"Nəsrimizin günah hissi",
yaxud "Mənim Mübarizim"
Yazıya
başlamazdan əvvəl tezisləri düşünərkən
niyəsə yaddaşımın ən uzaq bucağında
qısılıb qalan "Yaşamaq
yanğısı"nı xatırladım, bəlkə də
haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər
apardım özüm üçün. Hə,
İrvinq Stounun adıkeçən romanını tələbəlik
illərində oxumuş, daha sonra detalları unutmuş,
aurasını, məğzini isə idrakıma həvalə
etmişəm. Yox, maraqlıdır, görəsən,
Mübariz Örənin mətnləriylə həmin roman
arasında nə kimi mahiyyət, ruhani intonasiya
oxşarlığı var? Hə, niyə
məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi
təəssürat ahəngim? Yox, bəlkə,
bu, sadəcə, aldanışdır? Hə,
bu məşum duyğunun adını desəm, əl-yəqin
çoxlu sayda qələm dostlarımızın xətrinə
dəymiş olacam. Yox, bunu, əlbəttə,
istəmirəm.
Olsun.
Onsuz da heç vaxt sevimli adam olmamışam.
Odur-budur, deyim, daha aydın olsun mətləbimiz:
İntellektuallıq kompleksi. Bunun başqa
adı yoxdur. Sizə zarafat gəlməsin,
düçarı bəlalı azardır. Acıdır. Düzü, heç mən
özüm də şirin adam deyiləm.
Mübariz
Örənin "Balıq gülüşü"
kitabına yazdığı ön sözdə dəyərli
dostumuz, professor Cavanşir Yusifli də mənim
kimi paralellər aparıb. Nə bilim, bəlkə
də haqlı, ya bəlkə də aidiyyətsiz Kortasarın
mətnləriylə müqayisə edib Mübarizin hekayələrini,
povestini. Di gəl Cavanşir bəyin
ön sözündən Kortasarın, mənim bu məqaləmdən
Stounun adını çıxsaq və ya digər
kultlaşmış, bizi kompleksə salan müəlliflərlə
əvəz edər olsaq, sözümüzün canı,
fikrimizin mabədi dəyişməyəcək. Hətta qəti dəyişməyəcək. Vallah da, nə dəxli var axı? Özü də ilin-günün bu vaxtında.
Sözüm elə hamıdan qabaq özümədir: Gərçi
bir müəllif haqqında düşüncələrini,
duyğularını dilə gətirmək istəyirsən,
niyə durar-tutmaz yapışırsan digər adlardan,
savayı imzalardan? Niyə intellektuallıq
kompleksinə girirsən axı? Bunu səndən kim tələb edir? Niyə imdad
diləyirsən onlardan? Niyə köməyə
çağırırsan ruhları? Nə
demək istəyirsən? Axı
bütün bunlar təbii deyil, quramadır, sünidir. Heyrətdə qazanılmış təfəkkür
iştirak etmir. Əfsus, bu kompleksə təkcə
ədəbiyyatşünaslarda, tənqidçilərdə
deyil, elə şair-yazıçılarımızda da rast gəlirik
zaman-zaman. Elə biri mən özüm.
Nəyi qoyub nədən danışıram?
Nədən danışıram?
Deyirəm, əl-güman elə şair haqqında ən
yaxşı sözü şair, yazıçı haqqında
ən yaxşı fikri yazıçı deyə bilir, bilər. O mətnləri hər
cümləsi, misrasına qədər elə şair-yazıçlar
duya bilirlər, bilərlər. Bəs tənqidçilər,
ədəbiyyatşünaslar? Mənimcə,
onlar üçün bütün bunlar sadəcə
intellektual peşə, məşğuliyyət,
qeyri-yaradıcı fəaliyyət, əmək
növüdür. Fəhlə
üçün kərpic nədirsə, eynən həmin o. Mənim
qəsd etdiyim isə başqa mənadır. Mənim qəsd etdiyim - "Bəs bənna
üçün kərpic nədir?" də deyil heç,
bilirəm, çoxunuz düşündünüz elə deyirəm.
Amma mən elə demirəm. Mənim qəsd etdiyim - "Bəs Allah
üçün bənna kimdir?" məsələsi.
Gəlin bir az da belə düşünək.
Belə deyirəm.
