Cin dərəsinin
nağılları
Hekayə
Mən cin dərəsinə çatanda elə bil havadan
asılmış su damcılarını görk olsun deyə
yerə əndərdilər. Bozarıb gedən,
ayağın altında xışıldayan torpağın
üstünə düşəndə yağış
damcılarının elə bil cızdağı
çıxırdı. Bir belə rəngdən-rəngə
dönəsən gəlib boz-bulanıq torpağa
qarışasan, muradın gözündə qala. Yaxşı ki, harda başlayıb harada yoxa
çıxdığı bilinməyən beyni qanlı
külək topalanmış buludları başımın
üstündən qovub özü kimi sərgərdan eləməyə
apardı. Başım təbiətin kiçik
tamaşasından açılanda nəzərim
qabağımda çiyin-çiyinə verib dayanan bir kökdən
olan yeddi qardaş ağaca yönəldi...
Bu ağacın olduğu dərə elə bir yerdədir
ki, sanki bura təbiətin özünün də yadından
çıxıb. Burdan saatlarla piyada yol getməlisən ki,
hansısa bir it küçüyünə rast gələsən.
Daşı-torpağı susuzluqdan mər-mər mələyən
dərənin yaşı dünyanınkıyla birdir.. Onun gözləri önündə
əsrlər dəyişib, amma o, həmişə olduğu
kimi qalıb. Kökü torpaqdakı elə
yerlərə bağlıdır ki, heç bir qüvvə
onu yerindən tərpədə bilməz. Bu
ağac bizim həm ən böyük qorxumuz, həm də ən
böyük marağımızdı. Biz
onun nağıllarıyla böyümüşük, qorxusuyla
yuxuya getmişik, həniriylə ürəyimizə ülvi
hisslər yayılıb. Elə bil, o,
köklərini adamların ürəyinə doğru
uzadır.
Dünyadakı əksər ağacların meyvəsi,
yarpağı olur, amma bu ağacın nə yarpağı var,
nə də meyvəsi. Onun sonuncu dəfə
yarpaqladığını görənlər min illərdir
ki, ağacın mayasına qarışıblar. Adamlar ölüb, amma ağacın əhvalatı
lisandan-lisana, insandan-insana keçib və öz sirrini qoruyub.
Belə
nağıl eləyirlər:
Dağların
hələ balaca qum dənəsi,
fırtınaların körpəcə rüzgar olan
vaxtlarıymış. Pir olan dərədəki
tək ağacın budaqları külək əsdikcə ləngər
verir, küləyin dağların başından qovub gətirdiyi
duman dərənin üstündə oynayırdı. Meyvələri...
İnsanlar ağacın meyvələrinin rəngini,
şəklini hətta varlığını belə unudublar.
Belə ki, karvanlar dərənin həndəvərindən
keçəndə yolçular həm öz gözlərini,
həm də heyvanlarının gözlərini
bağlayardı. Özgə zaman olsa
dartınıb irəli-geri var-gəl edəsi heyvanlar səs
çıxarmaz, ağaca sayğıdanmı, ya sahiblərinin
ürəyindəki əndişəni hiss etdiklərindənmi
qımıldamazdı. Yolçular bir əlləri
ilə miniklərini yedəkləyər o biri əllərinə
əsa alıb cığırla yolu yoxlaya-yoxlaya gedərdi.
Dərənin qurtaracağındakı
çayın qıjıltısını eşidənə
kimi qaranafəs irəliləyər, gözlərini
açmazdılar. Övliya-ənbiyalar
dönə-dönə tapşırar, qütbün ağac
olan cəhətini unutdurmağa çalışardılar.
Camaat elə bilirdi ki, şimşəklər bu dərənin
üstündə çaxır, buludlar səmaya buradan səpələnir,
ölülərin ət-qanı ağacın kökləri ilə
sovrulub buraya yığılır. Ona görə bu
ağac bu qədər uzun yaşayır, insanlar öldükcə
dirilirdi.
