Heydər Əliyevin
"gördüyü" Səməd Vurğun...
Dövlətlərin tarixən
uzunömürlüyünü təmin etmiş milli-mənəvi
dəyərlərin, o sıradan ədəbiyyatın da
müstəqil Azərbaycan dövlətçiliyinin təməl
prinsipləri statusu qazanması, məlum olduğu kimi, ulu
öndər Heydər Əliyevin idarəçilik sisteminin
prioritetini təşkil etmişdir. Lakin, prosesə ədəbiyyatın
daha aktiv və əhatəli cəlb edilməsi onun idarəçilik
sistemi ilə yanaşı, ömürlüyü və maraq
dairəsi,ədəbiyyata tükənməz
sevgisi ilə də bağlı olmuşdur. Ədəbiyyatı
uşaqlıqdan çox sevdiyini, hələ orta məktəbdə
oxuyarkən Azərbaycan şairlərinin,
yazıçılarının bütün əsərlərini
sevə-sevə oxuduğunu görkəmli siyasətçi dəfələrlə
etiraf etmişdir.
Şübhəsiz,
H.Əliyevin ədəbiyyat sevgisi bütövlükdə Azərbaycan
ədəbiyyatını qapsamış və o, Azərbaycana
rəhbərliyi dövründə də ümumilikdə ədəbiyyatımızı,
eləcə də ədəbiyyatımızın
inkişafında xidmətləri olan bütün
yazıçı və şairlərimizin müxtəlif
üsullarla təbliğinə, geniş miqyasda
tanıdılmasına (adlarının əbədiləşdirilməsi,
yubileylərinin keçirilməsi, əsərlərinin müxtəlif dillərdə nəşri və
s.) böyük imkanlar yaratmışdır. Lakin
bununla bərabər, bir fərd olaraq bu böyük şəxsiyyətin
xüsusi rəğbət bəslədiyi şair və
yazıçılar, eləcə də daha çox dəyərləndirdiyi
və sevdiyi əsərlər də olmuşdur. Bu
azsaylı şair və yazıçıların
sırasında xalqımızın XX əsrdə yetirdiyi təkrarsız
yaradıcı şəxsiyyət-planetar adam, öz poetik məktəbini
yaratmaq qüdrətinə sahib olmuş ustad sənətkar, Azərbaycanın
ilk Xalq şairi və ilk akademiklərindən biri, gözəl
dramaturq, böyük alim və səriştəli tərcüməçi,
nüfuzlu ictimai xadim Səməd Vurğun, daha çox sevilən
əsərlərin içərisində isə onun "Azərbaycan"
şeiri də var. Həqiqət naminə onu da xatırladaq
ki, əsərlərinə daha çox önəm verdiyi sənətkarlarla
müqayisədə də H.Əliyevin S.Vurğun şəxsiyyəti
və yaradıcılığına münasibəti daha
özgür və munis olmuşdur: H.Əliyevin S.Vurğun
haqqındakı fikirləri, böyük sənətkarın,
təkcə əsərlərini mütaliəsinə yox,
şəxsi müşahidələrinə də əsaslanır.
S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə
desək, "gənclik illərinin şairi" olub. O
illəri H.Əliyev belə xatırlayır: "Biz gənclər
vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən
özümüzü xoşbəxt hesab edirdik. Biz
özümüzü xoşbəxt hesab edirdik ki, Səməd
Vurğunu haradasa gördük, dinlədik, eşitdik".
Böyük şairə xalqımızın hədsiz məhəbbət,
hörmət və ehtiram göstərməsinin şahidi
olmuş H.Əliyev "gənc yaşlarından şairin əsərlərini
maraqla oxumuş" və bu əsərlər onun "bir
insan kimi formalaşmasında, təhsilində, əxlaqında,
mənəviyyatında çox böyük rol
oynamışdır". H.Əliyev
S.Vurğunun əsərlərindən "bəhrələndiyini,
onlardan mənəvi qida aldığını" səmimiyyətlə
dilə gətirmiş, bu böyük şəxsiyyətin
"ümumilikdə o dövrün gəncləri
üçün nümunə-xalqına, millətinə,
ölkəsinə, vətəninə sədaqətlilikdə
nümunə" olduğunu diqqətə
çatdırmış, sonralar özü səlahiyyət
sahibi olarkən qədrşünaslıq göstərərək,
onun "ədəbi irsinə Azərbaycanda hörmətlə
yanaşılması və ondan istifadə edilməsi
üçün lazımi tədbirlər"
görmüşdür. Doğrudan da, şairin Bakıda
ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80 və 90
illik yubileylərinin təntənəli surətdə
keçirilməsi və bir çox başqa tədbirlər,
məhz, H.Əliyevin təşəbbüsü ilə
reallaşmışdır.