Və heç bir imzanı köməyə
çağırmadan bəyan edirəm. Ki, Mübariz
Örən ədəbiyyatımızda "Bəs, Allah
üçün bənna kimdir?" sualının müxtəlif
mümkün cavablarıdır. Məsələn, bir
mümkün cavabı deyim: O, nəsrimizdə günah hissini
bizə xatırladan bədii yaddaşdır. Yox,
deyəsən, düzgün anlaşılmadım. İstəmirəm bəri başdan bu gül təki
məqalədəki fikirlərlə razılaşmayıb
oturduğunuz yerdə polemikaya girəsiniz mənimlə?
Mən mübahisə adamı deyiləm. Heç olmasa, gəlin bir məqamda razılaşaq.
O məqamda razılaşaq ki, bu məqaləni travmasız
oxuyacaqsınız. Heç olmasa, barəsində
söhbət açdığım müəllifin haqqına
girməyək.
Yadımdan çıxmamış qeyd eləyim,
Mübarizi oxumağa "Homotetiya qanunu" hekayəsindən
başladım. Başqa sözlə, dünənlərdə.
Mənimcə, bu hekayə çağdaş nəsrimiz
üçün yeni başlanğıcdır. Onun usta
bir qələm sahibi olmasını məhz bu hekayə təsdiqləyir.
Digər mətnlər bizə məlum nəsr
nümunələridir. Deyirəm, məni
intəhasız dialoqlar kəhkəşanına salan bu mətnin
arxasınca düşdüm. Bilirsiniz,
gerçək zəvvarlar kəhkəşanı yaxşı
tanır. Deyim ki, kəhkəşan da özünü hər
adama nişan verməz. O həmin
"süd yolu" məni gerçək ünvana
çatdırdı. Müəllifi həqiqətən
tanımaq, onun mətnlərinin dürüst qibləsini
müəyyən etmək üçün məhz bu yolu
tapmalı, tanımalısan. Nəinki bizim
yerli, heç qeyri-yerli tənqidçilər, ədəbiyyatşünaslar
da bu yolu tapa bilməyiblər çox vaxt.
Mübarizin bütün mətnlərində məni cəlb
edən ilk xüsusiyyət dialoqlar oldu. Nə bilim,
belə oldu. Sizə bir müşahidəmi
deyim. Fikir verin, cəmiyyətimizdə
dialoq mədəniyyəti olmadığından ədəbiyyatımızda,
teatrımızda, kinomuzda da normal dialoqa rast gəlmək olmur.
Hamı özüylə danışır,
heç kəs başqasıyla danışmır. Dialoq
adına təqdim edilən söhbətlərə
baxırsan, görürsən, bu, dialoq deyil, təkin söhbətidir.
Ən pisi, görürsən, bu heç təkin söhbəti
- monoloq da deyil, bu adam heç özüylə
də dil tapıb danışa bilmir. Di gəl Mübarizin mətnlərindəki
dialoqları oxuduqca adam istəyir o söhbətlərdə
üçüncü tərəf olsun. Nə
gizlədim, şəxsən mən oxuduqca yerli-yersiz
replikalarla iştirak edir idim o mətnlərdə. Sözüm ona, Mübariz heç özü də
fərqində olmadan oxucunu hekayədə necəsə,
hansısa bir tipə, hansısa bir tərəfə
çevirməyi bacarır. Digər tərəfdən,
sən də həmin hekayədə iştirak etmiş olursan.
Ədəbiyyatın öyrətmək kimi İlahi
müəllimliyi də var. Bilirik, anlayışları həmişə
qarışdırır çağdaş insan. "Müəllifin
belə bir öhdəliyi yoxdur!" deyə
çığırırıq illərdir. Əzizi-mən, müəllifin öhdəliyi yoxdur,
olsun sən deyən, amma mətnin belə bir ruhani missiyası
var batinində. Biz çalışıb
başqalarının xətalarından dərs almağı
öyrənməliyik. Nədən ki, bizim
ömrümüz o qədər uzun deyil, bütün xətaları
öz həyatımızda yaşayaq. O zaman bunca
başqalarını harda tanımalı? Bunun
üçün ən gözəl və əyləncəli
mənbə ədəbiyyat, mətnlər, kitablardır.
Əgər biz ədəbiyyatın öyrədici
funksiyasını inkar ediriksə, o zaman niyə yazırıq,
niyə "Oxuyun!" deyirik və nəyin peşindəyik?
Sizcə, Allah bizimlə zarafat edirmi
"Quran"da? Bu müstəvidə
Mübarizin mətnlərindən yaxşı dərslər
götürmək olar, olur. Bu da
yuxarıdakı suala mümkün cavablardan biri.
