Xəzan vurmuş ömrün nəğmələri
Faiqin "İynəboyu şeirlər"i haqqında. "Ədəbiyyat
qəzeti", 1 may 2021-ci il.
Faiq İsmayılovun adını-soyadını
təxminən 20 il öncə qayğıkeş Azər
Turandan eşitdim: tələbə dostundan.
O, yana-yana bu nakam şairin beş-altı şeirindən
bəndlər, misralar
əzbərdən söylədi,
mən heyrətimi gizlətmədim, heyran qaldım. Qu nəğmələri adlana biləcək həmin mətnlər ruhumu romantik bir aləmə çəkib apardı.
O "xəzan vurmuş"
notlarda itkin Hadini gördüm, Müşfiqin nəfəsini
duydum, Əli Kərimin "dinmə, ey kədər" hayqırtısına vardım
və sözsüz, şair Faiqi kəşf etdim!
Qəzetin 1 may sayında yenə
Faiqin irili-xırdalı
üç səhifəyəcən
şeiri baş redaktor Azər Turanın kövrək
"Günlər səhra
kimi gəlib keçmədə" təqdimatı
ilə verilib. Qatarın düzənlik boyu şütüdüyünü, məsafə qət etdiyini görmüsünüzmü?
Yol uzunu kupedə pərdəni aralayıb heç ətrafa nəzər salmısınızmı?
"Günlər səhra kimi gəlib keçmədə..."
deyimi qumsal boz çöllüyü
dərhal adamın gözünün qabağında
canlandırır. Elə bil,
söz qatarında səfərə çıxmasan,
vaxt əriyib saatlara, günlərə çevrildikcə mənzil
başına yaxınlaşırsan.
Qatardan düşən kimi baxıb görürsən.
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm...
Deyirəm, nə yaxşı
tək deyiləm.
"İynəboyu şeirlər"də,
əslində, uzun şeir yoxdur və müəllifin ustalığıdır ki,
misralarına yerli-yerində
hikmətanə fikirlər
yükləməyi bacarıb. Misal çəkdiyim beş
misralıq şeir böyük bir mənzərə yaradır.
İnsanı ömrü
uzunu izləyən qara kölgəsi... Adəm oğlu əgər özü kölgə salmağı bacarırsa,
bu kölgəgədən
kimlərsə faydalanırsa,
alqışa layiqdi.
Bu, insanlıq nümunəsidi. Əlbəttə, həssas qəlbli şair kölgəni simvol şəklində işlədir və daha çox mətnin alt qatında oxucunu söhbətə çəkir və bu cəhət onun özünəməxsus
yaradıcılığı üçün xarakterikdir.
"Deyirəm, nə
yaxşı, tək deyiləm" təkliyin ən son mərtəbəsidir
bəlkə də. İnsan və
kölgəsi. Başqa heç
nə, heç kəs yoxdur səssiz-səmirsiz dünyada.
Heyrətdən adamın qulaqları
tutulur bu yalqızlıqdan və yalnızlıqdan. Mənanın ilkin mənbəyinə vara-vara özün üçün aydınlaşdırırsan
ki, bütün tənhalar, yalqızlar həm də yalnızdı. Nə olsun,
kölgə kimi müşahidəçiləri var. Və eyni zamanda
təklik şairi üşütməsin - deyə,
uzağa getməyib, kölgəsini özünə
mərhəmanə surətdə
yoldaş seçib, ona sığınıb.
(Kölgə yelpikləmək gəlmir
əlimdən" - söyləyirdi
İsa İsmayılzadə).
Deməli, Allahın kölgəsini
həmişə üstündə
hiss edib.
"Yalqız evin nəğməsi"ndə Faiq
kimsəsizliyin xəritəsini
bir az
da genişləndirir.
Bu bədii parçadan
bəlli olur ki, ev də yalqızdı, soyuq evdə yaşayan sahibi də, hələ üstəlik, qapını
taqqıldadıb döyən
də. Şair çağırır, dad-fəryad
qoparır, dəvət
edir: "Ey, qapını döyən,
utanma, gəl içəri. Bayırda soyuqdu, mən
də yalqızam".
Burdan göründüyü kimi,
o, həm özü tənhalıqdan qurtarıb
xilas olmaq istəyir, həm də qapını döyən yalqızın
yalqızlığına son qoymaq istəyir, gününə ağlayır.
Bu bənzərsiz mənzərə Məhəmməd
Füzulinin məşhur
beytini xatırlatmırmı?
Nə yanar kimsə mənə atəşi-dildən
özgə,
Nə açar
kimsə qapım badi-səbadan qeyri.
Bəli,
zaman fərqi başqa-başqadı, dərd-bəla,
qəm-kədər, təklik-tənhalıq
həminkidi: XVI əsrdə
dahi Füzulinin, XX yüzilliyin sonlarında nakam şair Faiqin qapısını döyüb. Çağdaş şair hücrəsinin
qapısını döyəni
içəri dəvət
edir ki, yalqızlığın daşını
həmişəlik atsın.
Füzuli isə şikayətçidi,
çünki nə oddan özgə halına yananı var, nə də
səhər küləyindən
savayı qapısını
açanı. Dahi Füzulinin
"qəhrəmanı" bəllidi, Faiqinki isə qeyri-müəyyəndi.
Sözsüz, şeirimizə təsir
dairəsi bəlli Füzulini kimləsə müqayisə eləməkdən
çox uzağam.
