Göy kişnər, bulud
ağlar
Bakı Fikrət Qocanı qışdan itkin düşmüş yağışla,
küləklə yola
saldı. Qışın
o soyuq günü, sanki onu aparmağa
gəlmişdi... Yadıma
gəlmir axırıncı
dəfə nə vaxt may ayında belə yağış, külək, soyuq görmüşdüm.
Soyuq məzara
Bakı küləyinin
havasını, Bakı
yağışının damcılarını apardı
Fikrət müəllim. Orda da tək qalmağı
təbiət rəva görmədi...
Canlı olaraq həyatda gördüyüm ilk tanınmış
şair, məşhur
şəxsiyyət idi. Qonşu idik.
Mən Qırxpilləkənin altında,
o isə yüz metr o tərəfdə, məscidin yanında yaşayırdı. Maşınını bizim evin qarşısındakı
dayanacaqda saxlayırdı.
Zoğalı rəngdə
"09" sürürdü o vaxt.. Doxsanıncı
illərin əvvəlindən
danışıram...
Hamı hörmətini saxlayardı, o yaxınlaşan kimi böyüklər də, kiçiklər də söhbətlərini saxlayıb ayağa qalxardılar, hörmətlə salamlaşardılar. O isə sakitcə hər şeyi müşahidə edərdi. Adamları, münasibətləri konfliktləri. Və gördükləri yavaş-yavaş şeirə çevrilərdi.
Mən də onun şeirlərini oxuyardım, sonra özünü kənardan sakitcə müşahidə edərdim. Hətta hansısa bir şeirində bizim küçə ilə bağlı (Yuxarı dağlıq küçəsi) nəsə bir təsvirə rastlaşmışdım, elə qəribə bir uşaq sevinci keçmişdi içimdən. Çünki bizim gözümüzün qabağında olan hansısa bir detal artıq sənət əsərinə çevrilmişdi, şeirləşmişdi. (Heyif ki, indi dəqiq yadımda deyil o şeir.)
Əlbəttə, o vaxt ağlıma da gəlməzdi ki, nə vaxtsa ilk dəfə mənim haqqımda uğurlu yol yazıb şeirlərimi "Ədəbiyyat qəzeti"nə təqdim edən də Fikrət müəllim olacaq.
Həmin vaxtlar bir neçə yaradıcı gənc "Nəfəs" adlı bir qrupda birləşmişdi. Zahir Əzəmət, Samir Sədaqətoğlu, Aqşin Yenisey, Xalid Şürük və b.
Fikrət müəllimin dəstəyi ilə mütəmadi çap olunmağa başladıq, ədəbi mükafatlar aldıq. Düzdü, sonradan "Nəfəs"dəki bir çox gəncin yolları ayrıldı. Lakin hər birinin bioqrafiyasında Fikrət müəllim onlar haqqında ilk yazı yazmış ustad kimi qaldı....
İlk kitabım çıxanda yenə də ona üz tutdum. Nəinki ön söz yazdı, həm də kitabın təqdimat mərasimində özü aparıcı oldu.
İndiyəcən yadımdadı, həmin gün Azdramada Həsən Həsənovun pyesinə ictimai baxış keçirilirdi. Fikrət müəllimi də dəvət etmişdilər. Mütləq getməliydi.
Lakin Fikrət müəllim hələ heç kimin tanımadığı gənc müəllifin qəlbini sındırmadı... Teatra getməyib mənim tədbirimə gəldi, özü idarə elədi, ürək sözlərini dedi, bütün tədbir boyu yanımda oldu.
Sonra uzun illər bir yerdə işlədik. Hamı kimi
mənə də çox köməyi dəydi. Heç bir səhvimizə, yanlış işimizə
əsəbiləşmədi, daha doğrusu, əsəbini, hirsini içinə sıxıb
büruzə vermədi,
yenə başa saldı, sakitləşdirdi,
barışdırdı...
Ağır günlər çox
yaşadı, səhhətilə
bağlı problemlər,
oğlunun qəfil ölümü, başqa gərgin hadisələr...
Lakin ən maraqlısı bu idi ki,
bütün bu ağrı-acı, iztirablar
onun şeirlərinə
yol tapmadı. Daha doğrusu, bu əzabların neqativ enerjisi... Yaşantılarını yazırdı, ancaq
heç vaxt heç bir şeirində neqativ enerji, bədbinlik, çıxılmazlıq hissləri
yox idi.
İndi
müasir yazarların
neqativlə yüklənmiş
qaramat şeirlərini
görəndə bəzən
haqq qazandırıram,
düşünürəm ki, yaşadıqları çətinliklər onların
yazılarına belə
təsir edib, başqa cür yazmaqları mümkün deyil... Lakin Fikrət müəllimin
şeirlərini oxuyanda
fikirləşirəm ki,
onun çəkdikdərindən
artığını çəkməyiblər
ki... deməli, mümkündü. Mümkündü ki, içindəki bütün gərginliyi, əsəbi, neqativ enerjini nə cürsə sıxıb saxlayasan, şeirə sızmağına imkan verməyəsən. Hətta dərddən,
əzabdan da yazanda elə yazasan ki, oxucu
bədbinliyə qapılmasın,
ümid işığını
itirməsin.
Əlbəttə, çətindi. Çox çətindi.
Əksinə, yazıb, içindəki neqativi şeirə boşaltmaq daha asandı. Yazırsan, öz neqativini oxucuya yükləyirsən,
özün isə rahatlaşırsan...
Lakin ağır həyat yolundakı bütün əzabları nəğmələrə
çevirmək üçün
gərək sözün
həqiqi mənasında
qəhrəman olasan...
Həmin
gün az
qala bütün radio dalğaları, telekanallar
Fikrət müəllimin
şeirlərinə bəstələnmiş
mahnıları səsləndirirdi.
Ancaq maraqlı
cəhət o idi ki, repertuar demək
olar ki, dəyişməmişdi. Yalnız
həmin gün hiss elədim ki, demə, biz onilliklər boyu onun şeirlərini
dinləmişik, bəzən
heç şeir müəllifinin kimliyini belə bilmədən qulaq asmışıq, sözlər nəğmələşib
ruhumuza hopub, içimizə bir istilik bəxş edib...
Fikrət müəllimin yaradıcılığı
haqqında onlarca kitab, məqalə, elmi əsər yazılıb, yəqin ki, təzə nəsə demək çətindi. Yalnız bir şeyi dəqiq deyə bilərəm. Fikrət
Qoca məzara getmədi, şeirlərinin,
nəğmələrinin içində
əriyib bulud kimi göyə çəkildi...
Allah rəhmət eləsin...
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.-
2021.- 8 may.- S.9.