O səs "həsrət azanı"mız idi...

 

"Bayatı-Şiraz"... o uşağın səsi... o ecaz... Son 30 ildə Qarabağdan uzaq düşəli bizi içimizdən o yerlərə bağlayan, yaramızı hər dinlədiyimizdə qanadan, qaysaqlanmağa qoymayan bir səs vardı... O səs həsrətin səsi idi... O səs acıların səsi idi. O səs Xocalı idi, o səs Cıdır düzünün ən xoşbəxt günlərinin bir zamankı əks-sədası idi. O səsdə kim yox idi? O səsdə nə yox idi? Hər dinləyəndə başımızın tükləri biz-biz olan, canımızdan soyuq gizilti keçən səs idi. O səsdə bir gün Qarabağ atlarının ayaq səslərini eşitdik, bir gün buxara papaqlı belində xəncər, qartal baxışlı kişilərin zəhmini duyduq. Gün oldu ki, o səsdə uşaqlığını o torpaqlarda dəfn etmiş insanların ilğıma dönmüş təbəssümünü axtardıq. Kim Qarabağdan çıxanda nəyini itirmişdisə o səsdə axtardı, o səsdə xatırladı, o səsdə göynədi itirdiklərinə. O səs bir gün olsa belə, Qarabağ üzü görməyən milyonlarla azərbaycanlını qarabağlı etdi. Hər birimizi dəfələrlə sızladan səs, bəlkə də səsdən çox-çox uca idi... "Bayatı-Şiraz" həm Qarabağ ağrısı idi, həm də Qarabağ üsyanı idi. Hamının vicdan səsinə çevrilmişdi o səs... O səs unudulsa Qarabağı unuda bilərdik... O səs hər gün nəfəsimizdən alovlandı, hər gün canımızdakı qəlpəni tərpətdi. Qarabağın itkisi bu millətin canında qəlpə kimi dolaşırdı... hər "Bayatı-Şiraz"da bir az da ağrısı artırdı. Bu çox gedə bilməzdi, bu ağrıdan azad olmalı idik. Tacir onu oxuyanda bəlkə də hansısa bizim anlamadığımız qatda başqa mənalar, başqa əfsunlar da yüklənib səsinə. O ifadan sonra "Bayatı-Şiraz" fikrimcə, yalnız, uşaq səsiylə şəkillənib ruhumuzda. İndi də o səsi titrək, bir az da sısqa sinədən, hələ bərkiməmiş narın nəfəsdən duyuruq. Uzun ayrılıqdan sonra "Bayatı-Şiraz"ı ifa edən o uşağı düşünün... Kənan Bayramovu... "Bayatı-Şiraz"ı ifa edən yarımçıq qalmış o səsin uşaqlığının yenidən davamı deyilmi?!

Şükürlər olsun... şükürlər olsun ki, Şuşaya döndük. Şuşada yenə o səs dalğalandı... İlahi, o nə anlar idi?! İlahi, o nə sehr idi?! O səslə nələr dirçəlmədi ki?! 30 il öncə itirilmiş çocuq təbəssümləri canlandı, çəmənliklərdə kəpənək qovan qayğısız çocuqlar qayıtdı. Bizi bizə bənd edən incə tel idi, qırılmaz tel idi, bizə əbədi sevda harayı idi o "Bayatı-Şiraz"... Hamı o səslə bir daha titrədi, özünə döndü...

Çox qəribə izah olunmazlıqlar var. Bunu mən çoxdan idrak etmişəm, qəbullanmışam. Bəlkə də, çox adamın müşahidəsi var bu yöndə. Kimi bunu enerji ilə əlaqələndirir, kimi bunu başqa cür ifadə edir. Bu yazını yaza-yaza qısa fasilə verib, Feysbuka göz atıram ki, tanınmış jurnalistimiz Yusif Rzayevin "Bayatı-Şiraz"dan bəhs edən paylaşımı çıxır ekrana. Bir anlıq donub qalıram. Bu kimi şeyləri çox uzun zaman oldu ki, "təsadüf" statusundan azad etmişəm. Tacir Şahmalıoğlunun ifası ilə yaddaşlara köçən bu təfsirin müəllifinin Murad Rzayev olduğunu qeyd edir. Nə yalan deyim, mən də bu barədə məlumatlı deyildim. Bu ifa o qədər xəlqiləşib ki, o qədər abidələşib ki, çoxumuz bunu xalqın yaradıcılığı kimi, daşlaşmış yaddaş kimi qəbullamışıq. Bir dinləyici kimi müəlliflərə minnətdarlıq borcumu ifadə edirəm. Tanrı bizi o səsdən, o səsi bizdən uzaq salmasın. O səs "həsrət azanı"mız idi... Hər gün qibləmizə doğru çəkdi bizi...

 

İntiqam YAŞAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.32.