Əsərlərinə önəm verdiyi digər sənətkarlardan
fərqli olaraq H.Əliyevin S.Vurğuna böyük ehtiramı
və sevgisi qarşılıqlı olaraq şairin
övladlarının timsalında da davam etmiş. Ümumilikdə
götürsək, H.Əliyev S.Vurğun
yaradıcılığı və şəxsiyyətinə
daha çox müraciət etmiş, əsərlərinin
aktuallığını bu gün də qoruduğunu dəfələrlə
isbatlamış, onların gənclərin tərbiyəsində
oynadığı rola xüsusi önəm vermişdir.
Həqiqət naminə bir fakt da etiraf edilməlidir:
H.Əliyev, S.Vurğunun, təkcə ədəbi irsinə
yox, şəxsiyyətinə də hörmətlə
yanaşılmasından ötrü əlindən gələni
əsirgəməmiş, ona qarşı irəli sürülən
haqsız ittihamların layiqli cavabını vermişdir...
***
H.Əliyev şairin əsərlərini təhlilə cəlb
etməzdən əvvəl onların yarandığı
dövrün xüsusiyyətlərinə diqqət yönəldir. Onların
yarandığı, başqa sözlə, şairin
yaşadığı dövrün həddindən artıq
mürəkkəb, ziddiyyətli, hətta, qorxulu olduğunu
diqqətə çatdırır. Başlıca
səbəbi XX əsrin özünün bütövlükdə
bəşər tarixində çox ziddiyyətli, mürəkkəb
proseslər əsri olması ilə əlaqələndirir.
Qarışıq bir dövrdə
yaşamasına baxmayaraq, S.Vurğunun-bu vətənpərvər
və cəsarətli şairin milli-mənəvi dəyərləri
ehtiva edən əsərlər yaza, xalqına ləyaqətlə
xidmət edə bilməsini yüksək dəyərləndirir.
Deyir ki,"Belə bir dövrdə yaşamaq, yaratmaq və
yüksək yaradıcılıq səviyyəsinə
çatmaq hər bir insana nəsib ola bilməzdi.
Səməd Vurğun öz dövrünün,
zəmanəsinin mühitində, çərçivəsində
yazıb-yaradıb və Azərbaycan xalqı
qarşısında əvəzsiz xidmətlər göstəribdir,
Azərbaycan ədəbiyyatını, mədəniyyətini,
dünya ədəbiyyatını zənginləşdiribdir.
Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik
olan istedadı, eyni zamanda ən gənc yaşlarından
yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir
zamanda xalqımızın sevimli şairinə
çevirmiş və o, həm Azərbaycanda, həm də
bir çox xarici ölkələrdə tanınmış,
sayılan bir insan olmuşdur".
H.Əliyev ustad şairin irsinə yanaşmada ortaya
qoyduğu konsepsiyanın optimallığını əsaslandırmaq
üçün S.Vurğun ilə yanaşı,
keçmiş sənətkarlarımızın
yaşadığı, yazıb-yaratdığı dövrə
də diqqət yönəldir, paralellər aparıb, analoji məqamları
üzə çıxarır. Deyir ki, "Səməd
Vurğun böyük şairdir. Şərq
aləmində şair həmişə ən yüksək
hörmətə layiq olubdur. Səməd
Vurğun isə öz dövrünün şairlərinin
şairi olubdur.
Səməd Vurğunun bütün əsərləri Vətənə
məhəbbətlə, Azərbaycana, xalqımızın
dilinə, milli ənənələrinə məhəbbətlə
doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə
edən, onun əsərlərinin əsas mənası və məzmunu
bax, budur.
