Heydər Əliyevlə görüşlər,
söhbətlər...
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsindən istefa verəndən
sonra bir müddət Moskvada yaşadı, 1990-cı ilin iyul
ayında doğma vətəninə - Azərbaycana
qayıtdı.
Onda qardaşı Cəlal Əliyevlə birlikdə
ulu öndəri qarşılamaq üçün aeroporta
getdik. Orada baş verən əhvalatlar barədə
artıq Elmira Axundovanın Heydər Əliyevə həsr
olunmuş "Heydər Əliyev: şəxsiyyət və
zaman" yeddicildlik kitablarında yazılıb və həmin
yazıların içərisində mənim xatirələrim
də var. Əlbəttə, orada dediklərim mənim
görüşlərimi bütün təfsilatı ilə əks
etdirmir. Bəzilərini indi daha yaxşı
xatırlayıram...
E.Axundovanın
romanlarının 5-ci cildində qeyd olunduğu kimi, mən əllərində
Heydər Əliyevin Bakıya gəlməsinə etiraz
şüarları yazılmış transparantlar olan bir qrup
saqqallı, tərbiyədən uzaq, kobud küçə
adamları ilə rastlaşdım və onlara etirazımı
bildirdim. Sonra komendantın yanına getdim (məqsədim
qəzet üçün fakt toplamaq idi), həmin adamlara niyə
təsir göstərmədiyini soruşdum. Komendant
açıq-aşkar dedi ki, "mən nə edə bilərəm,
onlar yuxarının adamlarıdır!".
O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi.
Heydər Əliyevlə VİP salonunda
görüşdüm. Bu mənim onunla ilk görüşüm
idi. Heydər Əliyev məni görəndə
gülümsədi və dedi: "Sən bilirsən ki,
özünü əjdahaların, ilanların içinə atmısan?"
(Heydər Əliyev 1989-cu ildən başlayaraq
onun haqqında müdafiə xarakterli yazılarıma işarə
edirdi). Doğrusu, bu sözlərdən bir az "istiləndim",
soruşdum ki, "mən nə etmişəm?".
Heydər Əliyev də cavab verdi ki,
"soruş, nə etməmisən? O yazılara görə sənə
və ailənə böyük pisliklər edə bilərlər...". Mən də dedim ki, "ədalət
hissi məni susmamağa məcbur etdi...".
Heydər Əliyev yenə gülümsəyərək:
"amma gördüyün kimi, çoxları susdular", -
dedi.
Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər
Əliyev aeroportdan maşın karvanının müşayiəti
ilə qardaşı Cəlal müəllimgilə getdi.
Səhəri gün biz orada Heydər Əliyevlə yenidən
görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza
ilə dilləndi: "Xəbər göndəriblər ki, elə
bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam,
ya da Naxçıvana getməliyəm...".
Sonra birlikdə söhbət edə-edə çay
süfrəsində oturduq. Cəlal müəllimin
rəhmətlik yoldaşı masaya şirniyyat qoymuşdu.
Özü bişirmişdi... Heydər Əliyev
üzünü mənə tutub dedi: "Sən qalx,
masanın başına keç". Dedim ki, "siz olan yerdə
mən başda otura bilmərəm". Heydər Əliyev:
"Bu sözü sənə Heydər Əliyev deyir,
keç orada otur". Mən yenə etiraz edəndə Heydər
Əliyev dilləndi: "Sən böyük kişilik
nümayiş etdirərək məni müdafiəyə
qalxmısan, bu, faktordur. Odur ki, keç
yuxarı başa". O məni dediyi yerdə əyləşməyə
məcbur etdi...