Nəinki nəsrimizdə, eləcə də
poeziyamızda çatışmayan digər nəsnə -
Günah hissi.
Diqqət edin, aşağı-yuxarı
bütün ədəbiyyatımız haqlı obrazlarla, əməlisaleh
qəhrəmanlarla mündəricatınacan doludur. Dillər əzbəri "Getmək istəyirsən,
bəhanəsiz get"dən tutmuş "Onda biləcəksən
mənim sevgimi, biləcəksən, o da çox gec
olacaq"a qədər. Niyəsə
hamı haqlıdır, nədənsə, bütün
günahlar qarşı tərəfdədir. Sən demə, əməlli-başlı
"...dünyada heç kəsin günahı yoxdur".
Düşünün, eynən cəmiyyətimizdəki
kimi. Mübarizin mətnlərində isə
belə deyil. Çün gerçək həyatımız
da belə deyil. O, bütün mətnlərində
günah hissini qabardır, yada salır. Başqa
sözlə, bizə özümüzü xatırladır.
Buna görə də Mübarizin nəsri mənə tanış gəlir. Düz
sözümdür. Mən onun bütün
qəhrəmanlarını tanıdım. Azərbaycanlını
tanımaq üçün Mübarizi oxumaq kifayətdir.
Onu yaxşı oxusan, heç kəsdə
azmazsan.
Tənqidçi olsaydım, yazardım - "Təəssüf,
Mübariz də bəzən intellektuallıq kompleksindən əziyyət
çəkib.
Misal üçün, (Misal - tənqidçilər
bu sözdən çox istifadə edir. Maraqlıdır,
"Məsəl üçün" yox, məhz "Misal
üçün" deyirlər. Misal -
riyazi təfəkkürdür, Məsəl - bədii. Buna görə də tənqidçilər mətni
çox vaxt yanlış yerdən təhlilə çəkirlər)
"Ağ buludlar" povestində semiotikaya yuvarlanıb,
işarə diliylə danışmağa cəhdlər edib.
Təsvir olunan məclisdəki arağın "Çar
Edip" adında olması tamamilə yersiz göndərmədir..."
və s. Amma mən müəllifəm. Bu məqalə
bir müəllifin digər bir müəllif
yaradıcılığı haqqındakı sadə
düşüncələridir. Ən əsası,
bir müəllif kimi yaxşı başa düşürəm
Mübarizi. Adam bəzən ötəri
tendensiyalara qapılır, süni rəqslərə
qoşulub gedir, sonra fərqinə varır ki, bütün bu
kimi şeylər həpsi rəngidür. O zadların
gerçək ədəbiyyata, həqiqi bədii mətnə
əl-qətiyyən vəl-əşədənbillah dəxli
yoxdur. Bu kontekstdə, Mübarizin də bu
oyunçuluqlara heç və heç ehtiyacı yoxdur.
Yazıya
başlamazdan əvvəl tezisləri düşünərkən
niyəsə yaddaşımın ən uzaq bucağında
qısılıb qalan "Yaşamaq
yanğısı"nı xatırladım, bəlkə də
haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər
apardım özüm üçün. Hə,
İrvinq Stounun adıkeçən romanını tələbəlik
illərində oxumuş, daha sonra detalları unutmuş,
aurasını, məğzini isə idrakıma həvalə
etmişəm. Yox, maraqlıdır, görəsən,
Mübariz Örənin mətnləriylə həmin roman
arasında nə kimi mahiyyət, ruhani intonasiya
oxşarlığı var? Hə, niyə
məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi
təəssürat ahəngim? Yox,
bütün bunların məsələyə dəxli
yersizdir. Bir müəllif haqqında
danışarkən digər bir imzanı müqayisə
meydanına çəkmək bir tərəfdən
intellektuallıq kompleksidirsə, digər tərəfdən, bəhs
etdiyin müəllifə hörmətsizlikdir.
Mən bütün yaxşı mətnlərdən
zövq almışam.
Mən bütün böyük yazıçılardan nələrisə
öyrənmişəm.
Mən Mübariz Örənin mətnlərindən
zövq almışam və ondan nələrisə öyrənmişəm.
Bunca sadə bir sillogizmlə məntiqi hasil məlum oldu. Bu mənada,
Mübariz Örən dünyadakı bütün böyük
yazıçılarla eyni cərgədə dayanır mənim
üçün.
Amma doğrudan, bəs görəsən, Allah
üçün bənna kimdir?
Şəhriyar del
GERANİ
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.19.