O mənzilə
yetməyə hələ
çox qalıb
Sabir Rüstəmxanlının 75 illiyinə
Sabir Rüstəmxanlının
gənc və istedadlı bir qələm sahibi kimi özünü ifadə və təsdiq etməsi əsasən 1970-ci illərin
hadisəsidir, ancaq o, yeni və məxsusi
poetik nəfəsinə,
dünyagörüşünə, sosrealizm doqmalarına və ümumiyyətlə
sosrealizmə nifrətinə
görə əslində
60-cılardan biridir.
Mənim təsəvvürümdə Fikrət
Sadıq, Fikrət Qoca 60-cıların qocamanıydısa,
Sabir 60-cıların gənci
idi və o gəncin artıq 75 yaşı tamam olur.
75 yaşlı Sabir
Rüstəmxanlı müasir
Azərbaycan əldəbiyyatının
sayılıb-seçilən, sevilən və qiymətləndirilən nüfuzlu
qələm sahibidir və bu vətəndaş
nüfuzu onun gəncliyindən etibarən
arta-arta gəlib, etibar qazanıb.
1970-80-ci illərdə Çingiz Əlioğlu, rəhmətlik
Nüsrət Kəsəmənli
və Sabir yaxın dost idilər və görün, aradan nə qədər illər keçib, ancaq o dostluqdakı səmimiyyət
və sədaqət, fikir və əməl
birliyi indi də mənim yaddaşımdadır. Elə
o vaxt da bu dostluqdakı bir-birinə bağlılıq
və təəssübkeşlik
mənə Aleksandr Dümanın məşhur
üçlüyünü xatırladırdı, ancaq
o üçlüyün dördüncü
bir dostu da var idi
- Dartanyan və Sabirgilin də dördüncü böyük
dostu var idi, bu böyük
dost - onları sevən,
onların poeziyasındakı
sevinclə sevinən,
kədərlə kədərlənən
oxucular idi. Bir tərəfdən onların
siyasi konyukturadan uzaq poeziyasındakı təmiz, ləkəsiz lirika, o biri tərəfdən isə cəsarətli milli bütövlük çağırışı
(sovet zamanı!) və milli vətəndaş
mövqeyinin ifadəsi
oxucuların hissləri,
düşüncələri və istəkləri ilə üst-üstə düşürdü, buna
görə də emosional təsiri güclü idi.
Sabirin yaradıcılığında
onun lirikası ilə vətəndaşlığı
həmişə birlikdə
olub, bu yaradıcılıq bir küll halında duyğusal lirika ilə sərt vətəndaş qətiliyinin
poetik vəhdətini ifadə edib və edir və
bu mənada Sabir Rüstəmxanlı yaradıcılığı müasir
ədəbiyyatımızın prinsipial hadisələrindən
biridir. Qədim Gəncə (özü də Gəncənin hələ Kirovabad vaxtı!),
Xudafərin, Ərk Qalası və bu kimi maddi-mənəvi
və rəmzi mahiyyət daşıyan şəhərlər, körpülər,
qalalar onun poeziyasında obrazlaşıblar
və milli tarixə belə bir bağlılıq Sabirin bütün yaradıcılığı üçün
xas olan cəhətdir.
Mən hələ 1982-ci ildə
(təxminən 40 il bundan əvvəl!) Sabirin "Gəncə qapısı" kitabı
haqqında məqalə
yazmışdım və
indi o məqaləni tapıb, təzədən
gözdən keçirtdim.
Orada belə bir fikir var
ki, Sabirin lirik qəhrəmanı:
Dünyada ən böyük sənətdir,
Demə,
öz ana dilinə keşikçi olmaq...
- deyəndə, biz bu
sözlərin səmimiyyətinə
inanırıq, çünki
həmin lirik qəhrəman bütün
fikri, hissləri ilə torpağına, vətəninə bağlıdır
və bu bağlılıq... özünün
bədii-estetik təcəssümünü
tapıb".
Bu fikir mənə
ona görə əlamətdar göründü
ki, həmin lirik qəhrəman bu gün də
"öz ana dilinə (yəni dillə bərabər vətənə, xalqa, torpağa - E.) keşikçi"
olmağı təbii
ki, peşə mənasında yox, yaradıcılıq mənasında
"böyük sənət"
hesab edir və Sabirin bir sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun qələmi 25 yaşında hansı poetik səmimiyyətlə
yazırdısa, 75 yaşında
da o qələm o cür səmimi yazır.
Burasını da xatırladım
ki, aradan keçən onilliklər
adi illər deyil və bu
illər Sabirin qələmini poeziyasında
da, nəsrində də, publisistikasında da daha kəsərli
edib və yəqin elə buna görə də onun düşüncələri,
demək istədikləri
elə bil ki, artıq poeziya çərçivələrinə
sığışmır, şairi eyni zamanda nasir edir,
nəsrimizdə "Göy
tanrı", "Ölüm
Zirvəsi (Cavad
xan)", "Difai fədailəri" kimi romanlar yaranır, publisistika isə lap cavan vaxtlarından Sabirlə birlikdə olub.
Sabirin
"Ömür kitabı"
80-ci illərin ikinci yarısında - milli hərəkat başlayan vaxtlarda ən populyar və sevilən kitablardan biri idi, qızların
cehizinə qoyulurdu və indi xatirimə
düşür ki, o kitab təzəcə nəşr olunanda hərdən zəngləşdiyimiz
rəhmətlik Qabil mənə telefon açdı və: "-
Sabirin kitabı əladır e, oxuginə!