Bir gün sonra Heydər Əliyev Naxçıvana getdi və
telefonla mənə zəng etdilər. Heydər Əliyevin səsini
eşitdim: "Gəl Naxçıvana, özün
yazdıqlarının şahidi ol ki, xalq məni necə
qarşılayır!". Əlbəttə,
mən Naxçıvana getdim və bir neçə gün
orada Heydər Əliyevlə bir evdə qaldım. Gördüm ki, Heydər Əliyevi ziyarət etməyə
gələnlərin ardı-arası kəsilmir. Oradan
qayıdandan sonra "Xalq məhəbbəti... Böhtançıların
aqibəti" adlı böyük bir yazı dərc etdirdim.
Mən, demək olar ki, həftədə bir dəfə
Naxçıvana, Heydər Əliyevin yanına gedirdim. O zaman bizim kimi kənar
adamların Naxçıvana gedişinə hakimiyyətdəkilər
maneçilik törədirdilər. Odur ki, bir dəfə Heydər
Əliyev soruşdu: "Nə əcəb sənə mane
olmurlar?". Cavab verdim ki,
"mən İrana gedəndə pasportumda birillik icazəmin
olması haqqında qeydiyyat etmişlər. Ona görə
də Naxçıvana gəlişimə mane ola
bilmirlər".
Bir neçə gün sonra Heydər Əliyev
Naxçıvanın kəndlərinə camaatla
görüşlərə getməyə başladı və
hər gedişində məni də özü ilə
aparırdı. Kəndlərin birində Heydər
Əliyev gənclik illərindən söz açdı,
valideynlərinin, ailənin kasıb, çətin, keşməkeşli
həyatından danışdı. Bildirdi
ki, tələbə olanda qatarın üçüncü
qatında tozun içində Bakıya gəlib-gedirdi. Çünki pulu çatmadığından həmişə
ucuz bilet alırdı. Bu sözlərdən
hamı təsirləndi, hamımız kövrəldik. Heydər Əliyevin gəncliyi ağır, əzablı
keçmişdi. Bu haqda əvvəllər
yazdığım məqalələrdə qeydlərim
olduğundan burada ətraflı bəhs etmək fikrində
deyiləm. Təkcə Heydər Əliyevin
mənə danışdığı bir-iki faktla kifayətlənmək
istəyirəm.
Bəli, Heydər Əliyev kasıb, lakin mənəvi cəhətdən
çox zəngin bir ailədə dünyaya göz
açmışdı. Valideynlərindən aldığı
yüksək tərbiyə, heç də hamar olmayan həyatı
onun mənəviyyatını da getdikcə
"cilalamış", yüksəklərə
qaldırmışdır. Sonralar öz ailəsi,
balaları ilə birlikdə sadə, təvazökar bir həyat
sürmüşdür.
Heydər Əliyev mənə danışırdı ki,
rəhmətlik Zərifə xanım da çox sadə
qadın, şərəfli bir ana idi. Heydər Əliyev
deyirdi ki, Zərifə xanım ömrü boyu var-dövlət,
daş-qaş aludəçisi olmadı. Ulu
öndər deyirdi ki, "Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsində işləyəndə
əməkdaşlardan biri yanıma gəlib bildirdi ki, o
zamanın məşhur "Klimat" adlı Fransa qadın ətri
gətirilib, sizə neçə ədəd lazımdır?
Dedim qoy, işdən sonra Zərifə xanımdan soruşub,
deyərəm. Axşam Zərifə xanım dedi ki, bir dənə
olsa, bəsdir. Mən də gəldim dedim ki, bir
"Klimat" bəsdir. Əməkdaş gülərək
dedi ki, "işçilər hərəsi 10-15 ədəd
alır, 1 ədəd az deyil?". Ona dedim
evdə bir ədəd istəyirlər, nə edə bilərəm?..".
Heydər Əliyev Zərifə xanımın vəfatını
böyük kədər hissi ilə xatırlayaraq
danışırdı ki, o, Moskvada həyatla vidalaşandan
sonra "salfetkaya" bükülmüş
sırğalarını mənə gətirdilər. Mən həmin
sırğaları Zərifə xanımla evlənəndə
ona bağışlamışdım...
