Xarıbülbülün arzusu
Hekayə
Hər şey bu torpaqlarda
baş verdi...
Məhz burada. Şuşanın məşhur
Çıdır düzündə...
Otuz ildir bu yerlərdə bitkilər tamam yaprıxıb, heç cür boy ata, çiçək aça,
ləçəklərini töküb
başa çıxa bilmirlər. Təkcə Xarıbülbül adlı iki güldən
başqa. İllərdir bu sevimli iki
gül mamırlı qayalara, izi itən
çığırlara, gecələr
ayın süd aydınlığında ağaran
yollara baxmaqla başlarını qatıb
ömür sürürlər.
Deyirlər ki, "dərdlilər
danışqan olur".
Amma bizim bu sevimli
güllər çox
nadir hallarda bir-birlərilə
söhbət edərdilər.
Üfürməzdilər bir-birlərinin canlarındakı
həsrət közlərini.
Günlərin bir günü, nəhayət ki, onlar ən xoş
arzularını dilə
gətirib, gələcək
barədə söhbət
etməyə başladılar. Birinci Xarıbülbül dərindən
köks ötürüb
dedi:
- Bilirsən, kaş yenə məni qız-gəlinlər bəzək
əşyası kimi saçlarına taxaydı.
Məndən tac hörüb başlarına qoyaydılar.
Özü də bayram
vaxtları yox, adi günlərdə də. Nə gizlədim, yenə
görüşə gedən
oğlan və qızların yaxasında
olmaq istəyirəm.
İkinci
Xarıbülbül ah çəkdi:
- Məni yanlış anlama, sadəcə, içdən istəmək
lazımdı. Çox istəmək
lazımdı. Məsələn, mən istəyirəm ki, əbədi olaraq xeyirin, xeyirxahlığın rəmzinə
çevrilim.
Birinci gül ciddi-ciddi başını
yellədi. Elə bu vaxt uğultu qopdu, möhkəm bir partlayış səsi eşidildi, yer silkələndi. Xarıbülbüllər sağı-solu, irəlini-gerini
dinşədilər. Çıxılmaz vəziyyətə düşən
çiçəklərə tərəf güllə ata-ata əli silahlı hərbçilər
gəlirdi. Onların
geyimləri, çəkmələri,
tərzləri, bir sözlə, görkəmləri
və davranışları
çox tanış
gəlirdi. Xarıbülbüllər, deyəsən, bu
hərbçiləri çoxdan
tanıyırdılar. Hər iki gülün avazımış üzündən
çaşqınlıq yağmağa
başladı. Partlayış səslərinin ardı-arası
kəsilmirdi. Silah səslərindən
qulaq tutulurdu. Hər şey bir yuxuya bənzəyirdi...
Gözüaçıq görülən
bir yuxu idi olanlar...
Birinci gül səntirləyib yıxılan
yaralı əsgərin
altında qalıb əzildi. Əsgərin yarasından axan
qan Xarıbülbülü
qırmızıya boyadı.
Onun qabırğası gülü
amansızca əzirdi.
Bu olanlar birinci
gülü dəhşətə
gətirdi. Budur, təngnəfəs,
silahının ucuna bərkitdiyi süngünü
irəli tuşlayıb,
gözlərini bərəldərək
ətrafı nəzərdən
keçirən başqa
bir əsgərin baxışları ikinci Xarıbülbülün üzərində
dayandı. O, gülü
kökündən qoparıb,
qeyd dəftərinin arasına qoydu. Sonra onu hərbi geyiminin cibinə dürtüb nəfəsini
dərdi, iti addımlarla irəlilədi.
Hər iki gül Tanrıya acı-acı şikayətləndi.
Aradan bir neçə gün keçdi. Şəhid olmuş əsgərin
nəşini palçığa
bulaşan şinelinin
yaxasından yapışıb
yerdən qaldıranda
döyüşçü dostlarının baxışları
əzilmiş gülə
sataşdı. Onun üzərinə
günəşin gur işığı düşdü.
Canında günün istisini
duydu. Xarıbülbül onların diqqətindən
yayınmamışdı. Döyüşcülər özlərindən xəbərsiz halda uzun-uzadı gülə baxdılar. Heç vaxt - nə
çöldə, nə
meşədə - heç
yerdə belə çiçək görməmişdilər.
Onlar əzilib qana bulaşan Xarıbülbülü
yerdən götürüb
həlak olan əsgərin yaxasına taxdılar. Dostlardan biri şəhidin
başını dizi üstə qoyub yaxasındakı gülə
pərişan halda baxıb onu sığalladı. Dodaqlarını şəhidin qulağına
tutub nəsə pıçıldadı. Sonra
ürəkparçalayan səslə,
- Əlvida, əziz şəhidim! - dedi. Elə həmin məqamda birinci gül başa düşdü ki, arzusuna çatıb: O, şəhid sinəsini bəzəyirdi.
Bu kədər fırtınası
əsib-gurlayıb sakitləşəndən
sonra arıq, kətan rəngli saçları olan başqa bir əsgər damağında
qalmış siqaretdən
dərin qullab aldı, ömrünü başa vurmuş kötüyü yerə atıb, çəkməsi
ilə əzdi. Onun rəngi
sapsarıydı. Sifəti dəli
adamların sifətinə
oxşayırdı. Əlləri də əsirdi. O, iki dəfə danışmağa cəhd
elədi, heç nə deyə bilmədi. Səbirsizliklə kitelinin ciblərini
eşələdi. İkinci Xarıbülbülü
çıxarıb, mobil
telefonuyla şəklini
çəkdi. Ardınca "Yeni tarix yazdıq.
Qarabağın döyünən
ürəyi Şuşamız
azad olundu! Başı dumanlı dağlar, İsa bulağı, Cıdır düzü düşmən əsarətindən
qurtuldu" yazıb, doğmalarına mesaj göndərdi. Bir qədər
əvvəlki mənasız
baxışlar və qorxu ifadəsi onun üzündən silindi. İndi onun gözlərində
həvəs və arzu parıldayırdı.
Yaxında dayanmış döyüşçülər
də balaca çiçəyə qəhrəman
kimi baxırdı.
Arada onların dərindən köks ötürmələri
də eşidilirdi.
İkinci gül də arzusuna çatmışdı. Bu gündən o, zəfərin, qürurun, əbədiyyətin rəmzinə çevrildi. Baş verənlər həqiqətən qeyri-adi idi. Tam fikirləşdikləri kimi olmasa da, hər iki Şuşa Xarıbülbülünün diləkləri beləcə həyata keçdi. Arzular həmişə belə olur.
Murad MURADOV
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.31.