Mənim çətinliyim mən ölüncədir...  

 

Fikrət Qocanın dəfn mərasimində yadıma onun "Yalançı Məhəmməd" şeiri düşdü. Məhəmməd kişi Orhan Vəlinin Süleyman əfəndisinə, bir az da gecələr göyləri rəngləyən, cırılmış dənizləri tikən Dalğaçı Mahmuduna bənzəyir... Ədəbiyyatımızda belə bir obraz heç vaxt olmayıb. Məhəmməd kişi o qədər yalançıymış ki, ağır xəstələrə "eh... küyçü olma, səndə heç yoxdu" deyərmiş. Hər axşam adamları "səhər günəş daha parlaq doğacaq" deyə aldadarmış. Malı itənə "tapılacaq" deyib ovundurar, oğlu davaya gedənə "qayıdacaq", - deyə inandırarmış. Yalanı elə danışarmış ki, dediyinə özü inanarmış. Bir dəfə deyib ki, "adamlar ölmür, ulduzların arasına köçür".

 

İndi kefim pozulanda

Çəkilirəm bir yana

Baxıram asimana:

Ulduzlar çiçək-çiçək.

Ulduzlar arasından

Məhəmməd kişinin

səsini eşidirəm:

- Darıxma, düzələcək,

tapılacaq, gələcək...

 

Fəxri xiyabanda könlümdən Məhəmməd kişi keçdi. Gəlib deyəydi ki, Fikrət Qoca ölməyib, ulduzların arasına şeir yazmağa gedib, bir azdan qayıdıb gələcək...

Fikrət Qoca dünyasını dan üzü dəyişib... Səhər tezdən...

 

Dünyanın ən ağır yolu gecədir,

Dünyanın ən böyük sevinci səhər.

Mənim çətinliyim mən ölüncədir,

Sonrası.. Sonrası hər şey düzələr.

 

"Ömrü boyu yalan danışan" Məhəmməd hardadı, görəsən? Ondan soruşmaq istəyirəm: Fikrət Qoca düzmü deyirmiş?

Fikrət Qoca indiki gənc şairlərin hamısından daha gənc olan vaxtlarında "Xirosima", "Vals", "Risk", "Qatar" şeirlərini yazmışdı. "Vals"ı Yahya Kamalın "Əndəlusda rəqs" şeiri ilə qiyaslandırmaq olar. Modernist içərikli formaca partlamış atomu yansıdan "Xirosima" Apollinerin kalliqrafik şeirləri ilə yanaşı qoya bilərik... "Qatar" şeiri Nazim Hikmətin "Bəhri-Xəzər"ini xatırladır. Özü mənə demişdi ki, "mən şeir yazanda mövzu öz ritmini, geyimini əynində gətirir. Çalışıram ki, ritm vəziyyəti izah eləsin, mətləbin açılmasına yardımçı olsun". Fikrət Qoca "şeirin istədiyi vəzni kəşf edə bilən" böyük şairlərdən idi. "Rəsul Rza" "Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım" şeirlərindəki kimi...

Vaxtilə səsinin göylərində süzən Fikrət Qoca sonralar səsini itirdi. Amma həmişə şeirlərinin səsi ilə yaşayacaq. Tarançı düz deyirmiş: "Şeirin panteonu səsdir". "Qatar" şeirində Fikrət Qoca bunun ən mükəməl örnəyini vermişdi...

Şeirdə estetliyi bir yana, onun fəhmi şairanəydi. Oğlu dünyaya gələndə yazdığı "Oğluma layla çalıram" şeirini Yalçın dünyasını dəyişəndə Fikrət müəllimin öz istəyi ilə dərc etdik. Çünki Fikrət Qoca hələ adı, taleyi olan, hələ süd rəngli yuxular içində üzən qəşəng körpə Yalçına layla çalıb deyirdi ki, "Bilmirsən - / Ölümün səninlə / əkiz gəlib cahana. / Qoşa böyüyürsünüz / Bir beşikdə / yan-yana..."

İlqar Fəhmi yazır ki, Fikrət müəlim "ağır günlər çox yaşadı, səhhətiylə bağlı problemlər, oğlunun qəfil ölümü, başqa gərgin hadisələr... Lakin ən maraqlısı bu idi ki, bütün bu ağrı-acı, iztirablar onun şeirlərinə yol tapmadı". Amma tapmışdı. Fikrət Qoca fitrətən modernist şair idi. Beşikdəki körpə oğluna baxıb onun ölümünü görə bilməsi elə bu səbəbdən idi. "Mənim çətinliyim mən ölüncədir, / Sonrası?.. Sonrası hər şey düzələr" - deyə biləcək qədər yəni... Hələ üstəlik, "Yaxşı ki, ölmürmüş insanlar, / Yaxşı ki, dünyada Məhəmməd kişi varmış...".

"Yıldızların altın bahçesinde" (Tanpınar) - Fəxri xiyabanda yalançı Məhəmmədin o gözəl, o əziz "yalanlarının" təbirincə, Fikrət Qoca ulduzların arasına köçdü... Darıxmayaq, gələcək...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 8 may.-S.11.