Naxçıvana
növbəti gedişlərimin birində Heydər Əliyev məni
baş nazir Becan Fərzəliyevə təqdim edərək
dedi ki, "jurnalistdir, Bakıdan gəlib".
Becan Fərzəliyev üzümə baxdı,
"xoş gəlmisən" də demədi. O, bir az aralananda mən Heydər Əliyevə dedim:
"Gördünüz də, mənə xoş gəlmisən"
belə demədi. Heydər Əliyev mənə
"gördüm" dedi.
Heydər Əliyev həmişə deyirdi ki,
"insanı tanımaq istəyirsənsə, ona bir vəzifə
ver". O həm
də deyirdi ki, "kreslo insanı bəzəmir, insan kreslonu
bəzəyir".
Heydər Əliyevin Naxçıvanda keçirilən
70 illik yubileyinə Bakıdan çoxlu ziyalılarla birlikdə
getmişdim. Onunla təklikdə xeyli söhbət etdik. Çünki o məni həmişə qəbul etməyə
vaxt tapırdı. Yubileyi münasibətilə
mən Heydər Əliyevə bir kitab
bağışladım, bir qələm. Kitabın
içərisində aşağıdakı misraları
yazdım:
Hələ
qocalmamışam, bilin,
Sıfırı yeddinin yanından silin.
Heydər
Əliyev gülümsədi və dedi: "Bu ki Süleyman
Rüstəmin şeiridir!".
"Bilirsiniz də, mən şair deyiləm" - dedim. Əsas odur ki, sizin xoşunuza gəlsin".
Heydər Əliyev Budapeştə rəsmi səfərə
getmişdi. Müxtəlif ölkələrin prezidentləri ilə
görüşlər keçirirdi. Meksikanın
prezidenti ilə görüş üçün otelin yeddinci
mərtəbəsinə qalxmalı idi. Lift isə gəlmək
bilmirdi. Heydər Əliyev pilləkənlərlə
qalxmağa başladı. Biz də onun
arxasınca qalxırdıq. Birdən Həsən Həsənov
(o vaxt Xarici işlər naziri idi) dilləndi: "Cənab
Prezident, nəzərə alın ki, biz sizin təhlükəsizliyinizə
cavabdeh ola bilmərik. Gözləyin, Vaqif
Axundov gəlsin...". Heydər
Əliyev isə yeyin addımlarla pilləkənləri
qalxmaqda davam edirdi. Bizim çoxumuzun az
qala nəfəsi kəsilmişdi...
Heydər Əliyev Moskvadan vətənə qayıdanda
xalq onu çox alqışlayırdı. Bu
alqışlar vətən oğluna sonsuz məhəbbətin
rəmzi idi.
Görüşlərimizin
birində Heydər Əliyevdən zarafatyana soruşdum:
- Bəlkə
camaata tapşırıblar ki, sizi alqışlasınlar?
O,
gülümsəyərək suala sualla cavab verdi:
- Nəyə
işarə edirsiniz?
-
"Literaturnaya qazeta"nın 1988-ci il 24
sentyabr tarixli sayında dərc olunmuş "Gurultulu
alqışlar" məqaləsinə...
- Sizi
başa düşdüm. Xahiş edirəm,
gördüklərinizi peşə dostlarınıza, daha
doğrusu, vaxtilə məni ləkələməyə
çalışanlara danışın, qoyun
düşünsünlər.
Heydər
Əliyev bu sözləri söyləyərkən onun nə qədər
incik olduğunu hiss etmək çətin deyildi...
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ali Məhkəməsinin
və Respublika Prokurorluğunun orqanı olan "Sosialist
qanunçuluğu" jurnalında işləyirdim. Düz 10 il
Bakıda kirayənişin yaşadığımdan Ədliyyə
Nazirliyində iş yeri üzrə mənzil növbəsində
dayanmışdım və bir neçə il gözləyəndən
sonra siyahıda birinci olmuşdum. Bir gün bildim ki, mənə
çatası mənzili Rusiyada oxuyub yeni işə
götürülən İlham Rəhimova (indi iş
adamıdır) veriblər. Dözməyib, o
zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər
Əliyevə şikayət məktubu göndərdim. Ədliyyə Naziri Nəriman Yusifovun birinci
müavini Zülfüqarov idi, xətrimi də çox istəyirdi.