Şübhəsiz ki, Səməd Vurğunun əsərləri
öz dövründə yazılıbdır. O dövrün hökmü,
tələbləri Səməd Vurğunun əsərlərində
də öz əksini tapıbdır. Bu gün
heç kəs buna görə Səməd Vurğunun əvəzindən
üzr istəməməlidir. Səməd
Vurğunun bütün əsərləri ilə Azərbaycan
xalqı əvvəldən axıradək fəxr edir, bundan
sonra da fəxr edəcəkdir".
Səməd
Vurğunun "Komsomol", eləcə də "Zamanın
bayraqdarı" poemasında da öz əqidəsinə sadiq
qaldığını, eyni zamanda yüksək şeir sənəti
nümayiş etdirdiyini diqqətə çatdıran
H.Əliyev əlavə edir ki, "Şərqdə həmişə
şair böyük hörmətə layiq olubdur və hər
bir şair öz dövrünün aşiqi olubdur, öz
dövrünü yazıbdır. Biz buna görə
keçmiş əsrlərin heç bir şairinə hər
hansı bir mənfi münasibət göstərə bilmərik
və kimisə qınaya bilmərik. Səməd
Vurğunu da heç kəs qınaya bilməz ki, o şeirləri,
o poemaları yazıbdır".
H.Əliyev S.Vurğunu "öz dövrünün
şairlərinin şairi" adlandırmaqla həm
"dövrün hökmü"nün şairin əsərlərində
yer aldığının təbii olduğunu təsdiqləyir,
həm də onun ədəbi nüfuzunu-müasirləri
arasındakı yerini diqqətə çatdırır.
Az ömür
yaşamasına baxmayaraq, "40 illik bir dövrdə Azərbaycan
xalqının və dünyanın bir çox
xalqlarının dilindən düşmədiyinə"
görə S.Vurğunu "xoşbəxt taleli sənətkar"
adlandıran H.Əliyev daha sonra bugünkü Azərbaycanı
obrazlı şəkildə əzəmətli, böyük
bir binaya bənzədir və bu binanı kərpic-kərpic
ucaldanların indiyə qədər yaşamış,
yazıb-yaratmış insanlar olduğunu xatırladır, bu
günkü müstəqilliyimizə görə də həmin
şəxslərə və onların "ən görkəmlisi"
olan S.Vurğuna minnətdar olmağın zəruriliyini bir daha
vurğulayır. Deyir ki,"Bu binaya hərə öz
payını qoyubdur: kimi çox, kimi az. Amma, bu insanların
tam əksəriyyəti Azərbaycanı daim qurmağa,
yaratmağa və inkişaf etdirməyə
çalışmışdır. Onlardan da ən
görkəmlisi byük şairimiz Səməd Vurğundur.
Səməd Vurğun öz yaradıcılığı,
əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr
Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən
biri olubdur. Biz Səməd Vurğun ilə
fəxr edirik".
H.Əliyev
çıxışının sonunda
azadlığını əldə etmiş
xalqımızın dövlət müstəqilliyi kimi
S.Vurğun ruhunun daşıyıcısı olan əsərlərinin
əbədi yaşayacağına da əminliyini bildirir:
"Biz Səməd Vurğunun ruhu qarşısında baş
əyərək deyə bilərik: əziz şairimiz, sənin
canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil
dövlətdir. Sənin canın qədər
sevdiyin xalqın bu gün azaddır. Bu
gün mən bir daha bəyan edirəm ki, biz Səməd
Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik.
Müstəqil Azərbaycan yaşayacaq, Azərbaycanın
dövlət müstəqilliyi əbədi, dönməz
olacaqdır. Xalqımız daim sərbəst,
öz taleyinin sahibi olacaqdır".
H.Əliyev bir çox çıxışlarında,
yuxarıda da qeyd etdiyimiz kimi, keçmiş ədəbi-mədəni
irsimizi, klassiklərimizi, o sıradan sovet ədəbiyyatını
inkar edənlərə qarşı da etirazını
bildirmişdir.
