Fikrətin səsi
Elə bil, dünən idi. Opera teatrında hansısa
yığıncaqda çox, çox cavan Fikrət Qoca gur səslə,
təkrarsız ifa tərziylə, təkrarsız “Vals”
şeirini oxuyur.
İlk dəfə Fikrətlə
o gün tanış olduq və o, 60 ildən
artıq bir müddətdə ən sədaqətli, ən
etibarlı dostum oldu.
Fikrət
şair kimi də nadir idi, insan kimi də, dost kimi də,
şeirləriylə poeziyamıza yeni bir ruh, yeni mövzular,
ritmlər, intonasiyalar gətirdi. Ən ciddi mətləblərdən
yazdığı şeirinə belə, incə, mülayim bir
yumor çaları qatırdı.
İnsan kimi elə bil,
dünyaya, insanlara ancaq yaxşılıq etmək
üçün, kiminsə, kimlərinsə
qayğısına qalmaq üçün, kiməsə
yardım əlini uzatmaq üçün gəlmişdi. Heç bir şəxsi
maraq, mənfəət onu inandığı və getdiyi
dürüst yoldan sapdıra bilməzdi.
Dost kimi ən çətin anlarda, insan xisləti
ağır sınaq qarşısında duranda əyilmirdi,
sınmırdı, yaxasını kənara çəkmirdi. Ona ədalətsiz hücum
edənlərə belə, kin saxlamırdı. Dostla dost,
düşmənlə... yox düşməni yox idi, heç
kəsə düşmən gözüylə baxmırdı.
Ağır xəstləliklər keçirdi, amma mətanətlə
bütün ağrılara dözərək Qarabağın
azad olacağı mübarək günü gözlədi. Və
nə yaxşı ki, o günü gördü, dünyadan
nisgilli getmədi.
Hələ çox-çox illər bundan qabaq Heydər Əliyev Moskvada yüksək
vəzifədəykən ağır xəstələnmiş
Fikrətin ən yüksək peşəkar həkimlər tərəfindən
müalicəsini təmin etdi. Faktik olaraq şairə ikinci
ömür bağışladı. Fikrət də bu “qazanc həyatı”
şərəflə yaşadı, Ulu Öndərə dərin
minnətdarlıqla ömür sürdü və Prezident xəstə
olarkən nəcabətin bariz örnəyi kimi “Yaşa,
Prezidentim, yaşa” mahnısının sözlərini
yazdı.
Yazıçılar Birliyinin rəhbərliyində, növ-növ
problemlərlə, təzyiqlərlə, tələblərlə
rastlaşanda öz xeyri naminə, yerini şirin salmaqçun
heç bir güzəştə getmirdi, hər məqamda əsl
kişi kimi davranırdı.
Mərd kişilər haqqında şeirinin “Mərd kişi” qəhrəmanı
elə özüydü.
Neyləməli, dünya fani dünyadı, bir gün gələn bir
gün gedəsidir. Amma insan kimi yaşayan, şərəfli şair
adına layiq ömür sürən, dostun güvəndiyi və
dosta güvənən bir şəxsiyyət kimi Fikrət Qocanın
şeirimizdə də, gündəlik həyatımızda da
yeri həmişə görünəcək. Yerində qalan
boşluğu həmişə hiss edəcəyik.
Fikrət Qocanın şeirimizdən
gələn gur səsi həmişə
qulaqlarımızda səslənəcək.
Əlvida
Fikrət - dostum,
qardaşım, məsləkdaşım, işdaşım,
könül həmdəmim!
Ailəsininin, dostlarının başı
sağ olsun, şeirimizin başı
sağ olsun.
Xalqımızın başı sağ olsun.
Anar
Ədəbiyyat qəzeti.- 2021.-
8 may.- S.9.