Mən də ona hörmət edirdim. Məni
çağırıb dedi ki, nazir deyir, ərizəni yaz, get.
Soruşdum niyə? Dedi ki, Heydər
Əliyevə şikayət məktubu yazmısan, ona görə.
Mən ona nazir Nəriman Yusifovla
görüşmək istəyimi bildirdim. Məsləhət
bilmədi, "onsuz da sənin əlindən çox əsəbidir"
- dedi. Mən də ərizəni yazdım, qaldım
işsiz...
1990-cı ildə Naxçıvanda Əliyevlə
görüşlərimin birində gördüm Nəriman
Yusifov məndən əvvəl Naxçıvan MR Ali Soveti sədrinin
qəbul otağındadır. Heydər Əliyev
ondan əvvəl məni kabinetinə dəvət etdi.
Soruşdu ki, "sənin keçmiş nazirin hələ də
gözləyir?". Dedim "bəli,
gözləyir". Dedi "mən onu qəbul etməyəcəm.
O, Moskvada çoxlu otellərə rəhbərlik edir. İndi
məndən iş istəməyə gəlib. Yadındadır,
sən mənə işdən çıxmağın
haqqında bir əhvalat danışmışdın.
İndi gördün, "örkən necə doğanaqdan
keçir?". Beləliklə,
mən Heydər Əliyevin dövründə işsiz və mənzilsiz
qalmışam. Deməli, Heydər
Əliyev təqsirkardır? O mənə iş,
mənzil verməli idi? Yaxud, gərək mən
də onun haqqında tənqid yazaydım?
Bir
gün peşə yoldaşlarımdan (beləsindən mənə
yoldaş olmaz...) biri dedi ki, "burnunun ucunda nəsə qara
var". Mətbəədən təzəcə
çıxmışdım, əllərim
qaralmışdı, fikirləşdim, yəqin, əlimdən
burnuma qara dəyib. Güzgüyə baxmaq istəyəndə
o, istehza ilə gülümsəyib dilləndi: "Mən
zarafat edirəm, burnunda qara-zad yoxdur. Görürsən,
burnunun ucunu görə bilmirsən". "Kolleqam"
Heydər Əliyevlə əlaqədar yazılarıma
işarə etdiyini bildirdi və mənə "burnumun ucundan
qabağı görməyi" məsləhət bildi.
Mən də cavab verdim ki, "ay bədbəxt, burnunun ucunu
qoruya-qoruya hara gedirsən, axı?".
Bədxahları deyir və yazırdılar ki, Heydər
Əliyev Bakıda "Brejnevə ev" tikdirib. Lakin Azərbaycanın
paytaxtında azərbaycanlılara layiq qonaq evi tikilib ki, həmin
evdə çoxlu xarici və sovet qonaqları, o cümlədən
Brejnev də qalıb. Ə.Vəzirov Azərbaycan KP
MK-nın birinci katibi olarkən həmin qonaq evini "Nikah
sarayı"na çevirib. Lakin
bu bina nikah sarayı üçün qətiyyən
yaramırdı, odur ki, sensasiya xatirinə onu nikah sarayına
çevirəndən sonra təzə evlənənlər
binanın ancaq birinci mərtəbəsindən istifadə
etmiş, yuxarı mərtəbələr isə bağlı
qalmışdır. İranın prezidenti
Rəfsəncani Bakıya gələndə həmin binada
qalmış, binanın üstündə İran
bayrağı asılmışdı. Belə
çıxır ki, İranın prezidenti nikah sarayında gecələmişdir
(?!). Sonralar binadan yenə qonaq evi kimi istifadə
olunmağa başlanmışdır...