O, S.Vurğunun 90 illik yubileyindəki nitqində problemə
kifayət qədər aydınlıq gətirməsinə
baxmayaraq, bir il sonra (26 mart 1998)- S.Rüstəmin
90 illiyində bu xoşagəlməz tendensiyaya yenidən
münasibət bildirməli olur, həm də daha sərt və
kəskin şəkildə. Eyni zamanda
S.Vurğunla yanaşı, onun qələm
yoldaşlarının, başqa sözlə, tariximizin, mədəniyyətimizin,
ədəbiyyatımızın-milli dəyərlərimizin
müdafiəsinə qalxır. Sovet
dövründə yazıb-yaratmış şair və
yazıçıların, mədəniyyət xadimlərinin
yaradıcılığının "o dövrdə baş
verən proseslər çərçivəsində təhlil
edilməsi və qiymətinin verilməsini" bir daha diqqətə
çatdırır.
S.Vurğuna qarşı irəli sürülən
ittihamlardan biri də, qəribə səslənsə də,
onun repressiyadan sağ çıxmasıdır. Ümumilikdə
yanaşdıqda isə S.Vurğunla bağlı zərərli
və yanlış mülahizələr repressiya qurbanları,
xüsusilə də H.Cavid və M.Müşfiqlə
müqayisədə təqdim edilir. Bu səbəbdən
də H.Əliyev çıxışında 1920-1930-cu illərin
ağır repressiya illərini yada salır və həmin faciəni
xalqımızın ürək ağrısı ilə
xatırladığını diqqətə
çatdırır, repressiyadan qurtula bilənlərin isə mədəniyyətimizi,
ədəbiyyatımızı, təhsilimizi, həyatımızın
başqa sahələrini yaratdıqlarını, inkişaf
etdirdiklərini şükranlıqla yada salır. Deyir ki, "Bəli, biz Hüseyn Cavidin, Mikayıl
Müşfiqin və bizim başqa görkəmli şəxslərin
repressiya qurbanları olması haqqında on illərdir ki,
böyük ürək ağrısı ilə
danışırıq. Onlar əlimizdən
getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı,
elmimizi, mədəniyyətimizi kim
yaradacaqdı?
İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd
Vurğunu da həbs edib öldürəydilər, Rəsul
Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda deyərdilər
ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə
ağlayacaqdıq. Yenə də deyirəm,
biz Allaha şükür etməliyik ki, belə insanlar o
ağır dövrdə o xatalardan qurtara bildilər.
Əgər 30-cu illərdə o itirdiklərimizlə
yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman
Rüstəm və bizim o nəsildən olan görkəmli
başqa şairlərimiz olmasaydı, onlar
yazıb-yaratmasaydılar, o əsərlərimiz olmasaydı,
indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı,
mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd
Vurğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz
də təsəvvür edə bilmirəm".
H.Əliyev
çıxışının davamında
keçmişimizi inkar edənləri, ləyaqətli
ziyalılarımıza ləkə yaxanları
"düşmən", "nankor" və
"nadürüst" adlandırır və cəmiyyətimizi
belələrindən qorumağı tövsiyə edir. Deyir
ki,"Əgər, kimsə 80-ci illərin axırlarında,
90-cı illərin əvvəllərində tariximizin
böyük bir hissəsini cırıb atmaq istəyirdisə
və bəzən onlar buna nail olurdusa, özləri heç
bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət
etmiş insanları aradan çıxarmağa
çalışırdılarsa, bunlar keçici bir
şeydir. Gördünüz ki, onlar keçdilər,
getdilər. Bu gün onu deyə bilərəm ki,
Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza
kimi böyük şairlərə, onların
yaradıcılığında bugünkü günə
uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq,
hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət,
ölkə üçün heç bir şey etməyiblər.
Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd
Vurğunun, nə Rəsul Rzanın, nə Süleyman Rüstəmin
dırnağı qədər də ola bilməzlər".