Arvadlar əllərinin xamırını, urvasını
silkələyə-silkələyə
pıçı-pıçı edib, ağacın kəramətini
söylərdilər. Hamı uydurar, hamı inanardı.
Bir gün ətraf obalara səs yayıldı ki, bir nəfər
(adı unudulub) pir olan dərənin yanından keçəndə
göz bağı necə olubsa sürüşüb yerə
düşüb. Maraq və qorxu onu sardıqca əllərini
gözlərinə sipər edib gözlərini yavaşca
aralayıb və eşidib. Gözlərini
açanda elə bil bir sehrli aləmə düşüb.
Sonralar belə yozdular ki, həmin kişi
cinlərin yığıncağına düşüb. Orda nə görüb, eşidibsə gözlərinin
qarası çəkilib, damarları ağac budağı kimi
yoğunlaşıb, dırnaqları budaq-budaq uzanıb.
Sonra da necəsə meyitini gətirib evinin
qabağına mitil kimi tullayıb gediblər. Həmin
gün adamlar qorxularından elə titrəyirmiş, dişləri
necə bir-birinə dəyib şaqqıldayırmışsa,
sanki dağlar yerlə göyün arasında qalıb
xışxınım olur...
O gündən
o dərəyə cin dərəsi deyiblər. Nağıllarına
da cin dərəsinin nağılları. Yaşı
dünyayla, cin dərəsiylə yaşıd nağıllar.
***
Maraq insan qəlbindəki bütün digər hissləri
künclərə qısnayıb, ən dərin, toz tutmuş
yerlərə qovubmuş. Qorxu hissi get-gedə
yoxa çıxır, övliya-ənbiyaların sözləri
unudulur. Obalardan, uzaq-uzaq ellərdən
adamlar dalğa kimi gəlib dərənin
yaxınlığında ləpələnib yoxa
çıxır, ağacın gücündən ehtiyat
edirdilər. Yaşlarını unutmuş,
damaqları dillərini kəsən qocalar, dünya
görmüşlər dərəyə ən yaxın kənddə
məşvərətə yığılırlar. Qurbanlar kəsilir, qazanlar asılır. Hamının ürəyi bir vamda, bir havada vurur.
Günün səhər işıqları gecə
gözdən itənə kimi yığıncaq davam edir.
Qərara gəlirlər ki, kəndin dəlisini
ağacdan meyvə dərməyə göndərsinlər. Rəvayətə
görə bu meyvəni ölü yesə dirilər, cənnətlik
yesə cəhənnəmə gedər, dəli yesə
ağıllanardı.
Uşaqların
dalına çalı bağlayıb boğazına kəndir
keçirdib qapı-bacada oynatdıqları, təpəsinə
daş dəyməkdən saçı çınqı-çınqı
ağaran, tüpürülməkdən sifətini çopur
basan dəli indi bir dəbə minmişdi ki... Hamı
onu qapısına çağırır, ən gözəl
yeməkləri yedirtmək, ən gözəl paltarları
geyindirmək bəhsinə düşmüşdü. Dəli isə heç kimə məhəl qoymur,
gözlərini qıyıb, buludlara tamaşa edir,
qaçıb qoyun sürüsünün içinə girir,
onlarla bərabər otlayır, qoçlarla
buynuzlaşırdı.
Səhər tülkü durmazdan dəlini gətirib dərəyə
gedən cığırın başında qoyub gözləyirlər. Dəli hər
şeydən bixəbər gözlərini səhər
olmasına baxmayaraq səmada ağaran Aya dikərək əl
çalır, ayağının birini qoyub, o birini
götürür. Elə bilirdi ki,
buludların üzərində tullanıb-düşür,
qoça bənzəyən buludla buynuzlaşır.
Ağlı göylərdə, məchul boşluqda olsa da
ayaqları ağaca doğru yol alır...
