BƏNZƏRSİZ ŞAİR,

MEHRİBAN DOST!

 

Respublika ədəbi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın ilham dolu ürəyi ömrünün 85-ci ilində dayandı.

Rəhbər vəzifədə işlədiyi müddətdə, ondan qabaqlar da o, bir şair kimi həssas insani təbiəti, yüksək ziyalı mədəniyyəti ilə yaşayıb-yaratdığı ədəbi mühitin, qələm dostlarının, eləcə geniş sayda oxucularının dinləyicilərinin dərin hörmətini, rəğbətini qazanmışdı.

Fikrət Qoca həmişə səmimi, mehriban dost idi!

Onun zəngin ədəbi yaradıcılığı - şeirləri, poemaları, pyesləri, romanları, aktual müsahibələri şairə böyük nüfuz qazandırmış, ədəbi hərəkatın ön sıralarına çıxarmışdır.

Bir təsəllimiz var ki, Xalq şairi oncildliyini öz sağlığında tərtib etmiş, tam nəşrini görmüşdür. Özündən sonra yadigar qoyub getdiyi ədəbi irsi, onu gələn hər yeni nəslin müasiri kimi yaşadacaq.

Fikrət Qocanın ədəbi yaradıcılığı dövlətimiz tərəfindən  həmişə yüksək qiymətləndirilmiş, o, bu yaxınlarda respublikanın "İstiqlal" ordeninə layiq görülmüşdü.

Fikrət Qoca oxucuları ilə görüşləri, fərdi yaradıcılıq ünsiyyətini qiymətləndirirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla, Birliyin Ağsaqqallar Şurası üzvlərinin iştirakı ilə keçirilən Cocuq Mərcanlı səfəri hamımızın yadındadı. O görüşlərdən qayıdandan sonra Fikrət Qoca Cocuq Mərcanlıdan məktublar alır, müəllim və şagirdlərlə məktublaşırdı.

Böyük türk şairi Nazim Hikmət deyirdi ki, insan hər yaşda gəncdi. Fikrət Qoca da hər yaşda mənim gənclik dostum idi: təhsil illərində də, sonrakı iş yerində də.

Dünya amansızdı.

Əlvida, mehriban dost!

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.10.