Bəzi
qüvvələr tərəfindən milli-mənəvi dəyərlərimizin
məqsədli olaraq aşağılandığı, vətənimizə
və xalqımıza ləyaqətlə xidmət etmiş bir
çox ziyalımızın, eləcə də S.Vurğun
irsi və şəxsiyyətinin də yaşadığı
dövrün kontekstindən kənar-qərəzli dəyərləndirildiyi,
daha doğrusu, dəyərsizləşdirilməyə cəhd
edildiyi son illərdə H.Əliyevin bu mövqeyi həm
şairə, həm də digər sənətkarlara
qarşı hücumların qarşısına çəkilən
dayanıqlı bir sədd-sipər, həm də əsərlərinə
obyektiv elmi yanaşma meyarı kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, Azərbaycan və azərbaycançılıq
mövzusu S.Vurğun yaradıcılığının əsas-ana
xəttini təşkil edir. Onun əsərlərinin
baş mövzusu, baş qəhrəmanı, mütəxəssislərin
də təsdiq etdiyi kimi, Azərbaycandır.Vətənin-Azərbaycanın
Ana ilə eşləşdirilməsi də (Anam-doğma Vətənimsən!)
başlanğıcını S.Vurğunun "Azərbaycan"
şeirindən götürür. Bu əsərdəki
Vətən sevgisini ulu öndər də yüksək dəyərləndirir.
Şeirin "dillər əzbəri"
olduğunu vurğulayan H.Əliyev deyir ki, "O qısa
sözlərdə o qədər dərin məna var ki, həmin
sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən
öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini,
sevgisini, sədaqətini ifadə edir".
H.Əliyevin çıxışlarından birində, məhz,
"Azərbaycan" şeirini söyləyərkən
kövrəlməsi də təsadüfi deyildi. Bu fakt ulu öndərin ustad
şairin şəxsiyyəti və
yaradıcılıgına böyük sevgisindən xəbər
verir...
Həqiqət
naminə bir ədəbi-tarixi fakt da etiraf edilməlidir:
"Azərbaycan" adında və mövzusunda nə qədər
əsərlər qələmə alınsa da, sözün həqiqi
mənasında dillər əzbərinə, "Vətən
haqqında poetik himn"ə, dastana, Azərbaycanın
"vizit vərəqi"nə, məhz, S.Vurğunun "Azərbaycan"ı
çevrilmişdir. Səksən beş
ildən artıqdır ki, azərbaycanlı körpələr
"Azərbaycan" şeiri ilə dil açır. "Azərbaycan" şeiri deyəndə yada, məhz
S.Vurğunun "Azərbaycan"ı düşür və
uşaqlara "Azərbaycan" şeirini söylə deyə-müraciət
etdikdə şeirin müəllifinin adını çəkməyə
ehtiyac qalmır. Onlar, məhz S.Vurğunun
"Azərbaycan"ını söyləyirlər.
H.Əliyev S.Vurğunun dram əsərləri, onların
səhnə həlli, aktyor oyunu haqqında da bir ədəbiyyatşünas,
hətta, teatrşünas kimi də orijinal fikirlər söyləmişdir. Onun
"Vaqif" mənzum dramı haqqındakı qənaətləri
həm filoloji elmimizdə, həm də Azərbaycan
teatrşünaslığında bir çox aspektdən yeni
görünür. "Vaqif"in S.Vurğunun
çoxşaxəli yaradıcılığında "ən
görkəmli yer" tutduğunu, onun əsasında
hazırlanmış tamaşanın isə "Azərbaycan
teatrını daim inkişaf etdirdiyini, XX əsr ədəbiyyatımızın,
mədəniyyətimizin tarixində ən ciddi hadisələrdən
biri" olduğunu diqqətə çatdıran H.Əliyev əsərin
başlıca məziyyətlərini "Azərbaycan
xalqının tarixinin böyük bir hissəsini əks etdirməsi
və eyni zamanda sadə, ürəyəyatan misralarla dərin
fəlsəfi fikirlər ifadə etməsi"ndə
görür: "Səməd Vurğunun bütün
yaradıcılığında ən görkəmli yer tutan
onun "Vaqif" tarixi mənzum dramıdır və Azərbaycan
milli teatrında onun əsasında yaranmış
"Vaqif" tamaşasıdır. Bu gün tam qətiyyətlə
demək olar ki, böyük Səməd Vurğunun 60 il bundan əvvəl
yaratdığı və teatrımızı daim inkişaf
etdirən "Vaqif" pyesi XX əsr mədəniyyət, ədəbiyyat
tariximizdə ən görkəmli yer tutubdur".
