Sənət yadigarları
Görkəmli yazıçı
Mir Cəlalın "Ədibin
Evi" tərəfindən
nəşrə hazırlanmış
"Qayğılar" kitabı
çapdan çıxıb. Kitaba yazıçının "Qayğılar" romanı
və on bir hekayəsi daxil edilmişdir. 1930-cu illərə aid olan bu əsərlər ilk dəfə kitab şəklində işıq
üzü görür.
Kitabın tərtibçisi
Elnur İmanbəyli, redaktoru Təhsin Mütəllimov, məsləhətçisi
Mehriban Cəfərovadır.
Professor Təhsin Mütəllimovun kitaba yazdığı ön sözü təqdim edirik.
Hər bir ədibin
yaradıcılığı bütövlükdə bənzərsiz
talelər və rəngarəng xarakterlər
dünyasıdır. Eyni zamanda
bütün bunlar bir sənətkarın dünyagörüşünün, ideallar aləminin ardıcıl, sistemli inkişafıdır; dünyanın
ideal gözəlliklərinin və rəzalət eybəcərliklərinin təqdimat
sərgisidir, nümayiş
meydanıdır.
Bədii yaradıcılığın, bilavasitə,
təkamül prosesini
izləmək xüsusi
maraq doğurur. Zəngin yaradıcılıq
yolu keçmiş Mir
Cəlalın ilk və
son əsərlərinin müqayisəsi
də çox söz deyə bilər. Məsələ yalnız bu
əsərlərin ideya-bədii
gücündə, səviyyəsində
deyildir. Məqsəd həm də ədibin yaradıcılıq
yolundakı təkamül
və inkişaf prosesinin bütöv halda təsəvvürdə
canlandırılmasıdır. Onun özünəməxsus sənət
yolunu necə keçdiyini izləyə
bilməkdir, yaradıcılıq
tərcümeyi-halından (mövzular, janrlar, bədii qəhrəmanlar və s.) xəbərdar olmaqdır.
Diqqət edilsə, bir çox sənət əsərində məzmun
və ya formaca müəllifin fərdi xarakterinin müəyyən təzahürlərini,
əlamətlərini də
tapmaq mümkündür. Xüsusilə, məhz təhkiyə üslubu çox vaxt ümumi yaradıcılığın fərdiyyətini
açan əsas amil olur. Məhz təhkiyə üslubunun orijinallığı, ümumi
yaradıcılığın fərdiyyətinin açarı
kimi, sonrakı bədii komponentlərin xarakterinin dəqiqləşməsinə
də yardımçı
olur.
Mir Cəlal lap gənclik illərindən satirik şeir, felyeton, xatirə, oçerk, hekayə, povest, roman, hətta pyes də yazmışdır.
Lakin daima ardıcıl müraciət etdiyi janr - hekayə olmuşdur. Bu da təsadüfi deyildir. Mir Cəlal
ümumən yazılı
əsərlərində də,
şifahi nitqində də həmişə son
dərəcədə lakonik
olmağı, konkretliyi
xoşlamışdır. Müdrik, duzlu, sərrast yumor da onun
fərdi təbiətinin
ən güclü cəhətlərindən olmuşdur.
Ədibin alimliyi və müəllimliyi də onun bədii əsərlərinin tematikasında
güclü təcəssümünü
tapmışdır. Belə qüvvətli
üsluba və zəngin yaradıcılığa
malik olan ədibin sənət axtarışlarını və
yaradıcılıq nailiyyətlərini
ardıcıl izləmək
və təhlil etmək, təcrübə
nümunəsi kimi də çox maraqlı, əhəmiyyətlidir.
Ədəbiyyatımızın klassik hekayəçilik ənənəsi Mir Cəlal
yaradıcılığında novatorcasına davam və inkişafını
tapmışdır. Böyük səmimiyyət
və lakonik obrazlılıq Mir Cəlal
üslubunun özülüdür.
Mir Cəlalın kiçik bir hekayəsində insan və bəşəriyyət
problemləri, fəlsəfi-ictimai
dərinliyi və ümumiləşmə qüdrəti
ilə böyük və miqyaslı olur.
Ədibin sağ ikən bu əsərləri nəşr etdirməməsinin
səbəbləri məlum
deyildir. Bu əsərlərin
məhz yazılma tarixi üçün nə dərəcədə
aktual olması, yaxud onların bədii kamilliyinə görə müəllifin
özünü nə
dərəcədə qane
etməsi kimi səbəblər də ola bilər.
Əsas odur ki, bu
əsərlər Mir Cəlalın
indiyədək nəşr
olunmamış yadigarlarıdır.
