Gələcək günlərin
bünövrəsinə
Onlar şair
kimi eyni zaman kəsimində -
60-cı illərdə "doğulmuşdular". Dünyadan
müxtəlif vaxtlarda
köçdülər: Əli
Kərim, Məmməd
Araz, Vaqif Səmədoğlu, Ələkbər
Salahzadə... Ustadları
Rəsul Rza, böyük müasirləri
Bəxtiyar Vahabzadə
idi. Birlikdə 60-cılar kimi ədəbiyyat
tariximizə daxil olmuş bu şeir
pleyadası yeni bir mərhələ yaratmışdı. Bu yenilik səthi təsvirdən fəlsəfi
tərənnümə keçid,
adiliyin mürəkkəb
harmoniyasını tapmaq,
lirik-psixoloji üslub və bütün dünyanı İnsanın
mənəvi aləmində
yerləşdirmək, zamana
hakim kəsilməkdən ibarət
idi. Bu orijinal
pleyadanın öncül
nümayəndəsi, Xalq
şairi Fikrət Qoca 85 illik mübarək
ömrünün 70 illik
"Söz gözəlinin
nazını çəkməyə"
(Füzuli) həsr etmişdir. O, bu uzun zaman ərzində
bir dəfə də olsun Söz-ə
xəyanət etmədi,
konyunkturaya getmədi,
ulu babaları Nizami, Füzuli vəsiyyətlərinə əməl
edib Söz-ü urvatdan düşməyə
qoymadı. Sözü mənanın əyninə
dürüst biçdi.
Oğuz türk azəri Sözünə özünəməxsus
şərəf gətirdi.
Fikrət Qoca şəxsiyyət ilə yaradıcılığı
bir-birini tamamlayan ciddi şair idi. O, sözə hörmət
edir, babaların əmanəti kimi baxır və sözü dəqiq işlədirdi.
Öldü varlı ata,
Qaldı
varisi
Dedi ki, mənimdi
Torpaq, xaniman.
Bu vaxt eşidildi
Torpağın səsi:
- Görən kim kimindir,
Ey cavan oğlan?
Bu fani dünyanı
tutub duran, torpaq qatarlayan, ömrünü var-dövlət
yığmaqla keçirən
nadan insana ibrət dərsidir bu şeir.
Fikrət
Qoca güclü müşahidə imkanlarına
malik, insanı dərindən müşahidə
edən filosof və psixoloq idi.
Qorxmuram
ölməkdən,
Qorxuram ki, mən
Ölmək lazım gələndə
Ölə bilməyəm.
Ölüm haqqında bu dörd misrada nə qədər böyük həyat eşqi var. Dörd misralıq qısa bir şeirdə böyük bir həqiqət ifadə edə bilirdi F.Qoca:
Xəncər kəsmir qınını...
Kəsərdi,
Onu qoymur
Mərdliyin sərt qanunu.
Onun
"Gecə yaman uzundur" şeirində kədərli bir romantika, gecənin sehri, lirik qəhrəmanın
romantik və işıqlı kədəri
ifadə olunub:
Gözümün işığına
Hər kirpik bir yük
olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən
də
Bir gecə
böyük olur.
İndi
yəqin yuxuda
Xumar-xumar gülürsən.
Eh, sən hardan bilirsən
Gecə
yaman uzundur!
Fikrət Qoca insan gözəlliyini
yüksək qiymətləndirən,
gözəlliyin və
onun yaratdığı
təəssüratın fəlsəfi-psixoloji
mahiyyətini açmağı
bacaran böyük şair idi. Fəqət,
onun gözəllik və eşq haqqında şeirlərində
birbaşa deklarativ deyimlər yoxdur, fəlsəfi-məcazi simvolika
var. "Qaraçı qız"
şeirində belə
misralar yer alır:
Bir baxışla kimi desən salarmış dərdə
Daşı ölsə çiçək
açar daşın
üzündə
Görənlər də yazıq olar, görməyəndər
də
Bir dənizin
tufanı var ala gözündə.
"Susmaq qızıldır"
kimi bir deyim var elimizdə
və dilimizdə. Fəqət, bəzən şər, böhtan, haqsızlıq,
ədalətsiz söz
qarşısında susmaq,
caba verməmək mütilik, qul xisləti yaradır, insanın mənəviyyatını
əzir.
Mənə haqsız söz
dedilər,
Qaldım udquna-udquna.
Niyə? Bilmirəm. Bilmirəm,
Yenə
bilmirəm, bilmirəm!
Cavab dilimin üstündə,
Deyə bilmirəm, bilmirəm.
Beləcə, Fikrət Qocanın əksər şeirlərinin
novatorluğa, sözü
qənaətlə və
mənalı tərzdə
işlətməyə yüzlərlə
misal çəkə
bilərik. Onun çoxcildli şeir
kitabları Azərbaycan
fəlsəfi-intellektual, elmi
şeirin qiymətli faktlarıdır. Onun yaradıcılığı
haqqında çox və yaxşı yazılıb, poeziyamızdakı
ədəbi-tarixi mövqeyi
dəqiq müəyyənləşdirilib.
Hələ bundan sonra daha çox yazılacaq. Fikrət Qocanın
zəngin poeziyası bizim mili sərvətimizdir,
onu öyrənməli,
qorumalı, qədrini
bilməli və ona yiyə durmalıyıq.
Xalq şairi,
Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi Fikrət Qoca bizim gözümüzün
qarşısında həm
torpağa, həm də tarixə daxil oldu, Fəxri
xiyabanda ziyarətgaha çevrildi.
Fikrət
Qocanın təxminən
30 il əvvəl
oxuduğum bir şeiri yadıma düşür, əzbər
bilmirəm, məzmunu
belədir:
Bir gün baba ilə nəvə
kəndin ağsaqqalını
dəfn edib qəbiristanlıqdan qayıdırlar. Nəvə babasından
soruşur - Baba, ölən
kişilər hara gedirlər?
Baba ona belə cavab
verir: "Bala, ölən kişiləri
gələcək günlərin
bünövrəsinə qoyuruq".
Biz də böyük
bir şairi, əsl ziyalını, monolit bir şəxsiyyəti
kədər və ehtiramla gələcək günlərin bünövrəsinə
- Müstəqil Azərbaycanın
əsasına qoyduq. Allah rəhmət
eləsin!
Nizaməddin
ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.12.