H.Əliyev "Vaqif" dramına qədər Vaqif kimi
görkəmli bir şəxsiyyəti Azərbaycan
xalqının tanımadığını da
xatırladır və əlavə edir ki, "Vaqif" əsəri
Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini
tanıdan əsərdir. Etiraf etməliyik ki, Səməd Vurğunun
"Vaqif" əsəri yarananadək Molla Pənah Vaqif
xalqın arasında geniş təbliğ olunmamışdı
və xalq onu o qədər də tanımırdı...Vaqifi
geniş tanıtmaq, onu xalqa daha da yaxınlaşdırmaq,
Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa
göstərmək və Vaqifi xalqa doğma etmək -
bunların hamısını Səməd Vurğun etdi. Bu gün biz Vaqifin şəkillərini, heykəlini
görürük. Amma həqiqətdə
Vaqifin fotoşəkili olmayıbdır. Vaqifin
şəklini də Səməd Vurğun və Vaqif rolunu
oynayan böyük sənətkarımız, aktyorumuz Ələsgər
Ələkbərov və Azərbaycan Dövlət Dram
Teatrı yaratmışlar".
H.Əliyev
daha sonra özünün də "S.Vurğunun yolu ilə
gedərək", Vaqifin adını əbədiləşdirmək
üçün ölümündən 200 il sonra
Şuşada, Cıdır düzündə, onun qəbri
üzərində böyük bir məqbərə
ucaltdırdığını və "həmin məqbərədə
Səməd Vurğun, Azərbaycan Teatrı və Ələsgər
Ələkbərov tərəfindən yaradılmış
Vaqif surətinin heykəlini qoydurduğunu"
xatırladır.
H.Əliyev
başqa bir maraqlı məqama da toxunur-1937-ci ilə-"Vaqif"
dramı yazılana qədər Azərbaycanda "Vaqif"
adı daşıyan adamların ya olmadığını, ya
da az olduğunu yada salır: "Bəlkə
də hamı güman edir ki, Azərbaycanda geniş
yayılmış "Vaqif" adı elə dövri-qədimdəndir.
Amma, "Vaqif" əsəri meydana çıxandan sonra
insanlar Vaqifi, yəni, Səməd Vurğunun
yaratdığı Vaqif obrazını o qədər sevdi ki, həddindən
çox ailə yeni doğulan övladlarına Vaqif adı
verdi. Bilirsiniz, bu təhlili genişləndirmək,
bu barədə daha geniş fikirlər, mülahizələr
söyləmək olar. Ancaq mən bu məqamları
xatırladıram ki, Səməd Vurğunun
yaradıcılığının nə qədər dərin
iz buraxdığını bu gün biz bir daha dərk edək".
H.Əliyevin S.Vurğunun 90 illik yubileyi münasibətilə
səhnələşdirilən "Fərhad və Şirin"
dramı, onun səhnə həlli haqqındakı fikirləri
də böyük maraq doğurur. Tamaşadan sonra aktyorlarla
görüşündə əsərdəki psixoloji məqamlara,
fəlsəfi fikirlərə, yüksək şeiriyyətə
toxunan H.Əliyev tamaşanı hazırlayan
kollektivin-rejissorların, tərtibatçıların işini
yüksək dəyərləndirir, əsərin məzmununu,
ideyasını başa düşmək üçün
kollektivin çox böyük məharət, sənətkarlıq
nümunəsi göstərdiyini diqqətə
çatdırır. Tərtibatın
"çox gözəl, qeyri-adi və çox
maraqlı" olduğunu, eləcə də tamaşanın
"tərtibatı və quruluşunun bir-biri ilə ahəngdar
vəhdət təşkil etdiyini" vurğulayan ümummilli
lider aktyorların oyununu əvvəlkilərin oyunu ilə
müqayisə edir, hər birinin xarakterik xüsusiyyətlərini
bir teatr mütəxəssisi kimi üzə
çıxarır və hər birinin ifasını yüksək
dəyərləndirir.