Ağacın meyvələri dəlinin ağlını
başından alır. Əl atır meyvələrdən birini
yarpaqlı-budaqlı qoparır və ağzının bərabərində
tutub dişdək alır. Meyvə o qədər
şirin olur ki, meyvənin şirnisi bütün bədəninə
yayılır, damarlarına dolur. Dəli
isə meyvəni elə hey yeyir, dodağının,
damağının qanı kirəcləşir. Meyvə qurtara-qurtarda əlinə, barmaqlarına
yayılmış şirəni də yalayır. O qədər
özündən çıxır ki, barmaqlarını
ağzında dişiylə qoparır. Qan əvəzinə
şəkər axır bədənindən. Qışqırdıqca, çapaladıqca daha
çox qana, qanla bərabər şəkərə qəltan
olur. Özünü yeyə-yeyə, qum
kimi xırdalır, yerlə bir olur. Küləklər
onun şəkər külünü düzə-dünyaya
yayır. O il elə bil bütün
dünyanı dəlinin qarğışı tutur. Hansı ağacın torpağına bu dənələrdən
düşürsə, o ağacların meyvəsi o qədər
şirin olur ki, yemək mümkün olmur. Yeyənlər şirinliyindən, yeməyənlər
acından ölür. Həmin il
ağac da meyvələrini tökür və bir də
heç vaxt bar gətirmir...
***
Bu əhvalat
o qədər qədim zamanlarda baş verib ki...
Cin dərəsindəki yeddi qardaş ağacın
gövdəsi bir qarışdan yoğun olmazdı. Deyilənə görə,
yeddi qardaş ağacın bir bacısı da varmış ki,
il boyu yarpaqlarının arasından
güllər boylanarmış. Hələ
heç kimin cin dərəsinin kəramətindən xəbəri
yoxmuş. Heç ağac da adamlara o qədər
qəzəbli deyilmiş.
Ayın günündə, günün birində bir
odunçu baltası çiynində gəzə-gəzə
gedib çıxır cin dərəsinə. Yaxınlaşıb
ağacı danatlayır, əlini gövdəsində,
budaqlarında gəzdirir. Nəhayət, ağaclardan
birini nişan alır.
Balta körpəcə ağacların
bacısının başında oynayır. Baltanın iti
tiyəsi zərblə dəyib ağacın gövdəsini,
körpəcə yarpaqlarını doğrayır. Bu zaman adamın əlinə isti qor dəyən təki
yer dərəni, insanları atıb-tutur. Hər
yer elə güclü təkanla silkələnirmiş ki,
bulaqlardakı su qayıdıb gözlərə dolurmuş.
Bütün bitkilər dərddən yarpaqlarını
yerə tullayır. O vaxtdan elə güllər oldu ki, bir də
yarpaqlarını yerdən qaldırıb sinəsinə
taxmadı. Bəzisinin yarpaqları dua edən,
imdad diləyən əllər kimi göylərə
ucaldı, mədəd dilədi.
O gündən
ağac bir də yarpaqlamadı. Belə yozdular
ki, ağac axır zamanda yenidən çiçəkləyəcək,
meyvələyəcək. Bütün
insanlığı onları bu yerlərə gətirən
almalara qonaq edəcək. Göylərdəki
ulduzların işıqları öləziyəndə yerdə
yalnızca ağacın budaqları arasından işıq
süzüləcək. Ağac necə
yaranmışdısa eləcə də qəfildən kül
olacaq. Yanacaq, adam oğlunun günahlarını
tüstüsüz odda yandıracaq. Alov dillərinin
istisi göydə buludları əridib yerə tökəcək.
Xəbər
aldılar:
- Ağac
nə vaxt kül olacaq?
Dedilər:
-
Gözübağlı gəzən adamlar gözlərini
açıb önlərini görməyəndə.
Aprel, 2021
Sumqayıt
Amin NAMAZLI
Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.30.