Faiqin qısa,
lakonik, "İynəboyu
şeirlər"i sətiraltı
və sətirüstü
obrazlarla doludur, söz sanki misraların işıq daşıyıcısıdır, məna-məzmun zənginliyi
zərgər dəqiqliyilə
onların boyuna biçilib. Yarpaqsız ağacları tunc heykəllərə bənzədən
müəllifin sonda qənaətinə diqqət
yetirək:
...Bir nöqtədə nə qədər donasan,
qalasan,
Bir nöqtəyə nə qədər boylanasan,
baxasan?..
Mənim ağaclara yazığım
gəlir.
Yaxud şirinlikdə bayatı təsiri bağışlayan
başqa bir ölməz nəğmədə,
kiçik adsız şeirində müəllifin
daxili sarsıntısı,
təlatümü, həyata
baxışı maraq
doğurur:
İsti
oldu ağladım,
"tüstü" oldu ağladım.
"Bəsdi" oldu ağladım,
bu ki səbir olmadı.
Bir çiçəyə baxırdım,
-
bir ürəyə
baxırdım.
"Öldüm" deyib yıxıldım,
bu ki qəbir olmadı.
Gurultunun, bayağı pafosun uzaq durduğu, həndəvərinə belə
çatmadığı bu
şeirlər könül
pıçıltılarıdır. Yayağzı bənövşə kol dibində necə qorxa-qorxa açırsa, şaxtadan-sazaqdan rəngi-ruhu
avazımış gilənar
puçur-puçur necə
yarpaqlamaq eşqinə
düşürsə, körpə
anadil ana dilində necə oxumaq həvəsində bulunursa, suların zümzüməsi ruhları
necə ovundurursa,
"İynəboyu şeirlər"
də bütün bu kimi təbii
hadisələrin ilkin
oxşarıdır. Qəzəbdən, kindən, hirsdən, hikkədən, hökmdən
uzaq könül nəğmələridir bu
şeirlər. Doğrudur,
bəzən təlatüm
qabarır, "yarpaqsız
budaqlar hədələyir
payızı", qəmli-qəmli
ömrün payızından
dəm vurur:
Damcı
pəncərədə sürüşən
kimi,
sürüşür qəlbimdə
bir soyuq kədər.
O tanış nəğməni kimdi oxuyan? -
deyin oxumasın, mümkünsə əgər.
Sonsuz zaman, nəhayətsiz kainat, sirli-sehrli vaxt bizi hara çəkib
aparır? Bu mübhəm
müəmmanın axırı
varmı? Yoxsa reallığın
özü belə röyadır, şipşirin
mürgüdür, uyqudur?
Saysız sayda suallara
şair Faiq də cavablar axtarır. Gah özü qane
olur tapdığı
cavablarla, gah da pırtlaşıq suallar kələyini kəsir, acizanə surətdə vaxtdan imdad diləyir.
Vaxtın
yarpaq-yarpaq
töküldüyünü
saatlar istəmir
bizə bildirə...
saatlar gündüzlər
səssiz işləyir.
Möcüzəvi yanaşmaşdı. Faiq, bəlkə də,
sövq-təbii vaxtı
canlandırır, qosqocaman
zamanın "şəcərəsini"
açır. Bu məqamda saat artıq vaxtın ölçü cihazı,
adi tərəzisi deyil, roldan çıxır,
daha fundamental əhəmiyyət
kəsb edir. Faiqin "İynəboyu şeirlər"i
müşahidələridir, daha çox gördükləri, duyduqlarıdı.
Şair hansı baxış bucağından seyr edirsə, hardan boylanırsa, hardan baxırsa, sözü özününküləşdirir, xəmirinin mayasına haram qatmır.
Burda yağışlar yağdı,
burda yağışlar
ağdı,
burda yağışa
düşdüm,
görən yox, bilən yoxdu.
Bir əlcə məktubumu
yara yetirmədilər.
Bu "əl içi"
boyda şeirlər formaca əlvandı, ancaq yeknəsəq, alabəzək deyil. Qafiyələr gah sonda, gah
da misraların içində işlənir.
Və düzünü deyim, mən bir oxucu
kimi heç bunun fərqinə də varmadım, yəni müəllifin mətnlərində qafiyə
axtarışına çıxmadım.
Sanki sözlər misralarda ilahinin diqtə elədiyi bir düzümdədi, bu biçim daxili harmoniya, mətnin "bətnində"
musiqi yaradıb.
Daha zahirən yaxın sözlərin qafiyələnməsinə
ehtiyac qalmır.
Əlbəttə, qafiyə klassik formadı, şeirin paltarıdı və Faiq bəzən heç başqa sələfləri və xələfləri kimi ondan imtina da
eləmir. "Bizi kim apardı"
səkkizlik ölçüdə
yazdığı, "Azərə
məktub" adlandırdığı
gəraylısında hər
cür mizan-tərəzi
gözlənilib. Şeirdə vəzn ahəngi, ahəng vəzni maraqlı tərzdə tamamlayır.
Uca-uca dağ başından,
anan, atan, qardaşından,
qohumundan, tanışından
dostum, səni kim apardı.
Şairin yaşı, sözünün
yaşıdı. Faiqin gənc ikən
dünyasını dəyişdiyini
bilirəm, ancaq neçə yaşda köçdüyünü xatırlamıram.
Faiq bu silsilədə
elə yazdığı
elegiyalarla eyni yaşdadı: 18, 20, 23. Bir
də təxminən
40 il öncə.
"Hər kəs
öz ömrünü
bütöv yaşayır"
adlı bir şeir yazmışdım.
O zaman "Azərbaycan"
dərgisi dərc etdirdi. Ordakı iki misra nakam
şair Faiqin də taleyinə güzgü tutur:
Heç
kəs vaxtsız köçmür qoca dünyadan,
Hər kəs öz ömrünü bütöv
yaşayır!
Ağacəfər
HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.28.