H.Əliyev S. Vurğunun Azərbaycan şeir dilinin
saflaşdırılması sahəsindəki xidmətlərini,
şeir dilimizə gətirdiyi yenilikləri də yüksək
dəyərləndirir. S.Vurğunun və M.P.Vaqifin dili
arasında müqayisələr aparır. XVIII əsr
poeziyamızda Vaqifin "yeni bir yol
açdığını-şeir dilini xalq dilinə daha da
yaxınlaşdırdığını, xalqın
bütün təbəqələrinin onun yazdığı
bütün şeirləri həm anlaya bildiyini, həm də
sevdiyini" diqqətə çatdırdıqdan sonra
S.Vurğunun şeir dilimizə gətirdiyi yenilikləri-onun Azərbaycan
klassiklərinin ənənələrini davam etdirərək,
müasir şeir dilimizi inkişaf etdirib, daha yüksək səviyyəyə
qaldırdığını xatırladır, əlavə
edir ki, "Səməd Vurğunun şeiri Azərbaycan dilini
zənginləşdiribdir, inkişaf etdiribdir, Azərbaycan
dilini hər bir azərbaycanlı üçün doğma,
sevimli, şirin edibdir. Bu da Səməd
Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi
xidmətlərdən biridir".
S.Vurğun, məlum olduğu kimi, Azərbaycan Elmlər
Akademiyasının yaradılmasının təşəbbüsçülərindən,
təsisçilərindən (1945) və ilk akademiklərindən
biri olmuş, daha sonra (1954) Akademiyanın vitse-prezidenti
seçilmişdir. Təxminən on il ərzində o,
yorulmadan çalışmış, humanitar elmlərin
inkişafında müstəsna xidmətlər göstərmişdir.
S.Vurğunun elmi-ictimai fəaliyyəti də H.Əliyevin
çıxışlarında əsas yerlərdən birini
tutmuş və ulu öndər onun bu sahədəki xidmətlərini
də yüksək qiymətləndirmişdir: "Səməd
Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd
Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən,
yaradıcılarından biridir. O, sadəcə akademik seçilmiş
bir adam deyil. Səməd Vurğun və məhz
onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev,
Mustafa bəy Topçubaşov, Mirzə İbrahimov və
başqa belə insanların təşəbbüsü nəticəsində
1945-ci ildə Azərbaycanın Milli Akademiyası
yaranıbdır. Bu, böyük tarixi hadisədir.
Burada Səməd Vurğunun xidmətləri
böyükdür. Ən böyük
xoşbəxtlik ondadır ki, Səməd Vurğun
ömrünün son illərində həmin Akademiyanın
vitse-prezidenti vəzifəsini daşımışdır və
Azərbaycan elminin, ədəbiyyatşünaslığının
inkişafında çox əvəzsiz xidmətlər
göstərmişdir".
Ulu
öndər Yusif Səmədoğlunun 60 illik yubileyində də
bu məsələyə toxunur, onun çox istedadlı
yazıçı olmasından əlavə, atası kimi,
"böyük ictimai-siyasi
xadim" olduğunu xatırladır və əlavə edir ki,
"Səməd Vurğunu da biz, təkcə şair kimi, alim
kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir
ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və
o, tariximizə belə daxil olubdur. Ən gənc
yaşlarından Azərbaycanın o dövrdəki
ictimai-siyasi həyatında çox böyük fəaliyyət
göstərmişdir. Keçmiş Sovetlər
İttifaqı miqyasında və dünya miqyasında onun fəaliyyəti
məlumdur. Xüsusən İkinci Dünya müharibəsindən
sonra Sülh Uğrunda Mübarizə hərəkatında Səməd
Vurğun beynəlxalq aləmdə çox böyük fəaliyyət
göstərmişdir və bunlar hamısı, eyni zamanda,
bizim xalqımızın adını, hörmətini daim
ucaltmışdır.
Bir bu deyil, Səməd Vurğunun ictimai-siyasi fəaliyyəti
çoxşaxəli olub, çoxtərəfli olubdur".
1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun
fəaliyyətini xüsusi qeyd edən H.Əliyev "Səməd
Vurğunun da adının Milli azadlıq hərəkatımıza
çox böyük köməklik göstərdi"yini diqqətə
çatdırır.