Xoşuva gələcək!.." - dedi. Yəqin bu da
maraqlıdır ki, səhv etmirəmsə, elə həmin gün rəhmətlik Qasım Qasımzadə
"Vətən" Cəmiyyətinə
gəlmişdi və
o da Qabilin zəngindən xəbərsiz:
"- Sabirin kitabını
oxumusan? - Soruşdu, -
Yaxşı kitab yazıb" - dedi.
Elə bilirəm ki, Sabir haqqındakı bu yazıda o rəhmətlikləri də
yada salmağımız
yerinə düşdü
və Sabirin xasiyyətindəki qədirşünaslıq
baxımından da yaxşı bir iş oldu.
Sabir yaradıcılığındakı bir cəhəti də qeyd etmək
istəyirəm: o, əgər
belə demək mümkünsə, diqqətcil
nasir, diqqətcil şairdir, bəzən ani və sadə,
ötəri bir görüntü (kiçik
detal, cizgi) belə onu ələ
alır, onun fikrində dolaşır və ən əsası isə o, bu ani görüntünü
mənalandırmağı bacarır. Baxın:
Saçları ağarmış, üzü
qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş
əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb
keçən
adamları görmədən.
Nə olsun? Gündəlik, dediyim kimi, ötəri
bir görüntü deyilmi? Ancaq bu görüntü poeziyanın obyektinə çevriləndə belə
deyil, sürətlə
o adilikdən, ötərilikdən
uzaqlaşaraq ümumiləşdirilir,
səni həyat və tale barədə düşündürür və
səndə həzin bir ovqat yaradır
və sən o həzinliyi obrazlı şəkildə oxucu ilə bölüşməyi,
onda da eyni
ovqat yaratmağı bacarırsan:
Gedir - bəlkə də
bu çiçəklərə
ömrünün
ən ağır etirafını edir,
ya dərdini açır
özü də bönövşə olduğu
illərin.
Belə bir diqqətcillik, həssaslıq Sabirin şəxsiyyətinin də
məxsusi bir cəhətidir və mən uzun illər
boyu bunun şahidi olmuşam. 1975-ci ildə
mən Yazıçılar
İttifaqında işə
başlayanda Sabir də "Ədəbiyyat
və incəsənət" qəzetinin gənc və artıq tanınmış,
bacarıqlı bir əməkdaşı idi
- o vaxt da tez-tez görüşürdük,
90-cı illərin əvvəllərində
isə Mətbuat naziri idi - yenə
də tez-tez görüşürdük. Bu görüşləri
ona görə xatırladıram ki, mən az
adam görməmişəm
ki, vəzifəyə
gələnə qədər
bir cür, vəzifədə başqa
cür, vəzifədən
gedəndən sonra da tamam başqa
cür olur - Sabir qəzet əməkdaşı olanda
kim idisə, nazir olanda da
həmin adam idi və bu
gün də həmin Sabir Rüstəmxanlıdır.
1980-ci illərin sonları,
90-nın əvvəllərindəki o mürəkkəb, keşməkeşli
dövrdə Sabir
"Azərbaycan" qəzetini
təsis etdi, redaktoru oldu və o qəzet Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illər
arası nəşr etdiyi əsas qəzetin yalnız adını daşımadı,
həmin qəzetin milli azadlıq və demokratiya ilə bağlı ənənələrini bərpa
etməyə başladı.
Sovet mətbuatında senzura ədəbi-ideoloji bir qəfəs idi, ancaq sən demə, söz azadlığı da bizim mətbuat üçün ciddi bir sınaq imiş və birdən-birə azadlığa
çıxıb, nəşrə
başlamış qəzetlərin
bir çoxu üçün söz azadlığı kin-küdurətə,
böhtana, şəxsi
haqq-hesaba, qarayaxmaya, dedi-qoduya açılan yaşıl işıq imiş. Bizim mətbuat tariximizdə, məncə, hələ layiqli qiymətini almamış ikinci "Azərbaycan" qəzeti
həmin söz azadlığından obyektiv və tutarlı söz demək üçün istifadə etdi. Bu mühüm siyasi-ictimai
və əxlaqi problemlər qaldıran, eyni zamanda, həmin
şəxsi haqq-hesaba,
qarayaxmalara tutarlı və əsaslı cavab verən söz idi və
bu söz dediyim həmin diqqətcilliyin və həssaslığın ifadəsi
idi. Bizim bugünkü bir
sıra tanınmış
və peşəkar jurnalistlərimiz də ilkin fəaliyyətlərini
Sabirin "Azərbaycan"ından
başlamışlar.
75 - Sabir üçün ixtiyar yaşı deyil, sənətkar yaşıdır.
Mən Sabiri gözəl yubileyi ilə təbrik edərək, yazımı da onun şeirindəki bu misralarla:
Üzür son limana ömrün
gəmisi
Harda dayanacaq
- o, hələ bilmir.
Allahın yoludur, su da, quru da,
Mənzilə yetməsə, dincələ
bilmir.
- bitirmək istəyirəm
və:
- Əzizim Sabir, - deyirəm, - O mənzilə
hələ çox qalıb, o gəmi hələ bundan sonra yeni-yeni əsərlərə malik
olacaq, çünki o
yolçuluğun enerjisi
oxucuların məhəbbəti
və hörmətidir.
18 may 2021. Bakı.
ELÇİN
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.3.