Ədibin yaradıcılıq
yolunu bütövlükdə
dəyərləndirmək üçün, bu zəngin söz xəzinəsi haqqında ümumiləşmiş yekun
fikirlər, daha arxayın nəticələr
demək üçün,
onları tədqiqatlara
cəlb etmək son dərəcə əhəmiyyətlidir.
Hər bir sənətkarın əsərləri
onun zəmanəsi və müasirləri barədə təsəvvürüdür,
düşüncələridir, arzuları və etirazlarıdır, qəzəbi
və sevgisidir. Əslində,
bədii yaradıcılığı
bütövlükdə hər
bir müəllifin mənəvi-psixoloji portreti,
az, ya
çox dərəcədə
tərcümeyi-halıdır.
Mir Cəlalın çap
olunmamış əsərləri
onun müəyyən
dövrlərdəki arzu
və ideallarıdır,
zəmanəsi, müasirləri
haqqında düşüncələridir.
Eyni zamanda, bu əsərlər
ədibin bir sənətkar kimi formalaşma prosesini, bədii xarakter yaratmaq işində, bədii təsvir və təhkiyədə kamilləşmə mərhələlərini
əyani nümayiş
etdirən sənət
yadigarlarıdır. Sənətkarın dünyagörüşündəki, ictimai-fəlsəfi baxışlarındakı
dəyişiklik, təkamül
də daha aydın nəzərə çarpır. Ardıcıl və xronoloji tədqiqat, sənətkarın
bütün yaradıcılıq
yolundakı təkamül
prosesini tam müfəssəlliyi
ilə nümayiş etdirmiş olur.
Şəxsi arxivindən tapılmış
bu əsərlər mövzu və üslubca ədibin başqa əsərləri
ilə yaxından səsləşir. Bu əsərlərdə
də mənəvi-psixoloji
problemlər əsasdır.
Cəmiyyətdəki ictimai, iqtisadi
problemlər də daha çox müxtəlif ictimai təbəqələrin taleyi
əsasında tipik xarakterlər və tipik vəziyyətlərdə
məharətlə bədii
həllini tapmışdır.
Mir Cəlalın buradakı hekayələrinin süjet
"açarı" əsərin
adıdır: "Tərpənir",
"Xallı muncuq",
"Ölüsoyan", "Zirəklik", "Söylənməyən
nitq", "Oturaqlar",
"Yanşaq".
Bəzən də hekayənin lap ilk cümlələri əsəri
oxumağa möhkəm
cəlb edir.
"Ağasəmədi kolxozdan qovdular. Ha qışqırdı,
ha yalvardı ki, canım, mən yüzbaşı olmamışam,
beş-altı ay Mirzə
Məmməd ağa naxoş olanda
möhürü saxlamışam.
Gəlib-gedənin qabağına çıxmışam
ki, camaat, müsəlman qardaşlar
inciməsinlər. Mənim
ayrı nə günahım olub, rəhm eləyin, üstümə böhtan
atırlar, inanmayın...."
("Ölüsoyan").
İndi,
oğulsan, sonrasını
oxuma!
"Yanşaq" hekayəsi isə belə başlayır: "Dörd
il biz onunla bir məktəbdə oxuduq. Çənəsinin dayandığını görə bilmədik."
Təbii ki, bu misralarda,
ilk növbədə, Mir Cəlal
hekayələrinin təkrarsız
və cazibədar, müdrik və sərrast yumoru diqqəti cəlb edir. Hekayələrindəki yumorlu təhkiyə
bəzən də lirik intonasiya kəsb edərək, əsas mətləbin sərrast ifadə vasitəsinə çevrilmiş
olur. Mir Cəlalın lakonik təhkiyə üslubu, dialoqlarının təbii
və dinamik xarakteri oxucu marağını sonadək
cəzb edir.
"Qayğılar" romanı sosialistcəsinə
yenidənqurma, kolxozlaşma
proseslərindən bəhs
edir. Əsərdə bu proseslərin
Azərbaycan kəndində
necə qarşılanması
və təzadlı xarakterlərin mübarizəsi
təsvir edilir.
Romanın bir neçə fəsli 1936, 1937 və
1938-ci illərdə "Romandan
parça" adı
altında mətbuatda,
bir fəsli isə ədibin 1938-ci ildə nəşr edilmiş "Axundun iştəhası" adlı
kitabında çap olunmuşdur. Mir Cəlalın
sonrakı illərdə
əsərin makina yazısı üzərində
apardığı redaktə
işi onu deməyə əsas verir ki, bu
əsərin işıq
üzü görməsi
ədibin də yaradıcılıq planına
daxil olmuşdur.
Uzaq illərin
yadigarları olan bu əsərlər unudulmaz ədibimiz Mir Cəlalın zəngin sənət dünyası
ilə oxucuların yeni görüşü olacaqdır.
Təhsin
MÜTƏLLİMOV
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.18.