H.Əliyev
S.Vurğunu yaradıcı olduğu qədər də cəsarətli,
qürurlu, bütöv
bir şəxsiyyət kimi də yüksək dəyərləndirir,
onu "öz yaradıcılığı, əsərləri,
ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan
tarixində ən görkəmli şəxsiyyətlərdən
biri" hesab edir. O, S.Vurğunun şəxsiyyətinin
bütövlüyünü, dönməzliyini, cəsarətini
diqqətə çatdırmaq üçün şahidi
olduğu bir hadisəni-bir çox ziyalılara, o sıradan
S.Vurğuna da təzyiqlər göstərən, məhvinə
çalışan M.C.Bağırovun rəhbərliyi ilə
1952-ci ildə Opera və Balet teatrında keçirilən bir
iclası xatırladır: "Səməd Vurğuna söz
verildi. Onun o çıxışı
qulağımda bu günkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona
toplaşanlar onu çox böyük hərarətlə
qarşıladılar. Səməd
Vurğun çox dərin məzmunlu və həyəcanlı
bir nitq söylədi...Onun o nitqi də, məhz, Azərbaycanın
ədəbiyyatına, mədəniyyətinə,
ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona
iki-üç dəfə replika verdilər, amma, Səməd
Vurğun hər dəfə də cavablarını verdi, əyilmədi, sınmadı, iradəsini
itirmədi, öz nitqini mərdi-mərdanə, böyük
iftixar hissi ilə başa çatdırdı".
H.Əliyev
S.Vurğunun o vaxt hər kəs, o sıradan Ulu öndərin
özü üçün də-xalqına, millətinə,
ölkəsinə, vətəninə sədaqətlilikdə
bir nümunə olduğunu xatırladır: "Səməd
Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə
qədər sevirdi! Bunları hər dəfə
yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri-Azərbaycanın
müstəqilliyini, azadlığını görmədisə
də, onun ruhu bu gün bizimlədir. Mən
hesab edirəm onun ruhu bu gün həddindən artıq
şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir
və Azərbaycan Respublikası müstəqildir".
Hazırda nüfuzlu mədəniyyət mərkəzlərindən
birinə çevrilmiş Səməd Vurğunun ev-muzeyinin
yaradılması da H.Əliyevin adı ilə
bağlıdır. Muzey onun təşəbbüsü ilə
1975-ci ilin 6 oktyabrında o vaxtkı İttifaqın çox
nüfuzlu ədəbiyyat və sənət adamlarının
iştirakı ilə təntənəli şəkildə
açılmış və həmin gün, sözün həqiqi
mənasında, xalqımızın və poeziyamızın
bayramına çevrilmişdir. Yaradıcılığı
və şəxsiyyətini həmişə uca tutduğu
H.Əliyev Səməd Vurğunun ev-muzeyini daim diqqətində
saxlamış, muzeyə qayğısını heç vaxt əsirgəməmişdir.
O, bir neçə dəfə muzeydə olmuş və muzeyin
fəaliyyətini də yüksək qiymətləndirmişdir...
Beləliklə,
ümummilli lider H.Əliyevin xalqımızın tarixi və
taleyində müstəsna xidmətlər göstərmiş
S.Vurğun haqqındakı fikirləri ustad şairin çox
ziddiyyətli və təhlükəli bir dövrdə
yaşamasına baxmayaraq, xalqa ləyaqətlə xidmət
etdiyini-milli-mənəvi dəyərlərimizi ehtiva edən əsərlər
yazdığını, Respublika elminin inkişafına
böyük əmək sərf etdiyini, eləcə də əsərlərinin
aktuallığını indi də qoruyub
saxladığını və dövlətçiliyimizin təməl
prinsiplərinin inkişafında onların xüsusi əhəmiyyət
kəsb etdiyini təsdiqləmiş olur.
Düşünürük ki, S.Vurğun yaradıcılığı və şəxsiyyətini bundan konstruktiv və obyektiv dəyərləndirmək mümkün deyil. Ümummilli liderin bu fikirləri S.Vurğunun yaradıcılığı və şəxsiyyətinə verilən yüksək dəyər olmaqla yanaşı, ustad şairin timsalında, bütün hallarda sənətkar və zaman əlaqələrinin, mətnin yaranmasında və müəllifin bir yaradıcı şəxsiyyət kimi formalaşmasında mühit (dövr) faktorunun nəzərə alınmasının zəruriliyini də diqqətə çatdırır. Son 20-25 ildə mövzu ilə ilgili aparılan araşdırmaların müşahidəsi H.Əliyevin irəli sürdüyü konsepsiyanın nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir...
Aslan SALMANSOY
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.-S.6-7.