Bədii sözün Fikrət Qoca miqyası
Xalq şairi
Fikrət Qoca on cilddən artıq möhtəşəm poetik
yaradıcılığı (və son dərəcə
həyatsevər şəxsiyyəti)
ilə bağlı olduğu bu dünyaya "əlvida"
deyib haqq dünyasına qovuşdu. Onun üçün
şeir yazmaq düşünmək, insanlarla
həmsöhbət olmaq,
həsb-hal etmək, bugünlə yanaşı,
həm də keçmişlə, gələcəklə
ünsiyyətə girmək,
birsözlə, yaşamaq
demək idi. Elə ona görə də əlinə qələm alandan ömrünün son günlərinə
qədər heç bir fasilə vermədən, tərəddüd
etmədən yaza-yaza
yaşadı. Və
yaşaya-yaşaya yazdı!..
Fikrət Qoca üçün illər uzunu inanmış olduğu həqiqətlər vardı
ki, onların böyüyü və ya kiçiyi, əhəmiyyətlisi və
ya əhəmiyyətsizi
yox idi. Və inandığı
bu həqiqətlər
uğrunda döyüşə
həmişə o dərəcədə
hazır idi ki, onu mütəfəkkir
olaraq heç bir tərəddüdsüz
"metafizik" adlandırmaq
olardı.
Nə qədər
qüdrətli şair
olsa da, xəyalları hər nə qədər göylərdə gəzsə
də, şairlik onun dünyagörüşündəki
(və şəxsiyyətindəki)
gerçəklik, reallıq,
hadisələri necə
varsa o cür dəyərləndirmək qabiliyyətini
zərrəcə zədələməmişdi. Cəsarətlə demək olar ki, Azərbaycan cəmiyyətinin (və ədəbiyyatının!) müstəqillik
uğrunda mübarizəsi
tarixində bizim bir sıra görkəmli
söz adamları ilə yanaşı, Fikrət Qocanın da heç zaman
pozulmayacaq imzası vardır. Və o, hər zaman
ümummilli lider Heydər Əliyevin sədaqətli intellektual əsgərlərindən biri
olmuşdu.
Azərbaycanın öz ərazi bütövlüyü uğrunda
apardığı mübarizədə
də Fikrət Qoca son dərəcə vətənpərvər bir
şair olaraq ideya-mənəvi döyüşlərin
ön sıralarında
idi.
Fikrət Qoca poeziyaya, ədəbiyyata, milli ədəbi-ictimai fikrə
novator kimi gəldi, şairlik istedadı ilə birlikdə novatorluq (gənclik!) missiyasını
da bütün ömrü boyu qoruyub saxladı.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.10.