində bəşəriyyəti qələmə almağı bacarmalısan. Həm də artıq folklorun çoxdan yazıb bitirdiyi mövzuları yeni formada təqdim etməyə, baxış bucaqlarını dəyişməyə nail olmalısan. Bilmirəm, XIX əsr rus klassiklərinin belə niyyəti öncədən olubmu? Olmayıbsa da, hansısa İlahi bir qüvvə bu missiyanı həmin sənətkarların üzərinə qoyub... Qarşıda XX əsr gəlir... XIX əsrdən elə araşdırdığımız müəlliflərin çaldığı həyəcan təbilinin əsassız olmadığını zaman təsdiq edəcək... İki dünya müharibəsi və inqilab. İnsanın və tarixin iç üzünün açılması üçün bundan "uğurlu" məqam ola bilməz... Açılacaq, hər şey öz adı ilə deyiləcək! Elə sənət də açıq danışmağa vərdiş edəcək... Bu haqda isə gələn dəfə...
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.21.