Heydər Əliyev Siyasi Bürodan
uzaqlaşdırılandan sonra Moskva mətbuatı onu tamamilə
unutdurmağa çalışırdı. Görün,
"Naçalo" qəzeti müxbirlərinin Heydər
Əliyevlə o zamankı müsahibəsinin sonunda,
redaksiyanın şərhində nə yazılırdı:
"Rəsmi dövlət orqanı olan "İzvestiya"da
1980-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini olanda Heydər Əliyevin adı 60 dəfə, 1987-ci
ildə 15 dəfə, "pensiyaya çıxması ilə əlaqədar"
axırıncı iş yerindən azad olunandan sonra cəmi
bir dəfə çəkilib. 1989-cu ildən isə Əliyev
soyadı qəzetin səhifələrindən birdəfəlik
yox olubı... Hansı ki, son illərə kimi o, partiya
orqanlarında ikinci adam sayılırdı...".
Respublika qəzetlərində və mərkəzi mətbuatda
Heydər Əliyevə saysız-hesabsız iftiralar
atırdılar. Özü də böhtanlar, uydurmalar təkcə
Heydər Əliyevə qarşı deyil, onun bütün ailəsinə,
qohumlarına qarşı yönəldilirdi. Yazıların hamısında qərəz, kin,
intiqam açıq-aydın hiss olunurdu. "Kommunist"
qəzetinin 3 yanvar 1989-cu il tarixli
sayında dərc olunmuş "Həqiqətin
qılıncı" adlı məqalədə
yazılırdı: "...Yadınızdadırmı. Heydər
Əliyev bir milyon ton pambıq təhvil verdiyi il
özümüzü bükməyə kəfənlik ağ
tapmadıq. Yorğan astarını sökməyə
məcbur olduq".
Əvvəla,
heç bir adam sağlığında
özünü kəfənlik ağa bükmək istəməz.
Belə çıxır ki, ölənlərin ailələri
yorğan astarını sökürdülər! Bu ki xalqa təhqir
idi! Mən 1992-ci il həftəlik "Dədəm Qorqud"
qəzetində dərc etdirdiyim "Oyuna son
qoyulmalıdır" adlı məqaləmdə
yazırdım: "İndi necə, "kəfənlik
ağ" tapılır?".
Heydər Əliyev minlərlə insana çox
yaxşılıqlar etmiş, çoxlarının əlindən
tutmuş, çoxlarına kömək göstərmişdir. Onun ədəbiyyat,
incəsənət xadimlərinə daim xüsusi diqqət və
qayğı göstərdiyi bütün xalqımıza məlumdur.
O mənə nəinki xüsusi diqqət və qayğı
göstərmiş, sözün əsl mənasında, həyata
qaytarmışdır.
1999-cu ildə ürək ağrılarım
başlamışdı. Onda Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərində Azərbaycan Respublikasının
Baş konsulu vəzifəsində işləyirdim. Həkimlər "anjo" deyilən tibbi müayinədən
keçməyimi məsləhət gördülər. Mən isə onlara Bakıya gedib-gələndən
sonra müayinədən keçəcəyimi bildirdim. Bir neçə gün Bakıda qalandan sonra
eşitdim ki, cənab Heydər Əliyev Klivlenddə ürək
əməliyyatından sonra Türkiyənin Antalya şəhərində
dincəlir. Mən də ora getdim. Heydər Əliyevlə görüşdüm.
Axşam Heydər Əliyevlə gəzintiyə
çıxarkən onun cəld yerişlərlə bizi arxada
qoyduğunu gördüm. "Cənab Prezident, necə əməliyyat
keçirmisiniz ki, sizə çata bilmirik?" - deyə soruşdum. Heydər Əliyev
gülümsəyərək "siz də adınızı
cavan qoymusunuz", - dedi. Heç demə, Heydər
Əliyev həkimlərin tapşırığını
yerinə yetirirmiş. Və hər gəzintidən sonra
onun nəbzini yoxlayırmışlar...
