Fikrət Qoca üçün
elegiya
Sevdiyi şairlər
və inqilabçılar
vardı. Viyon, Mayakovski, Kabral, Xose Risal,
Qarsiya Lorka, Çe Gevara. Son dördü haqqında
poema və şeirlər yazmışdı.
Əski Sovet İttifaqının ən
məşhur "qalın"
ədəbi jurnallarında,
qəzetlərində yüz
minlərlə, bəlkə
də milyonlarla nüsxə çap olunan bu əsərlər
o dövrün, ötən
əsrin o sirli və cazibəsi bu gün də
əsla şübhə
doğurmayan böyük
yaradıcılıq enerjisi
ilə dolu 60-cı illərində oxunmuş,
sevilmiş, müəllifinə
dünyanın altıda
biri qədər deyil, bəlkə də elə özü qədər şöhrət gətirmişdi.
Adı dövrün məşhur rus şairləri, Yevtuşenko,
Rojdestvenski ilə bərabər çəkilən
Fikrət Qoca "getməyin müşkül olduğu"
dövrlərdə dünyanı
xeyli gəzmişdi, bəlkə də taleyin ona verdiyi
bu imkanla öz Qoca təxəllüsünü
hələ gənc ikən təsdiq eləmişdi: çünki
"təkcə çox
oxuyan yox, həm də çox gəzən çox bilər" deyiblər.
O səfərlərinin biri Filippinəymiş. İnqilabçı, şair, tarixçi, ədib, həkim, on dil bilən poliqlot Xose Risal
həbs olunub, edama məhkum edilibmiş. Qətlindən bir gün əvvəl
vərəq və qələm istəyən
şair ölkəsinin
azadlığı barədə
şeir yazıbmış.
Fikrət Qoca həmin
əsəri Azərbaycan
dilinə çeviribmiş.
Xose Risalın şərəfinə
ucaldılmış abidənin
postamentində onun şeirinin müxtəlif dillərə tərcümələrindən
seçmələr, misralar
var. Bir-iki misra da Azərbaycan dilində. Fikrət Qocanın azərbaycancasında.
Toğrul Nərimanbəyovun məşhur
portreti ilə başlayır Fikrət müəllimlə tanışlığım. Dünyanı görmək, öyrənmək
üçün elə
dünyanın özü
qədər geniş açılan gözlər
həmişə məni
düşündürüb. Məhz böyük rəssamın
"nağıl" üslubuyla
şair Fikrət Qoca yeniyetməlik illərimin nağıl qəhrəmanına çevrilmişdi.
O şəkillə atamın Fikrət Qoca ilə həm
ötən əsrin
60-cı illərinin sonunda
Bakıda, həm də 70-ci illərin ortalarında o vaxtkı Əli Bayramlıdakı görüşləri ilə
bağlı danışdıqlarını
çox tutuşdurmuşam.
Sonradan anlayacaqdım ki, Fikrət Qoca çoxlu şairlərə, xüsusən
özündən 10-15 il
kiçik ədəbi
nəslə olmazın
təsir göstəribmiş,
elə atamın yazdıqlarına da.
Musiqi yaddaşımızın
ən bənzərsiz
sözçüsüydü Fikrət Qoca. Sonradan anlayacaqdım
bunu.
İndi isə bir hadisəni
xatırlayıram. 2002-ci ilin sonları, Yazıçılar Birliyinə
yolumun ildə-ayda bir dəfə düşdüyü vaxtlardı.
"Doqquzuncu hissə" adlı narrativ, uzun bir şeir yazmışam.
Birliyin jurnallarının birinə
təqdim eləmişəm.
Qısa və quru şəkildə
"janrı naməlumdu,
çap etməyəcəyik"
deyiblər, möhkəm
təəccüblənmişəm, pərt və acıqlıyam.
Yaxşı yadımdadır,
çardaqdan pilləkənləri
düşə-düşə elə bil kimsə,
bəlkə də atamın o keçmişdəki
söhbətlərindəki səsi ilə dedi ki, gir
Fikrət Qocanın otağına, Girdim. - Səliməm, - dedim. - Sizə mətn gətirmişəm, - dedim.
Bilərəkdən şeir demədim.
- Oxuyun və mənə deyin ki, bu nədi.
Bir az
acıqlı, amiranə
danışdım, indi
bunu təəssüflə
xatırlayıram. Dünya görmüş Qoca əlimdəki vərəqləri aldı.
Bir xeyli müddət başını
qaldırmadan oxudu, durdu, oxudu, durdu və axırda da dedi ki, 20-25 gündən sonra gələrsən. Gərək sakit
başla oxuyum. Elə də elədim. Bir ay sonra görüşəndə
bir jurnal uzatdı mənə.
Vəqərləyib gördüm ki,
həmin uzun şeir "vəzndə ağır, çəkidə
yüngül" bir
"giriş yazı"sı
ilə məni "janrı naməlumdu, çap etməyəcəyik"
deyib geri göndərdikləri həmin
jurnalda dərc olunub. Hərçənd
ki, Fikrət müəllimə bu sözlərin kim
tərəfindən, harda
deyildiyini söyləməmişdim.
Minnətdarlığımı sözlərimdən çox baxışlarım
ifadə eləmişdi
onda. Fikrət müəllim də
bunu sezmişdi. Gözləri gülürdü. Əli ilə
"get", - dedi. "Danışma",
- dedi, sanki "eləcə yaz".
Hə, həyat
qəribədi. Yadlar da məhz beləcə gəlib yaxın olurlar.
Ruhun şad olsun! Rahat uyu, Fikrət
müəllim!
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
8 may.- S.11.