Ürək ağrılarım və sabahı gün
"anjo" ediləcəyim barədə heç kimə
heç nə demədim. İstanbula
qayıdıb Alman xəstəxanasında müayinədən
keçdim və o dəqiqə də məni xəstəxananın
reanimasiya şöbəsinə göndərdilər. Bildirdilər ki, ürək damarlarımın
üçü kirəclənib, qanın işləməsinə
mane olur. Bu da qorxulu və ağır vəziyyət
hesab edilir. Ona görə də iki saatdan
sonra ürəyimdə şuntlama əməliyyatı
aparılmalıdır. Mən də
razılıq verdim. Başqa əlacım
yox idi. Ailəm, konsulluğun əməkdaşları
tələsməməyimi, bir qədər gözləməyimi
məsləhət görsələr də, onlara fikir vermədim.
Lakin ürəyimdə əməliyyat aparacaq həkimin
"bəlkə də əməliyyatdan sağ
çıxmadı, vəziyyəti çox
ağırdır" deməsini eşidəndə əməliyyat
haqqında razılığımı geri götürdüm
və Antalyaya, Heydər Əliyevin qaldığı iqamətgaha
zəng vurdum. Telefonun dəstəyini o
zaman Prezidentin Mühafizə Xidmətinin rəisi olan Vaqif
Axundov qaldıraraq məni dinlədi və Heydər Əliyevə
məlumat verildi. Mən telefonda gözləyirdim.
İki-üç dəqiqədən sonra
bildirdilər, Heydər Əliyev deyir ki, Nazirlər Kabinetinə
tapşıracağam, əməliyyat üçün vəsait
ayırsınlar. İstəyər Klivlendə
getsin, istəyərsə, Londonda əməliyyat etdirsin.
Mən də Londona gedib Kromvel klinikasında əməliyyat
etdirdim. Əlbəttə, ayrılan məbləğ Azərbaycanın
Londondakı səfirliyinə
köçürülmüşdü və Heydər
Əliyev bu yardımı göstərməsəydi, indi həyatda
yox idim...
Mən sadə kənd müəlliminin ailəsində
dünyaya göz açmışam. Heç zaman arxamda
heç kimim olmayıb. Əzablı
yollardan keçmişəm. Təkcə
Heydər Əliyevdən arxa, kömək görmüşəm.
Onun ölkə Prezidenti olduğu dövrdə
millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə
təyin edilmişəm. Birinci dərəcəli
Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini
almışam. İlk kitablarım da Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə
çap olunmuş, pyesim Akademik Milli Dram Teatrında
tamaşaya qoyulmuşdur. R.Behbudov adına
Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev
sarayında əsərlərimdən ibarət "Satira gecəsi"
keçirilmişdir. Əziyyətimin bəhrəsini görəndə
az da olsa, sevinmişəm. Ona
görə də qəlbimdə həmişə Heydər
Əliyevə minnətdar olmuşam.
İndi də həmin missiyanı Heydər Əliyevin
siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yerinə yetirir. Həmin diqqət, həmin
qayğı...
Biz Heydər Əliyevi hər gün yenidən
tanıyırıq. Hər yeni uğurumuz, nailiyyətimiz o
böyük insanı daha dərindən dərk etməyimizə
əsas verir. Qələbə silsilələrimiz uzandıqca
isə hər dəfə Heydər Əliyevi yenidən
tanıyacaq və yenidən dərk edəcəyik. Ona görə
də bu gün Heydər Əliyevə qiymət vermək
çətindir. Çünki onun xidmətlərini, fəaliyyətini
malik olduğu ucalıqda qiymətləndirməyə hələ
hazır deyilik. Zaman keçdikcə bu ucalığı daha
yaxından görə biləcəyik. Zaman isə həmişə
Heydər Əliyevin xeyrinə işləyib!..
Xeyrəddin QOCA
yazıçı-dramaturq
Ədəbiyyat qəzeti.- 2021.- 8 may.- S.4-5.